Xocalı soyqırımı bütün bəşəriyyətə utanc gətirən cinayətdir

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda yaşanan dəhşətli soyqırım aktından 18 il ötür. Erməni faşizminin mənfur xislətini tamamilə ifşa edən bu kütləvi və amansız soyqırım aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla, təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlıq əleyhinə törədilmiş qəddar cinayətdir. Beynəlxalq hüquq norma və prinsiplərinə məhəl qoymayan azğınlaşmış erməni silahlı birləşmələri Xocalıda bu soyqırımı törədərkən doğma torpağını qəsbkarlara vermək istəməyən Azərbaycan xalqını qorxutmaq, onun mübarizə əzmini qırmaq və məhv etmək niyyətini güdmüşdülər.

Tarixi faktlar təsdiqləyir ki, "Dənizdən-dənizə Ermənistan" xülyası ilə yaşayan ermənilər müəyyən xarici havadarlarının köməyi ilə müxtəlif dönəmlərdə azərbaycanlılara və türklərə qarşı amansız terror və soyqırım həyata keçirmiş, etnik təmizləmə siyasəti aparmışlar. Bir sıra dövlətlərin hakim dairələri tərəfindən himayə olunan bu mənfur siyasət çar Rusiyası və sovet hakimiyyəti dövründə də ardıcıl şəkildə davam etdirilmiş, SSRİ-nin süqutu prosesi azərbaycanlıların doğma torpaqlarından qovulması, qaçqın və məcburi köçkünə çevrilməsi, kütləvi qırğınlarla müşayiət olunmuşdur. Təcavüzkar erməni millətçilərinin və sərsəm "Böyük Ermənistan" ideoloqlarının etnik təmizləmə və soyqırım siyasətinin nəticələrini bütövlükdə iki milyon azərbaycanlı müxtəlif vaxtlarda öz üzərində hiss etmişdir.

Xocalıda törədilmiş amansız qətliam isə nəinki türk dünyasına, bütövlükdə bəşəriyyətin mütərəqqi dəyərlərinə, insanlığa və beynəlxalq hüquq normalarına qarşı yönəlmiş genosid aktı idi. Həmin gün azğınlaşmış erməni quldur birləşmələri mənfur imperiyanın 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə mühasirəyə aldıqları Xocalı şəhərinə qarşı əvvəlcədən hazırladıqları məkrli planı işə saldılar: 613 nəfər dinc azərbaycanlını, o cümlədən 63 uşağı, 106 qadını, 70 qocanı bir neçə saatın içində milli zəmində amansızlıqla qətlə yetirən, 487 nəfəri ağır xəsarətlərə məruz qoyan, 1275 nəfəri isə girov götürən ermənilər qaniçənlikdə vaxtilə dünyanı lərzəyə salmış faşizmi də geridə qoyduqlarını nümayiş etdirdilər. Beynəlxalq humanitar hüquq normalarını, insan hüquqları üzrə ən müxtəlif konvensiyaları ayaq altına atan erməni hərbi birləşmələri dinc əhalini qətlə yetirmək məqsədilə insanlığa ləkə olan ən qəddar üsullara əl atdılar. İstintaq materiallarından görünür ki, həmin gecə qadınlar, uşaqlar, qocalar güllələnmiş, insanların başlarının dərisi soyulmuş, müxtəlif əzaları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları yarılmış, adamlar diri-diri torpağa basdırılmış və ya yandırılmış, meyitlər zorakılığa məruz qalmışlar.

Xocalıda mülki əhalinin planlı şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biri də məhz budur ki, həmin gün əhalinin zorakılıqdan qaçıb qurtarmaq istəyən hissələri ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələnmişlər. Xocalıdan çıxan əhalinin Naxçıvanik kəndi ərazisində pulemyot, avtomat və başqa atıcı silahlardan gülləbaran edilməsi faktı bunu bir daha təsdiqləyir. Bütün bunlar ermənilərin 18 il öncə Xocalı şəhərində törətdikləri qeyri-insani hərəkətlərin kökündə məhz soyqırım niyyətinin dayandığını aşkar surətdə üzə çıxarır. Genosid cinayəti üçün xüsusi niyyətin olması zəruri şərt sayılır və bu dəhşətli akt hökmən milli, etnik, irqi, dini qruplara qarşı yönəlməlidir. Hüquqi baxımdan yanaşdıqda aydın görünür ki, erməni silahlı birləşmələrinin çirkin niyyəti Xocalı şəhərindəki azərbaycanlıları məhz milli-dini zəmində son nəfərədək qətlə yetirmək olmuşdur. Ermənilər beynəlxalq humanitar hüquqda yolverilməz sayılan soyqırım cinayətinə şüurlu, məqsədli şəkildə, bilərəkdən əl atmış, misli görünməmiş qətliam törətmişlər.

