Milli Məclisin yaz sessiyası başa çatdı

 

Mayın 31-də Milli Məclisin yaz sessiyası çərçivəsində sonuncu plenar iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov gündəliyə daha bir məsələnin - "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanununun layihəsinin əlavə olunduğunu bildirdi.

Bundan sonra gündəlikdə duran "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi barədə" qanun layihəsi ilə bağlı müzakirələr başlandı. Layihə haqqında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov məlumat verdi. Deputat bildirdi ki, dəyişikliklərdə əsas məqsəd hava nəqliyyatından istifadə zamanı nizam-intizama daha məsuliyyətlə riayət olunmasıdır: "Həmçinin hava nəqliyyatından istifadə edən insanların həyat və sağlamlığı, eləcə də sözügedən nəqliyyatın bortunda olan sərnişinlərin əmlakının təhlükəsizliyinə daha etibarlı dövlət təminatı verilməsi baxımından edilən dəyişikliklər çox zəruri xarakter daşıyır. Söhbət burada İnzibati Xətalar Məcəlləsinin 133 və 134-cü maddələrinə edilən dəyişikliklərdən gedir. Məcəllədə 133.1 maddəsi yeni redaksiyada verilib. Burada söhbət hava gəmisində intizamın qorunmasından, onun bortunda olan insanların və onların əmlakının təhlükəsizliyinin təmin olunmasından gedir. Bundan başqa, maddəyə yeni bir bənd əlavə edilib. Həmin bənddə hava gəmisinin bortunda tüstünün müəyyən edilməsi məqsədilə quraşdırılmış cihazların, habelə təhlükəsizliyi təmin edən digər qurğuların zədələnməsinə və yaxud sıradan çıxarılmasına görə iki yüz manat miqdarında cərimə edilməsi nəzərdə tutulur". Rafael Cəbrayılov sözügedən məcəllənin 134-cü maddəsinin sanksiya hissəsinə dəyişiklik edildiyini və cərimə məbləğinin artırıldığını bildirdi. Deputat Aydın Mirzəzadə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərin vaxtında atılmış bir addım olduğunu bildirdi. Daha sonra qanun layihəsi səsə qoyularaq qəbul olundu.

Gündəliyin digər məsələsi olan "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanuna əlavə və dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında da parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov məlumat verdi. Onun sözlərinə görə, edilən əlavə və dəyişikliklər bu qanunun dəqiqləşdirilməsi baxımından çox zəruridir: "Burada əsas söhbət qanunun 10-cu maddəsinin 8-ci bəndinə edilən dəyişiklikdən gedir. Dəyişikliyə qədər olan variantda gizli informasiyaların əldə olunması məqsədilə qanunun mətnində istifadə olunan texniki vasitələr bu gün istənilən alıcının əldə edə biləcəyi, mağazalarda sərbəst satılan video və audiokameralardan, müxtəlif binokllardan ibarətdir ki, bunların təyinatı yalnız gizli informasiyalar əldə etmək üçün nəzərdə tutulmayıb. Lakin qanuna təklif edilən əlavələrdə söhbət yalnız gizli informasiyaların əldə olunması məqsədilə hazırlanan, təkmilləşdirilən xüsusi vasitələrdən gedir". Qanun layihəsi səsə qoyularaq qəbul edildi.

"Azərbaycan Respublikası Ailə Məcəlləsinə əlavə edilməsi haqqında" qanun layihəsi barəsində də məlumat verən Rafael Cəbrayılov qeyd etdi ki, nəzərdə tutulan dəyişikliklərin miqyası elə də böyük xarakter daşımır: "Qanunda göstərilən əvvəlki variantda uşağın soyadı valideynlərin soyadı ilə müəyyən edilirdi. İndi isə bu, yalnız müəyyən edilə bilən qaydalardan biri kimi nəzərdə tutulur. Bununla bağlı müvafiq maddəyə əlavə edilən yeni cümləyə görə, ata adının, soyadının verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur".

Deputat Baba Tağıyev qanun layihəsinin 53-cü maddəsinin ikinci bəndinə uşağa insanın şərəf və ləyaqətini ləkələyən, onu alçaldan, eləcə də əxlaqi baxımdan qəbuledilməz adlar qoyulmasını qadağan edən cümlənin əlavə olunmasını təklif etdi. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov Ailə Məcəlləsinə edilən əlavəni irəliyə doğru atılmış addım kimi qiymətləndirdi: "Bir ilə yaxındır ki, Azərbaycan Milli Elmlər Akademiyasının adlar və soyadlar üzrə xüsusi komissiyası fəaliyyət göstərir. Burada müəyyən prinsiplər, adlar və soyadlar üzrə xüsusi konsepsiya hazırlanıb. Akademiyanın İnformasiya Texnologiyaları İnstitutu Azərbaycanda mövcud olan bütün soyad formalarının hamısının hesabatını aparıb". Deputat, hazırda sonu -ov, -yev şəkilçisi ilə bitən soyadların hələ də əksəriyyət təşkil etdiyini bildirdi. Layihə səsverməyə çıxarıldıqdan sonra qəbul olundu.

