Azərbaycan parlament nümayəndə heyəti Cenevrədə səfərdədir

 

Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti Parlament Spikerlərinin 3-cü Ümumdünya konfransında iştirak etmək üçün İsveçrənin Cenevrə şəhərinə yola düşmüşdür. Konfransın açılışı iyulun 19-da BMT-nin Cenevrədəki qərargahında bu təşkilatın Baş katibi Pan Ki Munun iştirakı ilə oldu. Tədbiri giriş sözü ilə Parlamentlərarası İttifaqın prezidenti Teo Den Qurirab açdı. O, konfransın əhəmiyyətindən və müzakirə olunacaq məsələlərdən danışdı. Həmin məsələlərin həllində parlamentlərin rolunu xüsusi qeyd etdi.

BMT-nin Baş katibi Pan Ki Mun çıxış edərək konfrans iştirakçılarına uğurlar arzuladı. O, parlamentlərin BMT ilə əməkdaşlığının vacibliyini qeyd etdi. Bu əməkdaşlıqda və parlamentlərin fəaliyyətində dörd istiqamətin mühüm əhəmiyyət daşıdığını xüsusi vurğuladı. Baş katib söylədi ki, dünyamızın və zəmanəmizin təhlükələrdən xilas olunması, dünyada stabilləşmənin təmin olunması və milli konfliktlərin aradan qaldırılması, böhranlardan müdafiə və iqtisadi inkişafa nail olunması, eləcə də dünyanın silahsızlaşdırılması və nüvə təhlükəsindən qorunması işində parlamentlər fəaliyyətini gücləndirməli və öz töhfələrini verməlidirlər. BMT-nin Baş katibinin çıxışından sonra konfransın gündəliyi təsdiq olundu və gündəlikdəki məsələlərin müzakirəsinə başlandı.

İlk məruzə "Parlamentlər BMT ilə işlərini necə təşkil edirlər" mövzusunda oldu. 2005-ci il Spikerlərin Konfransından sonrakı inkişafa dair məruzəni isə Cənubi Afrika Respublikasının parlament sədri Maks Sisulu etdi. Sonra parlament spikerlərinin çıxışları başlandı.

Tədbir çərçivəsində Milli Məclisin Sədri Oqtay Əsədov Ermənistan parlamentinin sədri Ovik Abramyanla görüşdü. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıldı.

Milli Məclisin Sədri Oqtay Əsədovun iyulun 21-də konfransda çıxışı gözlənilir.

 

 

Akif TƏVƏKKÜLOĞLU,

Milli Məclisin

mətbuat katibi

 

Azərbaycan.- 2010.- 20 iyul.- S.  4.