AzərTAc fəaliyyətə başladığı gündən xalqımızın azadlıq arzularının carçısına çevrilmişdir

 

Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın 90 yaşı tamam olur. Şərqdə ilk xəbər agentliklərindən biri olan AzərTAc-ın yaranması bilavasitə Xalq Cümhuriyyəti hökumətinin adı ilə bağlıdır. Ötən 90 ildə AzərTAc mürəkkəb, eyni zamanda şərəfli bir yol keçmiş, bütün çətinliklərə baxmayaraq, həmişə xalqımıza, Azərbaycana xidmət etmişdir. Bu xidmətə ən layiqli qiyməti verən ümummilli liderimiz Heydər Əliyev demişdir: "AzərTAc fəaliyyətə başladığı gündən xalqımızın azadlıq arzularının carçısına çevrilmişdir".

AzərTAc-ın tarixinə qısa ekskursda "mürəkkəb və şərəfli yol" ifadəsi bədii ritorika kimi qəbul edilməməlidir. Agentliyin təkcə adının 7 dəfə dəyişdirilməsinin, - 1920-ci ildə AzərTAc, yenə də həmin ildə AzQafROSTA, 1921-ci ildə AzərTA, 1923-cü ildə ZaqTA, 1936-cı ildə yenidən AzərTA, 1972-ci ildə Azərinform, nəhayət, 1992-ci ildə AzərTAc, - özü keçilmiş tarixi yolun mürəkkəbliyini təsdiq edən faktlardan biridir. Həmçinin bu yol kəşməkəşli olduğu qədər də şərəflidir - AzərTAc bütün zamanlarda xalqımıza və dövlətimizə sədaqətlə xidmət etmiş, Vətənimizin adını dünyada ucaltmışdır.

 

AzərTAc belə yaranmışdır

 

1919-cu il martın 3-də Xalq Cümhuriyyəti hökumətinin - Nazirlər Şurasının iclasında Azərbaycan Teleqraf Agentliyinin təşkili barədə məsələ müzakirə olunmuşdur.

Lakin məlum olmayan səbəblər üzündən agentlik həmin tarixdə fəaliyyətə başlamamışdır. 1920-ci il fevralın 2-də hökumətin növbəti iclasında Azərbaycan Teleqraf Acanslığının ştatlarının layihəsi və əsasnaməsinin müəyyən dəyişikliklərlə parlamentə çıxarılması qərara alınmışdır.

Nəhayət, 1920-ci il martın 2-də "Azərbaycan" qəzetində ilk dəfə olaraq "AzərTAc" imzası ilə xəbərlər dərc olunmuşdur. Təxminən bir ay sonra, 1920-ci il martın 25-də Azərbaycan Teleqraf Agentliyindən Xalq Maarif Nazirliyinə göndərilmiş 17 nömrəli təliqə qurumun məhz martın 1-də yarandığını təsdiq edən daha bir tutarlı dəlildir. Təliqədə hökumətin 1 mart tarixli Qanununa uyğun olaraq, Poçt və Teleqraf Nazirliyinin nəzdində Azərbaycan Teleqraf Agentliyinin yaradıldığı və onun formalaşma dövrü yaşadığı qeyd olunmuşdur. Bundan əlavə, təliqədə aprel ayının 1-dən etibarən hökumət tabeliyində olan müəssisələrdən və vəzifəli şəxslərdən AzərTAc-ın bülletenlərinə abunə yazılışının başlanacağına dair məlumat da yer almışdır.

AzərTAc-ın xəbər bülletenləri, bayram günləri də daxil olmaqla, hər gün Azərbaycan və rus dillərində buraxılırdı. Bülletenlərdə gənc dövlətdə baş verən mühüm hadisələr işıqlandırılır, hökumətin gördüyü işlər tarixin yaddaşına yazılırdı. Bülletenlərdə Moskva, Paris, Bəsrə, Roma, Tiflis, Daşkənd, Şimali Qafqaz, Zakaspi, Qara dəniz sahilləri radiostansiyalarından, eləcə də telefon, teleqraf və müxbirlərdən alınan xəbərlər dərc olunurdu.

Lakin agentlik cəmi iki aya yaxın fəaliyyət göstərə bildi. Bolşevik Rusiyasının işğalı nəticəsində 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi.

Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra AzərTAc Rusiya Teleqraf Agentliyinin (ROSTA) filialı kimi fəaliyyətini davam etdirmişdir. Bölgələrdən göndərilən xəbərlər istisna olmaqla, AzərTAc qalan bütün informasiyaları ROSTA-dan alırdı.

ROSTA-nın Qafqaz diyar şöbəsinin Azərbaycan bölməsinin - AzQafROSTA-nın işi təkcə Bakı ilə məhdudlaşmır, respublikanın digər şəhərlərində də (Gəncə, Şuşa, Lənkəran və s.) qurumun bölmə və məntəqələri fəaliyyət göstərirdi. Həmin məntəqələr nəinki yerlərdə baş verən hadisələr haqqında mərkəzə məlumat göndərir, eyni zamanda, özləri də daxili imkanlarından istifadə etməklə informasiya xarakterli divar qəzetləri və təşviqat plakatları buraxırdılar.

1921-ci ildə AzQafRostanın bazasında AzərTA təşkil olunandan sonra Azərbaycan musiqi mədəniyyəti tarixinin, o cümlədən Üzeyir Hacıbəylinin yaradıcılığının məşhur araşdırıcılarından biri kimi tanınmış Qubad Qasımov iyulun 14-də agentliyin direktoru təyin edilir. Qubad Qasımov xatirələrində bu barədə yazırdı: "1921-ci ildə məni yeni informasiya orqanının direktoru təyin etdilər. O vaxt mən hərbi hissələrdən birində döyüşçülər arasında savadsızlığın ləğvi üzrə fövqəladə komissiyaya başçılıq edirdim. Siyasi və mədəni iş sahəsində müəyyən səriştəm olsa da, jurnalist təcrübəm yox idi. O zaman gənc Azərbaycan Sovet Respublikasında kadrlar problemi ən kəskin məsələlərdən biri idi və belə gözlənilməz təyinatlar adi hal sayılırdı. Ona görə də tamamilə yeni və olduqca məsul işi çox tezliklə öyrənmək lazım gəlirdi. İnformasiyanı yaymaq üçün texniki imkanlar son dərəcə məhdud idi və mümkün olan bütün üsullardan istifadə etməyə çalışırdıq".

Ümumiyyətlə, 1922-ci ildə SSRİ-nin təşkilindən sonra digər respublikaların informasiya agentlikləri kimi, AzərTA da əslində Sovet İttifaqı Teleqraf Agentliyinin (SİTA) filialına çevrilmişdi.

Zaqafqaziya Federasiyası yarandıqdan sonra 1923-cü ilin martında üç Cənubi Qafqaz respublikasının informasiya agentlikləri ZaqTA adı altında birləşdirildi. 1936-cı ildə isə Azərbaycan Teleqraf Agentliyi yenidən AzərTA adı ilə fəaliyyətini bərpa etdi.

Bütün bunlar Azərbaycan Teleqraf Agentliyinin fəaliyyətinin təşkili ilə bağlı məsələlər idi. Agentliyin fəaliyyətinin heç də az əhəmiyyətli olmayan tərəfi, əlbəttə ki, AzərTA müxbirlərinin işi idi. Onlar gecəni gündüzə qataraq Azərbaycanın salnaməsini yaradırdılar.

 

Qanlı-qadalı illərdə

 

Faşist Almaniyasının SSRİ-yə qəfil hücumu dinc quruculuq işlərini dayandırdı. O vaxtkı böyük ölkənin, o cümlədən Azərbaycanın həyatı müharibə ab-havasına kökləndi və yalnız bir ümdə məqsədə - Qələbə üçün və Qələbə naminə mümkün olan və olmayan bütün işləri görməyə istiqamətləndirildi.

Müharibənin, demək olar, ilk günlərindən AzərTA-nın hərbi müxbirləri bilavasitə döyüşlərin getdiyi ön cəbhədən hazırladıqları reportajları agentliyə göndərirdilər. Qələmini silaha çevirərək, Azərbaycan Teleqraf Agentliyinin vəsiqəsi ilə qanlı-qadalı cəbhə yollarında irəliləyənlər arasında Rəsul Rza, Qılman Musayev, İsmayıl Hüseynov, Abbas Zamanov, Cəmşid Əmirov, Nüsrət Bağırov, Mixail Pleskaçevski kimi adlı-sanlı nümayəndələri də var idi.

