15 iyun 1993-cü il Azərbaycan dövlətçiliyinin xilası günüdür

 

İyunun 12-də Milli Aviasiya Akademiyasında (MAA) 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.

 

Tədbiri giriş sözü ilə açan MAA-nın tədris işləri üzrə prorektoru Ədalət Səmədov demişdir ki, hər bir xalqın tarixində onun ayrılmaz tərkib hissəsinə çevrilmiş milli qurtuluş və oyanış məqamları vardır. 1993-cü ilin 15 iyunu da belə tarixi anlardandır. Həmin gün Azərbaycan xalqı təhlükə qarşısında olan dövlətini xilas etmək üçün üzünü Naxçıvana tutdu. Şərəfli həyatını bütünlüklə xalqının və dövlətinin inkişafına həsr edən ümummilli lider Heydər Əliyevə nicat yeri kimi baxdı. Adı milli dövlətçilik tariximizə qızıl hərflərlə yazılmış Heydər Əliyev "Mən həyatımın qalan hissəsini də xalqıma qurban edirəm" deyib siyasi iradə nümayiş etdirərək Bakıya qayıtdı. Dağılmaq, parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə dayanan Azərbaycan həmin gündən burulğandan xilas oldu.

Məhz ulu öndərin yürütdüyü qüdrətli daxilixarici siyasət nəticəsində Azərbaycan geosiyasi sistemdə tutduğu mövqeyi ilə Avropa ilə Asiya arasında körpüyə çevrildi, Cənubi Qafqazda aparıcı ölkə kimi tanınmağa başladı. "İpək yolu" layihəsi, TRASEKA və TASİS proqramları gerçəkləşdikcə dünya Azərbaycanı təkcə iqtisadi potensialına görə deyil, intellekt kapitalına görə qiymətləndirməyə başladı. Müdrik rəhbər öz uzaqgörən siyasəti ilə ölkənin gələcək inkişaf strategiyasını müəyyənləşdirdi və onun həyata keçirilməsi üçün mühüm addımlar atdı. Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin inkişafı və qüdrətlənməsi naminə gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bu illərdə xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində əldə edilmiş dirçəliş məhz ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərinin bəhrəsidir. Məhz bu səbəbdən hər bir azərbaycanlı iyunun 15-ni, ümummilli lider Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışını Milli Qurtuluş Günü kimi qeyd edir.

 

Mərasimdə MAA-nın iqtisadiyyathüquq fakültəsinin dekanı, dosent Aydın Qasımov, avianəqliyyat istehsalatı fakültəsinin dekanı, dosent Nazim Nağıyev, Mülki Aviasiya Muzeyinin əməkdaşı, nasir, publisist Yusif Kərimov, tələbə gənclər təşkilatının sədri Zafiq Xəlilov və rektorun referenti Şərəf Cəlilli çıxış edərək bildirmişlər ki, bir xilaskar kimi Azərbaycan tarixində Heydər Əliyevin rolu bu vaxtadək heç kimlə müqayisə edilməyəcək dərəcədə yüksəkdir. Bu gün Azərbaycanın yüksəldiyi ucalıq sübut edir ki, ölkəmiz ötən əsrin əvvəllərində, sadəcə, müstəqilliyinə qovuşmayıb, ulu öndərin titanik fəaliyyəti nəticəsində cəmi bir neçə illə ölçülən çox qısa zaman kəsiyində əsrlərə bərabər inkişaf, tərəqqi yolu keçmişdir. Nə qədər ki, Azərbaycan xalqı var, Azərbaycan dövləti var, Heydər Əliyev daim yaşayacaqdır. Sevindirici haldır ki, ulu öndərin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə Yusif Kərimovun müdrik dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr etdiyi "Əbədiyyət yolu" (esselər) kitabının, eləcə də MAA-nın "Gənc aviator" qəzetinin Milli Qurtuluş Günü ilə bağlı nömrəsinin təqdimatı olmuşdur.

Mərasim çərçivəsində ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 13 iyun- S.  2.