Azərbaycanın inkişaf strategiyası iqtisadi nəzəriyyənin tədrisinə yeni baxış tələb edir

 

"İndi cəmiyyətimiz qarşısında, ilk növbədə elmi elita qarşısında mühüm vəzifələrin həlli məsələsi dayanır. Əsas məqsədimiz ondan ibarətdir ki, yaxın illərdə təhsildə, elmdə, ümumən intellektual sahələrdə ciddi dönüş yaradılmalı və biliklərə əsaslanan iqtisadiyyatın qurulması prosesi intensivləşməlidir".

Ramiz MEHDİYEV,

akademik

 

Təhsil hər bir millətin gələcəyi, müstəqil dövlətin təməli, uğurlu sabaha açılan pəncərədir. Tarixən hər bir xalq inkişaf yolunu məhz malik olduğu elmi-intellektual potensialla müəyyənləşdirərək dünya miqyasında layiqli yer tutmaq, özünü təsdiqləmək imkanı qazanmışdır. Cəmiyyət qarşısında dayanan bir sıra əsaslı problemlərin həllində açar rolunu oynayan elm və təhsil həm də xalqların dünya arenasında layiqli təmsilçiliyinə, insan kapitalının formalaşdırılması yolu ilə qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləməsinə real təminat yaratmışdır.

Müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu ümummilli lider Heydər Əliyev də dövlət idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşaraq ilk növbədə xalqın gələcəyini düşünmüşdür. Bu sahələrdə qazanılan uğurları dövlət quruculuğu prosesinin ümdə şərti, etibarlı təminatı hesab edən ulu öndər milli iqtisadi inkişaf konsepsiyasının da məhz elmi təməl üzərində hazırlanaraq həyata keçirilməsini vacib saymışdır. XXI əsrin başlanğıcında Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yer tutması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması məhz ümummilli lider Heydər Əliyevin elmi prinsiplərə əsaslanmaqla müəyyənləşdirdiyi uzaqgörən iqtisadi strategiyanın nəticəsidir.

Bu mükəmməl strategiya əsasında respublikada elmi əsaslara söykənən sosialyönümlü iqtisadi sistemin qurulmasının, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına tam meydan verilməsinin, zəngin təbii sərvətlərdən səmərəli istifadə edilməsinin, investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı son illərdə təkcə sürətli inkişafla deyil, eyni zamanda yeni keyfiyyət parametrləri ilə də özünü təsdiqləmişdir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında 2003-cü ildən uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar ötən 7 ildə daha yüksək nəticələrə yol açmış, respublikamızın regionda analoqu olmayan inkişaf mərhələsinə qədəm qoyması - ümumi daxili məhsulun yüksək artım tempi, büdcə gəlirlərinin ildən-ilə əhəmiyyətli dərəcədə çoxalması iqtisadi sektorda islahatların genişləndirilməsinə, sosial-mədəni modernləşməyə imkan yaratmışdır. Bütün bunların nəticəsi kimi respublikamız 2009-cu ildə nəinki qlobal dünya iqtisadi böhranına mətinliklə sinə gərmiş, eyni zamanda iqtisadi sahədə keçid dövrünü başa vuraraq inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur.

Sosial-iqtisadi intibah prosesinin keyfiyyətcə yeni mərhələsində dünyadakı qlobal proseslərə nəzərən Azərbaycanın milli inkişaf modelinin özünəməxsusluğunu konkret elmi postulatlarla əsaslandırmaq, onun nəzəri-konseptual əsaslarını yaratmaq bu gün ictimai elm sahələri, xüsusən də iqtisadi nəzəriyyə qarşısında duran başlıca vəzifələrdəndir. Bu da təsadüfi deyildir ki, son illərdə ictimai fikir tarixinin ayrı-ayrı tədqiqatçıları, tarixçilər, sosioloqlar, filosoflar, iqtisadçılar Azərbaycanın unikallığı ilə fərqlənən milli inkişaf modelini konkret elmi postulatlar üzərində əsaslandırmağa, respublikamızda modernləşmə və demokratikləşmə xəttinin spesifik cəhətlərini, habelə növbəti inkişaf mərhələləri üçün qarşıda duran strateji vəzifələri müəyyənləşdirməyə çalışırlar. Bu kontekstdə müstəqillik illərində keçilmiş yolun ayrı-ayrı mərhələlərini elmi-politoloji cəhətdən əsaslandırmaq, ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin nəzəri əsaslarını mükəmməl konsepsiya formasına gətirmək istiqamətində də müəyyən cəhdlər edilir.