Hərbi müxbir kimi cəbhə bölgəsinə yollanan Xalq şairi Rəsul Rza agentliyin və onun əməkdaşlarının fədakarlığı haqqında xatirələrində yazırdı: "Azərbaycanlılardan ibarət hərbi hissələrin olduğu Krım cəbhəsinə siyasi işçilərdən ibarət qrup göndərilirdi. Qrupa məni də daxil etdilər. AzərTA-nın rəhbərliyi ilə razılaşmaya əsasən, mənə hərbi müxbir sənədləri verdilər. Ertəsi gün axşam mən sevimli şəhərimlə - cəbhənin əsas yanacaq bazası olan Bakı ilə vidalaşdım...

Tez-tez ön xəttə gedir, yeraltı qazmalarda, səngərlərdə 396-cı Azərbaycan diviziyasının komandirləri və əsgərləri ilə gecələməli olurduq. Azərbaycan Teleqraf Agentliyinin hərbi müxbiri olduğumu təsdiqləyən sənəd mənə ordunun rabitə idarəsinə getməyə imkan verirdi. Hərbi teleqrafla Krım cəbhəsi döyüşçülərinin hünərləri barədə qısa xəbərlər, həmyerlilərimin igidliyindən bəhs edən kiçik oçerklər göndərirdim.

Xeyli vaxt Bakıdan məlumat almırdım, yazılarımın çatıb-çatmadığını bilmirdim. İki aydan sonra Bakıdan cəbhə materiallarımın dərc edildiyi bir bağlama qəzet alanda necə sevindiyimi təsəvvür etmək olar".

AzərTA respublika nəşrlərini cəbhə xəbərləri ilə təmin etməklə bərabər, arxa cəbhədəki insanların qəhrəmanlığı, onların Qələbə naminə fədakar əməyi haqqında cəbhə üçün informasiyalar da yayırdı. Xüsusi buraxılışlar üçün nəzərdə tutulan və cəbhə qəzetlərinə göndərilən bu yazıların qəhrəmanları "mühərriklər müharibəsində" həlledici rol oynayan "qara qızıl" çıxaran neftçilər, cəbhə üçün çox yüksək oktanlı benzin və digər neft məhsulları alınması üçün laboratoriyalarda tədqiqatlar aparan alimlər, silah-sursat və döyüş texnikası istehsal edən maşınqayıranlar idi.

Müharibədən sonrakı illərdə iqtisadi, ictimai-siyasi, mədəni həyatdakı quruculuq işləri yenidən AzərTA-nın materiallarının başlıca mövzusu idi. Agentliyin respublikanın həyatının müxtəlif sahələrindən, Xəzərin qəhrəman neftçilərinin, pambıqçıların əmək qələbələrindən, Bakının, Sumqayıtın, Mingəçevirin və digər şəhərlərimizin yeni tikintilərindən, Azərbaycan alimlərinin elmi axtarışlarından, incəsənət ustalarının uğurlarından, nəhayət, ictimai-siyasi həyatdakı dəyişikliklərdən bəhs edən müxtəlif informasiyaları SİTA vasitəsilə ittifaq və xarici ölkə mətbuatına verilirdi.

Ən başlıcası o idi ki, bu dövrdə Azərbaycanda yeni informasiya mühiti formalaşır, milli mətbuatımızın tərcümə məktəbinin ənənələrini daha da zənginləşdirən, dilimizin şəffaflığını qoruyan çox görkəmli jurnalistlər nəsli yetişirdi. Adları AzərTAc-ın tarixinə qızıl hərflərlə yazılmış Bağır Seyidzadənin, Cəlil Xəlilovun, Xasay Vəzirovun, İbrahim Novruzovun, İsaxan Ömərovun, Azər Ələsgərovun və başqalarının xatirələri agentliyimizdə daim səmimiyyətlə yad edilir. Onlar AzərTAc-a gələnədək zəngin həyat yolu keçmişdilər. Məsələn, ömrünün sonunadək agentliyin direktor müavini işləmiş, əsl ziyalı, dərin zəka və xeyirxah işlər sahibi, nəcib insan Bağır Seyidzadə "Gənc işçi" qəzetinin redaktoru, Təbrizdə sovet diplomatik nümayəndəliyinin rəhbəri, kinematoqrafiya naziri, mədəniyyət nazirinin müavini, nəşriyyat direktoru olmuş, gəlişi ilə AzərTAc-a yeni nəfəs, yaradıcılıq ab-havası, yeni ideyalar gətirmişdir. Agentliyin sonrakı inkişafında bu insanların böyük xidməti olmuşdur.

