Azərbaycanın Baş naziri Artur Rasizadə Ukraynanın yeni seçilmiş Prezidenti Viktor Yanukoviçin andiçmə mərasimində iştirak etmişdir

 

Fevralın 25-də Azərbaycanın Baş naziri Artur Rasizadə Ukraynanın yeni seçilmiş Prezidenti Viktor Yanukoviçin andiçmə mərasimində iştirak etmişdir.

Səhər Ukrayna Ali Radasında ölkənin yeni seçilmiş Prezidentinin and içməsinə həsr olunmuş təntənəli iclas keçirilmişdir. Azərbaycan hökumətinin başçısı iclasda iştirak etmişdir.

Viktor Yanukovuç parlamentin iclas zalına fəxri qarovulun önündən keçərək gəlmişdir.

Ukrayna Milli Əməkdar Akademik Xoru ölkənin dövlət himnini ifa etmişdir. Ukrayna xalqına sədaqət andı içdikdən sonra V.Yanukoviç andın mətnini imzalamış Konstitusiya Məhkəməsinin sədri Andrey Strijaka təqdim etmişdir.

Bundan sonra A.Strijak bildirmişdi ki, yeni seçilmiş Prezident and içmiş Ukrayna Prezidenti vəzifəsinin icrasına başlamışdır. O, V.Yanukoviçə Prezidentlik Şəhadətnaməsini dövlət başçısının rəsmi rəmzləri olan Ukrayna Prezidentinin Nişanını, Möhürünü Gürzünü təqdim etmişdir. Sonra fəxri qarovulun əsgərləri Ali Radanın binası qarşısındakı meydana dövlət bayrağını, dövlət başçısının avtomobilinə Prezident bayrağını sancmışlar.

Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Şapoval Viktor Yanukoviçə Ukrayna Prezidentinin vəsiqəsini təqdim etmişdir.

Təntənəli iclas başa çatdıqdan sonra Azərbaycanın Baş naziri Artur Rasizadə vətənə yola düşmüşdür.

 

 

Zeynal AĞAZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Kiyev

 

Azərbaycan.- 2010.- 26 fevral.- S. 2.