Azərbaycan Prezidenti İlham Əliyev Misirin neft naziri Samih Fehminin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də Misirin neft naziri Samih Fehminin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycanla Misir arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirdi. Bu yaxınlarda Misirin xarici işlər nazirinin ölkəmizə səfəri zamanı səmərəli müzakirələr aparıldığını vurğulayan Prezident İlham Əliyev dost ölkələr olan Azərbaycanla Misir arasında əməkdaşlığı bütün sahələrdə daha da inkişaf etdirməyin zəruriliyini bildirdi. Misirin neft naziri Samih Fehminin ölkəmizə səfərinin enerji sahəsində əlaqələri inkişaf etdirmək üçün yaxşı fürsət yaratdığını qeyd edən Prezident İlham Əliyev qonağın Bakıda keçirəcəyi görüşlər zamanı birgə fəaliyyət üçün məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu bildirdi.

Misirin neft naziri Samih Fehmi ölkəmizə səfərinin yenicə başlamasına baxmayaraq, burada gördüklərindən təəssüratlandıqlarını vurğuladı. Ölkələrimiz arasında əlaqələri genişləndirmək üçün maraqlı planların olduğunu deyən Misirin neft naziri onların həyata keçiriləcəyinə əminliyini ifadə etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  8 iyul.- S.  1.