Azərbaycanın inkişaf strategiyasının müəllifi

 

1969-cu ilin iyulun 14-də Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanın tarixində yeni dövr başlandı. Xalqımızın mənəvi-əxlaqi dəyərlərinə söykənən geniş miqyaslı tədbirlər həyata keçirilməsi insanlarda nəinki milli ruhun və özünüdərkin oyanışını şərtləndirdi, eyni zamanda, onların ictimai fəallığının və işgüzarlığının yüksəlməsinə təkan verdi. Milli qürur hissinin güclənməsi, milli şüurun yüksəlməsi sosial-iqtisadi və mədəni həyatın bütün sahələrinin dirçəlişi üçün zəmin yaratdı.

Tarixi hadisələrin sonrakı gedişisübut etdi ki, Heydər Əliyevin 1969-1982-ci illərdə gördüyü işlər gələcəkdə milli dövlətçilik ideyalarının hərəkətverici qüvvəyə çevrilməsi və cəmiyyətin bu ideya ətrafında səfərbər olması üçün şərait yaratdı. Həmin dövrdə respublikada bərqərar edilən əsl işgüzarlıq mühiti, sosial ədalətə əsaslanan sağlam mənəvi-psixoloji ab-hava iqtisadi tərəqqinin yüksək həddə çatmasına, Azərbaycanın keçmiş İttifaq miqyasında nüfuz qazanmasına, hətta beynəlxalq səviyyədə tanınmasına imkan verdi. Başqa sözlə, Azərbaycanın indiki siyasiiqtisadi müstəqilliyi, beynəlxalq münasibətlər sisteminə və dünya iqtisadiyyatına inteqrasiyası hələ 1970-1980-ci illərdə təməli Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır.

1982-1987-ci illərdə dünyanın fövqəldövləti sayılan sovetlər birliyində ən ali hakimiyyət iyerarxiyasında təmsil olunan Heydər Əliyev İttifaq miqyasında böyük işlər görməklə bərabər, 5 il ərzində Azərbaycanda da bütün ictimai-siyasi və mədəni proseslərə nəzarət etdi, azərbaycanlıların daha yüksək ixtisaslara yiyələnməsinə, yeni elm və tədris mərkəzlərinin açılmasına nail oldu. Qısa müddətdə çox böyük nüfuz və şöhrət qazanan Heydər Əliyevin siyasi lider kimi təkcə sovetlər məkanında deyil, bütün dünyada tanınması bu böyük insandan bütün cəhət və xüsusiyyətlərinə görə geri qalan, ən əsası isə ondan şəxsiyyətcə cılız olan Kremldə yüksək vəzifələr tutanların həsəd və qibtəsinə səbəb oldu. Məkrli plan əsasında ən böyük azərbaycanlının vəzifəsindən uzaqlaşdırılması və bundan dərhal sonra ölkəmizə sonsuz məhrumiyyətlər gətirən Dağlıq Qarabağ probleminin ortaya atılması ilə Azərbaycanın düşdüyü çətin durum bir daha sübut etdi ki, Heydər Əliyevsiz Azərbaycanı təsəvvür etmək, onun ümumbəşəri ideyalarından bəhrələnmədən tərəqqiyə nail olmaq qeyri mümkündür.

XX-XXI əsrlərin qovuşuğunda Azərbaycanın demokratik və bəşəri dəyərlərlə sadiq müstəqil bir dövlət kimi formalaşması ulu öndər Heydər Əliyevin titanik siyasi fəaliyyətinin nəticəsi, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə onun hakimiyyətə qayıdışının bəhrəsidir.

1993-cü ildə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlikiqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının prioritet istiqaməti kimi müəyyənləşdirdi.

"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin onuncu ildönümü haqqında" Azərbaycan Respublikası Prezidentinin 20 mart 2001-ci il tarixli fərmanında deyilir: "Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini əldə etməsi keçmiş SSRİ-də və bütün dünyada 80-ci illərin ortalarından başlayaraq gedən ictimai-siyasi proseslərin labüd nəticəsi idi. Bu obyektiv tarixi gerçəklik SSRİ-nin dağılmasına, Kommunist Partiyasının tarix səhnəsindən çəkilməsinə və nəticə etibarilə müttəfiq respublikaların hər birinin müstəqil dövlətə çevrilməsinə gətirib çıxardı. Bunun ardınca yeni müstəqil dövlətlərin, eləcə də Azərbaycan Respublikasının dünya ölkələri, müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınması beynəlxalq hüquq normalarının qanuni təzahürü oldu".

