Azərbaycan-İran əlaqələri inkişaf edir

 

Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti fevralın 20-22-də İran İslam Şurası Məclisinin Sədri Əli Laricaninin dəvəti ilə bu ölkəyə rəsmi səfərdə olmuşdur.

Fevralın 20-də Tehranın Mehrabad hava limanında Azərbaycan parlamenti nümayəndə heyətini İran İslam Şurası Məclisi sədrinin müavini Məhəmməd Rza Bahonər, ölkəmizin İrandakı səfiri Cavanşir Axundov və digər rəsmi şəxslər qarşıladılar.

Həmin gün İran parlamentində Milli Məclisin Sədri Oqtay Əsədovla İslam Şurası Məclisinin sədri Əli Laricaninin görüşü keçirildi. Azərbaycanın parlament sədrini və nümayəndə heyətini səmimi salamlayan Əli Laricani bu səfəri İran-Azərbaycan münasibətləri üçün əhəmiyyətli hadisə adlandırdı və qeyd etdi ki, İran-Azərbaycan əlaqələri yaxın qonşu, qardaş və dost ölkələrin münasibətləridir. Parlamentlərarası əlaqələr bu münasibətlərin çox əhəmiyyətli istiqamətlərindən biridir. Əli Laricani hesab edir ki, İranın dövlət rəhbərləri həmişə Azərbaycana yaxşı münasibət göstərirlər və bu təbiidir.

İran parlamentinin sədri ölkələrimiz arasında münasibətlərin ən yaxın tarixindən söz açaraq Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrdə İranla əlaqələrini xatırladı, prezident İlham Əliyevin Azərbaycanın dövlət başçısı kimi Azərbaycan-İran münasibətlərinə verdiyi önəmdən bəhs etdi. Daha sonra Əli Laricani parlamentlərarası əlaqələrin indiki vəziyyəti və perspektivləri, bölgədəki vəziyyət, bir sıra aktual regional problemlər və onların həlli yolları barədə mülahizələrini söylədi, İran-Azərbaycan ticarət-iqtisadi əlaqələrinin daha səmərəli və qarşılıqlı faydalı olması üçün İran tərəfinin təkliflərini bildirdi.

İran parlamentinin başçısı Dağlıq Qarabağ probleminə də xüsusi olaraq toxundu və qeyd etdi ki, İran Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləmiş və bu mövqeyində qətidir. İran parlamentinin başçısı onu da xüsusi vurğuladı ki, Dağlıq Qarabağ probleminin tezliklə həllinin vacibliyini İrana səfərə gəlmiş Ermənistan nümayəndələrinin diqqətinə çatdırıb. Əli Laricani hesab edir ki, region ölkələri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səyləri artırmalıdırlar. İran buna həmişə hazırdır. Əli Laricani bildirdi ki, Azərbaycan rəhbərliyi bu münaqişənin həlli üçün çox səylər göstərir.

Milli Məclisin Sədri Oqtay Əsədov rəsmi dəvətə və səmimi qəbula görə İran parlamentinin sədrinə təşəkkürünü bildirdi və qeyd etdi ki, Azərbaycan dövləti özünün xarici siyasətində İranla münasibətlərə xüsusi əhəmiyyət verir. Bu münasibətlər dövlət başçılarının müəyyənləşdirdiyi prinsiplər əsasında uğurla davam edir, ilbəil genişlənir və inkişaf edir. Milli Məclisin Sədri Azərbaycanın İranla münasibətlərində parlamentlərarası əməkdaşlığın istiqamətlərindən biri kimi parlament dostluq qrupları arasında əlaqələrin zəruriliyini vurğuladı. Qeyd etdi ki, hər iki parlamentdəki komitələrin əlaqələrinin canlandırılması faydalı olardı.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesindəki son duruma toxunan Azərbaycan parlamentinin Sədri Oqtay Əsədov məhz Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində bu məsələnin düyünə düşdüyünü Əli Laricaninin diqqətinə çatdırdı və xüsusi olaraq vurğuladı ki, Azərbaycan torpaqlarının bir hissəsini işğal edən Ermənistan regiondakı digər ölkələrə qarşı ərazi iddialarını da gizlətmir. Milli Məclisin Sədri belə bir cəhəti də xüsusi olaraq önə çəkdi ki, Dağlıq Qarabağ probleminin həlli göründüyü kimi nə qədər çətin olsa da Azərbaycan heç vaxt öz torpaqlarında başqa bir dövlətin yaradılmasına imkan verməyəcəkdir.

