Müstəqillik dövrünün şərəfli səhifələri

 

1918-ci il dekabrın 26-da F.Xoyski yeni hökumətin təsdiq olunmasını parlamentin müzakirəsinə verdi. Parlament hökumətin proqramını qəbul etdi və F.Xoyskinin təşkil etdiyi hökumətə etimad göstərilməsi barədə qərar çıxardı. F.Xoyskinin təşkil etdiyi koalisiyalı hökumətdə ruslara üç, ermənilərə iki nazir yeri təklif olundu. Azərbaycan hökumətinin xalq tərəfindən müdafiə olunduğunu görən general Tomson dekabrın 28-də Xoyski hökumətini Azərbaycanın yeganə, qanuni yerli hakimiyyət orqanı kimi tanıdığını bəyan etdi.

Biçeraxovun dəstəsinin dövlət çevrilişi cəhdinin üstü açıldıqdan sonra Azərbaycan hökumətinin tələbi ilə general V.Tomson "Qafqaz-Xəzər" hökumətini qanundan kənar elan edib, 48 saat müddətində Bakıdan uzaqlaşdırdı, daha sonra isə erməni hərbi hissələri tərksilah edilib buraxıldı.

Beləliklə, 1918-ci ilin dekabrından etibarən ingilis komandanlığı Bakıda qoyulan məhdudiyyətləri tədricən azaltmağa başladı: Azərbaycan polisi, su nəqliyyatı və neft sənayesi, maliyyə idarələri, mətbuat üzərində nəzarət ləğv olundu. 1919-cu ilin aprelində Bakıda ingilis general-qubernatorluğunun ləğvi ilə əlaqədar Gəncədə təşkil olunmuş ilk Azərbaycan alayı paytaxta daxil oldu və xalq onu təntənə ilə qarşıladı.

1919-cu ilin aprelindən ingilislər Paris sülh konfransının şərtlərinə uyğun olaraq Qafqazı tərk etməyə başladılar və bu proses avqustun ortalarında başa çatdı. Azərbaycan hökuməti ingilis müdaxiləsi qarşısında nəinki öz varlığını qoruya bildi, hətta ingilis komandanlığını şəhərin idarəçiliyindən tədricən uzaqlaşdırmağa nail oldu. Lakin ingilislərin Bakını tərk etməsi, bir tərəfdən, Azərbaycanın müstəqilliyini möhkəmləndirirdisə, digər tərəfdən, Sovet Rusiyasının keçmiş imperiyanı əvvəlki sərhədlər çərçivəsində bərpa etmək istəyini sürətləndirirdi. 1919-cu il avqustun 23-də ingilis generalı Şatelvort müttəfiq qoşunların komandanlığı adından Bakı əhalisinə şəhəri tərk etmək münasibətilə müraciət etdi. Müraciətdə deyilirdi: "Fürsətdən istifadə edib indi Bakını tərk edən Britaniya qoşunları adından Azərbaycan, xüsusən Bakı şəhəri əhalisindən üzr istəyirik. Səmimiyyətlə təəssüflənirik ki, çoxsaylı dostlarımızla və tanışlarımızla vidalaşırıq, onlara ürəkdən sülh və xoşbəxtlik arzulayırıq. Britaniya ordusunun bütün qulluqçuları Azərbaycanda keçirdikləri günlərin ən yaxşı xatirələrini özləri ilə aparırlar".

Qafqazda yaranmış müstəqil dövlətlər arasında mövcud olan ziddiyyətlər, ilk növbədə ərazi-sərhəd mübahisələri xarici təhlükəni reallaşdırırdı. 1919-cu il aprelin 25-də Tiflisdə Azərbaycan, Dağıstan, Gürcüstan və Ermənistan nümayəndələrinin iştirakı ilə Qafqaz konfransı işə başladı. Konfransda siyasi, iqtisadi və maliyyə məsələləri, eləcə də sərhəd problemləri müzakirə olundu. Konfransın gedişində bu ölkələr arasında ərazi-sərhəd məsələləri ilə bağlı kəskin ziddiyyətlərin mövcudluğu məlum oldu. Keçmiş çar generalı Denikinin könüllü ordusunun Dağıstana hücumu ilə bağlı konfrans öz işini dayandırmağa məcbur oldu.

