Rəcəb Tayyib Ərdoğan: "Azərbaycanın hadisələrə münasibəti bizi çox məmnun etmişdir"

 

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Suriya Prezidenti Bəşşar əl-Əsəd ilə keçirdiyi mətbuat konfransında Azərbaycanın İsrailin humanitar yardım gəmilərinə hücumu ilə bağlı mövqeyindən danışaraq demişdir ki, bu gün dəyərli qardaşım İlham Əliyevlə bu məsələləri ətraflı müzakirə etdik. Azərbaycan bu məsələdə Türkiyənin, şəhidlərimizin qazilərimizin yanında olduğunu bildirmişdir. Bu mövqeyi qardaşım Bəşşar əl-Əsəd ifadə etmişdir. Qardaş Azərbaycanın hadisələrə bu cür münasibəti bizi həqiqətən çox məmnun etmişdir.

Mən bunları mətbuat vasitəsilə bütün millətimə, şəhidlərimizin qazilərimizin ailələrinə çatdırmaq istəyirəm. Yəni, Azərbaycan da, Suriya da, Qətər Türkiyənin yanındadır. Bu, həssaslığı, bir araya gəlməyimizi, eyni zamanda, vahid amal uğrunda mübarizə apardığımızı göstərir.

 

 

Oqtay Bayramov,

AzərTAc-ın xüsusi müxbiri

 

Ankara

 

Azərbaycan.- 2010.- 8 iyun- S.  2.