Elmdə və ali təhsildə islahatların yeni prioritetləri

 

İqtisadi tərəqqi, demokratikləşmə, insan hüquqlarının etibarlı təminatı baxımından özünün yüksək inkişaf mərhələsinə çatmış dövlətlərin qazandıqları uğur məhz elmə, təhsilə göstərilən böyük diqqət və qayğı ilə bağlıdır. İntellektual potensial əhəmiyyətinə və gətirdiyi dividendlərə görə bu gün hətta zəngin təbii sərvətləri belə, üstələyir. Müasir dünyada rəqabətə tab gətirmək üçün, ilk növbədə, təhsilə, zəngin biliklərə, informasiya texnologiyalarına arxalanmaq lazımdır. Bu reallığı düzgün dəyərləndirən dövlət başçısı İlham Əliyev son 6 ildə ölkə həyatının bir çox strateji əhəmiyyətli sahələri kimi, elmə, təhsilə xüsusi qayğı ilə yanaşmış, həmin sahələrdə yeni dövrün tələbləri ilə səsləşən islahatların həyata keçirilməsini təmin etmişdir.

 

Respublika Prezidentinin "Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında" 2010-cu il 9 fevral tarixli sərəncamı, "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" 2010-cu il 10 fevral tarixli fərmanı respublikada insan kapitalının inkişafına xidmət edən məqsədyönlü strategiyanın həyata keçirildiyini bir daha təsdiqləyir. Məsələ bundadır ki, son illər sürətli iqtisadi və sosiomədəni tərəqqi yolu keçən Azərbaycanda elmin inkişaf təmayüllərinin yeni reallıqlara nəzərən müəyyənləşdirilməsi, bu sahədə mövcud problemlərin aradan qaldırılması vacib məsələlərdən biridir. Ən müxtəlif elm sahələrində aparılan tədqiqatlar yüksək effektivlik əmsalı ilə yanaşı, həm də dövlətin və xalqın ümdə maraqlarının qorunmasına xidmət etməli, cəmiyyətdə saf ideal və dəyərlərin, ümumən mənəviyyatın yüksəlişinə sanballı töhfəsini verməlidir. Elmin inkişaf strategiyasının zamanın nəbzinə uyğun modernləşməsini, yeni iqtisadi, siyasi, mədəni reallıqların nəzərə alınmasını, xüsusən də humanitar və ictimai elm sahələrində azərbaycançılıq məfkurəsinin geniş tədqiqinə yer verilməsini Azərbaycan xalqının dövlətçilik maraqları tələb edir.

2003-cü ildən dövlət büdcəsi vəsaitlərinin ilbəil əhəmiyyətli dərəcədə artımı təhsil sahəsində məhz maliyyə çatışmazlığı səbəbindən uzun illərdən bəri yığılıb qalmış bir çox problemlərin hazırkı mərhələdə həlli məsələsini aktuallaşdırmış, elm və təhsillə bağlı dövlət investisiyalarının həcmcə artımını təmin etmişdir. İndiki şəraitdə cəmiyyətin intellektual inkişafına xidmət edən qlobal layihələri maliyyələşdirmək, tədqiqatların maddi-texniki bazasını formalaşdırmaq imkanları da kifayət qədər genişdir.

Elmin inkişafına yönəldilən xərclər 2003-cü ildə əgər 16,6 milyon manat təşkil edirdisə, 2008-ci ildə bu rəqəm 71,7 milyon manata, 2009-cu ildə isə 105,8 milyon manata yüksəlmişdir. Ümumilikdə, 2009-cu ildə elmə ayrılmış vəsaitlərin həcmi 2008-ci illə müqayisədə 34,1 milyon manat və ya 47,6 faiz çox olmuşdur. 2010-cu ilin dövlət büdcəsindən elm xərclərinə 98,2 milyon manat ayrılmışdır və bu da dövlət büdcəsi xərclərinin 0,9 faizini təşkil edir. 2010-cu ilin elm xərclərində elmin maliyyələşməsinin yeni mexanizminin tətbiqi ilə əlaqədar elmi-tədqiqat layihələrinin Elmin İnkişafına Yardım Fondu vasitəsilə həyata keçirilməsi üçün əlavə 7 milyon manat vəsait ayrılmışdır.