"Vahid və bölünməz Rusiya" sərhədlərini bərpa etmək iddiasında olan Denikin 1919-cu ilin yazında Dağıstan Dağlılar Respublikasına soxularaq Dərbəndi işğal etdi. Çar generalının Azərbaycana təcavüzkar niyyətdə olduğu aşkara çıxdı. Parlamentin fövqəladə iclasında qəbul olunmuş qərara əsasən, sərhədlərin təhlükəsizliyini təmin etmək məqsədilə 1919-cu il iyunun 11-də Dövlət Müdafiə Komitəsi yaradıldı və bütün hakimiyyət onun ixtiyarına keçdi.

Denikin təhlükəsi Gürcüstanı da ciddi narahat etdiyindən iyunun 16-da Gürcüstanla Azərbaycan arasında hərbi müdafiə paktı imzalandı. Bu pakta görə, Azərbaycan və Gürcüstanın istiqlaliyyətinə və ərazi bütövlüyünə hər hansı dövlət tərəfindən təcavüz olunduğu təqdirdə onlar bir-birinə hərbi yardım göstərməli idilər. Üç il müddətinə bağlanan hərbi pakta Ermənistan iki həftə ərzində qoşula bilərdi. Lakin Ermənistan Denikinlə gizli müqavilə imzalamağı daha üstün tutdu. Hərbi pakta görə Azərbaycan Gürcüstandan 12 kiçik top, 12 dağ topu, 24 pulemyot, 3 min beşaçılan tüfəng, 211 qılınc, 795 nizə və s. hərbi ləvazimat aldı.

Birinci dünya müharibəsi 1918-ci ilin noyabrında başa çatsa da, onun nəticələrini reallaşdırmaq uzun bir vaxt tələb edirdi. Qalib dövlətlər müharibədən sonrakı dünyanın vacib məsələlərini həll etmək üçün Parisdə beynəlxalq sülh konfransının çağırılmasına qərar verdilər.

Azərbaycan parlamenti Paris sülh konfransında iştirak etmək üçün tam səlahiyyətli və geniş hüquqlara malik nümayəndə heyəti göndərmək haqqında qərar qəbul etdi. Nümayəndə heyətinə rəhbərlik parlamentin sədri Ə.M.Topçubaşova tapşırıldı. Azərbaycan nümayəndə heyətinin Paris sülh konfransında iştirak etməkdə əsas məqsədi dünya dövlətləri tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasına nail olmaq idi. Qonşu dövlətlərin Azərbaycanın istiqlalını tanıması müstəqilliyin kövrəkliyini aradan qaldırmaq üçün kifayət etmirdi. Dünyanın ən böyük dövlətləri tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması sovet Rusiyasının və Denikin hökumətinin təcavüzü qarşısında mühüm rol oynaya bilərdi. Azərbaycan istiqlalının tanınması və qorunub saxlanılmasında Qərb dövlətlərinin himayəsinə nail olmaq işinə ölkənin ən nüfuzlu şəxsləri cəlb olunmuşdu. Nümayəndə heyətinə müxtəlif partiyaları təmsil edən M.H.Hacınski (Müsavat), Ə,Ağaoğlu (bitərəf demokrat), Ə.Şeyxülislamzadə (Hümmət), müşavirlər M.Məhərrəmov (sosialist), M.Y.Mehdiyev, C.Hacıbəyli (İttihad), Ə.Hüseynzadə (bitərəf), V.Marçevski (bitərəf) daxil idi. Nümayəndə heyətinə katiblər S.Məlikov, Ə.Topçubaşov, tərcüməçilər A.Qafarov, Q.Qafarova, H.Məmmədova və heyət sədrinin şəxsi katibi R.Topçubaşov daxil idi. Hələ yolda ikən İstanbulda Əhməd bəy Ağaoğlu ingilis komandanlığı tərəfindən "İttihad və tərəqqi" partiyasının rəhbərlərindən biri kimi ittiham edilərək Malta adasına sürgünə göndərildi.

