Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahının açılışı olmuşdur

 

Prezident İlham Əliyev açılışda iştirak etmişdir

 

 Prezident İlham Əliyev iyulun 6-da Bakıda Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahının açılışında iştirak etmişdir.

Dövlət başçısının Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində həyata keçirdiyi tədbirlər, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatələndiyini göstərir. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahının yeni binası da icmanın fəaliyyətinin əlaqələndirilməsi, bu sahədə həyata keçirilən işlərin səmərəsinin daha da artırılması baxımından mühüm addımdır.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri dövlət başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi, binada yaradılmış şəraitlə tanış oldu.

Dövlət başçısına məlumat verildi ki, dördmərtəbəli, xüsusi memarlıq üslubunda əsaslı şəkildə yenidən qurulan inzibati binada əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Ümumi sahəsi 1300 kvadratmetr olan binanın birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur.

Prezident İlham Əliyev binanın otaqlarında yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, otaqların hamısı informasiyakommunikasiya texnologiyaları, mebelinventarla tam təchiz edilmişdir. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün 120 nəfərlik konfrans zalı və digər müşavirə otaqları da vardır.

Burada icmanın həyata keçirdiyi tədbirləri, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasəti ilə bağlı həqiqətlərin ölkə hüdudlarından kənarda yayılması və təbliği istiqamətində görülən işləri əks etdirən fotolar da nümayiş olunur.

Bina ilə tanışlıqdan sonra "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi idarə heyətinin üzvləri ilə görüş oldu.

Prezident İlham Əliyev görüşdə nitq söylədi.

 

 

Azərbaycan.- 2010.-7  iyul.- S.  1.