Beynəlxalq hüquq normaları Xocalı faciəsinin soyqırım cinayəti kimi tövsifi üçün kifayət qədər ciddi əsaslar verir. Ümumiyyətlə, ilk dəfə olaraq Nürnberq Hərbi Tribunalının Nizamnaməsində beynəlxalq cinayətlərin nədən ibarət olduğu göstərilmişdir. Orada soyqırım cinayəti insanlıq əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmişdir. BMT-nin "Soyqırım cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" 1948-ci il tarixli Konvensiyasında isə soyqırım cinayətinin mahiyyəti tam olaraq əksini tapmışdır. Beynəlxalq hüquqa görə, soyqırım sülh və bəşəriyyət əleyhinə yönələn əməl olmaqla ən ağır beynəlxalq cinayət sayılır. Soyqırım hər hansı milli, irqi, etnik və dini əlamətlərinə görə fərqlənən xüsusi bir qrupun tamamilə və ya qismən məhv edilməsinə yönəlmiş bu cinayət hərəkətlərinə deyilir: birincisi, həmin qrupun üzvlərinin öldürülməsi; ikincisi, onların şikəst edilməsi, bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi; üçüncüsü, hər hansı qrupa onun qəsdən tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat şəraitinin yaradılması; dördüncüsü, həmin qrupda doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi; beşincisi, azyaşlı uşaqların bir insan qrupundan alınıb başqasına verilməsi. Bunlardan hər biri hadisənin soyqırım kimi qiymətləndirilməsi üçün kifayət edir. Bu meyarlar baxımından, Xocalı faciəsi soyqırım cinayəti kimi qiymətləndirilməlidir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 103-cü maddəsində soyqırım cinayəti "Hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə" kimi tövsif olunur və "on ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır".

BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixdə qəbul etdiyi "Ümumdünya insan hüquqları" Bəyannaməsində qeyd olunur ki, "Hər bir insanın yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır, heç kəs insan ləyaqətini alçaldan alçaldıcı və qeyri-insani cəza və işgəncələrə məruz qala bilməz. Hər bir insan onun harada olmasından asılı olmayaraq, hüquq sübyekti hesab olunur və bütün insanlar qanun qarşısında bərabərdir və qanunlarla eyni dərəcədə müdafiə olunurlar".

XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımının məhz milli əlamətlər baxmından azərbaycanlılara qarşı yönəldiyi inkarolunmaz faktdır və bu da ermənilərin qeyri-insani davranışlarının genosid kimi tövsifi üçün ciddi hüquqi əsaslar verir. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş və 1961-ci ildə qüvvəyə minmiş "Genosid cinayətinin qarşısının alınması və təqsirkarların cəzalandırılması haqqında" Konvensiyada insanlığa qarşı yönəlmiş bu qeyri-humanist aktın hüquqi əsasları təsbit olunmuşdur.

Bəşər tarixində ən dəhşətli soyqırım aktları məhz II Dünya müharibəsinin gedişi zamanı faşistlər tərəfindən törədildiyindən, sonrakı mərhələdə dünya ictimaiyyəti insanlığa qarşı yönəlmiş bu ağır cinayətə qarşı daha həssaslıqla yanaşmağa başlamışdır. Soyqırım qurbanlarının xatirəsinə müxtəlif ölkələrdə abidələr ucaldılmış, bu sahədə beynəlxalq qanunvericilik təkmilləşdirilmişdir. Eyni zamanda bir çox dövlətlər soyqırım əleyhinə beynəlxalq sazişlərə, konvensiyalara qoşulmuşlar. Müharibənin dərslərindən nəticə çıxaran Almaniya yəhudi xalqına və keçmiş SSRİ əhalisinə qarşı soyqırım törətdiyini etiraf edərək dünya ictimaiyyətindən üzr istəmişdir.