Mudros barışığından sonra Osmanlı hökumətinin Azərbaycana köməyi minimuma enmişdi. Sultan Türkiyəsinin özü müttəfiqlərdən asılı vəziyyətə düşdü. Müttəfiqlər Osmanlı dövlətinin Azərbaycana diplomatik nümayəndə təyin etməsinə qadağa qoyduqları halda Ermənistana və Gürcüstana rəsmi nümayəndələr göndərilməsinə təbii hal kimi baxırdılar. Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasında Osmanlı dövlətinin gücsüzlüyünü görən Azərbaycan rəhbərliyi Qərb oriyentasiyasına üstünlük verməyə başladı. Paris sülh konfransına hazırlaşan Ə.Topçubaşov İstanbulda Osmanlı hökumətinin üzvlərindən başqa, Ukrayna, İran, Rusiya, ABŞ, İtaliya, İsveç, Hollandiya və Ermənistanın rəsmi nümayəndələri ilə görüşmüş, beynəlxalq vəziyyət və sülh konfransı haqqında onlarla fikir mübadiləsi aparmış, Qərb ölkələrinin nümayəndələrinə Azərbaycanla bağlı məlumatlar vermişdi.

Ermənilərin Avropa və Amerikada Azərbaycana qarşı apardığı təbliğat kampaniyasının gedişində "Azərbaycan" adlı dövlətin guya mövcud olmadığı əsaslandırılır, Azərbaycan Antantaya qarşı vuruşmuş məğlub Türkiyənin ayağına yazılır və bütün vasitələrlə müttəfiqlərin rəhbər xadimlərinə Azərbaycan haqqında qərəzli məlumatlar verilirdi. Ermənilərin və "ağ rus" hökumətinin təbliğatının təsiri altına düşən Fransa hökuməti Azərbaycan nümayəndələrini Parisə buraxmamaq üçün müxtəlif bəhanələrə əl atırdı və buna görə Azərbaycan nümayəndələri üç ay İstanbulda gözləməli oldular.

1919-cu ilin yanvarında fəaliyyətə başlayan Paris sülh konfransı keçmiş Rusiyanın cənubunda mövcud sosial-siyasi və iqtisadi vəziyyəti öyrənmək üçün buraya nümayəndə heyəti göndərdi. Nümayəndə heyətinə 30 nəfər daxil idi, onların əksəriyyəti amerikalılar idi. Qafqaz üzrə müəyyən edilmiş komissiyanın başçısı Benjamin Moorqe Ə.Topçubaşov və M.Hacınski qarşısında aşağıdakı sualları qoydu: 1. Azərbaycan iqtisadi və siyasi baxımdan müstəqil yaşaya bilərmi; 2. Bunun üçün sizin maddi və mənəvi gücünüz kifayət edəcəkmi; 3. Qafqazda və ya Zaqafqaziyada federasiya və ya konfederasiya yarana bilərmi; 4. Rusiya Fedarativ Respublikası yaransa, Azərbaycan onun tərkibinə daxil olmaq istəyərmi; 5. Hər hansı başqa dövlətin sizi öz təsiri altına almasının mümkünlüyü barəsində düşünürsünüzmü. Azərbaycan nümayəndə heyəti birinci və ikinci suallara müsbət cavab vermiş, federasiyanın yaranması məsələsinə şübhə ilə yanaşdığını bildirmişdi. Ə.Topçubaşov yazırdı: "Müttəfiqlər ermənilərin ifrat tələblərinə güzəştə getmək istəyirlər. Türkiyə və Azərbaycan hesabına böyük Ermənistan yaratmağa cəhd edən ermənilər bizimlə federasiyaya daxil olmaq istəmədilər". Beşinci sualın cavabında Topçubaşov ölkəmizə heç bir iqtisadi marağı olmayan əxlaqi və ümumbəşəri xarakterli Vilson prinsiplərinə əsaslanan Amerikanın Azərbaycana dəstək olmaq istədiyini bildirdi.