Son illər qloballaşma, demokratikləşmə, modernləşmə, milli iqtisadi inkişaf, ümumiyyətlə, xüsusi aktuallığa malik elmi mövzularla bağlı cəmiyyətə təqdim olunan sanballı tədqiqatlar sırasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin əsərləri fəlsəfi məzmun yükü, aktuallığı, problemlərə açıq və rasional tənqidi yanaşması ilə diqqəti çəkir. Görkəmli filosofun fundamental əhəmiyyətli əsərlərində Azərbaycan dövlətinin və cəmiyyətinin iqtisadi, siyasi, sosial, elmi, fəlsəfi problemlərinin hərtərəfli təhlilinə geniş diqqət ayrılır. Bu əsərləri oxuyan hər bir şəxs Azərbaycanın müasir inkişaf xüsusiyyətləri ilə yanaşı, yeni dövrdə cəmiyyət qarşısında duran əsas vəzifələrlə də yaxından tanış olur. Respublikamızda tərəqqinin vahid formulu kimi qəbul edilən iqtisadi inkişaf və demokratikləşmə proseslərinin politoloji müşayiətində akademik Ramiz Mehdiyevin tədqiqatları mühüm xüsusi rol oynayır və bu baxımdan görkəmli tədqiqatçı-alimin qələmə aldığı əsərlər cəmiyyət üçün olduqca dəyərlidir. Həmin əsərlərdə Azərbaycanın fəlsəfi-siyasi elmləri çərçivəsində tədqiq olunmalı bir sıra problemlər ilk olaraq diqqətə çatdırılır, onların praktik tətbiqinə dair müasir metodoloji yanaşmalar təklif olunur.

Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev müasir dövrdə Azərbaycanın milli iqtisadi inkişaf modelinin elmi cəhətdən əsaslandırılmasını və tədqiqini isə iqtisadçı alimlər qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Görkəmli filosofun "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsi təkcə elmi mühitdə deyil, bütövlükdə cəmiyyətdə böyük maraqla qarşılanmışdır. Akademik Ramiz Mehdiyev həmin əsərdə haqlı olaraq qeyd etmişdir ki, Azərbaycanın davamlı tərəqqisi və iqtisadi sahədə keçid mərhələsini uğurla başa çatdırması elmi ictimaiyyət qarşısında yeni hədəflər müəyyənləşdirir: "Ölkəmizin iqtisadi inkişafının vahid konsepsiya çərçivəsində təqdimi məsələsi hələ də öz həllini tapmaq mərhələsindən çox uzaqdır. Məlumdur ki, həyata keçirilən iqtisadi islahatlar və dəyişikliklər məhz vahid iqtisadi siyasət çərçivəsində nəzəri cəhətdən təhlil olunmalıdır. Lakin bu istiqamətdə heç bir irəliləyiş gözə çarpmır. Bununla yanaşı, indiyədək sosial-iqtisadi inkişafımızın sürətləndirilməsinin nəzəri əsasları da işlənilməyibdir. Daxili bazarda qiymətlərin formalaşmasının nəzəri problemləri, maliyyə-kredit sistemi və insanların tələbatlarının proqnozlaşdırılması ilə bağlı məsələlər də elmi həllini gözləyir".

Yeri gəlmişkən, akademik Ramiz Mehdiyev iyunun 17-də təhsil müəssisələrinin yeni maliyyələşdirmə mexanizmlərinə dair keçirilən müşavirədə hələ də ali məktəblərdə ictimai elmlərin tədrisi ilə bağlı tələb olunan dönüşün yaranmadığını təəssüflə qeyd etmişdir.

"İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsində digər ictimai elm sahələri kimi, iqtisad elminin də qarşısında müəyyənləşdirilən vəzifələr ilk növbədə Azərbaycanın bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövrünü uğurla başa vurması, sosial-iqtisadi sahədə böyük uğurlar qazanması ilə şərtlənir. Hazırda iqtisadi nəzəriyyə fənninin tədrisi prosesinin yeni dövrün tələblərinə uyğun təkmilləşdirilməsi vacib və aktual məsələlərdən biridir. İqtisad elmlərinin əsas tədris məkanı olan Azərbaycan Dövlət İqtisad Universitetində bu zərurət ciddiliklə nəzərə alınır və iqtisadi nəzəriyyə fənninin təkmilləşdirilməsi istiqamətində addımlar atılır. Belə ki, Azərbaycan dilinə yeni iqtisadi nəzəriyyə dərslikləri tərcümə edilmiş və həmin fənlərin Avropa standartlarına uyğun yeni tədris proqramları hazırlanmışdır.

Bununla belə, hesab edirik ki, Azərbaycanda bakalavr təhsil pilləsi üçün tərtib edilən yeni təhsil standartlarında və ali təhsil məktəblərinin tədris planlarında iqtisadi nəzəriyyə fənninin yerinə "Ekonomiks" metodologiyasına və metodikasına əsaslanan "Mikroiqtisadiyyat" və "Makroiqtisadiyyat" kurslarının yer almasını birmənalı müsbət addım hesab etmək olmaz. Qeyd edək ki, 2007-ci ildə kredit sisteminə keçidlə əlaqədar iqtisadyönümlü ali məktəblər üçün bütün ixtisaslarda tərtib olunmuş yeni tədris planlarında fundamental fənn kimi iqtisadi nəzəriyyənin adı saxlanılmaqla, 240 auditoriya saatı həcmində 4 semestrə bölünməklə, hər semestrdə 60 saat fənni tədris etməklə aşağıdakı kimi göstərilmişdir: "Mikroiqtisadiyyat - 1"; "Mikroiqtisadiyyat - 2"; "Makroiqtisadiyyat - 1"; "Makroiqtisadiyyat - 2". Lakin keçən il respublikada Boloniya sisteminə keçid ilə əlaqədar ixtisaslar üzrə bakalavr hazırlığını təmin edən ali baza təhsil standartlarından "İqtisadi nəzəriyyə" fənninin adı ümumiyyətlə çıxarılmış və onun yerinə "Mikroiqtisadiyyat" və "Makroiqtisadiyyat" salınmışdır. Yeni tərtib olunmuş tədris standartları ixtisaslar üzrə hazırlanaraq aşağıdakı iqtisad ixtisaslarını əhatə etmişdir: iqtisadiyyat, dünya iqtisadiyyatı, kommersiya, maliyyə, marketinq, menecment, mühasibat uçotu və audit, sənayenin təşkili və idarə olunması, statistika, dövlət və bələdiyyə idarəetməsi. Bunların hamısı iqtisadyönümlü istiqamət olduğu halda niyə ancaq İqtisadiyyat ixtisasında "İqtisadi nəzəriyyə" 240 saat olmaqla "Mikroiqtisadiyyat-1,2"; "Makroiqtisadiyyat - 1,2" kimi verilmiş, digər ixtisaslarda isə tədris saatlarının miqdarı 165 saat olmaqla "Mikroiqtisadiyyat" və "Makroiqtisadiyyat"a bölünmüşdür. Azərbaycan Dövlət İqtisad Universitetinin xüsusi istedadlar qruplarında "Mikroiqtisadiyyat" və "Makroiqtisadiyyat" iki il ərzində geniş formada tədris olunduğu halda, digər qruplarda isə niyə bir il ərzində tədris olunmasının səbəbləri məlum deyil. İqtisadyönümlü ali təhsil ocaqlarının tədris standartlarında və tədris planlarında yüksək səviyyəli mütəxəssis yetişdirmək məqsədilə yuxarıda göstərilən ixtisasların hamısında əvvəlki tədris planlarında olduğu kimi, iqtisadi nəzəriyyə fənninin adını göstərməklə tədris saatlarını 240 saat etməklə 4 semestr ərzində "Mikroiqtisadiyyat-1"; "Mikroiqtisadiyyat-2"; "Makroiqtisadiyyat-1"; "Makroiqtisadiyyat-2" formasında tədris etmək gələcək iqtisadçı kadrların universitet statusuna uyğun nəzəri və praktiki cəhətdən hərtərəfli hazırlanmasına ciddi təkan vermiş olardı. Dünyanın bir sıra aparıcı universitetlərində - İngiltərənin Oksford Universitetində, Kembric Universitetində, London İqtisad Məktəbində, ABŞ-ın Harvard Universitetində, Yell Universitetində, Vaşinqton Dövlət Universitetində, Şotlandiyanın Aberdin Universitetində, M.V.Lomonosov adına Moskva Dövlət Universitetində, Q.V.Plexanov adına Rusiya İqtisad Akademiyasında "İqtisadi nəzəriyyə" fənni yuxarıda göstərilən formada tədris edilir. Təhsilin keyfiyyətinin artırılmasında ali məktəb tələbələrinin analitik-tənqidi və müstəqil düşüncə qabiliyyətlərinin formalaşdırılmasında yazılı yoxlamaların rolu danılmazdır. Bu baxımdan iqtisadi nəzəriyyə fənnindən kurs işlərinin yazılması təcrübəsinin bərpası zəruridir. Hesab edirəm ki, ADİU-nun bütün tarixi müddətində formalaşmış iqtisadi nəzəriyyə fənninin tədrisinin və fundamental universitet təhsilinin özəlliyinin itirilməsi milli miqyasda itki olardı. Bu səpkidə kurs işlərinin keyfiyyətli hazırlanması xüsusi əhəmiyyət daşıyır. Fikrimizcə, Təhsil Nazirliyinin iqtisad profilli ixtisaslar üçün yeni tərtib edilmiş tədris standartlarında "İqtisadi nəzəriyyə" fənninin roluna və yerinə yenidən baxılması məqsədəuyğundur.

