Dövlət idarəçiliyində xalqa xidmət əsas məqsəddir

 

Mövcud dünya təcrübəsi belə bir həqiqəti əyani surətdə təsdiq edir ki, aralarındakı fərqdən asılı olmayaraq, bütün sivilizasiyalı ölkələrdə cəmiyyətin hər bir fərdinin layiqli həyat tərzinin təmini doğru və rasional dövlət idarəçiliyindən keçir. Bu zaman dövlət idarəçiliyi konkret rəsmi orqanlarla əhatə olunmayıb daha geniş spektri əhatə edir. Yəni burada qanunlar və digər normativ hüquqi aktlar əsasında icraedici, qanunverici, məhkəmə hakimiyyəti ilə yanaşı, yerli özünüidarəetmə orqanları, ictimai və digər qeyri-dövlət təşkilatlarının fəaliyyəti də nəzərdə tutulur. Belə geniş spektrdə səmərəli dövlət idarəçiliyinə malik olmayan ölkələrdə sosial-iqtisadi sferadan tutmuş, demokratik dəyərlərin, plüralizmin bərqərar olaraq inkişaf etməsinə kimi kifayət qədər irimiqyaslı sahədə hər hansı sürətli tərəqqidən söhbət gedə bilməz.

Sözügedən səmərəli dövlət idarəçiliyi zamanı diqqət yetirilməsi mühüm olan məqamlardan biri də konkret götürülmüş ölkənin dövlətçilik tarixinin ənənələri, milli-mənəvi dəyərlərinin nəzərə alınması, onların müasir tələblərlə uğurlu vəhdətinin tapılmasıdır. Bu isə o deməkdir ki, bəşəri idealları, qabaqcıl dünya təcrübəsini və tarixi ənənələri özündə ehtiva edən dövlət idarəçiliyi olduqca mürəkkəb bir prosesdir.

Ötən əsrin son on illiyində Sovet İttifaqının dağılması ilə yaranan keşməkeşli bir dönəmdə yenidən dövlət müstəqilliyini qazanan Azərbaycanda, çox təəssüf ki, digər sahələrdə olduğu kimi, dövlət idarəçiliyində də ciddi problemlər yaranmış, hakimiyyətdə olan müxtəlif qüvvələrin səriştəsizliyi üzündən daha çox anarxik bir idarəçilik formalaşmışdı. Belə bir vəziyyət ümumilikdə ölkəni xaosa sürükləməkdə, Azərbaycanın gələcəyini böyük bir sual altına almaqda idi. Bununla barışmaq niyyətində olmayan Azərbaycan xalqının təkidli tələb və israrından sonra yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanı həqiqi dövlət müstəqilliyinə qovuşdurmaqla bərabər, yeni formasiyada suveren ölkəyə xas dövlət idarəçiliyinin nəzəriyyə və təcrübəsinə, dövlət quruculuğuna, idarəçilik sənətinə bütün dövrlər üçün böyük əhəmiyyətə malik yeniliklər də bəxş etdi. Məhz ulu öndərin titanik əməyinin nəticəsi olaraq Azərbaycanda həm də səmərəli, demokratik idarəçiliyin əsası qoyuldu, dövlət orqanlarının fəaliyyətinin çevikliyi və şəffaflığı gücləndirildi, ölkə vətəndaşlarının qayğı və ehtiyaclarına daha diqqətlə yanaşıldı, idarəçilikdə məsuliyyət prinsipi ön plana çıxdı. Bütün bunların məntiqi nəticəsi olaraq insanların dövlət idarəetmə orqanlarına inamı, hakimiyyət strukturlarına etimadı bərpa olundu.

