Bakıda Milli İnkişaf Maliyyə İnstitutları Assosiasiyası Baş Assambleyasının 26-cı iclası

 

İyunun 21-də Bakıda, "Gülüstan" sarayında İslam İnkişaf Bankının İslam maliyyəçiliyinə dair 5-ci Qlobal Forumu çərçivəsində Milli İnkişaf Maliyyə İnstitutları Assosiasiyası (MİMİA) Baş Assambleyasının 26-cı iclası keçirilmişdir.

MİMİA-ya Azərbaycan, Türkiyə, Rusiya, İran, Banqladeş, Kamerun, Malayziya, Oman, Pakistan, Sudan, Tunis, Türkmənistan, Uqanda, Yəmən və s. ölkələrinin maliyyə qurumları daxildir.

Qurani-Kərimdən surə oxunduqdan sonra iclasın sədri, MİMİA idarə heyətinin üzvü Mehmet Emin Özcan, Assosiasiyanın baş katibi Nuri Birtekbu təşkilatın üzvü olan ölkələrin maliyyə qurumlarının təmsilçiləri çıxış etmişlər.

Vurğulanmışdır ki, iclasın keçirilməsi MİMİA-nın üzvü olan ölkələrinin maliyyə qurumları arasında qarşılıqlı əməkdaşlığın inkişafına dəstək olacaq, əlaqələrin genişləndirilməsi imkanlarının müzakirə edilməsinə imkan verəcəkdir.

İclasda MİMİA-nın üzvü olan ölkələrin iqtisadiyyatının investisiya prioritetləri açıqlanmışdır. Onların arasında şaxələnmə, qeyri-neft sektoru, infrastrukturların inkişafı, yol tikintisinin davam etdirilməsi, kənd təsərrüfatı, İT sektoru, turizm, alternativ enerji sahəsinin, ekologiyanın inkişafı qeyd edilmişdir.

Bildirilmişdir ki, son illər MİMİA-nın üzvü olan ölkələrdə maliyyə xidməti sənayesinin inkişafı üzrə intensiv işlər aparılır və bu istiqamətdə çox böyük uğurlar əldə olunmuşdur. İslam maliyyə sistemi dünya maliyyə böhranı dövründə zərbəyə qarşı davamlı olmağa kömək etmişdir.

Qeyd olunmuşdur ki, MİMİA üzvü olan ölkələrin qarşısında sənayenin və İslam maliyyə sisteminin bütün dünya üzrə yayılmasını təmin etmək üzrə öhdəliklər vardır. Dünya maliyyə böhranı inkişaf edən ölkələr arasında böyük qarşıdurmaya gətirib çıxarmışdır. Bunu nəzərə alaraq, MİMİA maliyyə əməliyyatları aparmaq və yüksək iqtisadi səviyyədə, şəriət qanunları əsasında İslam maliyyə sistemini qəbul etmək təklifini irəli sürmüşdür.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 22 iyun- S.  2.