Elmi-nəzəri konfrans keçirilmişdir

 

İyunun 9-da Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda "Şeyx Məhəmməd Xiyabani hərəkatı-90" mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.

Tədbirdə institutun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva Şeyx Məhəmməd Xiyabani, 1920-ci ildə Cənubi Azərbaycanda onun rəhbərliyi altında baş verən milli azadlıq hərəkatı haqqında danışmışdır. Bildirmişdir ki, Xiyabani çıxışları ilə ölkədə milli oyanışa təkan vermiş xalqın azadlıq uğrunda mübarizəsində müstəsna rol oynamışdır.

Ölkəsinin yadlardan asılılığı əleyhinə olan Xiyabani müstəqilliyi hər şeydən üstün tutaraq deyirdi: "Hər bir xalqın şərəfi onun müstəqilliyidir... biz elə bir çıraq yandırmalıyıq ki, onun ixtiyarı öz əlimizdə olsun".

Qeyd edilmişdir ki, Xiyabani hərəkatında diqqəti çəkən mühüm cəhətlərdən biri hərəkatın əvvəldən axıra qədər milli xarakterdə, azərbaycançılıq ruhunda getməsi, Azərbaycanın İranın daxilində zülmə, əsarətə qarşı çıxmaqda bayraqdar olması idi.

G.Baxşəliyeva Xiyabani hərəkatının xalqımızın azadlıq qurtuluş uğrunda apardığı mübarizəsinin şanlı şərəfli səhifələrindən olduğunu, bu hərəkatın bütün çalarlarını tədqiq edib öyrənməyin sonrakı nəsillərə çatdırmağın vacibliyini vurğulamışdır. İnstitut əməkdaşlarının Xiyabani irsini onun adı ilə bağlı hərəkatı yeni şəraitdə daha ətraflı dərindən araşdırmaların zəruriliyi qeyd olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-10  iyun- S.  7.