 

XX əsrin 70-ci illəri və ya dönüş mərhələsində

 

1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə gəlməsi respublikanın həyatında dönüş mərhələsinin başlanğıcı oldu. Həmin dövrdə Azərbaycan sosial-iqtisadi həyatın bütün sahələrində sovet respublikaları arasında axırıncı yerlərdən birini tuturdu. İqtisadiyyatı bütövlükdə böhran keçirən respublikanı ağır vəziyyətdən çıxarmağın yollarını axtarıb tapmaq, prinsipcə yeni konseptual səviyyədə yanaşma əsasında inkişaf planlarını işləyib hazırlamaq, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparmaq və digər tədbirlər görmək lazım idi. Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində Azərbaycan bütün sahələrdə sürətli inkişafa nail oldu. O, yaxşı başa düşürdü ki, millətin siyasi müstəqilliyini onun iqtisadi azadlığı şərtləndirir. Ona görə də inamla deyə bilərik ki, müasir Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun dünya iqtisadiyyatına daha dərin inteqrasiyası məhz 1970-ci illərdə - 1980-ci illərin əvvəlində təməli Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır.

O illər Azərbaycanda həm də milli ruhun və milli özünüdərkin dirçəlməsi dövrü idi. Bu baxımdan təhsilin, elmin, mədəniyyətin inkişafına böyük diqqət yetirilirdi. Təbii ki, belə bir vaxtda mətbuat da diqqətdən kənarda qala bilməzdi.

1972-ci ilin iyununda respublika Nazirlər Sovetinin qərarı ilə Azərbaycan İnformasiya Agentliyi - Azərinform adlandırılan agentlik o dövr üçün müasir texniki avadanlıqla da təchiz olunmuşdu. Əlbəttə, o dövrdə bu, heç də asan məsələ deyildi. Lakin Heydər Əliyevin şəxsi nüfuzu, qüdrəti bütün sədləri aşmağa imkan verirdi. SİTA kimi dünyanın nəhəng informasiya maşınının sükançıları artıq SSRİ rəhbərliyinin də böyük hörmət və rəğbət bəslədiyi, hesablaşdığı Heydər Əliyevin sayəsində Azərbaycanın qazandığı uğurlar barədə Azərinformun hazırladığı xəbərləri dünyaya yaymağa, agentliyə hər cür kömək göstərdiklərini sübut etməyə çalışırdılar. Məhz ötən əsrin 70-ci illərində SİTA özünün Moskvadakı baş ofisini kompyuterləşdirməyə başlayanda, Heydər Əliyevə hörmət əlaməti olaraq, ittifaq respublikaları arasında Ukrinformdan sonra Azərinformu o dövrün müasir "Olivetti" markalı kompyuterləri ilə təchiz etmişdir. Beləliklə, 1970-1980-ci illərdə o dövrün ən mükəmməl informasiya texnologiyaları və avadanlıqları ilə təchiz edilən Azərinform keçmiş sovet respublikalarının informasiya agentlikləri arasında həm maddi-texniki bazasının mükəmməlliyinə, həm də yüksək yaradıcılıq potensialına görə ön mövqeyə çıxmağa nail oldu.

1982-ci ildən Moskvada Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifə tutan Heydər Əliyevin 1987-ci ildə "səhhətinə görə" istefaya göndərilməsi M.Qorbaçov başda olmaqla mərkəzin Azərbaycana qarşı yönəldilmiş riyakar siyasətinin həyata keçirilməsi yolunda ilk addım oldu. Daim Azərbaycan torpaqlarına göz dikən erməni millətçilərinin və onların Kremldəki havadarlarının əl-qolu açıldı. Digər tərəfdən də, Mərkəzə yarınan o vaxtkı respublika rəhbərliyinin xalqa zidd siyasəti Azərbaycanda ictimai-siyasi vəziyyəti son dərəcə kəskinləşdirmişdi.

