Azərbaycan regionda ABŞ-ın etibarlı tərəfdaşıdır

 

Cənubi Qafqazda marağı olan hər bir dövlət ilk növbədə Azərbaycanla əməkdaşlığın qurulmasına, dərinləşməsinə prioritet istiqamət kimi yanaşır. Bunu şərtləndirən əsas cəhətlərdən biri Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təminatında getdikcə artan rolu və kifayət qədər əlverişli geosiyasi mövqeyidir.

Azərbaycan da öz növbəsində milli və dövlətçilik maraqlarının qorunması şərtilə xarici əlaqələri uğurla inkişaf etdirir, beynəlxalq aləmdə aparıcı söz sahiblərindən birinə çevrilir. Son dövrlər diqqətçəkən cəhətlərdən biri ABŞ-ın Azərbaycanla təmaslarını əhəmiyyətli dərəcədə intensivləşdirməsi, qarşılıqlı münasibətlərin daha yüksək səviyyəyə çatdırılmasında xüsusi fəallıq nümayiş etdirməsidir. İyulun 4-də Prezident İlham Əliyev ABŞ-ın dövlət katibi Hillari Klintonu qəbul edərkən bununla bağlı demişdir: "Biz müstəqilliyi əldə etdikdən sonra ABŞ ilə Azərbaycan arasındakı əlaqələr çox uğurla inkişaf edir. Biz iqtisadi sahədə sıx əməkdaşlıq edirik. Sülhməramlı əməliyyatlarda iştirak edirik. Terrorçuluğa qarşı mübarizə ilə bağlı məsələlərdə birgə fəaliyyət göstəririk. Enerji təhlükəsizliyi məsələləri daim gündəliyimizdədir. Təbii ki, ABŞ ATƏT-in Minsk qrupuna həmsədr ölkələrdən biri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində bizimlə və digər ölkələrlə yaxından çalışır".

Son proseslər də göstərir ki, ABŞ-ın Cənubi Qafqazla bağlı həyata keçirdiyi siyasətdə Azərbaycan prioritet ölkə kimi qəbul olunurbuna müvafiq olaraq ev rəhbərliyi ölkəmizlə mövcud əməkdaşlığın daha da dərinləşməsinə böyük diqqət yetirir. Onu da xatırlatmaq yerinə düşərdi ki, bu yaxınlarda ABŞ Prezidenti Barak Obama ölkəsinin Azərbaycanda diplomatik elçisi postuna regiona, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə kifayət qədər yaxşı bələd olan Metyu Brayzanın namizədliyini irəli sürüb. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bir şəxsin ABŞ Prezidenti tərəfindən ölkəmizə səfir təyianatı Ermənistanda və erməni lobbisi tərəfindən böyük narazılıqla qarşılanıb.

ABŞ-ın ölkəmizlə münasibətlərini daha geniş müstəvidə qurmaq niyyətində olduğunu göstərən başqa bir misal: Respublika Günü münasibətilə ABŞ Prezidenti Barak Obama Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda qlobal hədələrə qarşı mübarizənin aparılmasında, regional sabitliyin gücləndirilməsində və ümumi təhlükəsizlik problemlərinin aradan qaldırılmasında Azərbaycanla ABŞ-ın qurduğu tərəfdaşlıqdan qürur hissi duyduğunu xüsusi qeyd edir.

Bu il iyunun 1-də Bakıda keçirilən XVII Beynəlxalq Xəzər neft-qaz sərgi və konfransının açılışı münasibətilə ABŞ dövlət katibi Hillari Klinton da Prezident İlham Əliyevə göndərdiyi məktubda başqa bir vacib məsələyə toxunub. Xanım Hillari Klinton xüsusi qeyd edib ki, Azərbaycan ticarət və sərmayə vasitəsilə insanları birləşdirmək arzusunu həyata keçirməklə enerji resurslarından səmərəli şəkildə istifadə edən nümunəvi ölkədir. ABŞ Şərq-Qərb enerji dəhlizini, eləcə də Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz boru kəmərlərinin inşası kimi layihələrin həyata keçirilməsində Azərbaycanın tərəfdaşı olmaqdan fərəh hissi duyur. Rəsmi Vaşinqton Avropaya təbii qazın nəqli üçün nəzərdə tutulan "Cənub dəhlizi"nin həyata keçirilməsində Azərbaycanı lider dövlət kimi qəbul edir. Keçən ayın 6-da ABŞ-ın müdafiə naziri Robert Qeytsin Azərbaycana səfəri zamanı Barak Obamadan Prezident İlham Əliyevə gətirdiyi növbəti məktub da mühüm əhəmiyyət kəsb edir.

Barak Obama həmin məktubda qeyd edirdi ki, ABŞ Azərbaycanla ikitərəfli münasibətlərin inkişafında maraqlıdır. Ölkəmizlə ABŞ arasında əməkdaşlığın ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə başladığını xatırladan Barak Obama yazmışdır: "Mənə münasibətlərimizdə ciddi məsələlərin olması məlumdur, lakin əminəm ki, biz onları həll edə bilərik. Nazir Qeytsin bu səfəri və gələcəkdə yüksək səviyyəli səfərlər zamanı biz regional təhlükəsizlik, demokratiya və çiçəklənmə naminə ikitərəfli dialoqu irəliyə doğru aparmaq və əməkdaşlığımızı daha da inkişaf etdirmək imkanlarını araşdıracağıq".