Konfransda iştirak etmək üçün 1919-cu ilin yanvarından icazə gözləyən Azərbaycan nümayəndə heyəti üç aylıq gərgin diplomatik-siyasi mübarizədən sonra ingilislərin köməyi ilə mayın əvvəllərində Parisə gedib çıxa bildi. Mayın 28-də ABŞ Prezidenti V.Vilson Azərbaycan nümayəndə heyətini qəbul etdi. Vilsona təqdim olunmuş memorandumda Azərbaycan Respublikasının yaranma tarixi, onun azadlıq yolunda verdiyi qurbanlardan danışılırdı. Memorandumda göstərilirdi ki, bu mübarizədə Azərbaycanın iki şəhəri və 500 kəndi dağıdılmış, 150 min nəfərə qədər sakini qurban getmişdir. Təkcə İrəvan quberniyasında qısa bir müddət ərzində 200 müsəlman kəndi yandırılmış və 200 min nəfər müsəlman evsiz-eşiksiz qalmışdır. ABŞ Prezidentindən Azərbaycan istiqlaliyyətinin tanınması, Vilson prinsiplərinin (1. Hər bir millət xarakterindəki intellektual və mənəvi-dini xüsusiyyətlərinə görə seçilməlidir; 2. Hər bir millət öz taleyini müəyyən etməyə qadir olduğunu göstərməlidir; 3. O öz xərclərini ödəmək üçün iqtisadi, təbii və maliyyə vasitələrinə malik olmalıdır; 4. O özünü xarici təcavüzdən qoruya bilməlidir; 5. O, tabe olduğu ölkənin hökumətinin zülmündən əziyyət çəkmiş olmalıdır) Azərbaycana aid edilməsi, Azərbaycanın Millətlər Cəmiyyətinə qəbulu, ABŞ-ın Azərbaycana hərbi sahədə yardım göstərməsi, ABŞ-la Azərbaycan arasında diplomatik və iqtisadi əlaqələrin bərqərar edilməsi məsələlərində Azərbaycan nümayəndə heyətinə kömək göstərilməsi xahiş olunurdu. Lakin V.Vilson Azərbaycan nümayəndə heyətini soyuq qarşıladı, nümayəndə heyətinə konfederasiya ideyasını müdafiə etməyi, Millətlər Cəmiyyətinin mandatı ilə böyük dövlətlərdən birinin bu konfederasiya üzərində qəyyumluğunu qəbul etməyi məsləhət gördü. Konfederasiya məsələsinə Azərbaycan və qismən də gürcü nümayəndə heyəti müsbət yanaşırdı. Bu işin reallaşmasına əngəl olan isə erməni nümayəndə heyətinin pozuculuq fəaliyyəti idi. Ermənilər Paris sülh konfransı rəhbərliyindən tələb edirdilər ki, Birinci dünya müharibəsinin Antantanın xeyrinə qələbə ilə başa çatmasında onların böyük xidmətlərini nəzərə alaraq, qalib dövlətlər "böyük Ermənistan"ın yaradılmasında ermənilərə yardımçı olmalıdırlar. Ermənilər Türkiyənin 7 şərq vilayəti, İrəvan quberniyası, Tiflis və Yelizavetpol (Gəncə) quberniyalarının cənubunu və Qars torpaqlarından ibarət böyük bir ərazini tələb edirdilər. Bundan əlavə, ermənilər 19 milyard frank həcmində müharibə təzminatı almaq istədiklərini də gizlətmirdilər. Yeri gəlmişkən, ermənilərin bu əsassız iddialarını Paris, London, xüsusilə də Vaşinqton qızğın müdafiə edirdi.

Paris sülh konfransında iştirak edən İran nümayəndə heyəti isə təqdim etdiyi memorandumda Bakı, Dərbənd, Şəki, Şamaxı, Gəncə, Qarabağ, Naxçıvan və İrəvanın ona verilməsini tələb edirdi. Müharibədə heç bir rolu olmayan İranın bu qəribə iddialarına konfrans heç bir reaksiya vermədi, üstəlik, 1919-cu il 9 avqust tarixli ingilis-İran müqaviləsindən sonra onun nümayəndələri konfransdan uzaqlaşdırıldı. 1920-ci il martın 21-də İran Azərbaycan dövlətini müstəqil dövlət kimi tanıyaraq onunla dostluq haqqında müqavilə imzaladı.

