Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın xarici işlər naziri Mixael Şpindeleqqerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Avstriya Respublikasının xarici işlər naziri Mixael Şpindeleqqerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Xarici işlər naziri Mixael Şpindeleqqer Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin salamlarını və məktubunu dövlətimizin başçısına çatdırmışdır.

Nazir Mixael Şpindeleqqer Bakıda gördüyü memarlıq abidələrinin və şəhərin gözəlliyinin onda çox böyük təəssürat yaratdığını bildirmişdir. Ölkəmizdə keçirdiyi görüşlərə toxunan Mixael Şpindeleqqer bu görüşlərin ikitərəfli münasibətlərimizə dair məsələlərin müzakirəsi baxımından səmərəli olduğunu qeyd etmişdir. O bildirmişdir ki, Avstriya şirkətləri Azərbaycana investisiya qoymaqda və ölkəmizlə daha çox ticarət mübadiləsinin həyata keçirilməsində maraqlıdırlar. Avstriyanın xarici işlər naziri ölkəmizlə yüksək səviyyədə əməkdaşlığın həyata keçiriləcəyinə ümidvar olduğunu bildirmişdir.

Prezident İlham Əliyev Azərbaycan ilə Avstriya arasında ikitərəfli münasibətlərin, o cümlədən iqtisadi sahədə, investisiya qoyuluşu və müxtəlif layihələrin həyata keçirilməsi sahəsində əlaqələrin inkişafı üçün yaxşı potensialın mövcud olduğunu vurğulamış və əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə etmişdir.

Dövlət başçısı Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin salamlarına görə minnətdarlığını bildirmiş, onun da salamlarını Avstriya Prezidentinə çatdırmağı xahiş etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 24 iyun- S.  4.