Həmin dövrdə həlli vacib olan məsələlərdən biri davam etməkdə olan Ermənistan-Azərbaycan müharibəsinin gedişinə təsir göstərə biləcək qəti addımlar atılması idi. Bunsuz ölkənin ərazi bütövlüyünü qorumaq, daxili ictimai sabitliyə nail olmaq mümkün deyildi. Milli ordunun döyüş qabiliyyətinin artırılması və geniş miqyaslı müdafiə tədbirlərinin həyata keçirilməsi, döyüşçülərdə yaranan ruh yüksəkliyi sayəsində düşmənə qarşı bir neçə uğurlu hərbi əməliyyat aparıldı. Belə şəraitdə beynəlxalq qüvvələrin təsiri altında münaqişə tərəfləri atəşi dayandırmaq barədə razılığa gəldilər. Bu barədə saziş 1994-cü ilin mayında imzalandı və münaqişənin dinc vasitələrlə aradan qaldırılmasına prioritet istiqamət sayıldı.

Belə bir faktı da qeyd etməyə dəyər ki, Heydər Əliyevin ölkə iqtisadiyyatında köklü dəyişikliyə gətirib çıxaran və müstəqil dövlətimizə beynəlxalq nüfuz qazandıran yeni neft strategiyasının həyata keçirilməsinə məhz atəşkəsdən sonra başlandı və 1994-cü ilin sentyabrında dünyanın iri neft şirkətləri ilə "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsi imzalandı.

Lakin müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafın bünövrəsinin qoyulması Azərbaycanı yenidən anarxiya və başıpozuqluq girdabına salaraq bundan öz mənfəətləri naminə istifadə etmək istəyən daxilixarici qüvvələrin ciddi müqaviməti ilə üzləşdi. 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə silahlı cəhdlərin göstərilməsi müstəqil dövlətçiliyimiz üçün növbəti sınaqlar oldu. Azərbaycan Prezidenti Heydər Əliyevin qətiyyəti, xalqın öz qüdrətli liderini qızğın şəkildə dəstəkləməsi sayəsində bu təhlükəli cəhdlərin qarşısı alındı, ölkədə hakimiyyəti zorsilah gücünə ələ keçirmək ənənəsinə birdəfəlik son qoyuldu.

1993-1995-ci illər müasir Azərbaycanın tarixinə dövlət müstəqilliyinin qorunub saxlanılması uğrunda mübarizə dövrü kimi düşmüşdür. İctimai-siyasi sabitliyinqanunçuluğun bərqərar edilməsi bu dövrün ən mühüm nailiyyəti olduümummilli liderə dövlət quruculuğunda, iqtisadi, sosial və mədəni həyatda böyük işlərə başlamaq, genişmiqyaslı və ardıcıl islahatlar aparmaq üçün əlverişli imkan yaratdı.

Müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması və müstəqillik tariximizdə ilk parlament seçkiləri keçirilməsi ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı. Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış ümumxalq müzakirəsinə çıxarılan Konstitusiya layihəsi həmin il - 1995-ci ilin noyabrın 12-də keçirilən referendumda - ümumxalq səsverməsində qəbul edilmişdir. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər fundamental hüquq və azadlıqları öz əksini tapmışdır.

1995-2003-cü illər Azərbaycanın demokratik prinsiplərə sadiq bir dövlət kimi inkişafında mühüm dövr olmaqla, dünya birliyinə inteqrasiya yolunda ona çox böyük nailiyyətlər qazandırdı. Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi, gərgin zəhməti və təşəbbüskarlığı, yaradıcı dühası və beynəlxalq nüfuzu olmadan bütün bunları əldə etmək mümkün deyildi.

Tək bugünkü yox, həm də gələcək nəsillərimizin müqəddəs borcu Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi, xalqımızın rifahı naminə fədakarlıqla çalışmaq, milli birliyimizə sədaqətlə xidmət göstərməkdir.

 

 

Adil VƏLİYEV,

Milli Məclis Aparatının

Sosial qanunvericilik

şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri,

siyasi elmlər namizədi

 

Azərbaycan.- 2010.- 14 iyul.- S.  5.