Elə buna görə də ötən əsrin 80-ci illərinin axırları - 90-cı illərinin əvvəlləri Azərinformun əməkdaşları üçün çox ciddi sınaq dövrü oldu. Maddi, mənəvi, siyasi və ideoloji dayaqlardan məhrum olan Azərbaycan mətbuatı çətin problemlərlə üz-üzə qaldı.

 

Müstəqillik illərində və ya yenidən Heydər Əliyevin himayəsi altında

 

Azərbaycan dövlət müstəqilliyini elan etdikdən bir qədər sonra, 1992-ci il dekabrın 18-də Azərinformun tarixi adı bərpa olundu və o, Azərbaycan Teleqraf Agentliyi - AzərTAc adlandırıldı. Lakin Azərbaycanın o vaxtkı səriştəsiz və bacarıqsız rəhbərliyi agentliyin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması barədə düşünmədi. Halbuki zaman agentliyin işinin yeni dövrün tələblərinə cavab verən maddi-texniki baza əsasında və dünya standartları səviyyəsində qurulmasını və təkmilləşdirilməsini tələb edirdi. Bunun üçün isə, ilk növbədə, maliyyə vəsaiti lazım idi. Lakin həmin dövrdə büdcə vəsaitindən əslində məhrum edilən AzərTAc ağır günlərini yaşamağa məcbur olmuşdu.

Ulu öndər Heydər Əliyevin 1993-cü ilin yayında xalqın təkidi ilə yenidən respublikanın siyasi rəhbərliyinə qayıdışı Azərbaycanı xilas etdi, dövlət müstəqilliyinin itirilməsi təhlükəsi aradan qalxdı. Heydər Əliyevin məqsədyönlü fəaliyyəti, müdrikliyi sayəsində Azərbaycanda ictimai-siyasi sabitlik bərpa olundu, iqtisadi böhran aradan qaldırıldı, ölkə tədricən inkişaf yoluna çıxdı. Ölkənin inkişaf yolunu dəqiq müəyyən edən Heydər Əliyev Ermənistanın və erməni lobbisinin Azərbaycana qarşı məkrli təbliğatının yaratdığı informasiya blokadasını qırdı, gənc müstəqil Azərbaycan dövlətinin dünya birliyində layiqli yerini tutmasına, ölkəmiz haqqında əsl həqiqətlərin dünyaya bəyan edilməsinə nail oldu.

Cəmiyyətin həyatında mətbuatın, o cümlədən informasiya agentliyinin rolunu yüksək qiymətləndirən Heydər Əliyev müstəqil Azərbaycanın dövlət informasiya orqanının işinin müasir tələblər səviyyəsində qurulmasına böyük diqqət yetirirdi. AzərTAc isə bu işdə agentliyə həmişə xüsusi qayğı ilə yanaşan ümummilli liderimizin layiqli köməkçisi olmağa çalışır, Azərbaycan həqiqətlərini yaymaqla ölkəmizi dünyaya tanıdırdı.

1995-ci il martın 3-də Prezident Heydər Əliyev Azərbaycan Teleqraf Agentliyinin yenidən təşkil edilməsi haqqında fərman imzaladı. Həmin fərmanla agentliyin tarixi adı saxlanılmaqla ona dövlət informasiya orqanı statusu verilərək, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi yaradıldı. AzərTAc-ın maliyyə çətinliklərini nəzərə alaraq, onun əsasən dövlət büdcəsindən maliyyələşdirilməsi müəyyən edildi. Nazirlər Kabineti Prezident fərmanının icrası ilə bağlı qərar qəbul edərək, konkret tədbirlər işləyib hazırladı. Deyə bilərik ki, həmin fərmanla AzərTAc-ın həyatında yeni bir dövrün başlanğıcı qoyuldu.