Soyqırım cinayətini dövlət səviyyəsində dəstəkləyən Ermənistan da üzvü olduğu BMT-nin və digər dövlətlərin nizamnamələrini, müvafiq konvensiya və sazişlərini kobud surətdə pozur. Təşkilatın digər üzvü olan Azərbaycana qarşı soyqırım, terror və işğalçılıq siyasəti yeritməklə, beynəlxalq ictimaiyyətə meydan oxuyur. Ermənistan yeganə dövlətdir ki, öz Konstitusiyasında yaxın qonşu dövlətə - Türkiyəyə qarşı əsassız ərazi iddiasını ortaya qoymuşdur. Ermənistan nəinki Azərbaycan və Türkiyəyə, eyni zamanda Gürcüstana qarşı da ərazi iddialarını gizlətmir. Bu gün ASALA, "Daşnaksütyun" və digər terrorçu təşkilatların Ermənistan tərəfindən maliyyələşdirilməsi ilə bağlı çoxsaylı inkaredilməz faktların mövcudluğu ermənilərin bütövlükdə bəşəriyyət üçün təhlükə mənbəyi olduğunu göstərir.

Ermənistanın müharibə zamanı davranış normalarını müəyyənləşdirən beynəlxalq hüquq normalarına məhəl qoymaması ilə bağlı faktlar yalnız bütün bunlarla məhdudlaşmır. Beynəlxalq humanitar hüququn tələblərinə əsasən müharibə yalnız silahlı münaqişədə olan tərəflərin silahlı qüvvələri arasında aparılmalıdır. Mülki əhali döyüşlərdə iştirak etməməli və onlarla hörmətlə davranılmalıdır. "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" IV Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən, mülki əhalinin həyatına və təhlükəsizliyinə qəsd, o cümlədən onların hər cür öldürülməsi, şikəst edilməsi, onlarla qəddar davranış, onlara əzab və işgəncə verilməsi, insan ləyaqətinə qəsd, təhqir və alçaldıcı hərəkətlər qadağan edilir. Konvensiyanın 33-cü maddəsində isə qeyd olunur ki, heç bir mülki şəxs törətmədiyi hüquq pozuntusuna görə cəzalandırıla bilməz. Mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin görülməsi, mülki əhalini qorxuya salmaq, onlara qarşı terror hərəkətləri, onların repressiyaya məruz qoyulması birmənalı qadağan edilir. Həmin Konvensiyanın 34-cü maddəsinə görə, mülki əhalinin girov götürülməsi də qadağandır. Lakin təkcə Xocalıda 1000-dən artıq insanı girov götürən ermənilər bu prinsipə də aşkar sayğısızlıq nümayiş etdirmişlər. Ermənistan silahlı qüvvələri bu hüquq normalarına məhəl qoymamış, Xocalıda dinc əhalinin məhvi üçün ən qəddar üsullara əl atmışlar.