Oqtay Əsədovla Əli Laricaninin görüşündə daha sonra bir sıra aktual daxili və xarici siyasət məsələləri müzakirə edildi.

Fevralın 20-də Azərbaycan parlament Sədrinin İranın milli təhlükəsizlik üzrə Ali Şurasının Baş katibi Səid Cəlili ilə də görüşü oldu. Bu görüşdə İran-Azərbaycan münasibətlərinin bir sıra aspektləri müzakirə edildi, fikir mübadiləsi aparıldı, qarşılıqlı əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlığın, xüsusilə qanunvericilik orqanlarındakı dostluq qruplarının əhəmiyyəti qeyd olundu. Səid Cəlili qeyd etdi ki, İran qonşu və qardaş Azərbaycanın dövlət müstəqilliyinə, onun təhlükəsizliyinə xüsusi əhəmiyyət verir və hörmətlə yanaşır.

Azərbaycan parlamentinin Sədri vurğuladı ki, Azərbaycanın təhlükəsizliyi bütövlükdə regionun təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan qonşu dövlətlərin təhlükəsizliyinə hörmətlə yanaşır və bütün imkanlarını səfərbər edir ki, bölgədə münaqişələr yaranmasın, mövcud problemlər beynəlxalq hüquq çərçivəsində ədalətlə həll olunsun, bölgədə qarşılıqlı faydalı əməkdaşlıq atmosferi yaransın. Lakin Ermənistanın təcavüzkar siyasəti hələ ki, buna imkan vermir. Azərbaycan bütün mümkün vasitələrdən istifadə edir ki, Ermənistan təcavüzünün hələ də qalmaqda olan ağır nəticələrinə ədalətlə və beynəlxalq hüquq əsasında son qoyulsun. Bu mənada regionun bütün dövlətləri bölgəmiz üçün vacib olan təhlükəsizliyin təmin olunmasında səylərini artırmalıdırlar.

Fevralın 21-də İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Azərbaycan parlamentinin Sədri Oqtay Əsədovu qəbul etdi.

Azərbaycan parlament nümayəndə heyətini səmimi salamlayan İran Prezidenti iki ölkə arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edərək bildirdi ki, bu əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələr xüsusi çəkiyə malikdir. Mahmud Əhmədinejad İran-Azərbaycan əməkdaşlığını iki dost və qardaş ölkənin münasibətləri kimi qiymətləndirdi və qeyd etdi ki, bu əlaqələr daim inkişaf etməkdədir. İran Prezidenti regionda sülhün və təhlükəsizliyin təmin olunmasının, münaqişəli problemlərin aradan qaldırılmasının və bu məsələdə region dövlətlərinin ciddi səylər göstərməsinin vacibliyini xüsusi qeyd etdi.

Səmimi qəbula görə təşəkkür edən Milli Məclisin Sədri Oqtay Əsədov Prezident İlham Əliyevin salamlarını İran Prezidentinə çatdırdı. Qeyd etdi ki, Azərbaycan və İran xalqlarının dostluq və qardaşlıq münasibətlərinin kökləri tarixin dərinliklərinə gedib çıxır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bu münasibətlər yeni məna kəsb etmişdir. Oqtay Əsədov qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Mahmud Əhmədinejadın birgə səyləri nəticəsində ölkələrimiz arasında münasibətlər yüksək səviyyəyə çatmışdır. Sonra Milli Məclisin Sədri parlamentlərarası əlaqələrdən danışdı. İran Prezidentinin diqqətinə çatdırdı ki, həmin əlaqələrin daha da inkişaf etdirilməsi üçün lazımi tədbirlər görülür. İran Prezidenti ilə görüşdə Milli Məclisin Sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında xüsusi olaraq danışdı, işğal altında olan Azərbaycan torpaqlarının azad olunması üçün bir sıra beynəlxalq təşkilatların məlum sənədlərini xatırlatdı. Oqtay Əsədov vurğuladı ki, İran Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini dəfələrlə bəyan etmişdir və ümidvarıq ki, dost və qardaş İran bu mövqeyi axıradək davam etdirəcəkdir.