Dövlət başçısı İlham Əliyevin 2008-ci il 10 aprel tarixli "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" sərəncamında da elmin maliyyələşmə mexanizmlərinin təkmilləşdirilməsi vacibliyi əksini tapmışdır. Sərəncama əsasən, 2009-2015-ci illər üzrə elm sahəsində aparılacaq islahatların, habelə elmin inkişaf strategiyasının konkret proqram modelində hazırlanması üçün hökumət və elm adamlarından ibarət dövlət komissiyasının yaradılması da təqdirəlayiqdir. Bir sıra problematik məsələlərin önə çəkildiyi sərəncamda Azərbaycan Respublikasında elmi qurumların strukturunun müəyyənləşdirilməsi, tədqiqatların müasir standartlar səviyyəsində aparılması və maliyyələşdirilməsi, ölkənin elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsi, bütövlükdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunması məsələləri əksini tapmışdır.

Dövlət başçısının 4 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı" elm sahəsində həyata keçiriləcək islahatların konseptual əsaslarını özündə əks etdirir. Elmin inkişafını nəzərdə tutan Milli Strategiyanın əsas məqsədi ölkənin mövcud tələbləri nöqteyi-nəzərindən Azərbaycan elminin strukturunun müəyyənləşdirilməsi; Azərbaycan elminin dünya elmi, texnika və texnologiyasının prioritet istiqamətlərinə müvafiq şəkildə təşkili; respublikanın iqtisadi inkişafında elmin rolunun artırılması; yüksək ixtisaslı kadrların hazırlanmasının təmin edilməsi; mühüm sosial-iqtisadi və ictimai-siyasi vəzifələrin həlli məqsədi ilə Azərbaycan Respublikasında fundamental və tətbiqi tədqiqatların prioritetlərinin müəyyən edilməsindən ibarətdir.

Sənəddə həmçinin fundamental elmlərə dair tədqiqatların genişləndirilməsi, elm və texnika sahəsində idarəetmə sisteminin, elmi-tədqiqat müəssisələrinin və ümumilikdə, elmin maliyyələşdirilmə mexanizmlərinin təkmilləşdirilməsi; elmi-texniki infrastrukturun müasirləşdirilməsi; elmin hüquqi-normativ bazasının yaradılması; elmin inteqrasiyasının təmin edilməsi, elmi əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması, beynəlxalq elmi əlaqələrin genişləndirilməsi kimi məqsədlər də mövcuddur. Strategiyanın vəzifələri daha genişdir və sadalanmış bəndlərlə kifayətlənmir. Bura həmçinin təbiət, texnika, ictimai və humanitar elmlər sahəsində tədqiqatların inkişafı, ətraf mühitin qorunması, maddi-texniki bazanın yaradılması, dövlətin inkişafını təmin etmək üçün elmin və müasir texnologiyaların nailiyyətlərinin geniş tətbiqi, Azərbaycanın mədəniyyəti və tarixinin ümumi və kompleks tədqiqatı və s. daxildir.

AMEA-nın infrastrukturunun, maddi-texniki bazasının, iş şəraitinin yaxşılaşdırılması da son illərdə diqqət mərkəzində olmuşdur. Son bir ildə akademiyanın Mərkəzi Elmi Kitabxanasının yeni binasının inşasına başlanmış, Azərbaycan Milli Tarix Muzeyində, Nizami Gəncəvi adına Azərbaycan Milli Ədəbiyyat Muzeyində, akademiyanın rəyasət heyətinin binasında, habelə əsas binada təmir işləri başa çatdırılmışdır.

Ölkədə elmin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur və bundan səmərəli istifadə cənab İlham Əliyevin müəyyənləşdirdiyi başlıca prioritetlərdən biridir. Dövlət başçısının 2009-cu il oktyabrın 21-də imzaladığı sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması da tədqiqatların stimullaşdırılmasının yeni maliyyə mexanizmi kimi diqqəti çəkir. Fondun yaradılması fundamental elmi tədqiqatların stimullaşdırılması, ölkənin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsi, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılması məqsədi ilə əsaslandırılır.

Bir müddət əvvəl Bakıda Beynəlxalq Elm Olimpiadasının keçirilməsi də elmə qayğı siyasətinin tərkib hissəsidir. Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının 2009-cu ilin dekabr ayında Azərbaycanda keçirilməsi gənc nəslin elmə olan marağının daha da artırılması, onların yaradıcılıq potensialının üzə çıxarılması baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Olimpiadanın yüksək səviyyədə təşkili üçün dövlət başçısı İlham Əliyev 15 oktyabr 2009-cu il tarixdə imzaladığı sərəncamla Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Gənclər və İdman Nazirliyinə 2,4 milyon manat məbləğində vəsait ayırmışdır.

