İran musiqiçilərinin çıxışı böyük maraqla qarşılanmışdır

 

İyulun 6-da Beynəlxalq Muğam Mərkəzində İran müğənnisi Mohtabadnin və "Rudaki" musiqi qrupunun konserti olmuşdur.

Mərkəzin foyesində İranın tarixi keçmişini özündə əks etdirən fotosərgi açılmış və bu ölkədə son illərdə çap edilmiş kitablar nümayiş etdirilmişdir.

Tədbirdə İranın Azərbaycandakı səfiri Məmmədbaqir Bəhrami və Bakıda səfərdə olan İran İslam Respublikasının mədəniyyət və islam maarifləndirilməsi naziri Seyid Məhəmməd Hüseyni çıxış edərək ölkələrimiz arasındakı əlaqələri yüksək qiymətləndirmişlər. Bildirmişlər ki, dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli görüşlər ikitərəfli münasibətlərin yüksələn xətt üzrə inkişafına əlverişli zəmin yaratmışdır.

Ölkələrimizin iqtisadi, mədəni, ticari, informasiyaturizm sahələrində çox uğurla əməkdaşlıq etmələri razılıq hissi ilə vurğulanmışdır. Qeyd edilmişdir ki, başlıca məqsəd iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsinə nail olmaqdır.

Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində qarşılıqlı mədəni əlaqələrin mühüm rolunu vurğulamışdır. Nazir belə görüşlərin və tədbirlərin Azərbaycan ilə İran arasında tarixi dostluq əlaqələrinin daha da gücləndirilməsinə xidmət edəcəyinə əmin olduğunu bildirmişdir.

Ə.Qarayev cari ildə İranda Azərbaycan Mədəniyyəti Günlərinin keçiriləcəyini diqqətə çatdırmışdır.

İran musiqiçilərinin çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  7 iyul.- S.  5.