Milli Məclisin növbədənkənar sessiyası başa çatmışdır

 

İyunun 22-də Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov gündəlikdə duran ilk məsələnin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi ilə bağlı olduğunu bildirdi.

Bununla əlaqədar məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirdi ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndinə uyğun olaraq Prezident İlham Əliyev Konstitusiya Məhkəməsinə yeni hakimlərin təyin edilməsinə dair Milli Məclisə təqdimat göndərib. Ölkənin siyasi sistemində Konstitusiya Məhkəməsinin rolu əvəzolunmazdır. Müasir konstitusionalizmin ideologiyasının təminatı üçün hakimiyyət qolları arasında münasibətlərin və bu münasibətlərin Konstitusiyaya uyğunluğuna nəzarət Konstitusiya Məhkəməsi tərəfindən həyata keçirilir. Konstitusiya Məhkəməsinin əsas məqsədi Konstitusiyanın aliliyini təmin etmək, hər bir şəxsin konstitusion hüquq və azadlıqlarını müdafiə etməkdir.

Əli Hüseynov daha sonra dedi ki, 2002-ci ildə keçirilən referendumda Konstitusiya Məhkəməsinin səlahiyyətləri daha da genişləndirilib və bu orqana fərdi şikayətlərə baxılması ilə əlaqədar səlahiyyətlər verilib. 2003-cü ilin dekabrın 23-də "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının yeni qanunu qəbul olunub. Konstitusiyanın 130-cu maddəsinin birinci və ikinci hissələrinə uyğun olaraq Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir və onların səlahiyyət müddəti 15 ildir. Qanunvericiliyə müvafiq olaraq Konstitusiya Məhkəməsinin hakimləri Prezidentin təqdimatı ilə Milli Məclisdə təyin edilir. Prezident İlham Əliyev tərəfindən aşağıdakı şəxslərin namizədliyi təqdim olunub: Fikrət Babayev, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Sona Salmanova, Kamran Şəfiyev.

Namizədlikləri irəli sürülən şəxslərin lehinə səs verəcəyini bildirən deputat Qüdrət Həsənquliyev qeyd etdi ki, Azərbaycanda məhkəmə hakimiyyətinin nüfuzu hakimlərin qəbul etdiyi qərarlardan çox asılıdır. O, hakimlərin əmək haqlarının artırılmasını da təklif etdi. Səsvermədən sonra adları çəkilən namizədlər Milli Məclis tərəfindən Konstitusiya Məhkəməsinin hakimləri vəzifəsinə təsdiq olundular. Sonra yeni hakimlər and içdilər. İclasda çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirdi ki, Konstitusiya Məhkəməsi qanunları, ədalət prinsipini bundan sonra da rəhbər tutacaq, yeni tərkib öz işini daha da təkmilləşdirəcək.

Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsinə dair məsələ müzakirə olundu və bu barədə də Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov məlumat verdi. Dedi ki, ölkəmizdə həyata keçirilən iqtisadi və institusional islahatların vacib şərtlərindən biri müstəqil və effektiv məhkəmə sistemidir. Prezident İlham Əliyev tərəfindən məhkəmə sisteminin möhkəmləndirilməsi istiqamətində son illər bir sıra mühüm addımlar atılıb. Ən vacib olanlardan biri 2006-cı il yanvarın 19-da məhkəmə sisteminin müasirləşdirilməsi haqqında olan fərmandır. Məhkəmə sahəsində islahatlara cavabdeh orqan kimi Məhkəmə-Hüquq Şurası tərəfindən ədalət mühakiməsinin səmərəliyinin artırılması, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, icra və əmək intizamının möhkəmləndirilməsi, qanun pozuntuları, süründürməçilik və digər halların aradan qaldırılması üzrə məqsədyönlü tədbirlər həyata keçirilib. Məhkəmə-Hüquq Şurası tərəfindən xüsusi tələbkarlıq nümayiş etdirilərək hakim korpusunun fəaliyyətinin prinsipial qiymətləndirilməsi üzrə son 3 il ərzində 40-dan çox hakimin səlahiyyətlərinə xitam verilib, 100-dək hakim iltizam məsuliyyətinə cəlb edilib.