Nəhayət, 1920-ci il yanvarın 11-də Parisdə Müttəfiq Dövlətlərin Ali Şurası Azərbaycanın istiqlaliyyətinin de-fakto tanınması haqqında yekdilliklə qərar qəbul etdi. Yanvarın 14-də bu xəbər Azərbaycana çatdırıldı və parlament onu təntənəli şəkildə qeyd etdi. Millət vəkilləri və parlamentin iclasında iştirak edən xarici ölkələrin diplomatik nümayəndələri istiqlal yolunda qurban getmiş vətən oğullarının və Osmanlı əsgərlərinin xatirəsini yad etdilər. Bu hadisə münasibətilə ümumi amnistiya elan edildi.

Yanvarın 19-da Azərbaycanın və Gürcüstanın rəsmi nümayəndələri Paris sülh konfransı Ali Şurasının iclasına dəvət edildilər. Antanta Cənubi Qafqazın yeni dövlətlərini tanımaqla onları xarici təcavüzdən qorumaq üçün öz üzərinə öhdəliklər götürdü. Azərbaycan tərəfi ABŞ və Avropa dövlətlərindən alınması nəzərdə tutulan 100 parovoz, 2 min ədəd çən, 500 bağlı vaqon müqabilində 200 milyon pud ağ neft, eləcə də pambıq, yun, ipək, gön-dəri məhsulları göndərməyi öhdəsinə götürdü.

Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanınmasına qədər dövlət quruculuğu sahəsində heç bir təcrübəsi olmayan xalq qısa bir müddət ərzində normal fəaliyyət göstərən dövlət aparatı yaratmağa, 20-dən çox ölkə ilə, o cümlədən, Türkiyə, Gürcüstan, İran, Belçika, Hollandiya, Yunanıstan, Danimarka, İtaliya, Fransa, İsveçrə, İngiltərə, ABŞ, Ukrayna, Litva, Polşa, Finlandiya və başqaları ilə baş konsulluq, konsul agentlikləri səviyyəsində əlaqələr qurmağa nail oldu. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruluşu parlamentli respublika idi. Yeni yaranmış dövlət öz fəaliyyəti dövründə "türkləşmək, islamlaşmaq və müasirləşmək" ideyası uğrunda mübarizə aparırdı. Hökumət Gəncədəki fəaliyyəti dövründə - 1918-ci il iyunun 27-də Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında fərman imzaladı. Azərbaycandilli savadlı kadrların çatışmazlığı nəzərə alınaraq, dövlət idarələrində müvəqqəti olaraq rus dilindən də istifadə olunmasına icazə verildi. İyunun 24-də üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq dövlət bayrağı kimi qəbul edildi, noyabrın 9-da isə həmin bayraq üçrəngli - yaşıl, qırmızı və mavi zolaqlardan ibarət olan bayraqla əvəz olundu. Avqustun 11-də ümumi hərbi səfərbərlik elan edildi və 1894-1899-cu il təvəllüdlü bütün Azərbaycan vətəndaşları hərbi xidmətə çağırıldılar. Noyabrın 1-də Hərbiyyə Nazirliyinin yaradılması haqqında qərar qəbul olundu. Dekabrın 25-də general Səmədağa Mehmandarov hərbi nazir, general Əliağa Şıxlinski hərbi nazirin müavini, general Süleyman Sulkeviç Baş Qərargah rəisi təyin edildilər. 1919-cu ildə 25 min nəfərlik Milli ordu yaratmaq məqsədilə 400 milyon manat vəsait ayrılmışdı. Ordunun yaradılması prosesi 1920-ci ilin yanvarında əsasən başa çatdırıldı. 40 min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət idi.

1919-cu ilin yayında Bakını tərk edən ingilislər şəhər limanının idarəçiliyini və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil verdilər.

Həmin il iyulun 21-də parlament "Azərbaycan Respublikasının Müəssislər Məclisinə seçkilər haqqında" Əsasnaməni təsdiq etdi. Avqustun 11-də isə parlament tərəfindən qəbul olunmuş "Azərbaycan vətəndaşlığı haqqında" qanuna görə özü və ya valideynləri Azərbaycan ərazisində anadan olmuş keçmiş Rusiya imperiyasının bütün təbəələri milli və dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşı hesab olunurdu.

