Azərbaycanın antikorrupsiya siyasəti beynəlxalq miqyasda təqdir olunur

 

İstanbul Fəaliyyət Planının hazırladığı yeni hesabat bu problemlə mübarizədə ölkəmizdə ciddi nailiyyətlər əldə olunduğunu təsdiqləyir

 

Sürətli sosial-iqtisadi inkişaf dövrünü yaşayan Azərbaycan bu tərəqqiyə yarana biləcək maneələrin də aradan qaldırılması istiqamətində mühüm addımlar atır. Bu, Azərbaycanın inkişaf modelini izləyən beynəlxalq təşkilatlar və qurumlar tərəfindən də diqqətlə öyrənilir, təqdir olunur. Azərbaycanla bağlı həmin təşkilatlar tərəfindən açıqlanan hesabatlar, verilən ekspert rəyləri bunu təsdiqləyir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının (İFP) 2009-2010-cu illərdə həyata keçirdiyi İkinci Dəyərləndirmə Raundu çərçivəsində Azərbaycan üzrə hesabat məruzəsini də bu qəbildən olan mühüm sənəd hesab etmək olar.

 

Hesabatın təqdimatı iyulun 28-də Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm və Tədris Mərkəzində keçirildi. Təqdimat mərasimini giriş sözü ilə açan Azərbaycan Respublikası Baş prokuroru yanında korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi, İFP ilə əməkdaşlıq üzrə milli əlaqələndirici Kamran Əliyev bildirdi ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə Azərbaycan arasında 2003-cü ilin sentyabr ayından tərəfdaşlıq əlaqələri qurulub. Bu çərçivədə adıçəkilən təşkilat tərəfindən Birinci Dəyərləndirmə Raundu həyata keçirilib: "Həmin raund çərçivəsində Azərbaycan hökuməti üçün çox dəyərli tövsiyələr verilib və onların icrası artıq başa çatıb. Bundan sonra İkinci Dəyərləndirmə Raundu baş tutub. Bu məqsədlə təşkilatın ekspertləri 2009-cu ilin dekabrında Azərbaycanda olub. Cari ilin martında isə Paris şəhərində nəticələrin müzakirəsi keçirilib. Bundan sonra Azərbaycan hökumətinə yeni tövsiyələr ünvanlanıb. Sevindirici haldır ki, indi təqdimatı həyata keçirilən hesabat məruzəsi Prezident İlham Əliyevin 2007-ci ilin iyulunda Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə imzaladığı sərəncamın üçüncü ildönümü ilə üst-üstə düşür. Adıçəkilən Milli Strategiya korrupsiyaya qarşı mübarizədə olduqca mühüm sənəddir".

Hazırlanan hesabat barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı Katibliyinin antikorrupsiya üzrə baş müşaviri Olqa Savran məlumat verdi. Onun sözlərinə görə, təqdim olunan hesabat üç əsas hissədən - Antikorrupsiya siyasəti, Korrupsiyanın kriminallaşdırılması və Korrupsiya xəbərdarlığı bölmələrindən ibarətdir. Antikorrupsiya siyasəti ilə bağlı hesabatda qeyd olunur ki, Azərbaycanda hakimiyyətin müxtəlif səviyyələrində korrupsiya ilə mübarizə prioritet təşkil edir. 2007-ci ildə Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın və 2007-2011-ci illəri əhatə edən Fəaliyyət Planının qəbulundan sonra isə antikorrupsiya siyasətinin işlənib hazırlanması vacib nailiyyətlərdir. Hökumət korrupsiya barədə məlumatlılıq dərəcəsinin yüksəldilməsi üçün daha çox təşəbbüs göstərməkdə, proqramlar həyata keçirməkdədir. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya antikorrupsiya strategiyasının həyata keçirilməsi üçün mərkəzi koordinator və fəaliyyəti yüksək olan orqan kimi çıxış edir.

Olqa Savran bildirdi ki, hesabata ölkə rəhbərliyi tərəfindən ifadə olunan müxtəlif bəyanatlar da daxil edilib: "Həmin bəyanat və fikirləri səsləndirməklə ölkə rəhbərliyi korrupsiyaya qarşı mübarizədə siyasi iradə mövcud olduğunu nümayiş etdirib". Onun sözlərinə görə, Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanı qiymətləndirən ekspertlər bu sənədi olduqca yüksək dəyərləndiriblər.

Hesabatın korrupsiyanın kriminallaşdırılmasına dair hissəsi barədə isə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının eksperti Daniel Telesklaf məlumat verdi: "Azərbaycanda bu sahə üzrə son illər olduqca böyük irəliləyişlər əldə edilib. Görülən işlər nəticəsində Azərbaycan olduqca müasir, modern cinayəti mühakimə sistemi yarada bilib. Sözügedən sistemin bu şəkildə müasirləşdirilməsinin gələcəkdə real olaraq korrupsiya cinayətləri ilə bağlı mühakimə və müsadirələrin sayının artmasına necə təsir göstərəcəyini biz bundan sonra maraqla izləyəcəyik".

Hesabata əsasən, Azərbaycan korrupsiyanın cinayət olaraq tədqiqində olduqca mühüm nailiyyətlər qazanıb. Tətbiq olunan beynəlxalq standartlara uyğun olaraq dövlət sektorunda aktivpassiv rüşvətxorluq, vəzifə səlahiyyətlərindən tamah məqsədilə sui-istifadə, vasitəçilərin köməyi ilə qeyri-maddi gəlir əldə etmək və rüşvətxorluq halları ağır cinayət hesab olunur. Əmlakın müsadirəsi sahəsində isə Azərbaycan beynəlxalq standartlara riayət edir. Baş Prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsinin rolunun güclənməsində də mühüm nailiyyətlər qazanılıb. Bu idarədə korrupsiyaya dair tədqiqatın, cinayət təqibinin aparılması, korrupsiyanın analiz edilməsi və onunla mübarizə məqsədilə tədbirlər təklif edilməsi üçün səlahiyyəti olan ixtisaslaşmış prokurorlar çalışır.

