Azərbaycanın xarici işlər naziri BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi ilə görüşmüşdür

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyulun 20-də BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçai Paniçpakdi ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Azərbaycan Diplomatik Akademiyası ilə birlikdə Bakıda təşkil etdikləri Avropa və MDB üzrə növbəti XIX regional kursların açılışında iştirak etmək üçün paytaxtımızda səfərdə olan Baş katib ölkəmizin dinamik inkişafının şahidi olduğunu, xüsusilə qeyri-neft sektorunda böyük irəliləyişin nəzərə çarpdığını bildirmişdir.

Nazir E.Məmmədyarov ölkəmizdə bu sahədə mühüm işlərin görüldüyünü qeyd etmişdir. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi barədə qonağa məlumat vermiş, məsələnin yalnız beynəlxalq hüququn normalarına və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipi çərçivəsində nizamlanmasının mümkünlüyünü vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2010.-  21 iyul.- S.  2.