Xocalıda baş verənlərin soyqırım olduğunu həmin dövrdə bir sıra ölkələrin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri də təsdiqləmişlər. Bu baxımdan faciə baş verən gün Xankəndidə ezamiyyətdə olmuş Fransanın "Libardion" qəzetinin əməkdaşı Jul Gen Vaynerin qeydləri xüsusi maraq doğurur. Xocalı soyqırımını qorxulu yuxuya bənzədən Vayner jurnalistika ilə məşğul olduğu 25 il ərzində müharibələrin getdiyi çoxlu müxtəlif ölkələrdə olduğunu, lakin Xocalı şəhərindəki kimi dəhşətli və tükürpədici mənzərələrlə rastlaşmadığını yazmışdır. Jurnalist "Libardion" qəzetində çap etdirdiyi "Erməni terroriziminin canlı şahidi oldum" sərlövhəli yazıda Xocalıda baş verənlərin qabaqcadan cızılan ssenari olduğunu açıq bəyan etmişdir. Onun fikrincə, bunda məqsəd bütövlükdə bəşəriyyətin gözünü qorxutmaq olmuş, erməni terrorizmi dünyanı məhz bu yolla "ram etməyə" çalışmışdır. Fransalı müxbir Xocalı qətliamında iştirak edən erməni terror dəstələrinin necə amansızlıq etdiklərinin canlı şahidi olduğunu yazmışdır. Mənfur sovet ordusunun 366-cı motoatıcı alayının ermənilərlə birgə Xocalı üzərinə hücumundan bir gün əvvəl Xankəndidə bu alayın qərargahında olan Vayner orada rus polkovniki Zaviqarovun əməliyyata ciddi hazırlaşdığının şahidi olduğunu göstərmişdir. "Hələ Xocalı işğal edilməmişdən bir gün əvvəl 49 azərbaycanlı əsir alınaraq kütləvi şəkildə güllələndi. Batalyon və hərbi hissələrin komandirləri dinc əhalinin məhvinə qərar vermişdilər. Hücumdan bir neçə saat əvvəl 366-cı alayın qərargahında 58 azərbaycanlı qətlə yetirildi. Onların çoxu qadın və uşaqlar idi. Cəsədlərin gömüldüyü quyuların yanından keçmək mümkün deyildi. Çünki oradan dəhşətli dərəcədə meyit iyi gəlir, itlərin, çaqqalların səsləri eşidilirdi", - deyə müşahidələrini obyektiv şəkildə qeydə almış fransalı jurnalist Xocalıya hücum ərəfəsində Ermənistanın hakimiyyət orqanları rəhbərlərinin 366-cı motoatıcı alayın qərargahında olduğunu da vurğulamışdır.

"Böyük Ermənistan" ideyasının əsas ideoloqlarından biri olan Zori Balayanın Xocalı soyqırımında birbaşa iştirakını təsdiqləyən faktlar mövcuddur. Zori Balayan 1996-cı ildə dərc olunmuş "Ruhumuzun canlanması" adlı kitabında (260-262-ci səh.) Xocalıda baş verən soyqırım barədə qeyd edir: "Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra bu uşağın başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum xalqımın bir faizinin belə qisasını aldığı üçün sevincindən qürurlanırdı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni vətənsevər kimi öz vəzifəmi yerinə yetirdim".

Faciənin törədilməsinə görə siyasi və mənəvi məsuliyyətin həm də o zaman ölkəyə rəhbərlik edən antimilli və qətiyyətsiz hakimiyyətin üzərinə düşdüyünü açıq demək lazımdır. Reallıq budur ki, ozamankı qətiyyətsiz hakimiyyət mühasirəyə alınmış Xocalı şəhərinin mülki əhalisinin xilası üçün heç bir qətiyyətli və səmərəli addım atmamış, əksinə, etinasızlığı və məsuliyyətsizliyi ilə düşmənin törətdiyi qanlı cinayətin hüdudlarının daha da genişlənməsinə şərait yaratmışdır. Dövlət rəhbərliyi xalqın qəzəbindən qorxaraq hadisənin miqyasını kiçiltməyə çalışmış, itkilər barədə ictimaiyyətə yalan məlumatlar vermişdir. O zaman yayılmış rəsmi məlumatlarda Xocalıda guya "iki nəfərin öldüyü" iddia edilmiş, soyqırım faktı gizlədilməklə xalqa xəyanət yolu tutulmuşdur. Faciənin beynəlxalq ictimaiyyət tərəfindən hələ də düzgün və layiqli qiymətini almaması da məhz vaxtında lazımi tədbirlərin görülməməsi, eləcə də təbliğatın düzgün qurulmaması ilə bağlı olmuşdur.

Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbilə hakimiyyətə qayıdışından sonra bir çox milli faciələrimiz kimi Xocalı soyqırımına da siyasi-hüquqi qiymətin verilməsi mümkün olmuşdur. 1996-cı il fevralın 24-də xocalılılarla görüşən Heydər Əliyev bu faciənin xalqımızın qəhrəmanlıq tarixində xüsusi yeri olduğunu vurğulamışdır: "Bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətinin nümunəsidir, ikinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır, vəhşiliyin görünməmiş bir təzahürüdür. Əgər Xocalı faciəsi bir tərəfdən erməni işğalçılarının vəhşiliyinin nəticəsi olubsa, ikinci tərəfdən bizim dövlət orqanlarının, o vaxt respublikaya rəhbərlik edən səlahiyyətli şəxslərin cinayətkarlığı, hətta deyərdim, xəyanətkarlığı nəticəsində olubdur. Ona görə də biz bu soyqırımını pisləməliyik, ermənilərin bu vəhşiliyini dünyaya göstərməliyik, onları bir vəhşi kimi ifşa etməklə yanaşı, eyni zamanda, özümüzə etdiyimiz cinayəti, xəyanəti də aşkar etməliyik".

