Kanada parlamentində "Qarabağ şikəstəsi" səsləndirilmişdir

 

Azərbaycanın Kanadadakı səfirliyindən bildirmişlər ki, mayın 27-də Kanada parlamentinin binasında ölkədə Asiya İrsi Ayının qeyd olunması münasibətilə ziyafət təşkil edilmişdir. Tədbirdə Kanada parlamentinin üzvləri, Ottavada akkreditə edilmiş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin, o cümlədən bu ölkədə yaşayan müxtəlif icmaların nümayəndələri iştirak etmişlər.

Mərasimdə səfir Fərid Şəfiyev çıxış edərək, Azərbaycan xalq yaradıcılığı musiqisinin əsas janrı olan muğam haqqında məlumat vermişdir.

Tədbirin konsert proqramına "Qarabağ şikəstəsi" Azərbaycan xalq musiqisinin digər nümunələri daxil edilmişdir. Qeyd olunan musiqi parçaları Ottavada səfərdə olan Azərbaycan muğam ustaları tərəfindən ifa edilmişdir. Xanəndə Ehtiram Hüseynovu kamançada Munis Şərifov, tarda Sahib Paşazadə müşayiət etmişlər.

 

 

Azərbaycan.- 2010.- 1 iyun- S.  6.