Qətərdə Azərbaycan mədəniyyət günləri uğurlu keçdi

 

Ərəbistan yarımadasından gələn xoş səda

 

Ötən il Bakı İslam mədəniyyətinin paytaxtı elan olunmuşdu. Bu münasibətlə respublikamızda müsəlman dünyasının daha yaxından tanıdılması istiqamətində İslam mədəniyyətinin ən gözəl nümunələri ölkəmizdə nümayiş olundu.

Müxtəlif tədbirlər keçirildi, sərgilər təşkil olundu, festivallar düzənləndi. Bakıdan sonra 2010-cu ildə İslam mədəniyyətinin paytaxtı missiyasını Qətər dövlətinin paytaxtı Doha qəbul etdi. Ötən yay həm də Azərbaycanda keçirilən Qətər dövlətinin mədəniyyət günləri sənətsevərlər tərəfindən rəğbətlə qarşılandı. Əlbəttə, Qətər kiçik ərəb dövlətidir. Azərbaycanla müqayisədə yaşayış tərzi, təbiəti, iqlim şəraiti fərqli olsa da, bizi bir-birimizə yaxın edən ortaq mənəvi dəyərlər, ədəbiyyat və din birliyi var.

Bu yaxınlarda Ərəbistan yarımadasının cənnəti sayılan Qətərdə Azərbaycan mədəniyyət günlərinin keçirilməsi islam dünyasının bu ecazkar ünvanında xoş ovqat və maraqla qarşılandı. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovdan aldığımız məlumata görə, nazir Əbülfəs Qarayevin rəhbərlik etdiyi 150 nəfərlik nümayəndə heyətinin tərkibində Dövlət Rəqs Ansamblı, Qədim Musiqi Alətləri Ansamblı, Opera və Balet Teatrının "Leyli və Məcnun" operasının bütün yaradıcı heyəti və başqa incəsənət xadimləri təmsil olunurdu.

Azərbaycan mədəniyyət günlərinin rəsmi açılışı Doha şəhərindəki Qətər Milli Teatrının binasında oldu. Qətərin Mədəniyyət və irs naziri Həməd bin Abd əl-Aziz əl-Kəvari çıxış edərək Azərbaycan nümayəndə heyətini salamladı. O bildirdi ki, ötən il belə bir gözəl tədbir Azərbaycanda keçirilmişdi. Nazir söylədi ki, bu gözəl ölkədə bizi çox mehriban qarşıladılar. Azərbaycanda keçirdiyimiz günlər xəyalımızdan silinmir. Bakıda gördüklərimizə heyran qaldıq. Azərbaycan musiqisi, rəssamlığı, folkloru zəngindir. Əlbəttə, bu xoşbəxtlik bütün xalqlara məxsus deyil ki, onların mədəniyyəti seçilən və bəşər mədəniyyətinin incilərinə çevrilə biləcək dəyərlər səviyyəsində olsun. Biz gördük ki, Azərbaycan mədəniyyəti həqiqətən də çox zəngin və qədimdir. Mən sevinirəm ki, belə bir mənəviyyat sahibləri bu gün bizim ölkəmizə gəliblər. Açılış mərasimində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək 2010-cu il üzrə İslam mədəniyyətinin paytaxtı elan edilmiş gözəl Doha şəhərində Azərbaycan mədəniyyət günlərinin keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirdi. Nazir xüsusi vurğuladı ki, Azərbaycanla Qətər arasındakı əlaqələrin hər iki ölkə başçısının qarşılıqlı səfərlərindən sonra xüsusi inkişaf mərhələsinə qədəm qoyub.

Dohanın Müstəqil Oğlanlar Kollecində Azərbaycan incəsənət ustalarının ilk çıxışı oldu. Qədim Musiqi Alətləri Ansamblının və Dövlət Rəqs Ansamblının üzvlərinin ifasınıda xalq rəqsləri, mahnı və muğamlar təqdim olundu. Azərbaycan musiqisini təmsil edənlərin çıxışları qətərli tamaşaçılar tərəfindən alqışlarla qarşılanırdı.