Fəaliyyəti və şəxsiyyətilə Azərbaycan tarixinin ən parlaq səhifələrində adı yazılan ulu öndər Heydər Əliyev elmi prinsiplərə və zəngin intellektual potensiala əsaslanan mükəmməl bir dövlətçilik konsepsiyası yaratmış, dövlət idarəçiliyi sahəsində dərin elmi-nəzəri və praktiki irs qoymuşdur. Ulu öndərin hələ Azərbaycana rəhbərlik etdiyi birinci dövrə nəzər salsaq, görərik ki, həmin zaman kəsiyi Azərbaycanın siyasi tarixində yeni bir mərhələ olmaqla yanaşı, xalqın həyat və taleyi ilə bağlı bir çox məsələlərdə yeni ideoloji konseptual yanaşmaların əsası qoyulmuşdur. Burada diqqət çəkən ən vacib cəhətlərdən biri isə ondan ibarət idi ki, Heydər Əliyev dövlət qulluğunun milliləşməsi strategiyasını SSRİ kimi bir məkan daxilində böyük məharətlə həyata keçirə bilmiş, bunu siyasi proseslərlə lazımi şəkildə uyğunlaşdıra bilmişdir. Ulu öndər bu sahədə həyata keçirdiyi siyasətin tərkib hissəsi olaraq milli kadr potensialının yaradılmasına hər zaman xüsusi diqqət yetirmiş, müxtəlif vəzifə pillələrinə əsas etibarı ilə azərbaycanlıları irəli çəkmişdir. Bu və qeyd edilən istiqamətdə görülən digər işlər milli oyanışa ciddi təkan verərək dövlət idarəçiliyi sistemində milli ruhlu kadrların yetişməsində fundamental, əsaslı rol oynamışdır.

Heydər Əliyevin idarəçiliyi dövründə bir çox məsələlərdə yeni ideoloji konseptual yanaşmaların yaradılması ilə gələcəyə tuşlanan strateji xətdə yerinə yetirilməli olan əsas missiyalardan biri də tənəzzülə uğramış iqtisadiyyatın tezliklə dirçəldilməsi, Azərbaycanın təbii ehtiyatlarından, iqtisadi, təhsil, elm və mədəni potensialından xalqın bəhrələnməsi üçün əlverişli şərait yaradılması ilə bağlı olmuşdur. Məhz ulu öndərin gərgin əməyi, qətiyyəti, fitri idarəçilik qabiliyyəti, o cümlədən də yüksək vətənpərvərliyi sayəsində ölkənin iqtisadi cəhətdən güclü məkana çevrilməsilə Azərbaycan SSRİ-nin geridə qalmış bir əyalətindən bütün sahələri sürətlə inkişaf edən sənayeləşmiş respublikaya çevrildi. İqtisadi dirçəliş fonunda isə milli-mənəvi ruhun yüksəldilməsi, ana dilinin fəaliyyət dairəsinin genişlənməsi və 1978-ci ildə Azərbaycan dilinin dövlət dili olaraq Konstitusiyada təsbit olunması, azərbaycanlıların öz ənənələrinə, köklərinə bağlılığının möhkəmləndirilməsi istiqamətində görülən digər əməli işlər artıq ölkəmizin tarixində yeni bir səhifənin açılmasından xəbər verirdi. Beləliklə, ötən əsrin 70-ci illərindən etibarən, ulu öndərin təşəbbüsü və rəhbərliyi altında Azərbaycanda cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, intibah dövrü başlanmış, bu intibahın növbəti zəruri pilləsi olan azadlıq mübarizəsinə zəmin hazırlanmışdır. Bütün bunlar Heydər Əliyev idarəçilik fəlsəfəsinin nə qədər dərin və çoxşaxəli olmasından, ulu öndərin uzaqgörənliyindən xəbər verən mühüm cəhətlərdən idi. Danılmaz həqiqətdir ki, keçən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində müstəqillik hərəkatının geniş vüsətinə aparan çətin, ziddiyyətlərlə dolu tarixi yolun mühüm, həlledici mərhələlərindən biri məhz 70-ci illərin ümummilli yüksəlişi və onun sayəsində Azərbaycan xalqında mübarizlik ruhunun formalaşması olmuşdur.

İkinci dəfə Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra ilk illərdə hakimiyyətdə olan qüvvələrin dövlətdən, xalqdan daha çox öz mənafelərini güdməsi, idarəçilikdə yol verilən nöqsanlar və bu qəbildən olan digər amillər vətəndaş müharibəsinin, müstəqilliyin itirilməsi təhlükəsinin yaranmasına gətirib çıxarmaqda idi. Lakin Azərbaycan xalqının bir daha öz müdrikliyini göstərərək Heydər Əliyevin yenidən hakimiyyətə gəlişini tələb etməsi və buna nail olması ilə müstəqillik tariximizin yüksəliş dövrü başlandı.

Müstəqil Azərbaycanın Prezidenti seçildikdən sonra ulu öndər ölkənin suverenliyinin qorunmasını, möhkəmləndirilməsini, inkişaf etdirilməsini qarşıya əsas vəzifə kimi qoyaraq bildirirdi: "Dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, ölkəni müharibə şəraitindən çıxarmaq, vətəndaşların rifahını yaxşılaşdırmaq, onların yaşaması üçün lazımi şərait yaratmaq - bu vəzifələr mənim Prezident fəaliyyətimdə əsas istiqamətlər olacaqdır".

