Faciəyə beynəlxalq hüquqi-siyasi qiymət verilməlidir

 

Erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırımı, terror aktı və təcavüz siyasətinin iki əsrə yaxın bir tarixi var. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları öz doğma yurdlarından qovmaq, bu ərazilərin hesabına "böyük Ermənistan" dövləti yaratmaqdır.

Xalqımız isə əsrlər boyu artıq terrorizmi dövlət səviyyəsinə qaldırmış, məkrli və hiyləgər ermənilərlə üz-üzə qalmışdır. "Armenakan", "Hnçaq" və "Daşnaksütyun" kimi erməni partiyalarının proqramının əsasını məhz terror üsulları təşkil edir. XIX əsrin sonları XX əsrin əvvəllərində bu və ya digər erməni terror təşkilatları tərəfindən Türkiyə və Azərbaycanda on minlərlə günahsız insan qətlə yetirilmişdir. Dünyanın müxtəlif yerlərində qanlı aksiyalar törətmiş erməni terror təşkilatlarından biri olan 1885-ci ildə yaradılmış "Armenakan" partiyasının məqsədi Türkiyənin ayrı-ayrı bölgələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törətmək olub.

1887-ci ildə Cenevrədə yaradılmış "Hnçaq" partiyasının əsas məqsədi başqa dövlətlərin ərazilərini birləşdirməklə "Böyük Ermənistan" yaratmaqdır. Partiyanın proqramında deyilir: "qarşıya qoulmuş məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir".

1890-cı ildə Tiflisdə yaradılan "Daşnaksütyun" erməni federativ inqilab partiyasının isə əsas məqsədi Azərbaycanın Dağlıq Qarabağ və Naxçıvan, Türkiyənin Anadolu torpaqlarında "Böyük Ermənistan" dövləti qurmaqdır. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən bu partiya türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarmışdır. Məhz bu qurultaydan sonra "Daşnaksütyun" "Türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri, erməni xainlərini öldür, intiqam al!" əmrini vermişdi.

1919-cu ildə "Daşnaksütyun" partiyası İrəvanda keçirtdiyi IX qurultayında "Nemezis" intiqamçı terror hərəkatına başlamaq haqqında qərar vermişdi. "Nemezis"in siyahısına 650 nəfər Türkiyənin və Azərbaycanın dövlət xadimlərinin, ziyalılarının adları salınmışdır. Onlar erməni terrorçuları tərəfindən qətlə yetirildilər. Erməni terror təşkilatları tərəfindən XX əsrin 70-80-ci illərində dünyanın müxtəlif ölkələrində, əsasən də Türkiyə diplomatlarına qarşı 200-dək terror aktı törədilmişdir. IX əsrin əvvəllərində Qarabağa və Zəngəzura İrandan və Osmanlı imperiyasından köçürülmüş erməni ailələrinin yerləşdirilməsi ermənilərin bu torpaqlara olan iştahalarını daha da artırdı. 1905-1918-ci illərdə erməni hərbi birləşmələri Qafqazın müxtəlif bölgələrində qətllər, qırğınlar törətmək istiqamətində fəallaşmağa başladılar. 1948-1953-cü illərdə soydaşlarımız Ermənistan ərazisindəki ata-baba yurdlarından deportasiya edildilər. Ermənilərin Azərbaycan xalqına qarşı növbəti ərazi iddiaları və azərbaycanlıların Ermənistan ərazisindən etnik təmizlənməsi siyasəti 1988-ci ildən etibarən başladı. Bu illərdən Ermənistan ərazisindən 250 mindən artıq soydaşımız qovulmuş, 217 nəfər azərbaycanlı ermənilər tərəfindən öldürülmüşdür. Azərbaycanın ən iri şəhərlərində ermənilərin yüksək vəzifələrdə çalışdığı və yaxşı evlərdə yaşadığı vaxtlarda, azərbaycanlılar Ermənistan ərazisindən döyülərək, təhqir olunaraq zorla qovulur, çıxmaq istəməyənlər qətlə yetirilirdi. O zamanlar ev-eşiklərindən didərgin salınmış soydaşlarımız Azərbaycanın hər bir bölgəsinə, o cümlədən Bakı və Sumqayıt şəhərlərinə qaçqın kimi gəlirdilər. Dədə-baba yurdlarından qovulmuş və yaxınlarını itirmiş bu insanlar erməni millətçilərinin hərəkətlərindən hiddətlənərək onlara qarşı narazılıqlarını bildirirdilər. Sumqayıt şəhərində yaşayan ermənilər bundan istifadə edərək vaxt itirmədən öz hiyləgər niyyətlərini planlı surətdə həyata keçirməyə nail oldular. Onlar bir-birini müxtəlif şəkildə qətlə yetirir və bu cinayəti azərbaycanlıların üzərinə atırdılar.

Sumqayıtda bir erməninin digər ermənini balta ilə qətlə yetirdiyinin şahidi olanlar həmin cinayətin çox ustalıqla işlənib azərbaycanlıların ayağına yazıldığını bildirirlər. Bu vandalların insanları balta ilə qətlə yetirmək metodları hələ keçən əsrdən mövcuddur. Mənfur ermənilər Türkiyənin Anadolu bölgəsində və İzmit vilayətində dinc əhaliyə qarşı məhz bu üsuldan istifadə etmişlər. Günahsız insanlar erməni terrorçuları tərəfindən baltalanaraq qətlə yetirilmişlər. Bütün bunlar məkrli, davakar ermənilərin xalqımıza qarşı planlı şəkildə həyata keçirdiyi siyaətin nəticəsidir. Məhz bu mənfur siyasət səbəbindən Azərbaycan torpaqları əsrlər boyunca düşmənin təcavüzünə məruz qalıb.