Respublika Prezidentinin "Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında" 2010-cu il 9 fevral tarixli sərəncamı respublikada elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını, ölkənin elmi kadr potensialının artırılmasını və Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunmasını daha da sürətləndirmək məqsədi daşıyır. Sərəncamla Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Milli Elmlər Akademiyasına gənc alimlərin Avropanın elmi mərkəzlərinin doktoranturalarında təhsil almaları üçün 500 min manat məbləğində vəsait ayrılmışdır. Bu, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində elmi tədqiqatların Avropa səviyyəsinə çatdırılmasını, gənc alimlərin dünya elminə inteqrasiyasını nəzərdə tutur. Artıq AMEA-da müvafiq Müsabiqə Komissiyası tərəfindən xarici ölkələrdə (Almaniya, Fransa, Belçika, Avstriya, İspaniya və s.) doktoranturada təhsil almaq üçün göndəriləcək 10 namizəd müəyyənləşdirilmişdir. Onlar elmin ayrı-ayrı sahələrində prioritet istiqamətlər üzrə təhsillərini davam etdirəcəklər.

İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, insan potensialının formalaşdırılması sahəsində əsas ağırlıq məhz ali təhsil sisteminin üzərinə düşür. Ali təhsil əhalinin həyat səviyyəsinin yüksəldilməsinin, insan inkişafı indeksinin mühüm amillərindən biri olmaqla, ölkənin sosial-iqtisadi inkişafının sürətlənməsinə hərtərəfli təsir göstərir. Müstəqil Azərbaycanda bütün idarəetmə səviyyələrində, o cümlədən dövlət idarəçiliyi sahəsində müasir idarəetmə təfəkkürünə malik mütəxəssislərin yetişdirilməsi məsələsi mühüm aktuallıq kəsb edir. Ali təhsil sisteminə və kadr hazırlığına xüsusi diqqətlə yanaşılması da respublikamızda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan mükəmməl, çevik və mütərəqqi dövlət idarəçilik sistemi formalaşdırmaq niyyətindən irəli gəlir.

Avratlantik məkana inteqrasiya kursu seçməklə dinamik inkişaf yoluna qədəm qoymuş Azərbaycanda ali təhsilin müasirləşdirilməsi və problemlərinin mərhələli həlli, inkişaf etmiş dövlətlərin bu sahədəki zəngin təcrübəsinin dərindən mənimsənilməsi, universitetlərdə tədris prosesinin maddi-texniki bazasının yaxşılaşdırılması, kompüter və informasiya texnologiyalarının geniş tətbiqi kimi fundamental problemlərin həlli xüsusi diqqət mərkəzindədir. Ötən illərdə bu məqsədlə imzalanmış çoxsaylı mühüm fərman və sərəncamlar, dövlət proqramları respublikada ali təhsil sisteminin təkmilləşdirilməsinə və müasirləşdirilməsinə xidmət etmişdir.

Prezident İlham Əliyevin 22 may 2009-cu il tarixli "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncamı da məhz ali məktəb sistemində islahatların yeni dövrün tələblərinə uyğun aparılması baxımından vacib əhəmiyyət daşıyır. Dövlət proqramında xüsusi vurğulanır ki, müasir dövrdə Avropa ölkələri təhsil sistemlərinin inteqrasiya və ümumavropa ali təhsil məkanının formalaşdırılması xüsusi aktuallıq kəsb edir. Bu baxımdan həyata keçirilən tədbirlər arasında Bolonya prosesi önəmli yer tutur.

Azərbaycan 2005-ci ildə Bolonya prosesinə qoşulmuş və bununla da faktiki olaraq ali təhsildə aparılacaq islahatların konturları müəyyənləşdirilmişdir. Bolonya Bəyannaməsinin müddəalarını həyata keçirmək üçün 2006-2010-cu illəri əhatə edən müvafiq Tədbirlər Planı hazırlanıb təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq, "Bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin strukturu" təsdiq edilmiş, buna müvafiq istiqamətlər üzrə yeni dövlət təhsil standartları hazırlanmışdır. Beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanmış bu standartlarda fənlərin sayı, auditoriya saatlarının miqdarı azaldılmış, seçmə fənlərə ayrılan saatların miqdarı 10 faizdən 20 faizədək artırılmış və tələbələrin müstəqil işinə xeyli vaxt ayrılmışdır.