1996-cı il iyunun 29-da isə "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) işinin yaxşılaşdırılması haqqında" Prezidentin sərəncamı verildi və onun icrası ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarı qəbul olundu. Həmin qərarla işin spesifik xüsusiyyətləri nəzərə alınmaqla AzərTAc-ın maddi-texniki bazası yaxşılaşdırıldı, onun fəaliyyətini gücləndirmək məqsədi ilə bir sıra tədbirlər həyata keçirildi, agentliyin tarixində ilk dəfə olaraq ABŞ, İran, Almaniya, Fransa, Türkiyə, Tiflis, Moskva və Daşkənddə müxbir məntəqələri açıldı, xarici dillərdə xəbər hazırlayan və yayan baş redaksiya yaradıldı.

Görülən bu işlər nəticəsində AzərTAc-ın fəaliyyətində əsaslı dəyişikliklər baş verdi. Texniki bazanın möhkəmləndirilməsi agentliyin işində səmərəliliyin yüksəlməsinə, informasiyanın qəbulu, emalı və ötürülməsində operativliyin artmasına səbəb olmuşdur. Nəticədə əvvəlki illərlə müqayisədə buraxılan informasiyaların sayı on dəfədən çox artmışdır. Yeri gəlmişkən, hazırda agentlik gün ərzində Azərbaycan, rus və ingilis dillərində orta hesabla 450 min işarədən çox informasiya və 40-50 fotoinformasiya buraxır.

2000-ci il yanvarın 17-də, AzərTAc-ın 80 illiyinin yaxınlaşdığı bir vaxtda Prezident Heydər Əliyev agentliyin fəaliyyətinin təkmilləşdirilməsi barədə fərman imzaladı. Bu, dövlətimizin başçısının ölkədə informasiya xidmətinə necə böyük əhəmiyyət verməsinə daha bir parlaq misal idi. Yubileylə bağlı Azərbaycan Prezidentinin sərəncamları ilə agentliyin əməkdaşlarının bir qrupu təltif olundu.

Prezident Heydər Əliyevin 80 illik yubiley ərəfəsində agentliyin kollektivinə ünvanladığı təbrik məktubunda deyilirdi: "1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyir. Müstəqilliyimizin daha da möhkəmləndirilməsində, ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrini əhatə edən köklü islahatların, baş verən mütərəqqi dəyişikliklərin, Ermənistanın respublikamıza təcavüzü ilə yaranmış mürəkkəb sosial-iqtisadi və insani problemlərin açılmasında, beynəlxalq aləmə yayılmasında AzərTAc-ın fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.

Son illər AzərTAc-ın fəaliyyətində xüsusi dönüş yaranmış, onun maddi-texniki bazasının gücləndirilməsi, işinin təkmilləşdirilməsi və daha operativ, səmərəli təşkili üçün mühüm tədbirlər görülmüşdür. Lakin elmi-texniki tərəqqinin media üçün, xüsusən elektron informasiya vasitələrinin hüdudsuz inkişafı üçün yaratdığı bütün imkanlar hər gün yeniləşməli və dünya elminin bu sahədəki nailiyyətlərinin geniş tətbiqini tələb edir. Odur ki, AzərTAc-ın kollektivi milli jurnalistikamızın nəcib vətənpərvərlik ənənələrini ləyaqətlə davam etdirməklə bərabər, dünya informasiya məkanında layiqli yer tutmaq üçün daha əzmlə çalışmalıdır".

 

Qlobal informasiya məkanında

 

Bu gün AzərTAc özünün 90 illiyini qeyd edir. Azərbaycan Prezidenti İlham Əliyevin yubiley ərəfəsində imzaladığı sərəncamla AzərTAc-ın əməkdaşlarından 19 nəfəri respublikanın fəxri adlarına və mükafatlarına layiq görülmüşdür. Bu, ümummilli liderimiz Heydər Əliyevin AzərTAc-a diqqət və qayğısının Prezident İlham Əliyev tərəfindən davam etdirilməsinin parlaq nümunəsi, agentliyin fəaliyyətinə verilən ən yüksək qiymətdir. Kollektivimiz bu etimada görə dərin minnətdarlığını bildirir.