Bu dönəmdə Heydər Əliyevin nəzəri və praktiki fəaliyyətinin mühüm bir hissəsini onun dövlətçilik fəlsəfəsi, milli-mənəvi və ideya-siyasi dünyagörüşü təşkil etmiş, ulu öndərin ideya və fikirləri, həyata keçirdiyi siyasət Azərbaycan şəraitində inzibati amirlik sistemindən yeni cəmiyyətə keçidin elmi-nəzəri əsaslarını yaratmışdır. Ümummilli liderin müstəqil dövlətçilik konsepsiyasının əsasını ölkə daxilində, regionda və beynəlxalq aləmdə cərəyan edən proseslərin mahiyyətinin, məqsədlərinin və arxasında dayanan qüvvələrin öyrənilməsi, qiymətləndirilməsi və vəziyyətə uyğun fəaliyyət proqramının hazırlanması təşkil edirdi. Digər tərəfdən Heydər Əliyevin böyük müdriklik və uzaqgörənliklə ərsəyə gətirdiyi azərbaycançılıq ideologiyası xalqı, cəmiyyəti öz dövləti ətrafında səfərbər edən, birləşdirən saf və sağlam bir ideyaya çevrilmişdi. Dövrün, müstəqilliyin ən çətin və ağır sınaqlarından mətanətlə çıxan bu ideya zaman keçdikcə daha da möhkəmlənərək əbədilik qazandı. Ulu öndərin idarəçilik fəlsəfəsində əsas yerlərdən birini tutan güclü dövlət anlayışı isə mükəmməl mərkəzi və yerli idarəetmə mexanizmi, sabit ictimai-siyasi həyatı, işlək qanunları, ədalətli cəmiyyəti olan, insanları dəyərləndirilən və qabiliyyətinə görə proseslərə cəlb edilən, milli birliyə malik bir sistem tələb edirdi. Beləliklə, Heydər Əliyev müstəqillik dövründə hakimiyyətə gəldiyi ilk illərdən etibarən, yeni dövlət idarəçiliyi sistemi yaratdı, dövlət nizam-intizamını möhkəmləndirdi, qanunsuzluğun qarşısını aldı, sabit ictimai-siyasi həyatın formalaşmasına, milli birliyə və vətəndaş həmrəyliyinə nail oldu.

Ümummilli liderin müəllifi olduğu və 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil Azərbaycanın Konstitusiyasında müasir tələblərə cavab verən dövlət idarəçilik prinsiplərinin təsbit olunması bu sahədə qanunvericilik baxımından daha mükəmməl bir əsas yaratmışdır. Azərbaycanda hakimiyyətin yeganə mənbəyinin xalq olaraq göstərildiyi Konstitusiyanın müvafiq maddələrinə əsasən, Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir və qanunvericilik, icra, məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir, onlar səlahiyyətləri çərçivəsində müstəqildirlər. Konstitusiya ilə o da müəyyən olundu ki, Azərbaycan xalqının ayrıca götürülmüş hər hansı hissəsi, yəni heç bir sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz və hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir. Konstitusiyanın 12-ci maddəsi isə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi müəyyən etmişdir. Həmin məqsədin həyata keçirilməsinə çalışmaqla, bu məqsədlə üzərinə düşən məsuliyyəti dərindən dərk etməklə hər bir dövlət qulluqçusu dövlətlə vətəndaşın, eləcə də dövlətlə cəmiyyətin münasibətlərini vahid bir maraq ətrafında cəmləşdirir və bu da sonda ümumi milli maraqların təmin olunmasında özünəməxsus rol oynayır. Ümumiyyətlə isə, ulu öndərin hazırladığı dövlətçilik konsepsiyası ölkə vətəndaşlarının qanun qarşısında bərabərliyini, ölkənin maddi və mənəvi dəyərlərindən bəhrələnmək və qabiliyyətinə görə bütün sahələrdə təmsil olunmaqda onlara bərabər imkanların yaradılmasını nəzərdə tuturdu.