Xalq maarifi sahəsində ciddi nailiyyətlər qazanıldı. Orta məktəblərin təxminən yarısı milliləşdirildi, məktəblərdə rus tarixi əvəzinə ümumtürk tarixi tədris olunmağa başladı, bütün məktəblərdə Azərbaycan dilinin tədrisi məcburi hesab olundu. 1919-cu il sentyabrın 1-də Bakı Universitetinin təsis olunması haqqında qərar qəbul olundu. Dərslər noyabrın 15-də başlandı. Kənd Təsərrüfatı İnstitutunun yaradılması haqqında qanun qəbul olundu. 1919-cu ilin oktyabrında mətbuat sahəsində senzura ləğv olundu. Azərbaycanın müxtəlif regionlarında kişi və qadın seminariyaları açıldı, dövlətin hesabına yüzə yaxın gənc azərbaycanlı ali təhsil almaq məqsədilə Avropanın universitetlərinə göndərildi. Ticarəti və daxili bazarı dirçəltmək məqsədilə 1918-ci il avqustun 27-də azad ticarət haqqında fərman verildi, oktyabrın 30-da ticarət donanmasının fəaliyyəti bərpa olundu. 1919-cu ilin yayında Azərbaycan Xəzər donanması yaradıldı.

Azərbaycan Xalq Cümhuriyyətinin mübahisəsiz ərazisi 97,3 min kvadrat kilometr idi. Gürcüstanla 8,7 min kvadrat kilometr, Ermənistanla 7,9 min kvadrat kilometr həmsərhəd ərazi Azərbaycan hökuməti tərəfindən mübahisəli torpaq sayılırdı. Azərbaycanın əhalisi 2 milyon 862 min nəfər idi ki, onun 70 faizini müsəlmanlar təşkil edirdi.

Azərbaycanın beynəlxalq aləmdə tanınmasına baxmayaraq, ölkənin şimal sərhədlərindəki vəziyyət gərgin olaraq qalırdı. Sovet Rusiyasının xarici işlər komissarı G.Çiçerin 1920-ci il yanvarın əvvəllərində Azərbaycan hökumətinə göndərdiyi notada Denikin əleyhinə hərbi ittifaq bağlamağı təklif edirdi. Azərbaycan rəhbərliyi başa düşürdü ki, Sovet hökumətinin əsas məqsədi bu gənc respublikanı Denikinlə qeyri-bərabər hərbi münaqişəyə cəlb edib zəiflətmək, sonra isə onun istiqlaliyyətinə son qoymaqdan ibarətdir. Xalq Cümhuriyyətinin xarici işlər naziri F.Xoyski cavab notasında yazırdı ki, Denikinlə Sovet hökuməti arasındakı mübarizə rus xalqının daxili işidir və Azərbaycan hökuməti Rusiyanın daxili işinə qarışmaq niyyətində deyil. Çiçerin yanvarın 23-də ikinci notasında Azərbaycanın müstəqilliyinə münasibətini bildirməkdən yan keçir və Azərbaycan hökumətini Denikinə qarşı mübarizə aparmaqdan imtina etməkdə günahlandırırdı. F.X.Xoyski isə notasında Azərbaycanın istiqlaliyyətinin Sovet Rusiyası tərəfindən qeyd-şərtsiz tanınmasında təkid edirdi. Çiçerinin martın 7-də göndərdiyi növbəti nota baş aldatmaqdan və vaxt uzatmaqdan başqa bir şey deyildi. Getdikcə aydın olurdu ki, Rusiyanın bu hərəkətləri Azərbaycana qarşı hazırlanan hərbi müdaxiləni pərdələmək və Azərbaycan hökumətinin sayıqlığını azaltmaq məqsədi güdür. Sovet Rusiyasının Azərbaycana əsl münasibətini V.Leninin 1920-ci il martın 17-də Qafqaz cəbhəsinin Hərbi-İnqilab Şurasının üzvləri Smilqa və Orconikidzeyə göndərdiyi teleqram dolğun əks etdirir: "Bakını zəbt etmək bizə olduqca və olduqca zəruridir, bütün səylərinizi buna yönəldin".

