ABŞ-ın dövlət katibi Hillari Klinton: "Azərbaycanda kifayət qədər tərəqqi əldə olunmuşdur"

 

"Cənubi Qafqaz regionunun tərəqqisi üçün Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapmalıdır".

Bu sözləri ABŞ-ın dövlət katibi Hillari Klinton ölkəmizə rəsmi səfərinin yekunları ilə bağlı iyulun 4-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında demişdir.

Ölkə rəsmiləri ilə apardığı danışıqların nəticələrindən razı qaldığını qeyd edən dövlət katibi Azərbaycanda kifayət qədər tərəqqinin əldə olunduğunu vurğulamışdır.

ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və dövlətlərin ərazi bütövlüyü prinsipi çərçivəsində həllinin tərəfdarı olduğunu bildirən Hillari Klinton demişdir ki, Birləşmiş Ştatlar məsələni birbaşa həll edə bilməz, amma dəstək göstərə bilər.

ABŞ, Rusiya və Fransa prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məlum bəyanatına toxunan dövlət katibi vurğulamışdır ki, problemin həlli yolları tezliklə tapılmalıdır və bu məsələdə tərəqqi də vardır.

Azadlığa Dəstək Aktına 907-ci düzəlişin aradan qaldırılmasına gəlincə, Hillari Klinton qeyd etmişdir ki, Prezident Barak Obama onun müvəqqəti aradan qaldırılması ilə məşğuldur. Amma tam aradan qaldırılması üçün də çalışacaqdır.

Dövlət katibi Azərbaycanın Əfqanıstan və İraqdakı əməliyyatlarda ABŞ-a yaxından dəstək göstərdiyini də vurğulamışdır.

Hillari Klinton Azərbaycanda cari ilin noyabrında keçiriləcək parlament seçkilərinə toxunaraq demişdir ki, ABŞ bu seçkiləri dəstəkləyir və əməkdaşlığa hazırdır.

Azərbaycan xalqının mehriban münasibətindən böyük məmnunluq duyduğunu vurğulayan dövlət katibi ölkəmizdə dinamik inkişafın şahidi olduğunu xüsusi qeyd etmişdir. Bildirmişdir ki, Azərbaycan ilə ABŞ arasında mədəniyyət, təhsil və ticarət sahələrində də əlaləqələr geniş inkişaf etmişdir.

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın həyata keçirdiyi böyük layihələrə ABŞ-ın dəstək verdiyini xüsusi qeyd etmişdir.

Nazir vurğulamışdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tam həll olunandan sonra Cənubi Qafqazın bütün ölkələri regional layihələrdə iştirak edə bilər.

 

 

Azərbaycan.- 2010.- 6 iyul.- S.  2.