Daha sonra Əli Hüseynov Azərbaycan Respublikası Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, apellyasiya məhkəmələrinə hakim təyin olunmaq üçün irəli sürülən namizədlər barədə məlumat verdi. Bildirdi ki, "Məhkəmələr və hakimlər haqqında" qanuna görə hakimlərin pensiya yaşı 65-dir. Müstəsna hallarda bu həddi 70 yaşa kimi artırmaq mümkündür. Hazırda pensiya yaşına çatan və səlahiyyət müddəti bitən 56 hakim var. Ali Məhkəmənin 5 hakimi pensiya yaşına çatıb. Onlardan yalnız bir nəfərin yaşı 65-i keçsə də, onun səlahiyyət müddəti 70 yaşına qədər uzadılıb. Ali Məhkəmənin səlahiyyət müddəti bitən hakimlərindən yalnız 15 nəfərinin yenidən namizədliyi irəli sürülüb.

Əli Hüseynov Ali Məhkəmə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, apellyasiya məhkəmələrinə ümumilikdə irəli sürülən namizədlərin sayı barədə də məlumatı diqqətə çatdırdı. Deputat Aydın Mirzəzadə dedi ki, 1993-cü ildə Azərbaycanda faktiki müstəqil dövlətin qurulmasından sonra indiyə qədər olan müddətdə məhkəmə sahəsində, hüquq-mühafizə orqanlarında aparılan islahatlar nəticəsində bu gün öz üzərinə düşən vəzifəni lazımi səviyyədə yerinə yetirən məhkəmə sisteminin yaranmasının şahidi oluruq. Eyni zamanda, ciddi tələblər, yüksək hazırlığa yönələn addımlar nəticəsində bu gün öz işini bilən, həm Azərbaycan qanunlarını üstün tutan, həm beynəlxalq konvensiyalardan yararlanan hakim korpusunun yaranmasına nail olmuşuq. Bu gün məhkəmələr vətəndaşların inam yerinə, ədalətin bərpa olunduğu məkana çevriliblər.

Deputat Zahid Oruc isə qeyd etdi ki, bəzi müxalif qüvvələrin iddia etdiyi kimi, məhkəmələr siyasiləşməyib. Əksinə, həmin qüvvələr özləri məhkəmə orqanlarına siyasi münasibət göstərir. Hakimlər isə obyektiv rəy formalaşdırmaq üçün həmişə ədaləti birinci yerə qoymalıdırlar.

Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, apellyasiya məhkəmələrinə namizədlər təsdiq olundu. İclasda iştirak edən Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirdi ki, məhkəmə sistemində səmərəliliyin artırılmasında, qanunların təkmilləşdirilməsində, insan hüquq və azadlıqlarının qorunmasında, hakimlərin müstəqilliyinin təmin edilməsində, məhkəmələrin maddi-texniki bazalarının möhkəmləndirilməsində Prezident İlham Əliyev tərəfindən böyük işlər görülüb və görülməkdədir. Burada qəbul olunan təyinatlar və qanunlar, əminəm ki, ədalət mühakiməsinin inkişafına öz töhfəsini verəcək.

Bundan sonra müzakirəyə çıxarılan "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikası qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsi barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov məlumat verərək qeyd etdi ki, Prezident İlham Əliyev tərəfindən məhkəmələrin və hakimlərin fəaliyyətini tənzimləyən qanunlara əlavələr və dəyişikliklər təklif olunub. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri edilən dəyişikliklərin mahiyyəti barədə də müvafiq məlumatları diqqətə çatdırdı. Deputat Qüdrət Həsənquliyev təklif olunan əlavələr və dəyişiklikləri məhkəmə-hüquq sistemində aparılan islahatların davamı kimi qiymətləndirdi. Deputat Azay Quliyev isə qeyd etdi ki, müzakirəyə təqdim olunan qanun layihəsi çox önəmlidir. Azərbaycanda məhkəmə-hüquq islahatları uğurla həyata keçirilməkdədir. Ədalətsiz qərarlar qəbul edən hakimlər barəsində isə bu islahatların daha da dərinləşməsi baxımından çox önəmli xarakter daşıyır. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov da əlavə və dəyişiklikləri müsbət qiymətləndirdi. Bununla yanaşı, o, məhkəmə və hüquq dilində müəyyən islahatların aparılması təklifini də irəli sürdü. Layihə səsə qoyularaq qəbul edildi.