Mövcud qanunvericilik bazasın beynəlxalq standartlara uyğunlaşdırmaq və bu sahədə daha sürətli mütərəqqi inkişafı təmin etmək məqsədilə 1996-cı ildə Heydər Əliyevin sərəncamı ilə təşkil olunan Hüquqi İslahat Komissiyası bilavasitə dövlət idarəçiliyi sisteminin inkişafı, dövlət qulluğunun təşkilinə və təkmilləşdirilməsinə, dövlət qulluqçularının sosial müdafiəsinin təmin olunması istiqamətində normativ-hüquqi aktların işlənib hazırlanması ilə bağlı mühüm işlər görmüş, sözügedən sahədə qanunvericiliyin daha mükəmməl xarakter almasına böyük töhfələr vermişdir. Bu, həm də dövlət qulluğunu tənzimləyən zəruri qanunvericilik bazası formalaşdırılmasında vacib əhəmiyyət kəsb etmişdir.

1998-ci ilin dekabrın 29-da isə Heydər Əliyevin "Azərbaycan Respublikasında dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət komissiyasının yaradılması haqqında" imzaladığı fərman səmərəli dövlət idarəetmə sisteminin formalaşdırılması istiqamətində aparılan islahatların başlanğıcını qoymuşdur. Ulu öndərin rəhbərliyi altında sözügedən komissiya dövlət idarəetmə sisteminin islahatlarının Konsepsiya layihəsini işləyib hazırlamış, burada qeyd edilən sistemin müasir vəziyyəti təhlil olunaraq mövcud çatışmazlıqlar aşkara çıxarılmış, dövlət quruculuğunun inkişaf etdirilməsi, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi, eləcə də sərbəst bazar iqtisadiyyatı münasibətlərinə uyğunlaşdırılması sahəsində kompleks tədbirlər görülmüşdür. Konsepsiyada icra hakimiyyəti sisteminin təkmilləşdirilməsinin strateji istiqaməti və bu məqsədlə yerinə yetirilməli olan işlərin məzmunu, islahatların hüquqi təminatı, Nazirlər Kabinetinin rolu və funksiyasının təkmilləşdirilməsi, dövlət müəssisələrinin və dövlət mülkiyyətinin idarə olunması, peşəkar dövlət qulluğunun formalaşdırılması məsələləri öz əksini tapmışdı.

Görülən bu və digər işlərlə yanaşı, dövlətin səmərəli fəaliyyətini təmin etmək, qarşıda duran problemlərin lazımi nəticə əldə olunması ilə həlli üçün yüksək ixtisaslı, siyasi cəhətdən neytral, qanunla müdafiə olunan, cəmiyyətin maraqları naminə fəaliyyət göstərən, düzgün, vicdanlı, qərəzsiz, informasiyadan istifadə etmək bacarığı olan, səmərəli rəhbərlik edə bilən mütəxəssislərdən ibarət dövlət qulluğu sistemi qurulması da əsas şərt kimi çıxış edirdi. Bu məqsədlə 2000-ci il iyulun 21-də "Dövlət qulluğu haqqında" Qanun qəbul olundu. 2001-ci ilin sentyabrından qüvvəyə minən sözügedən qanun dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyərək, həyata keçirilən kadr siyasətinin əsas prinsiplərini, dövlət qulluqçularının cəmiyyətdəki yerini, onların hüquq və vəzifələrini müəyyənləşdirir. Bundan əlavə "Dövlət qulluğu haqqında" Qanun dövlət orqanlarının üzərinə düşən funksiyaların səmərəli şəkildə yerinə yetirilməsinə xidmət edən təcrübəli və peşəkar işçi korpusunun formalaşdırılması və inkişafını stimullaşdırır. O da xüsusi olaraq qeyd edilməlidir ki, qanunun qəbul olunması ölkədə dövlət qulluğu islahatları prosesinin əsasını təşkil edən meyar və prinsipləri müəyyənləşdirmiş, müxtəlif kateqoriyalı dövlət qulluqçuları arasında dəqiq vəzifə bölgüsünü, dövlət qulluqçularının öz funksiya və vəzifələrini yerinə yetirməsini təmin edən attestasiya və təsnifat sistemini yaratmış, dövlət qulluqçularının işinin səmərəliliyini qiymətləndirməyə, həmçinin ixtisasartırma tələbatını müəyyənləşdirməyə imkan verən, qulluqda irəliləmələrin əməkdaşın fərdi keyfiyyətlərindən, peşəkarlıq səviyyəsindən asılılığını təmin edən, yüksək ixtisaslı əməkdaşların dövlət qulluğunda qaldırılmasına şərait yaradan nəzarət sisteminin formalaşdırılmasına imkan vermişdir. Qanunun 2-ci maddəsi isə dövlət qulluğu anlayışını belə verir: "Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericilik aktlarına uyğun olaraq, dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir". Buradan isə bir daha aydın görünür ki, dövlət qulluğu Azərbaycanın müstəqil dövlətçiliyinin möhkəmləndirilməsində, sosial-iqtisadi proqramların həyata keçirilməsində və bütövlükdə cəmiyyət həyatının müxtəlif sahələrinin tənzimlənməsində mühüm əhəmiyyət kəsb edən fəaliyyət sahəsi sırasında yer alır.

