Xocalı faciəsi əsrlər boyu Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı siyasətinin ən qanlı səhifəsidir

 

Prezident İlham Əliyev faciə qurbanlarının xatirəsini anma mərasimində iştirak etmişdir

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində törədilmiş, bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran Xocalı soyqırımından on səkkiz il ötür.

Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış həmin gecə erməni silahlı dəstələri hələ SSRİ dövründə Xankəndi şəhərində yerləşmiş, şəxsi heyətinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbçilərinin köməyi ilə qədim Xocalı şəhərini yerlə-yeksan etmişlər.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirilmiş, 487 nəfər şikəst olmuş, 1275 dinc sakin əsir götürülmüş, 155 nəfərin taleyi isə hələ də məlum deyildir. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmişdir.

Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülmüş, 3 nəfər diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, bədən əzaları və başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilmişdi. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir.

Dünya bu acı həqiqəti bilməli və insanlığa qarşı törədilmiş bu cinayət faktı beynəlxalq aləm tərəfindən öz hüquqi qiymətini almalıdır. Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Prezident İlham Əliyev Xocalı faciəsini təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirmişdir.

Bu qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşilik yaddaşlardan heç zaman silinməyəcəkdir. Çünki həmin gecə baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət idi. Buna baxmayaraq, o zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymət verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görməmişdi.

Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra bu qanlı faciəyə ilk dəfə hüquqi-siyasi qiymət verilmişdir. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul etmişdir.

Hər il bu müdhiş faciənin ildönümü ölkəmizdə, dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız və digər dost xalqların nümayəndələri tərəfindən ürəkağrısı ilə qeyd olunur.

Bu günlərdə dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş etdirilir. Dünya ölkələrinin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələr çap olunur, televiziya və radio kanallarında verilişlər hazırlanır.

Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri vardır. Fond Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar xarici ölkələrdə xüsusi layihə həyata keçirir. Məqsəd Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması və erməni vəhşiliklərini əks etdirən materialların beynəlxalq təşkilatlar qarşısında nümayiş etidirilməsidir. Heydər Əliyev Fondu soyqırımı ilə bağlı 100-dək materialın xaricdə sərgisini təşkil etmişdir. Fondun həyata keçirdiyi "Qarabağ həqiqətləri" silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı ingilis dilində nəşr olunan kitab və bukletlər də xaricdə yayımlanmışdır.

2009-cu ilin fevralında İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış "Xocalıya ədalət" kampaniyası ötən bir il ərzində uğurla davam etmiş, bu aksiyaya dünyanın əksər ölkələrində könüllülər qoşulmuşdur.

Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır. BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 saylı qətnaməsi ilə qəbul edilən və 1961-ci ildən qüvvəyə minən konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsvir edilmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilən soyqırımı cinayətini təşkil edən bütün əməllər tətbiq olunmuşdur. Bu işğalçı ölkənin terrorçuluq siyasəti uzun illərdir dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki beynəlxalq hüquq normalarına, BMT və ATƏT-in prinsiplərinə görə, dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir. Ərazi bütövlüyünün və suverenliyin pozulması yolverilməzdir. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunan torpaqlarının qeyd-şərtsiz azad olunması haqqında 4 qətnamə qəbul etsə də, işğalçı Ermənistan bunları hələ ki, yerinə yetirmir.

Xocalı soyqırımını törətməklə erməni millətçiləri Azərbaycan xalqını qorxutmaq, vahimə yaratmaq, onun mübarizə əzmini qırmaq, torpaqlarının işğalı faktı ilə barışmağa məcbur etmək kimi məkrli məqsədlər güdmüşdür. Amma hiyləgər və amansız düşmənin niyyətləri baş tutmadı, xalqımız dövlətin suverenliyinin müdafiəsində yüksək qəhrəmanlıq nümunəsi göstərdi.

Azərbaycan xalqı qəti əmindir ki, hazırda Cənubi Qafqazın iqtisadi güc mərkəzinə çevrilmiş, dünyada mövqeyini daha da möhkəmləndirmiş, hərbi qüdrətini təmin etmiş dövlətimiz düşmən tapdağı altında olan torpaqlarını istənilən yolla azad edəcək, şəhidlərimizin qanı yerdə, günahkarlar isə cəzasız qalmayacaqdır.

Azərbaycan paytaxtının minlərlə sakini Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar anma mərasimində iştirak etmək üçün fevralın 26-da səhər tezdən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşmışdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev anma mərasimində iştirak etmişdir.

Abidənin yanında fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirdi.

Baş nazir Artur Rasizadə, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoydular.

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak edirdilər.

Anma mərasiminin iştirakçıları abidənin önünə tər qızılgüllər, qərənfillər düzdülər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-27  fevral.- S. 1.