Daha sonra "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsinə dair məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirdi ki, sözügedən dəyişikliyin mahiyyəti notariusun fəaliyyəti qiymətləndirilərkən onun şəhadətnaməsinin müddətinin daha 5 ilə kimi uzadılmasından ibarətdir. Həmin layihə də səsə qoyulub qəbul edildi.

Gündəlikdəki digər məsələ - "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının qanun layihəsi barədə də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov məlumat verdi. Dedi ki, layihə "Yol hərəkəti haqqında" qanuna bir sıra əhəmiyyətli əlavə və dəyişiklikləri özündə ehtiva edir. Əlavə və dəyişikliklər bir sıra yeniliklərlə xarakterizə olunur. Əlavələrin bir hissəsi qanunun anlayış hissəsi ilə bağlıdır. Orada müəyyən terminlər var idi ki, onların açıqlaması verilməmişdi. Təqdim olunan layihədə bu terminlərə və digər anlayışlara aydınlıq gətirilib. Daha sonra o, konkret maddələr üzrə də irəli sürülən əlavə və dəyişiklikləri diqqətə çatdırdı.

Qısa fasilədən sonra Milli Məclisin deputatları "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununa və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsinin müzakirəsini davam etdirdilər.

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov layihənin bir sıra maddələrinə dair təklif və qeydlərini bildirdi. Deputatlardan Nazim Məmmədov, Vahid Əhmədov sənədin nəqliyyat vasitələrinin dövlət qeydiyyatı, nəqliyyat vasitələrini idarəetmə hüququndan bəhs edən maddələrinə dair fikirlərini bildirdilər. Qanun layihəsi səs çoxluğu ilə qəbul edildi.

Komitə sədri Əli Hüseynov "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"yə əlavələr və dəyişikliklər edilməsi barədə sənəd haqqında da məlumat verdi. Komitə sədri bildirdi ki, qanuna edilən əlavə və dəyişikliklər "Dövlət qulluğu haqqında" qanuna uyğunlaşdırılmışdır. Bu sənədə də deputatların rəyi müsbət oldu.

"Reklam haqqında" Azərbaycan Respublikası Qanununa, İnzibati Xətalar Məcəlləsinə, "Televiziya və radio yayımı haqqında" və "Dərman vasitələri haqqında" qanunlara dəyişikliklər və əlavələri Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli təqdim etdi. Komitə sədrinin sözlərinə görə, həkim resepti əsasında buraxılan dərman vasitələrinin reklam edilməsinə görə vəzifəli şəxslər 90 manat, hüquqi şəxslər 300 manat miqdarında cərimə olunur. Deputatlar bu qanun layihəsini də qəbul etdilər.

Deputat Gülər Əhmədova "Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında diplomatik, xidməti və ya rəsmi pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında", "Azərbaycan Respublikası Hökuməti və İslam Konfransı Təşkilatı ilə bağlı beynəlxalq qurum - Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (DƏİKGF) arasında DƏİKGF-in Avrasiya üzrə Regional Mərkəzinin Bakı şəhərində yerləşməsi haqqında" sazişlərin təsdiq edilməsi haqqında qanun layihələrini təqdim etdi.

Deputatlar adıçəkilən sənədlərin əhəmiyyətini qeyd etdilər və ayrı-ayrılıqda müsbət münasibət bildirdilər.

Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin terrorçuluqla mübarizədə əməkdaşlıq haqqında" Müqavilənin təsdiq edilməsi barədə layihəni təqdim etdi. Bildirdi ki, müqavilə 1999-cu il iyunun 4-də Minsk şəhərində imzalanmışdır. Azərbaycan tərəfi terrorçuluqla mübarizədə əməkdaşlıq haqqında müqaviləyə xüsusi rəylə qoşulmuşdur. Bu sənəd də qəbul edildi.

