Səhiyyənin çevik sahəsi

 

Azərbaycan Tibb Universiteti - 90

 

Tibb elmi və tibb təhsili sahələrində elə bölümlər var ki, dünya səhiyyəsinin, tibb elmi və təhsili sisteminin təşkilini, inkişafını, tarixi sivilizasiyasını və sonrakı uğurlarını onlarsız təsəvvür etmək mümkün deyildir. Belə əsas bölümlərdən biri də insan anatomiyasının çoxsaylı funksiyalarıdır. Elə bu səbəbdən də dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da anatomiya elmi bütün dövrlərdə daim səhiyyənin əsas tədqiqat obyektinə çevrilib, geniş öyrənilib. Azərbaycanda mövcud olan tibb şəhərciyinin ilk təşkilatçısı, eləcə də səhiyyənin qurucularından olan görkəmli ictimai və elm xadimi, əməkdar həkim, professor Əziz Əliyevin ideyası əsasında həmin şəhərcikdə təməli qoyulan və dünya standartlarına cavab verə bilən ilk bina indiki İnsan anatomiyası kafedrasının - "Anatomik teatr"ın yerləşdiyi bina olmuşdur. 1953-cü ildə istifadəyə verilən bu bina anatomiya fənninin və digər morfoloji elmlərə aid fənlərin tədrisi üçün nəzərdə tutulduğundan onun arxitekturasının yaradılmasında Azərbaycanda elmi anatomiyanın banisi, əməkdar elm xadimi, professor Kamil Balakişiyevin verdiyi dəyərli təkliflər də nəzərə alınmışdır.

1969-cu il iyul ayının 14-də Azərbaycanda dövlət rəhbərliyinə gələn və 1993-cü il iyun ayının 15-də yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin səhiyyəyə, tibb elmi və tibb təhsilinə göstərdiyi diqqət və qayğı həm də elmin aparıcı bölümlərinin inkişafında yeni mərhələ yaratmışdır. Dövlət müstəqilliyimizin bərpasından sonrakı illərdə yaranan iqtisadi-siyasi sabitlik, davamlı inkişaf səhiyyənin bütün sahələrinin dinamikasına güclü təkan vermişdir. 2003-cü ildən sonrakı illərdə isə bu möhtəşəm qalibiyyət kursu cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Normal anatomiya kafedrası ilk dəfə Azərbaycan Dövlət Pedaqoji Universitetinin yerləşdiyi köhnə binanın iki kiçik otağında fəaliyyətə başlayıb. Tibb fakültəsinin bütün kafedralarında olduğu kimi, Normal (indiki insan) anatomiyası kafedrasında da dərslər yalnız rus dilində tədris olunurdu. Azərbaycan uzun illər çətin problemlərin məngənəsində sıxıldı, milli kadr hazırlığı aparılmadı. Yalnız tək-tək gənclər xarici ölkələrə gedir, orada ali təhsil alırdılar.

İlk on beş ildə kafedraya əcnəbi alimlər rəhbərlik etdilər. Milli kadrların hazırlanması üçün vaxt, zaman, həm də əlverişli münasib şərait lazım idi. Kafedranın ilk müdiri olan görkəmli cərrah, professor İvan Kazımovski Kazan Tibb İnstitutunu bitirdikdən sonra uzun müddət (25 il) cərrahlıq və oroqrafik anatomiya kafedrasının müdiri işləmişdir.

1930-cu il may ayında Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazası əsasında Azərbaycan Dövlət Tibb İnstitutu (indiki Azərbaycan Tibb Universiteti) yaradılmış, dərslər rus dili ilə yanaşı, türk (Azərbaycan) dilində də tədris edilməyə başlanmışdır. Bundan sonra ana dilində dərslik və dərs vəsaitlərinin yazılmasına kəskin ehtiyac yaranmışdır.

Azərbaycan (türk) dili ilə yanaşı, rus, ərəb, fars dillərində də mükəmməl bilən K.Balakişiyev tezliklə Azərbaycan dilində anatomiyanın bölmələri üzrə dərslik və dərs vəsaitləri yazıb çap edirdi. 1937-ci ildə institutun rektoru vəzifəsində çalışan görkəmli alim və səriştəli səhiyyə təşkilatçısı Əziz Əliyev K.Balakişiyevi kafedra müdirliyinə təsdiq etdi.

