Azərbaycan-Türkiyə əməkdaşlığı bütün sahələrdə uğurla inkişaf edir

 

Ölkə başçısı İlham Əliyevin Türkiyəyə işgüzar səfərinin yekunları ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bir daha təsdiqlədi. Türkiyədə ölkə başçılarının görüşündə mühüm regional və beynəlxalq məsələlər ətrafında geniş müzakirələr aparılmışdır. Görüş zamanı bu səfərin iki ölkə arasında münasibətlərin daha da inkişafına mühüm təkan verəcəyi xüsusi vurğulanmış, xalqlarımız arasında tarixən mövcud olmuş əlaqələrin bundan sonra da genişlənəcəyinə dərin inamı ifadə edilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdullah Gül ikitərəfli münasibətlərin mövcud durumu və gələcək inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparmışlar. Tərəflər iki ölkə arasında mehriban qonşuluq münasibətlərinə, dərin tarixi, dini və mədəni ortaqlıqlara toxunmaqla yanaşı, siyasi, iqtisadi, energetika sahələri üzrə ikitərəfli əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd etmişlər.

Prezident İlham Əliyev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşdə də ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bir daha qeyd olunmuşdur. Ölkəmizin başçısı Aralıq dənizində baş verən son hadisələrlə bağlı Türkiyəyə tam dəstəyini ifadə edərək hadisə zamanı Türkiyənin günahsız mülki vətəndaşlarının öldürülməsi ilə əlaqədar başsağlığı vermiş, Azərbaycanın bu məsələdə Türkiyənin yanında olduğunu bəyan etmişdir.

Prezident İlham Əliyev İstanbulda jurnalistlərə verdiyi müsahibədə bu məsələ ilə bağlı ölkəmizin tutduğu qəti və prinsipial mövqeyi bir daha ifadə etmişdir: "Bildiyiniz kimi, Azərbaycan bu qanlı hadisəyə reaksiya verən ilk ölkələrdəndir və bu, belə də olmalı idi. Çünki biz hər zaman Türkiyənin yanındayıq. Biz bütün məsələlərdə Türkiyəyə həmişə dəstəyimizi əsirgəməmişik və bu gün də bu dəstəyi veririk. Beynəlxalq sularda mülki vətəndaşlara qarşı edilən bu qanlı hadisə, bu hücüm əleyhinə öz səsimizi ucaltmışıq. Bu gün də mən çıxışım zamanı bunu bir daha ifadə etdim. Biz bu hücumu pisləyirik. Biz Türkiyə ilə, türk xalqı ilə öz həmrəyliyimizi ifadə edirik, şəhidlərin yaxınlarına başsağlığı veririk. Hesab edirik ki, ciddi araşdırmalar aparılmalıdır və cinayətkarlar məsuliyyətə cəlb olunmalıdır. Yəni, burada bizim mövqeyimiz, bir daha demək istəyirəm ki, birmənalıdır, qətidir və bizimlə Türkiyə arasında qardaşlıq münasibətlərimizə, beynəlxalq hüquqa əsaslanır. Biz əlbəttə, hesab edirik ki, Türkiyəyə müttəfiq sayılan ölkələr də eyni mövqedən çıxış etməlidirlər. Bilirsiniz, bu, bir həqiqət anıdır. Yəni, bu çətin anlarda dostlar, əsl dostlar öz mövqeyini bildirməlidirlər".

Şübhəsiz ki, Türkiyə ilə Azərbaycanın milli mənafeləri, dövlət maraqları, tarixin sınaqlarından çıxmış dostluq telləri bu kimi məsələlərin həllində birgə mövqedən çıxış etməsini zərurətə çevirmişdir.

Prezident İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə sənədlərin imzalanma mərasimi keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Türkiyənin BOTAŞ şirkəti arasında təbii qazın satışı və nəqli sahəsində Anlaşma Memorandumu, Azərbaycandan Türkiyəyə və Türkiyə ərazisindən təbii qazın satış və nəqlinə dair Bəyannamənin imzalanması iki ölkə arasında enerji sahəsində əməkdaşlığın inkişafında yeni mərhələnin əsasını qoyacaqdır.

"Şahdəniz" qazının Azərbaycandan Türkiyəyə ixracı ilə bağlı məsələyə toxunarkən Prezident İlham Əliyev bildirmişdir: "Mən hesab edirəm ki, Azərbaycanın enerji sahəsindəki uğurları arasında bu sazişin öz xüsusi yeri vardır. Əhəmiyyət və mahiyyət baxımından bu çox nəhəng bir layihənin həyata keçirilməsinə gətirib çıxaracaqdır. Əgər bu məsələnin maliyyə tərəfinə nəzər salsaq görərik ki, ilkin hesablamalara görə, bu layihənin həyata keçirilməsi üçün 20 milyard dollar sərmayə qoyulacaqdır. Nəzərə alsaq ki, 1995-ci ildən bugünə qədər Azərbaycanın neft-qaz sektoruna 40 milyard dollar sərmayə qoyulubsa, görərik ki, bu, nə dərəcədə böyük maliyyə resursları tələb edən layihədir. Digər tərəfdən, bu layihənin icrası bizə imkan verəcək ki, Azərbaycanın zəngin qaz potensialı tam şəkildə realizə edilsin".