Azərbaycanın Bolonya prosesinə qoşulması ilə əlaqədar ali təhsildə kredit sisteminin tətbiqinə zərurət yaranmışdır. Bu sistemin tətbiqi ilə bağlı hüquqi normativ bazanın yaradılması istiqamətində bir çox xarici ölkələrin təcrübəsi öyrənilmiş, "Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə" hazırlanaraq təsdiq edilmişdir. Görüləcək işlərin həcminin genişliyi nəzərə alınaraq, ilkin mərhələdə bir neçə ali məktəbdə eksperiment şəklində kredit sisteminin tətbiq olunması qərara alınmışdır. 2006-2007-ci tədris ilində 10 ali məktəbdə başlanan eksperiment 2007-2008-ci tədris ilində artıq 21 dövlət ali məktəbini əhatə etmişdir.

"2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nda əksini tapan statistikaya əsasən Azərbaycan Respublikasında ali təhsilin tədris proqramlarını həyata keçirən - 34-ü dövlət və 15-i qeyri-dövlət olmaqla - 49 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Ali təhsil müəssisələrinin bakalavr pilləsində 128650, magistratura pilləsində isə 7940 tələbə təhsil alır. Dövlət ali təhsil müəssisələrində tələbələrin təlim-tərbiyəsi ilə 22427 nəfər professor-müəllim heyəti məşğul olur. Onların 1000-dən çoxu elmlər doktoru, 6 minə qədəri dosentdir. Ali məktəblərdə 121 fakültə, 688 kafedra, 100-ə qədər elmi-tədqiqat laboratoriyası və 4 elmi-tədqiqat institutu mövcuddur. Ali məktəblərin kitabxanalarında 20 milyon nüsxədən ibarət kitab fondu var. Proqramda bütün bunlara rəğmən, inkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycanda ali təhsilin kütləviliyi sahəsində geriliyin mövcudluğu qeyd olunur. Son illərdə hər 10 min vətəndaşa inkişaf etmiş ölkələrdən ABŞ-da 445, Böyük Britaniyada 276, Almaniyada 240, Yaponiyada 233, MDB ölkələrindən Qazaxıstanda 510, Rusiyada 449 tələbə düşdüyü halda Azərbaycanda cəmi 156 tələbə düşür.

Dövlət proqramında vurğulandığı kimi, respublikanın ali təhsil sistemində kadr hazırlığı strukturu əmək bazarının tələbatını tam ödəmir, elmi-tədqiqatların nəticələri ali təhsilə zəif inteqrasiya olunur. Ali təhsilə ayrılan vəsaitlər səmərəsiz istifadə olunur, ali təhsil müəssisələri şəbəkəsi təkmil deyil. Onların kadr potensialı və müəllimlərin ixtisasartırma təhsili müasir tələblərə cavab vermir. Tələbələrin və məzunların hazırlıq səviyyəsi onların dünya təhsil məkanına çevik inteqrasiyasına imkan vermir. Ali və orta ixtisas təhsili istiqamətlərinin və magistr proqramlarının siyahılarının təsdiqindən xeyli müddət keçdiyinə görə onların yeniləşdirilməsinə ehtiyac duyulur. İstiqamətlər üzrə standartların yeniləşməsinə baxmayaraq, tədris planlarında hələ də lüzumsuz qeyri-ixtisas fənləri mövcuddur. Bakalavr və magistratura pillələrində bir çox ixtisaslar üzrə dərsliklər çatışmır, bəzən isə məzmunca köhnəlmiş ədəbiyyatdan istifadə edilir. Tələbələrin tədris olunan fənləri mənimsəmə səviyyəsini müəyyənləşdirən monitorinq mexanizmi olmadığından onların biliyinin qiymətləndirilməsində qeyri-obyektivliyə yol verilir. Pedaqoji təhsilin məzmunu ümumtəhsil məktəblərinin tələbatı ilə kifayət qədər uzlaşmır. Ali məktəblərdə kadr hazırlığında informasiya-kommunikasiya texnologiyalarından, fəal interaktiv təlim metodlarından kifayət qədər istifadə edilmir. Kadr hazırlığı üzrə uzunmüddətli, elmi cəhətdən əsaslandırılmış proqnozlaşdırma mexanizmi yoxdur.

"2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın əsas məqsədi ölkənin ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyası, onun məzmununun Bolonya prosesinin prinsiplərinə uyğun qurulması, cəlbedici və rəqabət qabiliyyətliliyinin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara yaranan tələbatın ödənilməsi, habelə informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğun olaraq kadr potensialının yaradılması, əhalinin müasir tələblərə cavab verən ali təhsil almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılmasından ibarətdir.