"Milli arxiv fondu haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası qanunlarına əlavələr və dəyişikliklər edilməsi barədə" qanun layihəsi haqqında parlamentin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev məlumat verdi: "Milli arxiv fondu haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası qanunlarına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentindən daxil olmuş layihə ilk növbədə, yeni yaradılmış miqrasiya institutunun inkişaf etdirilməsi ilə bağlıdır. Həmçinin layihə bu sahədə çalışan işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması və təkmilləşdirilməsi ilə əlaqədardır. "Milli arxiv fondu haqqında" qanunda 8-ci maddəyə əlavə edilməsi nəzərdə tutulur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası qanunvericiliyində isə 8 yeni maddənin əlavə olunması təklif edilir və bu, sərhəd xidməti işçilərinin pensiya təminatı üçün nəzərdə tutulan qanunvericiliyə tam uyğunlaşdırılması ilə bağlıdır". Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Əmək pensiyaları haqqında" Qanunun bəzi maddələrinə dəyişiklik edilməsi barədə danışdı. Onun sözlərinə görə, burada əsas məqsəd güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sırasına miqrasiya xidmətində çalışan insanların daxil edilməsidir.

Deputat Fəzail İbrahimli əlavə və dəyişikliklərin Azərbaycanın kifayət qədər taleyüklü məsələlərindən birinə diqqətin ifadəsi kimi dəyərləndirdi: "Bu dəyişikliklər cəmiyyətdə gedən ümumi inkişafa xidmət edir". Onun həmkarı Gülər Əhmədova bunun arxiv işinin yaradılması işində irəli doğru atılmış çox ciddi addım olduğunu bildirdi. Qanun layihəsi səsə qoyularaq qəbul olundu.

"Azərbaycan Respublikasının Goranboy rayonunun və Naftalan şəhərinin inzibati sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi barədə parlamentin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev məlumat verdi. Onun sözlərinə görə, Naftalanın inkişaf etdirilməsi, şəhərin mühüm əhəmiyyətli sağlamlıq mərkəzinə çevrilməsi, burada kommunikasiya xətlərinin yenidən qurulması dövlətin diqqət mərkəzindədir: "Prezident İlham Əliyevin 6 fevral 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı"nda nəzərdə tutulan müvafiq müddəalar Naftalan kurort şəhərinin yenidən qurulmasına, genişlənməsinə, sağlamlıq ocaqlarının dünyada tanıtdırılmasına xidmət edir. Müzakirəyə təqdim olunan bu layihə də qeyd olunan nəcib məqsədləri özündə əks etdirir". Deputat Gültəkin Hacıbəyli Naftalanı Azərbaycanın kurort perspektivi böyük olan şəhərlərindən biri kimi səciyyələndirərək layihəni yüksək qiymətləndirdi. Layihə səsə qoyularaq qəbul olundu.

Gündəliyin sonuncu məsələsi olan "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanununun layihəsi haqqında Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verdi. Onun sözlərinə görə, idmanla bağlı qəbul edilən qanunda idman-nərd oyunları məsələsi də ehtiva olunub: "Qanuna dəyişikliklərdə isə əsas anlayışlara idman-nərd oyunlarının nə demək olduğu barədə açıqlama əlavə olunub. İkincisi isə, bunun təşkili ilə bağlı müvafiq icra hakimiyyətinə göstərişlər verilir. Hər iki məsələ qanunun keyfiyyətinin daha da yaxşılaşmasına xidmət edir". Layihə səsə qoyularaq qəbul olundu.

Sonda spiker Oqtay Əsədov bildirdi ki, mayın 31-də Milli Məclisin yaz sessiyasının sonuncu iclası öz işinə yekun vurur: "Lakin 84 deputat müraciət edib və yəqin ki, iyun ayında növbədənkənar iclaslar olacaq. Bu gün isə 2010-cu il yaz sessiyasını başa vururuq".

Beləliklə, Milli Məclisin 2010-cu il yaz sessiyası başa çatdı və sonda Azərbaycan Resrublikasının Dövlət himni səsləndi.

 

 

Azərbaycan.- 2010.- 1 iyun- S.  3.