Qeyd olunmalıdır ki, "Dövlət qulluğu haqqında" Qanunun qəbulundan sonra onun həyata keçirilməsini təmin edən hüquqi bazanın yaradılması istiqamətində də mühüm işlər görülmüş, bu məqsədə xidmət edən onlarla digər qanun və qərarlar qəbul edilmiş, fərman və sərəncamlar verilmişdir. Bunların sırasında "Dövlət qulluqçularının icbari sığortası haqqında", "Dövlət qulluqçusunun etik davranış qaydaları haqqında" qanunları və digərlərini qeyd etmək olar. Dövlət qulluğunun daha yaxşı təşkili və idarə olunması məqsədilə Dövlət Qulluğunu İdarəetmə Şurası da məhz ulu öndərin rəhbərlik etdiyi dövrdə yaradılmışdır ki, bu qurumun əsas missiyası vahid dövlət kadr siyasətinin formalaşdırılmasında iştirak etmək, dövlət qulluğunun təşkili və həyata keçirilməsi ilə bağlı normativ-hüquqi aktların və metodik göstərişlərin layihələrini hazırlamaq, dövlət hakimiyyəti orqanlarında dövlət qulluğunun vəziyyətini və səmərəliliyini təhlil etmək və səmərəliliyin artırılması yollarını araşdırmaq, bu yöndə təkliflər hazırlamaq və dövlət qulluğuna aid digər məsələləri həll etmək olmuşdur.

Beləliklə, ulu öndər Azərbaycana rəhbərlik etdiyi istər birinci, istərsə də ikinci dönəmdə böyük təşkilatçılıq bacarığı, zəngin idarəçilik səriştəsilə dövlətin idarə olunmasında, xarici və daxili siyasətində bir məktəb, yeni bir dövlətçilik konsepsiyası yaratmışdır. Görkəmli dövlət xadimi, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bununla bağlı qeyd edir: "Dövlətimizin tarixində Heydər Əliyev iki dəfə siyasətdə və dövlət idarəçiliyində səviyyəsizliyə, səriştəsizliyə və bəsitliyə son qoya bilmişdir. O, işdə sübuta yetirmişdir ki, dünyanı təkcə böyük dövlətlər idarə etmir, kiçik xalqlar da var və onların rəyi ilə hesablaşmaq lazımdır. O, azərbaycanlıların necə güclü iradəyə malik olduqlarını, onun xalqının necə böyük enerji potensialına və intellektual potensiala sahib olduğunu öz timsalında dünyaya nümayiş etdirmişdir".

Sevindirici haldır ki, ümummilli liderin əsasını qoyduğu dövlətçilik konsepsiyası Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yüksək peşəkarlıq, yeni təfəkkür və müasir yanaşma tərzi ilə bu gün uğurla davam etdirilməkdədir. 2003-cü ildən indiyə kimi keçən zaman xalqa layiqli xidmət prinsipinin Prezident İlham Əliyevin yürütdüyü siyasətin ana xəttini təşkil etdiyini əyani olaraq sübuta yetirmişdir. Liberal dəyərlərə, demokratik prinsiplərə, insan hüquq və azadlıqlarına sadiqliyini hər zaman qoruyub saxlayan Prezident İlham Əliyev Azərbaycanın sürətli sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə prosesini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti Azərbaycanın yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırmışdır. Bu kontekstdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan müvafiq islahatlar nəticəsində dövlət orqanlarının işinin müasir tələblərə uyğun yenidənqurulması, kadr korpusunun yaradılması daim prioritet istiqamətlərdən biri olmuşdur. Azərbaycan Prezidentinin dövlət qulluqçuları qarşısında qoyduğu ən ümdə tələblərdən biri onların xalqa xidmət etmələri, insanların üzləşdiyi problem və çətinliklərin həll edilməsi istiqamətində səlahiyyətləri çərçivəsində müvafiq işləri görmələridir. Bununla bağlı Prezident İlham Əliyev bildirmişdir: "İstər ölkə Prezidenti olsun, istər icra hakimiyyətinin başçısı olsun, hansısa başqa sahəyə rəhbərlik etsin, hər bir rəhbərin vəzifəsi ondan ibarətdir ki, mövcud olan problemləri aradan qaldırsın və insanları narahat edən məsələləri həll etsin".