Hesabatın sonuncu hissəsində qeyd olunur ki, Azərbaycan dövlət qulluqçuları, eləcə də ayrı-ayrı dövlət orqanları üçün etik davranış qaydalarının işlənib hazırlanmasında da böyük uğurlar əldə edib. Buraya hakimlərin etik davranış məcəlləsinin işlənib hazırlanması da daxildir. 2005-ci ildən etibarən isə vəzifəli şəxslərin hər il gəlir və əmlak bəyannaməsi verməsi üçün hüquqi öhdəliklər müəyyən olunub. Dövlət maliyyələşməsi və audit üçün hüquqiinstitusional əsas yaradılıb. Həmçinin dövlət satınalmaları üçünhüquqiinstitusional struktur mövcuddur.

Milli Məclisin deputatı, Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü Bəxtiyar Əliyev bildirdi ki, artıq ölkəmizdə dövlət tərəfindən korrupsiya ilə mübarizə məqsədilə ikinci böyük strategiya həyata keçirilir: "Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra tamamilə yeni siyasi quruluş, iqtisadi münasibətlər sistemi bərqərar oldu. Qarşıya qoyulan əsas məqsədlərdən biri kiçikorta sahibkarlığın inkişaf etdirilməsinə, bazar iqtisadiyyatı prinsiplərinin fəaliyyət göstərdiyi şəraitdə sağlam rəqabətin təşkil olunmasına şərait yaratmaqdan ibarət olub. Bu sahədə indiyə kimi xeyli işlər görülüb, qanunverici baza möhkəmləndirilib. Korrupsiyanın qarşısının alınması məqsədilə dövlət siyasəti həyata keçirilir. Bu sahədə siyasi iradə ortaya qoyulub. Sözügedən problemin həlli üçün islahatların həyata keçirilməsi, maraqların toqquşmasının qarşısının alınması, baş vermiş korrupsiya hallarına qarşı cinayət təqibinin həyata keçirilməsi məqsədilə xüsusi qurumun - Baş Prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyətinin gücləndirilməsi, qanunvericilik bazasının daha da möhkəmləndirilməsi, ötən il keçirilən referendumla Baş Prokurorluğa qanunvericilik təşəbbüsünün verilməsi bu sahədə görülən tədbirlərin yalnız bir hissəsidir".

Korrupsiyaya qarşı mübarizədə qazanılan nailiyyətlərin miqyasının daha da genişləndirilməsi üçün hesabatda ölkəmizə bir sıra tövsiyələr də ünvanlanır. Antikorrupsiya tədbirlərinin daha yaxşı icra olunmasının təmin edilməsi məqsədilə İstanbul Fəaliyyət Planı Azərbaycan tərəfinə aşağıdakı tədbirlərin həyata keçirilməsini tövsiyə edib: Azərbaycan Respublikası Baş prokuroru yanında korrupsiyaya qarşı mübarizə idarəsinin imkanlarının gücləndirilməsi; şirkətlərin korrupsiya cinayətlərinə görə məsuliyyətə cəlb olunmasına dair qanunvericiliyin təkmilləşdirilməsi, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin milli antikorrupsiya səylərində daha yaxından iştirak etməsinin təmin edilməsi; Azərbaycanda korrupsiyanın səviyyə və istiqamətlərinin daha yaxından müşahidə olunması; daha şəffaf dövlət satınalmalar sisteminin tətbiq edilməsi; siyasi partiyaların maliyyələşdirilməsinə dair daha yaxşı şəkildə monitorinqin həyata keçirilməsi.

Məlumat üçün bildirək ki, İstanbul Fəaliyyət Planı Şərqi Avropada və Mərkəzi Asiyada Rüşvətxorluğa qarşı mübarizədə dəstək üzrə İşçi Qrupunun tərkib hissəsi olaraq Azərbaycan da daxil olmaqla, bir sıra MDB ölkələri üçün antikorrupsiya islahatları sahəsində həyata keçirilən səylərin dəstəklənməsinə yönəlmiş və 2003-cü ildə başlanmış bir təşəbbüsdür.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının İkinci Dəyərləndirmə Raundu çərçivəsində Azərbaycan üzrə hesabatda ölkəmizin mühüm antikorrupsiya tədbirlərinin həyata keçirilməsində nail olduğu tərəqqi xüsusi təqdir olunur. Yeni Milli Antikorrupsiya Strategiyasının və Antikorrupsiya Fəaliyyət Planının qəbul və icra edilməsi; aktivpassiv rüşvətxorluq əməllərinin kriminallaşdırılması və bu sahədə cinayət qanunvericiliyinin tətbiq edilməsi potensialının gücləndirilməsi; qabiliyyətlərinə görə dövlət qulluqçularının işə qəbuluna dair qaydaların gücləndirilməsi; hökumətin çirkli pulların yuyulmasının qarşısının alınması üzrə imkanlarının artırılması yüksək qiymətləndirilir.

 

Bütün bunlar ölkəmizdə digər neqativ hallar kimi korrupsiyaya qarşı da ciddi mübarizə aparıldığını əyani təsdiq edirbu, beynəlxalq miqyasda da aydın müşahidə olunur.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.-  29 iyul.- S.  3.