Dövlətimizin başçısı İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində dinamik sosial-iqtisadi yüksəliş yoluna çıxan müstəqil Azərbaycanın həyatının bütün sahələrində baş verən köklü dəyişikliklər AzərTAc-ın xəbərlərinin əsas mövzusudur. Demokratik vətəndaş cəmiyyəti quruculuğu yolu ilə inamla irəliləyən, dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən, özünün zəngin təbii resurslarını dünyaya açan və Avropanın enerji təhlükəsizliyinə töhfəsini əsirgəməyən ölkəmizin bütün bu sahələrdəki uğurları barədə informasiyalar AzərTAc-ın kanalları ilə təkcə respublika daxilində deyil, həm də xaricdə geniş yayılır.

Müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi, iqtisadi, elmi-mədəni həyatının elə bir sahəsi yoxdur ki, AzərTAc-ın xəbərlərində müntəzəm olaraq öz əksini tapmasın. Mövzular, janrlar, coğrafiya dəyişir, yalnız bir prinsip - hazırlanan informasiyanın əzəli və əbədi prinsipi dəyişməz qalır. Bu, faktların geniş ictimai əhəmiyyəti, doğru-düzgünlüyü, dəqiqliyi və xəbərlərin operativliyidir.

Memarı və qurucusu ümummilli liderimiz Heydər Əliyev olan müstəqil Azərbaycanın inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq yaradıcılıqla davam etdirilməsi nəticəsində respublikanın regionda lider dövlətə çevrilməsi, dünyada mövqeyinin möhkəmlənməsi AzərTAc-ın beynəlxalq əlaqələrinin genişlənməsinə, onun dünya informasiya məkanına inteqrasiyasına müsbət təsir göstərən amillərdən biridir.

Hazırda AzərTAc-ın xarici ölkələrdə, respublikanın bölgələrində 20 müxbir məntəqəsi fəaliyyət göstərir. Xarici məmləkətlərdəki müxbirlərimiz təkcə həmin ölkələrin deyil, region dövlətlərinin də həyatında baş verən yenilikləri operativ surətdə Azərbaycan oxucusuna çatdırmağa səy göstərirlər. Biz çalışırıq ki, bu iş birtərəfli istiqamətdə getməsin. Xaricdəki müxbirlərimiz həm də Azərbaycan haqqında ən önəmli informasiyaları çalışdıqları ölkələrin yerli informasiya agentlikləri vasitəsilə əcnəbi oxuculara çatdırırlar.

Hazırda hər gün AzərTAc-ın internet saytına dünya üzrə 10-12 min giriş olur. Aparıcı dövlətlərin milli informasiya agentlikləri AzərTAc-la əməkdaşlığa böyük maraq göstərirlər. Agentliyimizin hazırda Türkiyənin, Rusiyanın, İtaliyanın, Rumıniyanın, İranın, Bolqarıstanın, Çinin, Qazaxıstanın, Ukraynanın, Koreya Respublikasının, Küveytin, Macarıstanın, İndoneziyanın, Serbiyanın, Misirin, Albaniyanın, Latviyanın, Belarusun, Moldovanın, İordaniyanın, Monqolustanın, Qırğızıstanın, Tacikistanın milli informasiya agentlikləri ilə əməkdaşlıq müqavilələri vardır.

Bundan əlavə, AzərTAc Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (BSANNA) təsisçilərindən biridir. 2004-cü ilin sentyabrında AzərTAc Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) üzvü olmuşdur. Bunun sayəsində AzərTAc-ın informasiyaları OANA-nın xüsusi saytında yerləşdirilir və onlardan təşkilatın üzvü olan digər 32 ölkənin 39 informasiya agentliyi istifadə edir. 2007-ci il dekabrın 12-də isə OANA-nın İndoneziyanın paytaxtı Cakartada keçirilən iclasında AzərTAc bu qurumun rəhbər orqanı olan İcraiyyə Komitəsinin idarə heyətinin üzvü seçilmişdir. 2008-ci ildən AzərTAc Asiya Xəbər Agentlikləri Konsorsiumunun ("AsiaPulse") üzvüdür. AzərTAc-ın Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv qəbul edilməsi agentliyimizin həyatında ən mühüm hadisələrdən biri kimi qiymətləndirilməlidir. Beləliklə, agentliyimiz postsovet məkanında İTAR-TASS və Ukrinformdan sonra EANA-ya qəbul edilmiş üçüncü informasiya agentliyi və həmin təşkilatın sayca 31-ci üzvü olmuşdur.

