YUNESKO-nun baş direktoru xanım İrina Bokova Qəbələdə "Gilan" piano fabriki ilə tanış olmuşdur

 

Azərbaycanda səfərdə olan YUNESKO-nun baş direktoru xanım İrina Bokova iyulun 30-da qədim Qəbələ şəhərinə gəlmişdir.

Xanım İrina Bokova Qəbələyə səfəri çərçivəsində "Gilan" piano fabriki ilə tanış olmuşdur.

Məlumat verilmişdir ki, 1901-ci ildə Yohann Beltmannın Niderland Krallığında əsasını qoyduğu "Beltmann" piano fabrikini 1983-cü ildə nəticəsi Hans Lefernik Almaniyaya köçürmüş və müəssisə orada 2002-ci ilədək fəaliyyət göstərmişdir.

2008-ci ilin fevralında yeni "Beltmann" piano fabrikinin yaradılması ideyası yaranmış və həmin ilin oktyabrında Qəbələdə müəssisənin inşasına başlanılmışdır. 2009-cu ilin sentyabrında fabrikdə 3 pianonun hazırlanması ilə "Beltmann" markalı pianoların istehsalının əsası qoyulmuşdur. Hazırda dünyada "Beltmann" markalı pianolar yalnız Qəbələdəki "Gilan" fabrikində istehsal olunur.

YUNESKO-nun baş direktoru fabrikdə istehsal prosesinin mərhələlərini izləmişdir.

Bildirilmişdir ki, regionda analoqu olmayan və ən son beynəlxalq standartlara cavab verən fabrik inzibati bina və istehsal sahəsindən ibarətdir. Pianolar sexlərdə yığılaraq xüsusi avadanlıqla təchiz olunmuş 6 otaqda sazlanır və köklənir. Fabrikdə ildə 1200-1500 piano istehsal ediləcəkdir. Hazırda müəssisədə 120 nəfər çalışır. Gələcəkdə işçilərin sayı 350-yə çatdırılacaqdır.

Fabrikin 150 nəfərlik yeməkxanası, sərgi salonu və yataqxanası vardır. Ərazidə əsaslı abadlıq işləri aparılmışdır.

YUNESKO-nun baş direktoru müəssisədə istehsal olunan pianolara baxmışdır.

 

 

Azərbaycan.- 2010.-  31 iyul.- S.  2.