1918-ci ilin dekabrında bolşeviklər Bakıda ümumi siyasi tətil keçirməyə nail oldular. Tətildə 25-dən çox müəssisənin 12 minə qədər fəhləsi iştirak edirdi. 1919-cu ilin mayında bolşeviklər Bakıda ikinci dəfə tətil keçirməyə cəhd göstərdilər. Azərbaycan bolşeviklərinin sosial bazasını əsasən qeyri-müsəlman əhali təşkil edirdi. 1919-cu il aprelin 25-də Azərbaycanın cənub bölgəsində bolşeviklər tərəfindən qızışdırılan rus əhalisinin milli hökumətə qarşı qiyamı başlandı. Qiyamçılar bölgəni "Muğan Sovet Respublikası" elan etdilər. Avqustun əvvəlində qiyam hökumət qüvvələri tərəfindən yatırıldı.

Hökumətin torpaq islahatını yubatmasından bolşeviklər məharətlə istifadə etdilər. 1919-cu ilin əvvəllərində bir sıra qəzalarda bolşeviklərin rəhbərliyi ilə kəndli çıxışları başlandı. Bunlardan ən güclüsü Gəncədə baş verdi. Bu çıxış 1919-cu ilin sentyabrında yatırıldı.

1920-ci il fevralın 11-12-də Bakıda Azərbaycan Kommunist (bolşeviklər) Partiyası təsis edildi. Bolşeviklər partiyasının faktiki rəhbəri Azərbaycan xalqının qatı düşməni A.Mikoyan idi. Partiya milli hökuməti yıxmaq, Sovet Azərbaycanı qurmaq üçün silahlı üsyan xəttini irəli sürdü.

Sovet Rusiyası Ermənistanın Azərbaycana qarşı düşmənçiliyindən məharətlə istifadə etdi. 1920-ci ilin əvvəllərində erməni nümayəndələri Priumov və Zaxaryan Moskvada ərazi güzəştləri müqabilində Azərbaycan hökumətini devirmək planlarını Sovet Rusiyasına təklif etdilər. Qarabağda və Gəncəbasarda erməni əhalisinin qiyamı və Azərbaycana qarşı Ermənistanın müharibəsi bu planın tərkib hissəsi idi. 1920-ci ilin Novruz bayramı günlərində Azərbaycan ordusunun, demək olar ki, hamısı Qarabağ istiqamətində erməni qiyamçılarına qarşı vuruşduğu üçün ölkənin şimal sərhədləri müdafiəsiz qaldı. 72 minlik XI rus ordusu Samur çayı sahilindən Azərbaycan sərhədlərinə yaxınlaşdı. Azərbaycan hökumətinin Qərbdən gözlədiyi yardım gəlib çıxmadı.

Sovet Rusiyasına münasibət məsələsində də Azərbaycan hökumətində birlik yox idi: xarici işlər naziri Fətəli xan Xoyski Rusiyaya münasibətdə sərt xəttin, daxili işlər naziri Məmməd Həsən Hacınski isə Azərbaycan bolşevikləri ilə danışığa girib onlara güzəştə getməyin tərəfdarı idi. M.H.Hacınskiyə görə, Sovet Rusiyasına geniş güzəştlər verməklə Azərbaycanın istiqlalını qorumaq mümkün idi.

1920-ci ilin martında hökumətin keçirdiyi konfransda M.H.Hacınskinin tərəfdarları qalib gəldilər, N.Yusifbəyli baş nazir vəzifəsindən istefa verdi. Yeni hökumətin təşkili M.H.Hacınskiyə tapşırıldı. Lakin M.H.Hacınski bu hökumətin təşkilinə tələsmirdi, az sonra M.H.Hacınskinin özü bolşeviklər partiyasına daxil oldu. Yeni hökumətin təşkilinin yubadılması onsuz da gərgin olan vəziyyəti bir qədər də çətinləşdirdi. Parlamentdə müxtəlif partiyalar arasında gedən mübarizə son həddə çatdı. Mövcud hakimiyyətə qarşı daim müxalifətdə olan və hökuməti devirməyə çalışan ittihadçılar Rusiya ilə hərbi ittifaqa girməyi tələb edirdilər. Azərbaycan bolşevikləri isə guya ölkədə qayda-qanun yaratmaq naminə hərbi yardım üçün Rusiyaya müraciət etməyə və XI rus ordusunu Azərbaycana dəvət etməyə çalışırdılar.