AzərTAc son illərdə bir sıra beynəlxalq təşkilatların iclaslarına ev sahibliyi etmişdir. 2008-ci il aprelin 29-u mayın 3-də müasir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 85 illiyi ərəfəsində Bakıda Türkdilli Ölkələrin Xəbər Agentlikləri Birliyi (TKA) Baş Məclisinin "Türkdilli ölkələrin əlaqələrinin inkişafında xəbər agentliklərinin əməkdaşlığının rolu" mövzusunda VII iclası keçirilmişdir.

İclasda bir sıra mühüm qərarlar qəbul edilmişdir. Bizim təklifimizlə Türkdilli Ölkələrin Xəbər Agentlikləri Birliyinin adının dəyişdirilərək, Türkdilli Xəbər Agentlikləri Birliyi adlandırılması ilə bağlı məsələ müzakirələrdən sonra qəbul edilmişdir. Məhz bu qərarın qəbulundan sonra Rusiya Federasiyanın Tatarıstan və Başqırdıstan respublikalarının müvafiq olaraq "Tatar-inform" və "Başinform" agentlikləri, Ukraynanın Krım Muxtar Respublikasından "Krım xəbərləri" agentliyi Birliyə üzv qəbul olunmuşlar. Həmin iclasda TKA-nın Baş Məclisinə sədrlik AzərTAc-a verilmişdir.

Həmin il sentyabrın 1-4-də Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının - OANA-nın İcraiyyə Komitəsinin "Qloballaşan dünyada informasiya hamı üçün" mövzusunda 30-cu iclasına AzərTAc ev sahibliyi etmişdir. İlk dəfə olaraq, 21 ölkənin milli informasiya agentliklərinin rəhbərləri və yüksək vəzifəli təmsilçiləri Azərbaycan paytaxtına gəlmişdilər. İclasda OANA-nın və üzv agentliklərin rəhbər və yüksək vəzifəli təmsilçiləri ilə yanaşı, AzərTAc-ın dəvəti ilə Avropa Xəbər Agentlikləri Alyansının - EANA-nın prezidenti, Avstriyanın APA agentliyinin baş icraçı direktoru, Bolqarıstanın BTA agentliyinin baş direktoru, Fransanın Frans Press agentliyinin departament rəhbəri, habelə İordaniyanın PETRA agentliyinin nümayəndəsi də iştirak etmişdir. AzərTAc-ın ilk dəfə həyata keçirdiyi bu təcrübə iclas iştirakçıları tərəfindən rəğbətlə qarşılanmış, gələcəkdə bu təcrübədən istifadənin məqsədəuyğun olduğu bildirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclas iştirakçılarına təbrik məktubu göndərmiş, sentyabrın 2-də onları qəbul etmişdir. İclas çərçivəsində "Mədəniyyət", "Təbiət" və "İdman" nominasiyalarında fotomüsabiqə keçirilmişdir. Qaliblərə OANA-nın və AzərTAc-ın xüsusi diplomu və qiymətli hədiyyələri təqdim edilmişdir. İclasın materialları Azərbaycan, ingilis və rus dillərində ayrıca kitab halında nəşr edilmişdir.

Agentliyimiz bir sıra beynəlxalq mükafatlara layiq görülmüş, əməkdaşımız Osman Kərimovun fotosu İspaniyada dünyanın 90 ölkəsinin aparıcı informasiya agentlikləri fotomüxbirlərinin işlərinin təqdim olunduğu müsabiqənin "Bayram" nominasiyasında münsiflər heyətinin yekdil qərarı ilə birinci yeri tutmuşdur.

Müstəqil Azərbaycanın rəsmi informasiya agentliyinin dünya informasiya məkanına çıxması, Azərbaycan reallıqlarının yayılma coğrafiyasının genişləndirilməsi ulu öndər Heydər Əliyevin ən böyük arzularından biri idi. İndi tam məsuliyyətlə deyə bilərik ki, ümummilli liderin bu arzusu da reallığa çevrilmişdir.

 

 

Aslan ASLANOV,

AzərTAc-ın baş direktoru

 

Azərbaycan.- 2010.-28  fevral.- S. 6.