Prezident İlham Əliyev İstanbulda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üçüncü zirvə toplantısında iştirak etmişdir. Bu təşkilat dünyada və bölgədə nüvə silahı olmayan məkanın yaradılmasına böyük əhəmiyyət verir. Bütövlükdə, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə Asiyada sülhün, təhlükəsizliyin qorunması üçün əməkdaşlığı nəzərdə tutan, bununla da dünyada qlobal sülhün və etimadın əldə olunmasını hədəfləyir. Dövlət və hökumət başçılarının zirvə görüşündə quruma sədrlik Qazaxıstandan Türkiyəyə keçdi və quruma yeni üzvlər qəbul edildi. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üçüncü zirvə toplantısının yekununda bəyannamə qəbul edilmişdir. Yekun bəyannamədə dövlətlərarası münasibətlərdə ərazi bütövlüyü və ölkələrin suverenliyinə hörmətlə yanaşılması bir daha təsdiq edilmişdir.

Zirvə toplantısının iştirakçıları terrorizmi yekdilliklə pislədiklərini bildirərək terror aktlarının beynəlxalq sülhə və təhlükəsizliyə təhdid olduğunu vurğulamışlar. Terrorizmlə beynəlxalq səviyyədə mübarizə, bu məsələdə ikili standartlara son qoyulması və BMT-nin rəhbərliyi altında terrorizmə qarşı bütün dövlətlərin birgə mübarizə aparmasının zəruriliyi xüsusi qeyd edilmişdir.

Prezident İlham Əliyev zirvə toplantısı çərçivəsində İran Prezidenti Mahmud Əhmədinejad, Ukrayna Prezidenti Viktor Yanukoviç, Rusiyanın Baş naziri Vladimir Putin ilə görüşərək ölkələrimiz arasında siyasi, iqtisadi, energetika sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparmışdır. Ölkə başçısı keçirdiyi görüşlərin əhəmiyyətindən bəhs etmişdir: "Görüşlərin hamısı çox yaxşı və uğurlu keçdi. Yəni, bu görüşlər deyə bilərəm ki, ənənəvi xarakter daşıyır. Biz öz tərəfdaşlarımızla mütəmadi qaydada görüşlər keçiririk. Bu fürsətdən istifadə edib müxtəlif görüşlər keçirildi. Həm Türkiyə Prezidenti və Baş naziri, Rusiyanın Baş naziri, Ukrayna və İran prezidentləri ilə apardığım danışıqlar çox yaxşı nəticələr verdi. Yəni, bu ölkələr ilə Azərbaycan arasında əlaqələr çox böyük tarixə malikdir və biz müxtəlif sahələrdə fəal çalışırıq. Həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlq uğurludur. Bütün ölkələrlə əlaqələrimiz qarşılıqlı maraqlar və qarşılıqlı hörmət əsasında qurulub. Hesab edirəm ki, apardığım danışıqlar, keçirdiym görüşlər, ümumiyyətlə, bu ölkələrlə Azərbaycan arasında əlaqələrin inkişafına xidmət göstərəcəkdir".

Azərbaycan Respublikasının beynəlxalq təşkilatların işində fəal iştirak etməsi onun təhlükəsizliyi və xarici siyasəti üçün mühüm əhəmiyyət kəsb edir. Miqyas və nüfuzundan asılı olmayaraq, universal və regional beynəlxalq təşkilatlar dünyada yaranan yeni təhdidlərlə mübarizədə getdikcə daha çox rol oynayırlar. Belə ki, beynəlxalq təşkilatlar təhdidlərin aradan qaldırılmasına və ya onların qarşısının alınmasına yardım etməklə yanaşı, Azərbaycan Respublikasının milli maraqlarının qlobal siyasətdə müdafiəsinə imkanlar yaradırlar.

Eyni zamanda, beynəlxalq təşkilatlar Azərbaycan Respublikasının üzləşdiyi təhlükəsizlik problemlərinə tərəfdaş dövlətlərin diqqətini cəlb etmək üçün əlverişli forum rolunu oynayırlar. Prezident İlham Əliyevin Türkiyədə təşkil olunan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üçüncü zirvə toplantısında iştirakı və keçirdiyi yüksək səviyyəli görüşlər perspektiv baxımdan mühüm nəticələrin əldə olunacağına inam yaradır.

 

 

Azərbaycan.- 2010.- 12 iyun- S.  1.