Azərbaycan-Türkiyə strateji müttəfiqliyi dönməzdir

 

Türkiyə Respublikası ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi Azərbaycanın xarici siyasət xəttinin əsas tərkib hissələrindən biridir. Rəsmi Ankaranın Azərbaycanla əməkdaşlığa olan marağı təkcə ölkəmizin malik olduğu strateji-coğrafi mövqe və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən dövlətçilik kursunun dönməzliyi ilə şərtlənir. İki dövlətin strateji müttəfiqliyi bütövlükdə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, qlobal enerjikommunikasiya layihələrinin həyata keçirilməsi baxımından da vacib əhəmiyyət kəsb edir.

Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə uğurla inkişaf edir, ikitərəfli münasibətlər getdikcə güclənir. Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın güclənməsinə mühüm təsir göstərmişdir. Qarşılıqlı səfərlər zamanı ən müxtəlif sahələri əhatə edən birgə sazişlərin imzalanması hər iki ölkə arasında perspektiv əməkdaşlığın inkişafına böyük töhfə vermişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Türkiyəyə işgüzar səfəri iki ölkə arasında əməkdaşlığın bütün sahələr üzrə uğurla inkişaf etdiyini bir daha təsdiq etdi. Prezident İlham Əliyev Türkiyə Prezidenti Abdullah GülBaş nazir Rəcəb Tayyib Ərdoğanla görüşündə ikitərəfli münasibətlərin mövcud durumu və gələcək inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi apardılar. İki ölkə arasında mehriban qonşuluq münasibətlərinə, dərin tarixi, dini və mədəni ortaqlıqlara toxunmaqla yanaşı, siyasi, iqtisadi, energetika sahələri üzrə əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd etdilər.

Prezident İlham Əliyev Aralıq dənizində baş verən son hadisələrlə bağlı Türkiyəyə tam dəstəyini verdiyini, hadisə zamanı günahsız Türkiyə vətəndaşlarının öldürülməsini pislədi: "Biz bütün məsələlərdə Türkiyəyə həmişə dəstəyimizi əsirgəməmişik və bu günbu dəstəyi veririk. Beynəlxalq sularda mülki vətəndaşlara qarşı edilən bu qanlı hadisə, bu hücum əleyhinə öz səsimizi ucaltmışıq. Bu gün də mən çıxışım zamanı bunu bir daha ifadə etdim. Biz bu hücumü pisləyirik. Biz Türkiyə ilə, türk xalqı ilə öz həmrəyliyimizi ifadə edirik, şəhidlərin yaxınlarına başsağlığı veririk. Hesab edirik ki, ciddi araşdırmalar aparılmalıdır və cinayətkarlar məsuliyyətə cəlb olunmalıdır. Yəni, burada bizim mövqeyimiz, bir daha demək istəyirəm ki, birmənalıdır, qətidir və bizimlə Türkiyə arasında qardaşlıq münasibətlərimizə, beynəlxalq hüquqa əsaslanır. Biz, əlbəttə, hesab edirik ki, Türkiyəyə müttəfiq sayılan ölkələr də eyni mövqedən çıxış etməlidirlər".

Ümumiyyətlə, Türkiyə ilə Azərbaycan arasında tarixin sınaqlarından çıxmış dostluq telləri bu kimi məsələlərin həllində birgə mövqedən çıxış etməyi zərurətə çevirmişdir.

Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri zamanı imzalanan mühüm sənədlər - Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Türkiyənin BOTAŞ şirkəti arasında təbii qazın satışı və nəqli sahəsində Anlaşma Memorandumu, Azərbaycandan Türkiyəyə və Türkiyə ərazisindən təbii qazın satış və nəqlinə dair Bəyannamənin imzalanması iki ölkə arasında enerji sahəsində əməkdaşlığın inkişafında yeni mərhələnin əsasını qoyacaqdır.

Hər iki ölkənin dövlət başçıları görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə də toxunmuş, BMT Nizamnaməsinə uyğun olaraq dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına hörmət və riayət edilməsi əsasında münaqişələrin sülh yolu ilə həlli məqsədilə fəaliyyət göstərəcəklərini bir daha bildirmişlər. Türkiyə Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə BMT-nin və digər nüfuzlu qurumların müvafiq qətnamələrinin yerinə yetirilməsinə və bu münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həllinə tərəfdar olduğunu bir daha bəyan etmiş, münaqişənin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupunun təsirli və qətiyyətli addımlar atmasının vacibliyini önə çəkmişdir. Şübhəsiz ki, sülh danışıqları nəticə verməzsə, Azərbaycan tərəfi beynəlxalq hüquq normaları çərçivəsində ərazi bütövlüyünü bərpa etmək hüququnu özündə saxlayır.

Prezident İlham Əliyev İstanbulda jurnalistlərə müsahibəsində ölkəmizin bu məsələ ilə bağlı prinsipial mövqeyini bir daha açıq ifadə etmişdir: "Mən dəfələrlə demişəm ki, biz imitasiya naminə danışıqlarda işirak etməyəcəyik. O vaxta qədər iştirak edəcəyik ki, nəticəyə çatmaq ümidimiz olacaqdır. Ya da ki, məsələ dondurulmuş vəziyyətdən çıxıb başqa bir müstəviyə keçəcəkdir. Yəni, sirr deyil ki, bu da hərbi variantdır. O heç vaxt istisna olunmurdu, bu günistisna olunmurbiz bu varianta da hər zaman hazır olmalıyıq. Ona görə indiki dövrün öz məntiqi və öz əhəmiyyəti vardır. İndiki dövrdə həm Ermənistan, həm də həmsədr ölkələr tərəfindən atılacaq addımlar, bax, bu məsələnin hansı yolla həll olunmasını müəyyən edəcəkdir.

Biz çox istəyirik ki, həmsədr ölkələr öz nüfuzundan, təsir imkanlarından istifadə edib Ermənistan tərəfinə ciddi siqnallar göndərməklə onları vadar etsinlər ki, yenilənmiş Madrid prinsiplərini qəbul etsinlər və biz bunun əsasında sülh müqaviləsi üzərində işə başlayaq".

Bir sözlə, Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri çərçivəsində keçirdiyi yüksək səviyyəli görüşlər və imzalanan sənədlər iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə yeni töhfələr verəcəkdir.

 

 

Azərbaycan.- 2010.-19  iyun- S.  1.