Yeni hazırlanan standartların çatışmayan cəhətlərindən biri də Qərb ölkələrinin iqtisadyönümlü ali məktəblərinin tədris planlarında fundamental fənlər sırasına daxil olan "İqtisadi fikir tarixi" fənninin yer almamasıdir. Bundan əlavə, ümumi humanitar fənlər sırasında "İqtisadi tarix" fənninə də yer tapılmaması böyük təəccüb doğurur.

İqtisadi nəzəriyyənin inkişafı və həmin prosesin tərkib hissəsi kimi tədqiqat metodlarının zənginləşməsi davamlı xarakter daşıyır. Bu sahədə riyazi və informasiya texnologiyaları metodları faydalıdır. İqtisadi problemlərin öyrənilməsində və tədrisində riyaziyyatdan həmişə istifadə olunmuşdur. Hesablayıcı elektron maşınların və riyazi modelləşdirmənin geniş tətbiqi ilə əlaqədar iqtisadi nəzəriyyədə ali riyaziyyatsız keçinmək mümkün olmamışdır. İqtisadiyyatın özündə qarşılıqlı əlaqələr o dərəcədə mürəkkəbləşmişdir ki, riyazi aparatın iqtisadi tədqiqatlara geniş tətbiqi obyektiv olaraq dönməz xarakter almışdır. Bu, bir sıra hallarda riyazi metodların mütləqləşdirilməsinə, təhlilin həddindən ziyadə formallaşdırılmasına və sistemli yanaşmanın sıxışdırılmasına gətirib çıxarmışdır.