Ümummilli liderin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı günü haqqında" xüsusi qərar qəbul etmiş, sənəddə hadisənin başvermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanmışdır. Ümummilli liderimizin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir.

Azərbaycan hökuməti Xocalı faciəsini soyqırım kimi dəyərləndirərkən 9 dekabr 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən 260 A saylı qətnamə ilə qəbul edilən "Soyqırımın qarşısının alınması və ona görə cəza" haqqında Konvensiyanı, keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının IV maddəsini, Ruanda üzrə Beynəlxalq Tribunalın Nizamnaməsinin I maddəsini, Beynəlxalq Cinayət Məhkəməsinin statutunu, həmçinin "Xocalı soyqırımı günü haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 24 fevral 1994-cü il tarixli qərarını, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il fərmanını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsini əldə əsas tutur. Xocalı soyqırımı ilə bağlı Baş prokurorluqda Cinayət Məcəlləsinin 103-cü (soyqırım) və əhalini deportasiya etmə və ya məcburi köçürmə (107) maddələri ilə cinayət işinin istintaqı aparılır. İstintaq zamanı 280-ə yaxın erməni və rus millətindən olan şəxsin təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərarlar çıxarılmış, barələrində həbs-qətimkan tədbiri seçilmiş və axtarışları ilə əlaqədar müvafiq sənədlər İnterpolun Azərbaycan Milli Bürosuna göndərilmişdir.

Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün hər il hökumət səviyyəsində müəyyən tədbirlər həyata keçirilir. Eyni zamanda, Milli Məclisin dünya parlamentlərinə müraciətində soyqırım aktının real mahiyyəti, onun soyqırım kimi tanıdılmasını şərtləndirən amillər konkret faktlar əsasında əksini tapır. Xocalı faciəsi ilə bağlı Milli Məclis 75 müraciət, bəyanat və qərar qəbul edib. Bu baxımdan faciənin 15 illiyi ilə bağlı Milli Məclisin 2007-ci il 27 fevral tarixdə qəbul etdiyi bəyanatda deyilir: "Dinc əhalinin vəhşicəsinə kütləvi qırğını bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri olmaqla, XX əsrin Xatın, Lidiçe, Babi Yar kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Xocalı soyqırımı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini zəbt etmək məqsədilə Ermənistan Respublikasının apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırım cinayətlərinin miqyasına görə ən dəhşətlisidir. Azərbaycan Respublikasının Milli Məclisi hesab edir ki, Xocalı soyqırımı unudulmamalı, dünya birliyi tərəfindən beynəlxalq hüquqi qiymətini almalıdır. Faciənin ideoloqları, təşkilatçıları və icraçıları yaxalanaraq layiq olduqları cəzalara çatdırılmalıdırlar. Azərbaycan Respublikasının Milli Məclisi Birləşmiş Millətlər Təşkilatına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa Şurasına, Avropa Birliyinə, İslam Konfransı Təşkilatına, Müstəqil Dövlətlər Birliyinə, digər beynəlxalq təşkilatlara, dünya ölkələrinin parlamentlərinə və hökumətlərinə müraciət edir ki, erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımını tanısınlar və pisləsinlər, gələcəkdə bu cür cinayətlərin baş verməsinin qarşısını almaq üçün təsirli tədbirlər görsünlər, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə, xüsusən onların arasında təməl rolunu oynayan dövlətlərin ərazi bütövlüyü prinsipinə əsasən sülh yolu ilə həllinə kömək göstərsinlər".