"Olimpiya simvolunun qorunması haqqında" Nayrobi Müqaviləsinə qoşulmaq barədə sənədi, "Gömrük tarifi haqqında" qanun layihəsini, Gömrük Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə layihələri İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə təqdim etdi. Bu qanun layihələrini də deputatlar səs çoxluğu ilə qəbul etdilər.

Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Azərbaycan Respublikasının Qax və Zaqatala rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihələri barədə məlumat verdi. Bildirdi ki, qeyd olunan rayonların ərazilərinin genişləndirilməsi nəzərdə tutulur. Deputatlar qanun layihələrinə ayrı-ayrılıqda səs verdilər.

Sonra deputatlar "Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında" Haaqa Müqaviləsinin Cenevrə Aktına qoşulmaq barədə qanun layihəsi, "Bələdiyyə əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik və əlavə edilməsi barədə sənədləri ayrı-ayrılıqda səsə qoydular və qəbul etdilər.

Komitə sədri Ziyafət Əsgərov "Fövqəladə hallar orqanlarında xidmət keçmək haqqında" qanun layihəsini ikinci oxunuşda təqdim etdi. Bildirdi ki, birinci oxunuşda qanun layihəsinin müzakirəsi zamanı deputatlar tərəfindən bir sıra maddələrə dair verilən təkliflər nəzərə alınmışdır. Fövqəladə hallar orqanlarına xidmətə qəbulun qaydaları və şərtlərindən bəhs edən maddəyə müvafiq dəyişikliklər edilmişdir. Bütövlükdə, bu qanun fövqəladə hallar orqanlarında xidmətkeçmənin qaydaları və şərtlərini, həmin orqanlarda xidmət keçən şəxslərin hüquqi vəziyyətinin əsaslarını müəyyən edəcəkdir. Qanun layihəsi ikinci oxunuşda əsas kimi qəbul edildikdən sonra fəsil-fəsil və bütövlükdə səsə qoyuldu. Qanun layihəsi üçüncü oxunuşda da səs çoxluğu ilə qəbul edildi.

İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun layihəsini ikinci oxunuşda təqdim etdi. Bildirdi ki, birinci oxunuşdan sonra qanun layihəsinin ayrı-ayrı maddələrində müvafiq dəyişikliklər edilmişdir. Xüsusilə məişət zorakılığının qarşısının alınması sahəsində əsas prinsiplər, məişət zorakılığı barədə şikayətlərin araşdırılmasından bəhs edən maddələrdə bir sıra dəqiqləşmələr aparılmışdır. Qanunun şamil edildiyi şəxslər konkret olaraq göstərilmişdir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov qanun layihəsinə komitə iclasında baxıldığını və müsbət rəy verildiyini bildirdi.

Deputatlardan İlyas İsmayılov, Musa Quliyev, Rafael Cəbrayılov sənədə dair bəzi təkliflərini verdilər. Qanun layihəsi ikinci oxunuşda əsas kimi qəbul edildi. Sonra isə fəsil-fəsil və bütövlükdə səsə qoyuldu. Deputatların təklifləri nəzərə alınaraq qanun layihəsi üçüncü oxunuşda da səsə qoyuldu və qəbul olundu.

Komitə sədri Ziyad Səmədzadə "İnvestisiya fondları haqqında" qanun layihəsini birinci oxunuşda təqdim etdi. Bildirdi ki, bu qanun Azərbaycan Respublikasında investisiya fondlarının təşkili, idarə edilməsi və ləğv edilməsi prinsiplərini, qaydalarını və normalarını, habelə investisiya fondlarının fəaliyyəti sahəsində dövlət tənzimlənməsinin və nəzarətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edəcəkdir. Qanun layihəsi birinci oxunuşda qəbul edildi.

Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndi və Milli Məclisin növbədənkənar sessiyası bununla da öz işini başa çatdırdı.

 

 

Azərbaycan.- 2010.- 23 iyun- S.  2.