Tarixdə ilk dəfə olaraq Qətər Milli Teatrının səhnəsində opera tamaşası göstərildi. Fərəhlidir ki, bu ilkinliyə imza atan bizim 102 yaşlı "Leyli və Məcnun" (baş rollarda: xalq artistləri Nəzakət Teymurova və Mənsum İbrahimov) operamız oldu. Şərqin ilk operası ərəb dünyasında alqışlarla və maraqla qarşılandı. Tamaşadan sonra hər iki ölkə nazirləri pərdə arxasına keçərək Azərbaycan incəsənət ustaları ilə görüşdülər. Qətərin yüksək çinli məmurları Azərbaycan musiqisinə, mədəniyyətinə öz heyranlıqlarını dəfələrlə dilə gətirirdilər.

Sonrakı günlərdə mədəniyyət naziri Əbülfəs Qarayevin Qətər dövlətinin müxtəlif nazirləri ilə görüşləri keçirildi. Bu rəsmi görüşlərdə növbəti iki il üçün əməkdaşlıq proqramı müzakirə olundu. Cənab Əbülfəs Qarayev qətərli həmkarını 2011-ci ildə Bakıda keçiriləcək Şərq xalçalarına həsr olunan simpoziuma, bununla bağlı Xalça Muzeyinin yeni binasının açılış mərasiminə və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə düzənlənəcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət etdi.

Hər iki ölkənin mədəniyyət nazirlərinin keçirdikləri başqa bir görüşdə isə Azərbaycan klassiklərinin əsərlərinin ərəb dilinə tərcümə olunması və həmin yaradıcılıq nümunələrinin Qətər kitabxanalarına paylanmasının vacibliyi də gündəmə gətirildi. Əbülfəs Qarayev öz növbəsində bu əsərlərin hazırlanıb Qətər Mədəniyyət və İrs Nazirliyinə təqdim ediləcəyini bildirdi.

Mədəniyyət günləri çərçivəsində Əbülfəs Qarayev ərəb dünyasının ən nüfuzlu telekanalı sayılan "Əl-Cəzirə" televiziya kanalına müxtəlif müsahibələr verdi. O, söhbət zamanı Dağlıq Qarabağ problemindən də söz açaraq ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılmasında "Əl-Cəzirə" kanalının da müntəzəm fəaliyyət göstərməsini arzuladı. Görüş əsnasında "Əl-Cəzirə" kanalında Azərbaycanın turizm imkanları ilə bağlı reklam çarxlarının da nümayiş olunması qərara alındı. Digər müzakirə mövzusu isə bu kanalın sənədli filmlər studiyası ilə bizim nazirliyin "Salnamə" studiyası arasında əməkdaşılqla bağlı oldu. Bu əməkdaşlıq nəticəsində Azərbaycan həqiqətləri ilə bağlı sənədli filmin çəkilməsi təklifi irəli sürüldü.

Mədəniyyət günlərinin sonu da maraqlı qurulmuşdu. Doha şəhərində Qədim Musiqi Alətləri və Dövlət Rəqs ansambllarının birgə konsert proqramı oldu. Qətərlilər Azərbaycan musiqisinə və milli rəqslərimizə valeh olduqlarını dəfələrlə dilə gətirdilər.

Dövlət müstəqilliyimizi qazandıqdan sonra Azərbaycan mədəniyyəti qanadlarını geniş açaraq dünyanı fəth etməkdədir. Fərəhli və qürurlu məqamdır ki, Ərəbistan yarımadasının cənnəti sayılan Qətərdə biz ilk dəfə idi ki, belə bir möhtəşəm mədəniyyət tədbiri keçirirdik. Həmişə olduğu kimi, Azərbaycan mədəniyyət günləri Dohada da uğurlu keçdi. Fars körfəzinin cəlbedici və gözəl şəhərlərindən olan Doha Asiyanın kiçik dövlətlərindən biridir. Əlbəttə, böyüklük sayla deyil, mənəviyyatın zənginliyi və milli dəyərlərin qədimliyi ilə ölçülür. Bir də dilindən, dinindən, irqindən asılı olmayaraq insanları əslində mədəniyyət və sənət həmişə birləşdirir. Qətərlilər həm də bizim din qardaşlarımızdır. Ünsiyyətimizin əsasında ortaq mənəvi dəyərlərimiz dayanır. Bu mənada Ərəbistan yarımadasından gələn xoş sədalar bizi sevindirdi.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2010.- 11 iyun- S.  7.