Şübhəsiz ki, cənab Obamanın məktubunda Azərbaycan üçün ən vacibi ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həll edilməsini özü üçün prioritet məsələ elan etməsidir. Bu mənada ABŞ Prezidentinin aşağıdakı fikirləri xüsusi qeyd edilməlidir: "Mən, eyni zamanda inanıram ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli Cənubi Qafqaz regionunda uzunmüddətli sabitlik üçün zəruridir və bu nəticənin əldə edilməsinə dəstək Birləşmiş Ştatlar üçün prioritet olacaqdır". Enerji sahəsində "Cənub dəhlizi"nin inkişafında Azərbaycanın liderliyininbir daha qeyd olunduğu həmin məktubda ölkəmizin regional və beynəlxalq təhlükəsizliyə verdiyi mühüm töhfə yüksək qiymətləndirilir və konrkret misal olaraq Əfqanıstanda sülhməramlı əməliyyatın yerinə yetirilməsində Azərbaycanın oynadığı rol göstərilir.

Bütün bunlar ABŞ-ın Azərbaycanla qarşılıqlı münasibətlərin inkişafına, onun daha yüksək səviyyəyə çatdırılmasına böyük önəm verdiyini göstərir. Avratlantik məkana inteqrasiya kursu seçən Azərbaycan da dünyanın yeganə fövqəldövləti sayılan ABŞ-la əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün hər zaman xüsusi səy göstərir. Prezident İlham Əliyevin Barak Obamaya ABŞ-ın milli bayramı - Müstəqillik Günü münasibətilə göndərdiyi təbrik məktubunda bununla bağlı deyilir: "Bu gün Azərbaycan ilə Birləşmiş Ştatlar arasındakı münasibətlər dostluq və əməkdaşlıq məcrasında müvəffəqiyyətlə inkişaf edərək tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Enerji təhlükəsizliyinin təmin edilməsi, qlobal təhdidlərə və çağırışlara, beynəlxalq terrorizmə qarşı mübarizə, eləcə də regional sabitliyin gücləndirilməsi sahəsində birgə fəaliyyətimiz əməkdaşlığımızın mühüm istiqamətlərindəndir. Əminəm ki, dostluq münasibətlərimizin daim möhkəmləndirilməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı birliyimizin dərinləşdirilməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik".

Həm Azərbaycan, həm də ABŞ Prezidentinin bir-birinə göndərdikləri məktublardan da aydın görünür ki, hər iki dövlət başçısı ölkələr arasında əlaqələrin daha da dərinləşməsi üçün maraqlı tərəf kimi çıxış edirlər. Azərbaycan üçün ən vacibi yuxarıda qeyd etdiyimiz kimi, biri ərazi bütövlüyünün bərpa edilməsidir. Buna sülh yolu ilə nail olunmaq üçün Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ-ın fəaliyyətinə ümidlə yanaşır. Prezident İlham Əliyevin Barak Obamaya göndərdiyi təbrik məktubunda bununla əlaqədar deyilir: "Biz, həmçinin xalqımızın ən ağrılı probleminin - ölkəmizin ərazi bütövlüyünün pozulmasına və torpaqlarımızın işğalına səbəb olmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə, tezliklə və ədalətli həlli sahəsində ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın səylərinə böyük ümidlər bəsləyirik".

ABŞ-da da getdikcə daha çox dərk edirlər ki, təkcə Azərbaycanın yox, bütövlükdə Cənubi Qafqazın sürətlə tərəqqi etməsi üçün əsas şərtlərdən biri Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həllini tapmasıdır. Bu ayın 4-də ölkəmizdə rəsmi səfərdə olan ABŞ-ın dövlət katibi Hillari Klinton da xüsusi olaraq qeyd edib ki, Cənubi Qafqaz regionunun tərəqqisi üçün Dağlıq Qarabağ münaqişəsi tezliklə həll olunmalıdır. ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və dövlətlərin ərazi bütövlüyü prinsipi çərçivəsində həllinin tərəfdarı olduğunu bildirən Hillari Klinton problemin çözümü üçün ölkəsinin dəstək göstərəcəyini də diqqətə çatdırıb.

Karnegi Beynəlxalq Sülh Fondunun eksperti Tomas de Vaal da belə hesab edir ki, təhlükəsizlik və inkişaf baxımından Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ üçün mühüm önəm daşıyır. Ekspert onu da bildirib ki, beynəlxalq terrora qarşı aparılan mübarizədə də Azərbaycan böyük əhəmiyyətə malik dövlət kimi çıxış edirbu, ABŞ-da da aydın sezilir. Hillari Klinton da ölkəmizdə səfərdə olarkən Azərbaycanın Əfqanıstan və İraqdakı əməliyyatlarda ABŞ-a yaxından dəstək göstərdiyini xüsusi vurğulayıb.

Bütün bunlar deməyə əsas verir ki, iqtisadi, siyasi sahədən tutmuş beynəlxalq terrora qarşı birgə mübarizə aparılmasına qədər geniş bir sferada qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi hər iki dövlətin maraqlarına cavab verir.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.- 8 iyul.- S.  1, 2.