Kompüter texnikası və proqram təminatının meydana gəlməsi iqtisadi araşdırmalarda kəmiyyət metodlarının səmərəliliyini artırır. Bu, əlbəttə, iqtisadi düşüncə tərzinin dəyişilməsi sualı doğura bilər. Kompüter texnologiyasını tam bilən, amma iqtisadi təhsili olmayan riyaziyyatçı yalnız qiymətlərin dəyişməsini müşahidə edə bilər. O, uzunmüddətli müşahidələrdə və informasiyaların təhlilində riyazi metodları tətbiq edə və qarşılıqlı əlaqələri və meyilləri miqdar baxımından qiymətləndirə bilər. Beləliklə, çoxsaylı qarşılıqlı əlaqəli elementli mürəkkəb iqtisadi sistemlərin təhlili xüsusi biliklər və onların tətbiqini tələb edir. Müasir texnika hesablama metodlarının səmərəliliyini xeyli yüksəltsə də, bu baxımdan iqtisadi təfəkkürün təbiətində çətin ki əhəmiyyətli dəyişikliklər baş vermişdir. Hər bir iqtisadçı nə qədər çox peşəkar və yüksək ixtisaslı mütəxəssis olsa da, bir o qədər aydın başa düşür ki, iqtisadiyyatda hər şey hər şeydən asılıdır. Səbəb-nəticə əlaqələri ilə iqtisadi nəzəriyyə, amma səbəbini müəyyənləşdirmədən, ümumiyyətlə əlaqələrlə isə riyaziyyat, ekonometrika məşğul olur. İqtisadi nəzəriyyə iqtisadi hadisələri kəmiyyətcə müəyyənləşdirməli və onları müvafiq məfhumlarda (kateqoriyalarda) təsvir etməlidir. Yalnız hadisələr arasındakı əlaqələr deyil, həm də iqtisadi hadisələrin özlərinin kateqoriyalarda təsviri kəmiyyət metodlarının zəruri şərti qismində çıxış edir. Riyazi və informasiya texnologiyaları metodları nə qədər faydalı da olsa, araşdırma alətləri dəstindən başqa bir şey deyil. Eyni zamanda, bu alətlərin uğurla tətbiqi üçün əldə olan verilənləri doğuran proseslərin və bu verilənlərin bizim tədqiq etməyə cəhd etdiyimiz hadisələri nə dərəcədə əks etdirdiklərinin başa düşülməsi lazımdır. Tədqiq olunan iqtisadi proseslər və hadisələrin mahiyyətinin başa düşülməsi müvafiq kateqorial aparatın tətbiqi ilə onların məzmununun təsviri yolu ilə əldə olunur. Beləliklə, riyazi və informasiya texnologiyaları metodlarının tətbiqi həm məzmun (iqtisadi proseslərin məzmununun təsviri), həm də metodoloji (ayrı-ayrı hadisələr, proseslər, amillər, münasibətlər arasındakı əlaqələr) baxımdan iqtisadi nəzəriyyənin istifadə edilməsini nəzərdə tutur.

İqtisad elmində riyazi və informasiya texnologiyaları metodlarından indiki zamanda geniş istifadə olunması bəzən heç bir əsası olmadan iqtisad elminin sosial, humanitar elm olmaması və həmin elmin təbiət elmləri və ya fizika-riyaziyyat və texniki elmlər bölməsinə daxil edilməsi kimi absurd təşəbbüslər irəli sürülür. Bununla əlaqədar qeyd etməliyəm ki, müasir dövrdə ən sürətlə inkişaf edən elmlərdən biri tibb elmidir və bunun da əsaslı amillərindən biri kimi həmin elm sahəsində riyazi və informasiya texnologiyaları metodlarının geniş tətbiqidir. Buna əsaslanaraq tibb elmini fizika-riyaziyyat elmləri ilə bir sıraya qoymaq heç kimin ağlına gəlmir.

İqtisadi nəzəriyyə digər ictimai, humanitar elmlər kimi, təbiət elmləri ilə müqayisədə bir sıra xüsusiyyətlərə malikdir. Birincisi, iqtisadi nəzəriyyə insan fəaliyyəti ilə əlaqədardır, buna görə də insan iradəsi və şüuru ilə vasitələnməmiş hadisə və prosesləri öyrənən təbiət elmlərindən fərqli olaraq, ictimai, humanitar elmdir. İkincisi, iqtisadi nəzəriyyə insanların iqtisadi maraqları ilə birbaşa əlaqəli olduğu üçün iqtisadi nəzəriyyəni sadəcə olaraq səmərəli iqtisadi qərarlar deyil, cəmiyyətin qəbul etdiyi məhsul və nemətlərin sosial ədalətli bölüşdürülməsini nəzərə almaqla bu qərarların realizasiya zəruriliyi maraqlandırır. Üçüncüsü, müasir iqtisadi nəzəriyyənin tarixi A.Smitdən başlayır və bu elm özünün olduqca geniş kateqoriyalar sistemini formalaşdırmış davamlı inkişaf edən elm sahəsidir. Dördüncüsü, 1969-cu ildən başlayaraq iqtisad elmləri sahəsində Nobel mükafatı verilməsi məhz iqtisad elminin və ilk növbədə iqtisadi nəzəriyyənin insanlar, cəmiyyət və dövlətlər qarşısında məhsuldar və faydalı xidmətinin etirafıdır. Beşincisi, iqtisadi araşdırmalarda riyazi və informasiya texnologiyaları metodlarının yayğınlaşması sayəsində bu elm sahəsinə riyaziyyatçıların geniş müdaxiləsi müşahidə olunur. Bunun müsbət tərəfləri ilə yanaşı bir sıra acı nəticələri də göz qabağındadır.

