Tufandan xəbərsiz bənövşə

 

Biz nəslin əqidə qələm dostu, bizdən sonra mətbuata gələnlər üçün mənəvi işıq timsalında olan Elmira Əmrahqızı! Tələbəlikdən tanıyırdım onu. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyurduq. O, IV, mən I kursda. Dörd nömrəli qızlar yataqxanasında qalırdıq. Axşamlar hamı öz otağına çəkiləndən sonra rəfiqəsi Sədaqət Kərimova ilə birlikdə mətbəxdə "tamaşa" düzəldərdi. Qaz plitəsini "şam" edərdi, işıqları söndürərdi. Poeziya axşamına başlayardılar. Şənbə günləri olanda bəzən səhərə qədər Füzulidən əzbərdən şeir deyərdi. Nədənsə mənə fikir verməzdilər, sakitcə bir küncdə dayanıb onlara baxardım. Adətən, yuxarı kursda oxuyanlar təzə tələbələrə bir qədər ögey münasibət göstərərdilər. Amma onlar belə deyildilər. Elmiranın çox məsum, mülayim, kövrək bir görünüşü vardı.

 

Ya Rəbb, bəlayi-eşq ilə

qıl aşina məni,

Bir dəm bəlayi-eşqdən

etmə cüda məni.

 

Bu yalvarışın yanıqlı avazı uzun müddət qulağımdan çəkilmədi. Elmira Əmrahqızı fakültədə dərslərini yaxşı oxuyan, seçilən fəal tələbələrdən idi. Universiteti fərqlənmə diplomu ilə bitirdi. Uzun müddət imzasını görmədik. Sonra "Azərbaycan qadını" jurnalında yazılarını oxudum, sovet məkanında keçirilən hansısa ədəbi müsabiqədə yer tutduğunu öyrəndim. Atası Aşıq Əmrah haqqında yazdığı kövrək məqaləni oxudum. Beləcə, həyat öz adi axarında davam edirdi. Dünyada bizi gözləyən çox şeylərdən xəbərimiz yox idi. Sanki 1990-cı ilin 20 Yanvar müsibəti doğulmalıydı. Sanki o müdhiş gecədən sonra külli Azərbaycana bəlli olmalıydı ki, onun dərdlərini içindən keçirə-keçirə "Azadlıq" radiostansiyası vasitəsilə dünyaya hayqıran zərif, lakin qüdrətli bir qızcığazı var: "Elmira Əhmədova, mən jurnalistəm. Bakını qana bürüdülər..."

Biz öz həmkarımızın doğma səsini vətənimiz haqqında imdada, köməyə çağıran yalvarış dolu nidalarını özgə radio dalğalarından eşidirdik. Həm qəhərlənirdik, odlanırdıq, həm də içimizdə bir qürur duyurduq ki, bizlərdən biri bu faciəni dünyaya çatdırır. Bütün Azərbaycan, həm də məhz Elmira xanımın həyəcan dolu xəbərlərindən məlumatlanırdı ki, Bakıda nə baş verib. Tələbə dostumuz, şair Eldar Nəsibli "O gün sənin səsinlə..." adlı şeirində yazırdı:

 

Danışdı Azərbaycan

hələ mən varam, - deyə.

Öz Xəzər xislətimlə

coşub çağlaram, - deyə.

Zülmə baş əyməmişəm

şəhidsiz, ulu tarix,

Bu zülmün dağlarını

bir-bir aşacağam deyə.

Səsində, nəfəsində layla

dolu həyəcan

O gün sənin səsinlə danışdı

Azərbaycan!

 

İndi fikirləşirəm ki, əslində, Elmira qəhrəmanlıq edirmiş. Çünki Bakının küçələrini rus tankları vahiməyə salanda, sadəcə, gözə görünmək də qorxulu idi.