1937-ci ildən etibarən kafedraya ilk dəfə milli kadrlar rəhbərlik etməyə başlamışdır. Həmin il bu vəzifəyə 1936-cı ildə doktorluq dissertasiyası müdafiə etmiş Kamil Abdulsalam oğlu Balakişiyev təyin edilmişdir. O, 1973-cü ilə kimi (ömrünün axırına qədər) kafedra müdiri vəzifəsində çalışmışdır.

Kafedranın əsaslı inkişafı, milli kadrların yetişməsi də bu dövrdən başlandı. K.Balakişiyev dərs deməklə yanaşı, kafedranın əməkdaşları ilə birlikdə gecəli-gündüzlü çalışaraq unikal muzey preparatları hazırlanmasına bilavasitə özü rəhbərlik edirdi. O, nümunə kimi hazırladığı preparatları əvvəl müəllimlərə, sonra isə tələbələrə nümayiş etdirirdi. İkinci Dünya müharibəsi illərində yerini beş dəfə dəyişməli olmuşdur. Lakin əməkdaşların və tələbələrin səyi nəticəsində kafedranın əmlakı, eləcə də muzey preparatları qorunub saxlanılırdı. Keçən əsrin 50-60-cı illərində indiki tədris muzeyində olan preparatların sayı professor K.Balakişiyevin səyi nəticəsində beş minə çatmışdır. Bu dövrdə artıq kafedrada milli kadrlardan ibarət dəyərli bir kollektiv yaranmışdır. XX əsrin əvvəllərində kafedrada professorlar K.Balakişiyevlə birlikdə Səlim Həsənov, Bikəxanım Əlizadə, Asya Belenkaya, Gülağa Hacıyev, Məmmədsadıq Abdullayev, Şükufə xanım Rəhimova, Məmməd Cahangirov, Rafiq Əsgərov, Məmmədqulu Quliyev, Əbdülsaleh Salayev və digər alim və müəllimlər çalışırdı. Əvvəlki illərdə isə Rəfi Muğanlinski, Ağamehdi Əlizadə, Əlisəttar Sultanov, Həbib Həbibli və digər kadrlar kafedrada çalışmış, doktorluq və namizədlik dissertasiyaları müdafiə etmişlər.

1965-1975-ci illərdə kafedraya işə qəbul edilən kadrlardan İkraməddin Zəkiyev, Telman Vəliyev, Elmira Ocaqverdizadə, Mübariz Allahverdiyev, Vaqif Şadlinski, Eldar Qasımov, Şöhrət Qasımov, Şamil Vəliyev, Dövlət Bəşirova və başqaları tədris, təlim-tərbiyə işləri ilə yanaşı, kafedranın və institutun ictimai işlərində də fəal iştirak etmişlər.

Professor K.Balakişiyevin qələmə aldığı dörd cildlik fundamental "Normal anatomiya" dərslikləri, "Anatomik nomenklatura" kitabları, digər dərslik və dərs vəsaitləri kafedranın və universitetin "qızıl fond"unu təşkil edir. 1995-2010-cu illərdə kafedrada 700-dən çox elmi əsər çap olunmuş, doktorluq və 22 namizədlik dissertasiyası işi yazılmışdır.

Ölkəmizdə yaranan uzunmüddətli sabitlik səhiyyənin, tibb təhsilinin inkişafına əlverişli şərait yaratmışdır. XX əsrin sonu XXI əsrin əvvəllərində Azərbaycan səhiyyə sahəsində Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əlaqələr yaradılmış, bir sıra infeksion xəstəliklərin qarşısının alınması istiqamətində layihələr hazırlanmış və uğurla həyata keçirilmişdir.

Ölkəmizdə səhiyyənin son uğurları, təbii ki, kadr potensialının imkanları ilə ölçülür. Ona görə də Azərbaycan Tibb Universiteti dünyanın ən nüfuzlu elm mərkəzləri ilə sıx əlaqə saxlayır, əməkdaşlığı yeni mərhələdə uğurla davam etdirir. İnanıram ki, bizim hazırladığımız kadrların xoş sorağı daha geniş meridianları əhatə edəcək, elmi əməkdaşlıq uğurlu nəticələrə təkan verəcək.

 

 

Vaqif ŞADLİNSKİ,

Azərbaycan Tibb Universitetinin

İnsan anatomiyası kafedrasının

müdiri, tibb elmləri doktoru,

professor, əməkdar həkim

 

Azərbaycan.- 2010.- 8 iyun- S.  6.