Dünya təsərrüfatında baş verən dəyişikliklər, əmək bölgüsünün dərinləşməsi iqtisadi elmlər sistemində ixtisaslaşmanın daha da inkişafına səbəb olur. Yeni yaranmış sahələrin öyrənilməsi iqtisad elminin şaxələnməsinə, müvafiq istiqamətdə iqtisadi biliklərin inkişafına səbəb olur. Daha dar ixtisaslaşma sahə iqtisad elmlərinin rolunun artmasında və onların əhəmiyyətinin çoxalmasında özünü göstərir. Ayrı-ayrı iqtisadi proseslərin nəzəri təhlili, elmi cəhətdən qiymətləndirilməsi çox hallarda müxtəlif elm sahələrinin biliklərindən istifadə etmək zərurəti yaradır. Nəticədə fənlərarası araşdırmalar, birgə elmi tədqiqatların sayı çoxalır. Son illərdə təsərrüfat fəlsəfəsi, iqtisadi sosiologiya, institusional iqtisadiyyat və başqa bu kimi elmi sahələrin meydana gəlməsi buna sübutdur. Digər tərəfdən, ictimai inkişafın, o cümlədən iqtisadi proseslərin tədqiqində daha çox riyaziyyat, fizika, kimya, mexanika kimi elmlərin təhlil metodlarından geniş istifadə olunur. Aydındır ki, bu cür qarşılıqlı təsir və yeni bilik sahələrinin yaranması qədim fəlsəfədən başlayaraq geniş mənada elmin obyektiv inkişaf qanunauyğunluğudur. Bir çox elmlər, xüsusilə təbiət elmləri öz tarixində bu cür diferensiasiya prosesinə uğramış və çoxsaylı bölmə, yarımbölmə, şöbələr halında vahid elmin istiqamətləri kimi bu gün özlərini doğrultmaqdadır. Məsələn, fiziki kimya, fiziki biologiya, Kvant mexanikası və başqa törəmə elmlər bugünkü fundamental fizika elmi ilə yanaşı yaşayır. İqtisadi nəzəriyyə elmində belə diferensiasiya prosesləri indi daha intensiv şəkildə gedir. Müasir dünyanın iqtisadi həyatında baş verən proseslərin elmi inikası, yuxarıda göstərdiyimiz kimi, iqtisadi nəzəriyyənin daha çox şaxələnməsinə, iqtisadi biliklərin yeni istiqamətlərinin yaranmasına səbəb olmuşdur. Bu hal, bir tərəfdən, iqtisadi hadisələrin yeni reallıqlarının öyrənilməsində kəmiyyət etibarilə tədqiqatın elmi yükünü yüngülləşdirir, digər tərəfdən, keyfiyyət səciyyəsi kimi tədqiqatın nəticələrində elmi bütövlük, inteqral ümumiləşmə tələb edir. Buna görə fənlərarası sinergetik tədqiqatların çoxaldığı və iqtisadi təhlil vasitələrinin genişləndiyi şəraitdə iqtisadi nəzəriyyənin ayrı-ayrı fənlərə parçalanması yox, əksinə, onun fundamental bir elm kimi tədqiqat predmetinin yetkinləşməsi prosesi gedir. Bu gün iqtisadi nəzəriyyənin predmetinə iqtisadi hadisələrin və iqtisadi proseslərin inkişaf qanunauyğunluqlarının öyrənilməsi, iqtisadi tədqiqatların metodoloji əsaslarının işlənib hazırlanması ilə yanaşı, xüsusi və sahə iqtisadi tədqiqatlarının predmetodoloji ümumiləşdirilməsi baxımından yanaşmaq lazımdır.