Hər hansı sovet əsgərinin qəzəbinə və hədəfinə tuş gələ bilərdin. Elmira isə qana bələnmiş paytaxtımızın harayını dünyaya çatdırırdı. Ölümdən, zindandan, heç nədən qorxmadan, çəkinmədən. O, çoxumuzdan hünərli, çoxumuzdan cəsarətli çıxdı. Televiziyanın işləmədiyi, Azərbaycan radiosunun susdurulduğu bir vaxtda minlərlə, milyonlarla insanın eşitdiyi məhz Elmiranın doğma səsi oldu. O, təkcə xəbər çatdırmırdı, həm də bəzən danışa bilməyəndə sözləri öz hıçqırtısı içində itik düşürdü. O günlər bu səs anamız Azərbaycanın öz ağlar səsi idi. Elmira Əmrahqızının titrək nəfəsi, həyəcanlı səsi karlaşmış dünyanın daş qəlbini belə, göynədirdi. Qışın buz bağrını yarıb üzə çıxan zərif bənövşələr kimi. Tufandan, qardan, sonrakı acı ruzigardan xəbərsiz bənövşələr...

Görünür, bu da taleyin qismətidir ki, uzun illər kimliyini, əqidəni, amalını göstərmək üçün sənə hansısa ağır bir məqam lazım imiş. O gündən Elmira Əmrahqızı bütün ictimaiyyətimiz tərəfindən sevilən, əzizlənən, səsi və imzası gözlənilən vətənpərvər, qeyrətli jurnalist kimi fədakarcasına xalqımızın, millətimizin mənafeyi naminə çalışdı, çarpışdı.

Onunla iki dəfə xarici səfərdə yol yoldaşı olmuşam. Bir mən yox, bütün həmkarlarım onun çevikliyinə, hadisəyə dərhal müdaxilə etmək bacarığına, onu insanlara çatdırmaq məharətinə heyrətlənməyə bilməzdi. Elmiranı yaxından tanıyanlar bilirlər ki, o, zahirən çox zərif, incə bir varlıq idi. Amma adam ağlına gətirə bilmirdi ki, o zərif xilqətin cismində nə boyda ürək döyünürmüş. Elmira bütün ömrü boyu qələminə və əqidəsinə sadiq qaldı. Elmira bütün ömrü boyu müxalifət oldu. Nəyə və kimə qarşı?! Xalqının, millətinin, torpağının, dövlətinin mənafeyinə toxunan hər bir şeyə qarşı! Elmira bütün ömrü boyu yalan danışmazdı. O, heç bir zaman süni təriflər, qərəzli tənqidlər yazmazdı. Elmira həmişə zamanın fövqündə dayanaraq həqiqəti dedi. Ona görə də o, xalq və dövlətimiz tərəfindən sevildi.

Çox yaxşı yadımdadır. Ona müəyyən təzyiqlər, təkliflər də edilmişdi ki, iqtidara qarşı qərəzli çıxışlar etsin. O isə buna qətiyyətlə "yox" demişdi. Çünki Elmiranın köksündə Vətəni, xalqı üçün döyünən böyük ürək vardı. Elmiranın əlləri o ürəyin diktəsini yazırdı. O, heç vaxt ağa qara deyə bilməzdi. Tələbəlik illərindən sevdiyi böyük Sabirin "Düzü düz, əyrini əyri" kəlamı onun həyat devizi idi. Nə yaxşı ki, o, az ömründə çox işlər gördü, xalqına, millətinə yaradı. Çox əyriliklə üzləşsə də, özü haqdan, ədalətdən uzaqlaşmadı. Düzlük onun bütün varlığına və əqidəsinə biçilmişdi. Gözlərimin önündən onun zərif görkəmi, ağıllı baxışları çəkilmir. Sanki hərdən səsini də eşidirəm. Sinəsinə sığmayan arzular sahibi idi bizim Elmiramız. Heyif, çox heyif... Bir qu nəğməsi kimi öz istəklərini bu dünyaya oxuyub getdi...

