YUNESKO-nun baş direktoru xanım İrina Bokova Bakıda Müasir İncəsənət Muzeyi ilə tanış olmuşdur

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Azərbaycanda səfərdə olan YUNESKO-nun baş direktoru xanım İrina Bokova iyulun 29-da Müasir İncəsənət Muzeyində olmuşlar.

YUNESKO-nun baş direktoru İrina Bokova Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış muzeyin ekspozisiyasına tamaşa etmişdir.

Qonağa məlumat verilmişdir ki, buradakı ekspozisiyanın əsasını XX əsrin ikinci yarısından bugünədək Azərbaycanın ən yaxşı avanqard rəsm və heykəltəraşlıq əsərləri təşkil edir. Muzeydə Azərbaycanın adlı-sanlı və gənc, əsasən avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 1000-dək işi toplanmışdır.

Bildirilmişdir ki, muzeyin beynəlxalq əlaqələri də genişlənir. Bu mədəniyyət ocağı 2011-ci ildə 47 ölkənin təmsilçisinin qatılacağı Avropa müasir incəsənət muzeylərinin müsabiqəsində iştirak etmək niyyətindədir.

Qonaq Azərbaycanın xalq rəssamları Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov, Nadir Əbdürrəhmanovun, adları Azərbaycan mədəniyyəti xəzinəsinə daxil edilmiş bir çox fırça ustası və heykəltəraşın əsərləri ilə tanış olmuşdur.

YUNESKO-nun baş direktoru muzeydə Mehriban xanım Əliyevanın mayın sonlarında Bakıda keçirilmiş "Qız qalası" Beynəlxalq incəsənət festivalına təqdim etdiyi əsərə maraqla tamaşa etmişdir.

Qərbi Avropa incəsənəti salonunda isə Pablo Pikasso, Salvador Dali, Mark Şaqal kimi dahi klassiklərin əsərləri nümayiş etdirilir.

Dizayn müəllifi tanınmış rəssam Altay Sadıqzadə olan bu mədəniyyət məbədində uşaq incəsənəti salonu, kitabxana, videosalon, restoranart-kafe də fəaliyyət göstərir.

Muzeydə 800-dək rəsm işi ilə yanaşı, 200-dən çox heykəltəraşlıq nümunəsi də nümayiş etdirilir.

İrina Bokova muzeyin kitabxanası ilə də tanış olmuşdur. Bildirilmişdir ki, burada incəsənət mövzusunda 800-dək kitab toplanmışdır. Muzeyin kitabxanasından hər kəs abunə yazılmaqla istifadə edə bilər.

Qonaq muzeyin xatirə kitabına ürək sözlərini yazmışdır.

İrina Bokovaya xatirə hədiyyəsi təqdim olunmuşdur.

YUNESKO-nun baş direktoru muzeyin əməkdaşlarına təşəkkürünü bildirərək, buradan zəngin təəssüratlarla ayrılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 30 iyul.- S.  3.