Hazırda ən çox səslənən fikir bundan ibarətdir ki, ümumi nəzəri səciyyəli iqtisadi problemlər "müasir iqtisadi nəzəriyyə" adlanan nəzəriyyə çərçivəsində nəzərdən keçirilir. Zənnimizcə, belə nəzəriyyə altında elmi iqtisadi fikrin uzun illər ərzində toplanmış elmi bilikləri əks etdirməyə, onların yenidən qiymətləndirməsini həyata keçirməyə qabil olan və yeni nəticələr əldə etməyə imkan verən, hələ ki mövcud olmayan, amma son dərəcə zəruri istiqamət nəzərdə tutulmalıdır.

Vahid predmeti və vahid təhlil və ifadə metodologiyası olan vahid elm kimi "müasir iqtisadi nəzəriyyə", bütün bölmələrində eyni cür şərh olunan kateqoriyalar (iqtisadi anlayışlar) sistemi kimi, yəni ümumdünya iqtisadi fikrinin inkişafının həqiqi elmi sintezi, müasir dünya sosial-iqtisadi inkişafının realiləri və tendensiyaları ilə təsdiqlənən əsas nailiyyətlərinin inteqral bilgisi kimi hələ mövcud deyil. Müasir iqtisadi nəzəriyyə, real fakt kimi, hələ ki nə "üzvi", nə də "inteqral" sistemi deyil, sistemi bilavasitə metodoloji prinsipləri ilə fərqlənən iqtisadi nəzəri istiqamətlərin, doktrinaların məcmusu kimi əks etdirən ümumi bir anlayışdır. Müasir iqtisadi nəzəriyyənin əsas struktur hissələri, müxtəlif əsas istiqamətlərin məcmusu kimi aşağıdakı kimi verilə bilər:

a) Sosial-iqtisadi nəzəriyyə. Onun predmeti bilavasitə cəmiyyətin sosial-iqtisadi sistemini, iqtisadi quruluşunu, onların forma və modellərini araşdırmaq və öyrənməkdir.

b) Məhdud resurslardan rasional istifadə nəzəriyyəsi. Bu sahənin bilavasitə predmeti isə iqtisadi münasibətlərin mikrosəviyyədə (mikroiqtisadiyyat) və makrosəviyyədə (makroiqtisadiyyat) həyata keçirilməsinin təhlilini özündə ehtiva edir.

c) İnstitusional iqtisadi nəzəriyyə. Burada isə iqtisadi sistemin məzmunu iqtisadi və digər təsisatların qarşılıqlı əlaqəsi fonunda nəzərdən keçirilir və onların iqtisadiyyatın inkişafına təsiri araşdırılır.

d) İqtisadi nəzəriyyə tarixi isə iqtisad elminin inkişafına tarixi nəzər salmaqla yanaşı, həm də iqtisadiyyata tam vahid baxışın mərhələsi kimi müxtəlif yanaşmaları birləşdirməyə imkan verir.

e) Nəhayət, iqtisadçı kadrların hazırlanmasında iqtisadi tarix fənninin rolu ayrıca müzakirə oluna bilər. Dünyanın aparıcı ali məktəblərində həmin fənnin əsas vəzifəsi tarixdə məlum müsbət iqtisadi inkişaf modellərinin, iqtisadi inkişafa əhəmiyyətli təsir göstərmiş və nəticələr vermiş iqtisadi siyasət təcrübələrinin öyrənilməsindən ibarətdir.

 

 

Əlican BABAYEV,

Azərbaycan Dövlət İqtisad

Universitetinin "İqtisadi

nəzəriyyə-1" kafedrasının

müdiri, iqtisad elmləri

doktoru, professor

 

Azərbaycan.- 2010.- 22 iyun- S.  4.