Azərbaycançılıq ideologiyasının müəllifi

 

Deyirlər, nadir insanlar, müdrik şəxslər əsrdə bir dəfə doğulurlar. Bu ulu Tanrının ayrı-ayrı xalqlara və millətlərə bəxş etdiyi ən böyük hədiyyəsi sayılır. Ulu Tanrının Azərbaycan xalqına bəxş etdiyi tarixi şəxsiyyətlərdən biri də böyük dövlət xadimi, uzaqgörən siyasətçi Heydər Əliyevdir.

Siyasi hakimiyyətə qədəm qoyduğu ilk gündən ölkənin ərazi bütövlüyünü, tam suverenliyini təmin edəcəyinə sədaqətlə söz verən ulu öndər vədinə sadiq qaldı. Bu müdrik siyasətçi böyük çətinliklərə baxmayaraq, respublikada ictimai-siyasi sabitliyi bərqərar etdi, cəmiyyətin demokratikləşməsi, dünyəvi dövlət quruculuğu istiqamətində ardıcıl işlər həyata keçirdi.

Çoxəsrlik dövlətçilik tariximizin son otuz ildən artıq dövrü görkəmli dövlət xadimi Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Azərbaycanın siyasi tarixində, dövlət müstəqilliyinin qorunub saxlanılmasında dünyanın nüfuzlu təşkilatları və dövlətləri ilə çoxşaxəli münasibətlərin qurulmasında böyük öndərin misilsiz xidmətləri olmuşdur. Ümummilli liderin rəhbərliyi altında cəmiyyət həyatının ən müxtəlif sahələrini əhatə edən genişmiqyaslı islahatlar ölkəmizin potensial imkanlarını artırmışdır.

Əlbəttə, qeyd etdiyimiz mütərəqqi addımlar, qazanılmış uğurlu daxili və xarici siyasət böyük ictimai-siyasi xadim olan Heydər Əliyevin azərbaycançılıq konsepsiyasının tərkib hissəsidir. XX əsrin 30-cu illərində formalaşmağa başlayan azərbaycançılıq vətənpərvərlik, milli özünüdərk dünyagörüşünün təşəkkülü ilə bağlı olmuşdur. Bu mənada Heydər Əliyev ən böyük azərbaycanlıdır. Bu fikir, mütərrəqqi ideya əvəzolunmaz şəxsiyyətin siyasi nitqində də öz parlaq təzahürünü tapmışdır: "Hər bir kəsin milli mənsubiyyəti onun üçün qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam".

"Azərbaycan mənim ürəyimdir. Azərbaycan mənim nəfəsimdir. Mənim ürəyim daim öz Vətənimlə bağlı olubdur" - deyən Heydər Əliyev azərbaycanlı olması ilə daim fəxarət duyurdu. Bu, Azərbaycan vətənpərvərliyinin ali zirvəsidir. Ən ali vətənpərvərlik hissi öz xalqına mənsubluqdan qürur hissi keçirməkdir.

Azərbaycançılıq dünyagörüşü Heydər Əliyevin siyasi fəaliyyətinin bütün sahələrində geniş kontekstdə öz ifadəsini tapmışdır. Lakin azərbaycançılıq məfhumunun özünün də müəyyən leksik mənada yaxın olduğu mədəniyyət sahələrində bu ideya daha parlaq şəkildə inkişaf və təzahür edir.

Heydər Əliyev Azərbaycanın ictimai-siyasi fikir tarixində görkəmli dövlət xadimi, qüdrətli siyasətçi olmaqla yanaşı, həm də mədəni fikir tarixində xüsusi xidmətləri olan dahi insan kimi tanınmışdır. Azərbaycan ədəbiyyatının və dilinin inkişaf edib zənginləşməsi onun siyasi-mədəni fəaliyyəti ilə möhkəm bağlıdır. Doğma xalqının dilini, mədəniyyətini ürəkdən sevən dahi şəxsiyyət onun çiçəklənməsi yolunda böyük xidmətlər göstərmişdir. Onun azərbaycançılığın inkişafına ən yaxşı töhfəsi kimi yüksək qiymətləndirilən addımlarından biri də Azərbaycan dilinə verdiyi ən yüksək qiymətdir.

"Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini - Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir. Gənclərə tövsiyə edirəm ki, əgər kiminsə bu barədə çatışmazlığı varsa, çalışın bunu aradan qaldırın".

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil dövlət quruculuğu illərində ədəbiyyatın, mədəniyyətin inkişafına daha böyük diqqət yetirilməyə başladı. Tarixi qəhrəmanlıq əsəri olan "Dədə Qorqud"un 1300 illik yubileyi keçirildi. "Dədə Qorqud"un yubileyi ümumən Azərbaycan ədəbiyyatının, Azərbaycan mədəniyyətinin yubileyi idi.

Ulu öndər azərbaycançılığı yalnız vətənin daxilində deyil, ayrı-ayrı ölkələrə xarici səfərləri zamanı dünya azərbaycanlıları ilə keçirdiyi ardıcıl görüşlərində də məqsədyönlü şəkildə təbliğ edirdi. Ümummilli lider Heydər Əliyev bu görüşlərində həm də diaspor quruculuğu məsələlərini ön plana çəkirdi.

Müdrik siyasətçi azərbaycançılığı bütöv bir məfkurəyə çevirdi. Böyük azərbaycanlı Heydər Əliyev Azərbaycanı dünya coğrafi məkanında bir ulduz kimi parlatdı, onu alovu heç bir zaman sönməyən məşələ, daim yanan möhtəşəm bir ocağa çevirdi.

 

 

Ədalət ABBASOV,

filologiya elmləri

üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2010.- 11 iyun- S.  3.