O, dünyasını dəyişməmişdən bir qədər əvvəl gözəl yazıçımız, "Azərbaycan qadını" jurnalının baş redaktoru Xalidə Hasilova vəfat etdi. Mənə elə gəldi ki, biz bir durna qatarıydıq, öncülümüzü itirdik. Bu, həqiqətən, belə idi. Çünki Xalidə Hasilova bizim hamımızın - yazı-pozu ilə məşğul olan qızların qolundan tutan çox mərd bir xanım idi. Və Elmiranın yazılarını da ilk dəfə və dəfələrlə öz jurnalında çap edən çox həssas redaktor idi. Niyə xatırladım bunu? O ağır xəbəri eşidəndə çox sarsılmışdıq. Çünki bu dəfə də durna qatarımızın sırası seyrəlirdi. Axı, biz o qədər də çox deyilik. O da yadımdadır ki, OperaBalet Teatrının binasında 8 Mart qadınlar bayramı münasibətilə mərasim keçirilirdi. "İlin ən yaxşı qadın jurnalisti" kimi qiymət alan Elmira Əmrahqızına çatacaq mükafatı ölümündən sonra onun övladına verməli idik. O qaragöz oğlanın gözlərindəki xiffət, yanaqlarındakı bir cüt damla yaş hələ də ürəyimin göynərtisindədir. Mən bilirəm ki, Elmira necə mehriban, qayğıkeş ana idi. Amma zalım fələk imkan vermədi ki, o bu bir cüt qanadın - Əmrahın, Abdullanın pərvazlanmasını görə bilsin. Tale ona çox şeyləri qismət etmədi. Özü mərd və bütöv idi, amma ömrü yarımçıq qaldı. Bu yarımçıq ömür isə çox şeyləri başa çatdırmağa mane oldu. Hərdən fikirləşirəm ki, o ağır xəstəlik Elmiranı necə tapa bilərdi?! Elmira təpədən-dırnağa saflıq və duruluq mücəssəməsi idi. Yadıma yenə də 20 Yanvar - o müdhiş gecə düşdü. Həkimlər təsdiqləyirdilər ki, bütün xəstəliklərin mayasında stress durur. Yəqin ki, həmin ağır günlərin qorxu və həyəcanları Elmira xanımın varlığını için-için yedi. Qəribədir ki, o, son günlərinə kimi xəstəliyini dostlarından gizlətdi. Bircə can köynəkləri bildi ki, Elmira xanım səfər üstədir.

Yenə də qulaqlarıma durna səsləri gəlir... Elmiradan sonra bir neçə jurnalist rəfiqəmizi - Gülsəfanı, Təranəni, Validəni itirdik. Bu gəlimli-gedimli dünyanın barışa bilmədiyimiz son ucuna sanki üz tutub hayqırmaq istərdim: Amandı, durnalar, qanad saxlayın...

Ammabu haylamağın köməyi dəyər, nə əbədi səfərdən geri dönən olar. Dağdan ağır bu xiffətin içində duyduğumuz bir qürur da var ki, ən böyük təsəllidir.

Elmira Əmrahqızı kimi vətən sevdalı jurnalistlər əqidə və milli düşüncə sahibi olduqları üçün bu torpağın əbədi mənəvi sərvətidirlər. Onların dəyanəti, ölümün önündə mərd dayanmaq cəsarəti bu yurdun havası, suyu kimi qiymətli və dəyərlidir. Biz onlara həmişə ehtiyac duyuruq. Belə əbədiyaşarlıq Elmira Əmrahqızının halal qismətidir. Kim tutub dünyanı min il qalacaq? Fiziki ömrü az olsa da, Elmira Əmrahqızının xatirəsi həmişə yaşar. Adı heç vaxt unudulmaz! Elə bu istəkdəndir ki, milli mətbuatımızın 135 illik mübarək yubileyində də ilk yadımıza düşənlərdən biri Elmira xanım oldu.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2010.-  17iyul.- S.  6.