1920-ci ilin aprelində Denikinin qoşunlarını məğlub edən XI rus ordusu Azərbaycan sərhədlərinə yaxınlaşdı. Aprelin 15-də F.X.Xoyski Çiçerinə göndərdiyi notada rus ordusunun Azərbaycan sərhədində toplanmasının səbəbləri və məqsədi barədə məlumat verilməsini tələb etdi. Lakin Çiçerin bu notaya heç bir əhəmiyyət vermədi. Həmin günlərdə AK(b)P-nin nümayəndələrindən ibarət bir heyət Petrovsk şəhərinə gedərək XI rus ordusunun Azərbaycan sərhədlərini keçməsi məsələsini müzakirə etdi. Hazırlanmış plana görə, silahlı üsyanın başlanmasından 24 saat sonra XI rus ordusu Azərbaycan sərhədlərini keçməli idi. A.Mikoyan başda olmaqla, Bakı bolşevikləri Azərbaycan xalqı adından XI rus ordusunu Azərbaycana dəvət etdilər. Qabaqcadan razılaşdırılmış plana görə, rus ordusu Bakıda bolşevik qiyamının başlanmasından 1-2 gün sonra Azərbaycana soxulmalı idi. Bununla da dünya ictimaiyyətində belə bir rəy yaradılacaqdı ki, Azərbaycan hökuməti xarici hərbi müdaxilənin deyil, daxili qiyamın qurbanı olmuşdur. Lakin Bakıda qiyam başlanmamış - aprelin 26-dan 27-nə keçən gecə XI ordu hissələri Azərbaycan ərazisinə daxil olub Bakıya doğru irəliləməyə başladı. Sərhəd qüvvələrindən ibarət azsaylı Azərbaycan ordu hissələri düşmənə müqavimət göstərə bilmədi.

XI ordunun Azərbaycana hücumu ilə eyni vaxtda aprelin 27-də gündüz saat 12-də AK(b)P MK və RK(b)P Qafqaz Diyar Komitəsinin Bakı bürosu adından hakimiyyəti təhvil vermək haqqında Azərbaycan parlamentinə ultimatum verildi. Azərbaycan parlamentinin hakimiyyətin təhvil verilməsinə həsr olunmuş sonuncu iclası gecə saat 20.45-də başa çatdı. Parlament aşağıdakı şərtlərlə hakimiyyətin Azərbaycan kommunistlərinə verilməsi barədə qərar çıxartdı:

1. Rus ordusu Bakıya daxil olmadan dəmir yolu ilə birbaşa Anadolunun köməyinə gedəcək;

2. Azərbaycan istiqlalı və ərazi bütövlüyü hər cür təcavüz və ilhaqdan qorunacaq;

3. Azərbaycan ordusu olduğu kimi saxlanacaq;

4. Azərbaycanın siyasi partiyaları üçün fəaliyyət azadlığı təmin olunacaq;

5. Keçmiş dövlət xadimləri, hökumət üzvləri və millət vəkilləri təqib olunmayacaq, dövlət idarələri qulluqçularının iş yerləri saxlanacaq, yalnız rəhbər vəzifəli şəxslər dəyişdiriləcək;

6. Azad şəraitdə toplaşacaq Azərbaycan şuraları hakimiyyətin idarəçilik formalarını təyin edəcək.

Aprelin 29-da Azərbaycan İnqilab Komitəsi hərbi yardım göstərmək xahişi ilə Sovet Rusiyasına müraciət etdi. Halbuki XI rus ordusu aprelin 27-də Azərbaycanın hüdudları daxilində idi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyətdən sonra süqut etdi.

1920-ci il aprelin 28-də Azərbaycan Sovet Sosialist Respublikası elan olundu. Hakimiyyəti təhvil alan bolşeviklər vədlərinə əməl etmədilər. Bakıda talan həftəsi başladı, qırmızı ordu Azərbaycanın şəhər və kəndlərini bir-birinin ardınca işğal etməyə başladı. Azərbaycan xalqı 1991-ci ilin oktyabrına kimi bu işğalın acı həyatını yaşamağa məcbur edildi.

 

 

Anar İSGƏNDƏROV,

tarix elmləri doktoru,

professor

 

Əvvəli qəzetin 11 iyun tarixli nömrəsində

 

Azərbaycan.- 2010.- 18 iyun- S.  6.