Dövlət qulluğunun daha yaxşı təşkili və idarə olunması, bu sahədə vahid dövlət siyasətinin formalaşdırılması, dövlət qulluqçularının ixtisas dərəcələrinin artırılması və treninqlərin keçirilməsi, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi üçün Prezident İlham Əliyevin müvafiq fərmanı ilə 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılmışdır. Sözügedən komissiya vətəndaşların dövlət qulluğuna qəbulu üçün şəffaflıq və aşkarlıq şəraitində müsabiqələr keçirmişdir. Bununla yanaşı, müvafiq dövlət orqanlarının keçirdikləri test imtahanları və müsabiqələr dövlət qulluqçularının işə qəbulunda neqativ halların qarşısını almağa, ən layiqli şəxsləri dövlət qulluğuna götürməyə, beləliklə də idarəetmə sistemini daha peşəkar kadrlarla təmin etməyə xidmət göstərir.

Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə hazırlanan və 2007-ci il 31 may tarixində qəbul edilən "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Qanun dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsidir. Dövlət qulluqçularının peşəkarlığını artırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının da verdiyi töhfələr az deyil. Dövlət qulluqçularının hazırlanmasında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçularının peşə səviyyəsinin yüksəldilməsində, dövlət qulluğu məsələlərinə dair elmi-tədqiqat işlərinin aparılmasında, dövlət qulluğunun nəzəri və praktiki məsələlərinin öyrənilib müvafiq təkliflər verilməsində Dövlət İdarəçilik Akademiyası özünəməxsus rol oynayır.

İndi ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində dövlət qulluğunun təşkili tamamilə yeni prinsiplərə əsaslanır. Dövlətlə vətəndaş arasında inam, etimad bərqərar olunmuşdur. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət qulluğu siyasəti qanunçuluq və hesabatlılıq, şəffaflıq və müsabiqə, bərabərlik və cavabdehlik prinsiplərinə əsaslanan dövlət idarəçiliyi sisteminin daha səmərəli inkişaf etdirilməsinə xidmət edir. Bu prinsiplər dövlət qurumlarının və bu qurumlarda çalışan dövlət qulluqçularının qərar və fəaliyyətlərinin normativ-hüquqi aktlara söykənməsini, bu barədə ictimaiyyətə ətraflı məlumat verilməsini, görülən işlərin nəticəsinin keyfiyyətə görə qiymətləndirilməsini, dövlət qulluğuna qəbulun şəffaflıq və müsabiqə əsasında aparılmasını, qulluq borcunun yerinə yetirilməsi zamanı dövlət qulluqçusunun və onun çalışdığı dövlət orqanının cavabdehlik daşımasını əhatə edir. Qeyd edilənlər öz növbəsində onu təsdiqləyir ki, Prezident İlham Əliyevin dövlətçilik təcrübəsində siyasi varislik ənənələrinin davamı, mütərəqqi inkişaf meyillərinin gücləndirilməsi ideyası üstünlük təşkil edir.

 

Üstünlüyü, obyektiv xarakteri və alternativsizliyi ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu illər ərzində dəfələrlə öz təsdiqini tapmış bu siyasi kursun davamlılığının təmin olunması Azərbaycanın dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsinə, müstəqilliyimizin əbədiliyinə, dövlətin hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır. Bu gün sözügedən siyasi kursu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan inkişafında böyük uğurlara imza atmaqla dövlət idarəçiliyi sahəsində də özünəməxsus, dünya tələblərinə cavab verən, eyni zamanda daim dinamik inkişafda olan, həmişə zənginləşən bir sistem formalaşdırmışdır.

 

 

Seyfəddin QƏNDİLOV,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik

Akademiyasının rektoru, professor, əməkdar elm xadimi,

Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü

 

Azərbaycan.- 2010.- 23 iyun- S.  4.