Prezident İlham Əliyevin 10 fevral 2010-cu il tarixli "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" fərmanı da ali təhsil sisteminin maliyyələşdirmə sisteminin yeni dövrün tələblərinə uyğunlaşdırılmasını nəzərdə tutur. Fərmanda göstərildiyi kimi, sürətli dəyişikliklərin baş verdiyi hazırkı vaxtda cəmiyyətin sosial-iqtisadi tərəqqisində, rəqabətədavamlı insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan bilik iqtisadiyyatının qurulmasında ali təhsilin müstəsna rolu var: "Qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə hər bir ölkənin iqtisadiyyatının dinamik inkişafı, onun uğurlu gələcəyi, inkişaf etmiş ölkələr sırasına daxil olması həmin ölkədə təhsil səviyyəsi ilə müəyyən olunur. Bu cəhətdən ölkənin malik olduğu təbii sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsi ali təhsil qarşısında duran müstəsna əhəmiyyətə malik əsas vəzifədir. Bütün bu amillər respublikada ali təhsil sahəsində islahatların istiqamətlərinin dünyada ali təhsilin inkişaf tendensiyalarına uyğun müəyyənləşdirilməsi zərurətini qarşıya qoyur".

Bu fərman dövlət başçısının 22 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nda nəzərdə tutulmuş məsələlərin maliyyə mexanizmlərinin müəyyənləşdirilməsi məqsədinə xidmət edir. "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" fərmana görə, 2010-2011-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında həyata keçirilməli, dövlət sifarişinin formalaşdırılması ölkənin milli, mədəni, humanitar və tarixi dəyərləri, mövcud əmək bazarının xüsusiyyətləri və dövlətin perspektiv inkişafı amilləri nəzərə alınmaqla təmin olunmalıdır. Sənədə görə, mülkiyyət formasından asılı olmayaraq qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələri dövlət sifarişinin yerinə yetirilməsində iştirak edə bilərlər.

Hər il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavr və magistratura səviyyələrinə dövlət sifarişi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin aidiyyəti sahə nazirlikləri ilə razılaşdırılmış təklifləri əsasında müəyyənləşdiriləcəkdir. Nazirlər Kabineti dövlət sifarişinə uyğun olaraq müvafiq nazirliklərin təqdim etdiyi təkliflər əsasında hər il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavr və magistratura səviyyələrinə tələbə qəbulunun proqnozunu təsdiq edəcəkdir. Fərmanda həmçinin göstərilir ki, ali təhsil müəssisələrinə qəbul imtahanları nəticəsində müxtəlif ixtisaslar üzrə dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan abituriyentlər mülkiyyət formasından asılı olmayaraq təhsil alacaqları ali təhsil müəssisəsinin seçimində sərbəstdirlər.

Fərmana əsasən, Nazirlər Kabineti həm də bu il martın 15-dək 2010-2011-ci tədris ili üçün dövlət sifarişi ilə tələbə qəbulunun proqnozunu təsdiqləməli, sonrakı illərdə isə hər il avqust ayının 1-dək növbəti və qalan üç tədris ili üçün dövlət sifarişi ilə tələbə qəbulu proqnozunun təsdiq olunmasını təmin etməlidir. Nazirlər Kabineti ali təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi ilə bağlı qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılması barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etməlidir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına isə 2010-2011-ci tədris ilindən başlayaraq dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi ilə bağlı qəbul qaydalarında fərmandan irəli gələn dəyişikliklərin və zəruri tədbirlərin aparılması tapşırılmışdır. Ümumiyyətlə, fərman ali təhsil sistemində keyfiyyətin və məqsədyönlülüyün artırılması üçün daha təkmil maliyyə mexanizmlərinin formalaşdırılmasını nəzərdə tutur.

Görülmüş işlər deməyə əsas verir ki, yaxın illərdə istər elm, istərsə də ali təhsil sahəsində səmərəli islahatlar həyata keçiriləcəkdir. Ölkənin hazırkı iqtisadi inkişaf tempi, habelə yüksək təhsil, bilik almaqla yaxşı mütəxəssis kimi yetişməyin vacibliyi fikrinin ictimai şüurda getdikcə möhkəmlənməsi milli təhsil sisteminin gələcəyi ilə bağlı kifayət qədər ürəkaçan mənzərə yaradır. Respublikamızın elm və təhsil ictimaiyyəti cənab İlham Əliyevin rəhbərliyi altında ölkənin bütün sahələrində, o cümlədən təhsil, elm sahəsində mövcud problemlərin tezliklə həllini tapacağına böyük ümidlər bəsləyirlər.

 

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2010.- 23 fevral.- S. 10.