Həmin gün Milli Məclisin Sədri Oqtay Əsədovun ölkənin xarici işlər naziri Mənuçehr Mottaki ilə görüşü keçirildi. Azərbaycan nümayəndə heyətini səmimi salamlayan nazir bildirdi ki, bu görüş iki dost və qardaş ölkənin əlaqələrinin inkişafı üçün böyük əhəmiyyət daşıyır, parlamentlərimizin əməkdaşlığı bütövlükdə İran-Azərbaycan münasibətlərini daha da zənginləşdirir. Sonra İranın XİN başçısı qeyd etdi ki, xalqlarımız arasında tarixən mövcud olan qədim köklərə malik bağlılıq bu əməkdaşlığın təbii əsasıdır.

Milli Məclisin Sədri Oqtay Əsədov İran İslam Respublikasında ilk rəsmi səfərdə olmağından məmnunluğunu ifadə etdi, bildirdi ki, bu ölkə ilə dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Milli Məclisin Sədri xüsusi olaraq vurğuladı ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev və İran İslam Respublikası Prezidenti cənab Mahmud Əhmədinejad dövlətlərimizin və xalqlarımızın daha da yaxınlaşmasına böyük diqqət yetirirlər. İki dövlət arasında münasibətlərin möhkəm hüquqi təmələ əsaslandığını bildirən spiker Azərbaycanın İrandakı səfirliyinin yeni binasının inşası üçün torpaq sahəsi ayrılması məsələsinə baxılmasını İran tərəfinin diqqətinə çatdırdı. Parlamentlərarası münasibətlərdən danışılarkən Oqtay Əsədov hər iki parlamentdəki dostluq qruplarının fəaliyyətini daha da canlandırmağı zəruri saydı.

Sonra Azərbaycan parlamentinin Sədri regiondakı vəziyyətdən söz açaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini xüsusi olaraq önə çəkdi. Problemin həll olunmamasının səbəblərinin məhz Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə bağlı olduğunu konkret misallarla əsaslandırdı. Oqtay Əsədov qeyd etdi ki, Ermənistan bir sıra beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdikləri sənədlərə də məhəl qoymur, işğalçılıq siyasətini davam etdirir.

Görüşdə Milli Məclisin Sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında həllində İran İslam Respublikasının daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsindən məmnunluğunu ifadə etdi.

İran İslam Respublikasının xarici işlər naziri İran-Azərbaycan münasibətlərindən danışarkən xüsusi olaraq vurğuladı ki, dost və qardaş Azərbaycan ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edən, ciddi iqtisadi göstəricilərə malik bir dövlətdir. İran və Azərbaycan regionda söz sahibi olan dövlətlərdir, ölkələrimiz arasındakı münasibətlər ticarət-iqtisadi, enerji, nəqliyyat və digər sahələri əhatə edir. Qeyd olunan sahələrdə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. İranlı nazir xüsusi olaraq qeyd etdi ki, bu münasibətlərin perspektiv inkişafına mane ola biləcək heç bir amil mövcud deyildir. M.Mottaki iki ölkənin müvafiq dövlət orqanları arasında əməkdaşlığın ayrı-ayrı aspektlərinə münasibət bildirdi. Azərbaycanın İrandakı səfirliyinin yeni binasının inşası üçün torpaq sahəsi məsələsinə baxılacağını söylədi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə toxunan nazir bu münaqişənin həll olunması üçün İranın mövqeyini bir daha səsləndirdi. Qeyd etdi ki, İran İslam Respublikası daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu problemin tezliklə həll olunması üçün dəstək verməyə həmişə hazırdır. Nazir xüsusi olaraq vurğuladı ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün regionun digər dövlətləri də ciddi səylər göstərməlidirlər.

Görüşdə Azərbaycan-İran əməkdaşlığının bir sıra məsələlərinə qarşılıqlı münasibət bildirildi.

 

 

Milli Məclisin mətbuat xidməti

 

Azərbaycan.- 2010.- 23 fevral.- S. 2.