Fikrimizcə, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaq üçün indiyədək görülmüş işlər daha da genişləndirilməli, bu sahədə virtual məkanın - internetin hüdudsuz imkanlarından geniş istifadə olunmalıdır. Eyni zamanda, səfirliklərimiz və diaspor təşkilatlarımız birgə işləməli, faciə ilə bağlı həqiqətlərin yerləşdikləri ölkələrin ictimaiyyətinə çatdırılması üçün fəallıq göstərməlidirlər. Bu baxımdan Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir. Fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqda faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən "Xocalı uşaqların gözü ilə" rəsm müsabiqəsinin, əl işlərinin, fotoşəkillərin dünyanın qabaqcıl ölkələrində keçirilən sərgisi beynəlxalq ictimaiyyətdə XX əsrin ən böyük faciəsi haqqında dolğun təsəvvürlər formalaşdırmışdır. 2007-ci il fevralın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Brüssel şəhərində təşkil olunan "Təcavüzün qurbanları" adlı foto və uşaq rəsmlərinin sərgisi də bu baxımdan mühüm əhəmiyyət daşımışdır.

Heydər Əliyev Fondu soyqırım haqda həqiqətlərı dünyaya çatdırmaq üçün 2007-ci il fevralın 19-26-da Türkiyənin İstanbul və daha 25 vilayətində "Xocalı həftəsi"ni keçirmiş, tədbirlər proqramı çərçivəsində İstanbulun mərkəzi meydanı Taksimdə bir sıra anım mərasimləri təşkil edilmişdir. Xocalı faciəsinin beynəlxalq miqyasda tanıdılması baxımından 2008-ci il fevralın 14-də Berlində keçirilmiş "Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər" adlı elmi konfrans da son dərəcə əhəmiyyətli olmuşdur. Konfransda Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış "Xocalı uşaqların gözü ilə" sərgisi nümayiş etdirilmiş, habelə erməni qəddarlığını əks etdirən kitablar paylanmışdır. Fondun Moskva nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın İslam Konfransı Təşkilatının Gənclər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində "Xocalıya ədalət!" kampaniyasına start verməsi də bəşər tarixində ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır.

Bu ilin 31 yanvarında dünyanın 56 ölkəsinin üzv olduğu İslam Konfransı Təşkilatının (İKT) Parlament Assambleyasının VI sessiyasında Xocalı faciəsi insanlığa qarşı cinayət kimi qiymətləndirilib. İKT-nin Xocalı hadisələrini insanlığa qarşı cinayət kimi qiymətləndirməsindən hüquqi əsas kimi istifadə edib təşkilata üzv ölkələrin parlamentlərində müzakirələrin keçirilməsinə və soyqırım kimi tanıdılmasına nail olmaq üçün hərtərəfli fəaliyyət göstərilməlidir. Bu məqsədlə diaspor təşkilatlarının gücündən maksimum istifadə etməli və onların fəaliyyətləri uzlaşdırılmalıdır.

Ermənilərin Xocalıda törətdikləri dəhşətli soyqırım aktı zaman keçdikcə öz həqiqi qiymətini alır. Hər il olduğu kimi, bu il də qardaş Türkiyə Böyük Millət Məclisində faciə ilə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulub. Qardaş ölkənin parlamentində ermənilərin insanlığa qarşı yönəlmiş bu soyqırım cinayəti pisləniləcəkdir. Ermənilərin Xocalıda törətdikləri soyqırım aktı ilə bağlı dünyanın bir sıra ölklərində də anım mərasimlərinin keçirilməsi və beynəlxalq ictimaiyyətin diqqətinin bu məsələyə yönəldilməsi nəzərdə tutulub.

Bəşəriyyətə qarşı ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından son 7 ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl tədbirləri də xüsusi vurğulamaq lazımdır. "Vətəndaşlarımız, soydaşlarımız unutmamalıdırlar ki, erməni millətçilərinin antiazərbaycan təbliğatı getdikcə genişlənir, mənfur formalarda davam etdirilir. Ermənilər ərazi iddialarını əsaslandırmaq üçün yeni-yeni əsassız tezislər uydurur, məkrli siyasət aparırlar. Buna görə də biz belə ideoloji təxribatlara qarşı ayıq olmalı, onları vaxtında ifşa etməliyik", - deyən cənab İlham Əliyev Ermənistanın təcavüzü nəticəsində xalqımızın üzləşdiyi faciələrin real faktlarla dünya ictimaiyyətinə çatdırılmasını Xarici İşlər Nazirliyinin, xaricdəki diplomatik korpuslarımızın və diasporumuzun qarşısında mühüm vəzifələr kimi müəyyənləşdirmişdir.

 

 

Rafael CƏBRAYILOV,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2010.- 26 fevral.- S. 4.