XX əsrin 80-ci illərinin sonunda erməni millətçiləri Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladılar və nəticədə torpaqlarımızın 20 faizi erməni qəsbkarları tərəfindən işğal edildi. Əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı törədildi. Xocalı soyqırımını törətmək haqqında məkrli düşmənin yazdığı ssenari 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə həyata keçirildi. Həmin gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının əsgərləri və hərbi texnikasının köməyi ilə Xocalı şəhərini zəbt edərək xalqımıza qarşı insanlığa sığmayan soyqırımı törətdilər. Xocalının işğalı zamanı bir gecədə 613 nəfər dinc sakin, 63 uşaq, 106 qadın, 70 qoca dözülməz işgəncələrlə qəddarcasına qətlə yetirilmişdir. Həmin hadisədə 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.

Əsir düşənlərin erməni millətçiləri tərəfindən necə təhqir olunduğunu və dözülməz işgəncələrə məruz qaldıqlarını, cəsədlərin necə təhqir olunduğunu xarici ölkə jurnalistlərinin görüb yazdıqları kimi təqdim edirik:

"Biz Xocalı faciəsinin şahidiyik. Biz Xocalı müdafiəçilərinin, yüzlərlə dinc sakinin - qadınların, uşaqların, qocaların eybəcər hala salınmış cəsədlərini gözlərimizlə gördük. Ermənilər bizim vertolyotu da atəşə tutduqlarına görə çəkilişi başa çatdıra bilmədik. Amma elə yüksəklikdən gördüklərimiz də törədilən vəhşilikləri təsəvvürə gətirmək üçün kifayət edirdi. Bu, tükürpədici mənzərə idi. 5-6 yaşlı uşaqları, qundaqdakı körpələri, hamilə qadınları vəhşiliklə öldürən ermənilər cəlladlıqda heç kəslə müqayisəyə gəlməzlər (Xocalı soyqırımının şahidi fransız jurnalisti Jan İv Yunet)".

"Əsirlər var. Lakin artıq yaşamağa yararlı deyillər. Qışda onları səhərlər ayaqyalın qarın-buzun üzərinə çıxarırlar. Təpələrindən soyuq su tökür, başlarında şüşə sındırır, sonra təzədən kameraya salırlar. Əsl işgəncələr isə bundan sonra başlanır. Barmaqlarını qapının arasına qoyub qırır, çığırdıqca rezin dəyənəklə döyürlər. Çoxu əzablara tab gətirməyərək dəli olub ölür. Növbəti kəndi zəbt edəndə bir erməninin diri körpəni götürüb iki böldüyünü görmüşəm. Sonra bədənin bir hissəsi ilə anasının sifətinə, başına o qədər döydü ki, övladının al qanına bulaşmış qadın dəli olub gülməyə başladı".

Digər xarici ölkə jurnalistlərinin hazırladığı bir reportaj isə Azərbaycan televiziyası ilə nümayiş edildi. Həmin kadrda erməninin azərbaycanlı əsirə qolundakı bayrağı öpdürdüyünü, torpağı yedizdirdiyini yəqin ki bir çoxları görüblər. Hətta bu vəhşilərdən biri ölmüş əsgərin başına elə bir güclü təpik vurdu ki, cəsədi üzərində üzülmüş vəziyyətdə qalmış baş az qaldı ki, qırılsın. Gözlərini qan örtən vəhşilər bu çirkinliyi törədən zaman kamera qarşısında olduqlarını belə unutmuşdular. Bəs onlar özlərini dünyada "zavallı, yazıq erməni milləti" kimi tanıtdırırdılar?! Xocalı faciəsi və Azərbaycan ərazilərinə qarşı genişmiqyaslı müharibə bu "yazıq"ların artıq nəyə qadir olduqlarını göstərdi.

Bu gün qarşıda Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur. Hazırda Azərbaycan dövləti, vətəndaşlarımız, xaricdəki soydaşlarımız tərəfindən Xocalı faciəsi haqqında həqiqətlərin dünyaya çatdırılması, onun əsl soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atılır. Bu haqda kitablar yazılır, jurnalist təhqiqatları aparılır. Digər ölkələrin parlamentlərində, beynəlxalq təşkilatlarda bu faciənin müzakirəyə çıxarılmasına, dünya ictimaiyyətinin diqqətinin bu məsələyə cəlb edilməsinə baxmayaraq, çox təəssüflər olsun ki, 18 il müddətində Xocalı faciəsi beynəlxalq hüquqi-siyasi qiymətini almamışdır.

"Soyqırım cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında 1948-ci il tarixli Konvensiya", "İnsan Hüquqları haqqında Ümumi Bəyannamə (1948)", "Beynəlxalq Cinayət Məhkəməsinin Statutu (1998)" və bu kimi çoxsaylı beynəlxalq hüquqi sənədlər Xocalı faciəsinin insanlıq əleyhinə cinayətlər kimi tövsifi üçün mənbədir. Azərbaycan xalqı inanır ki, bu faciə tezliklə beynəlxalq hüquqi-siyasi qiymətini alacaq və erməni cəlladları öz layiqli cəzalarına çatdırılacaqdır.

 

 

Gülgün ŞƏFİYEVA,

Ədliyyə Akademiyasının əməkdaşı

 

Azərbaycan.- 2010.-21  fevral.- S. 5.