Brüsseldə Azərbaycan Silahlı Qüvvələrinin 92-cı ildönümü qeyd olundu

 

İyunun 24-də Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 92-ci ildönümü münasibətilə ölkəmizin NATO yanında nümayəndəliyi və onun tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında Hərbi Nümayəndəliyi Azərbaycanın Belçikadakı səfirliyi ilə birlikdə Brüsseldə rəsmi qəbul təşkil etmişdir.

Azərbaycanın NATO yanında nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, tədbirdə xarici ölkələrin Belçika və NATO-dakı səfirləri, hərbi attaşelər, NATO-nun Beynəlxalq Katibliyi, Hərbi Komitəsi və Beynəlxalq Hərbi Qərargahının nümayəndələri, NATO-nun Hərbi Komitəsində akkreditə olunmuş ölkələrin hərbi nümayəndələri, NATO-nun bir sıra digər komitələrinin üzvləri, NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığı (SHAPE) Qərargahının hərbi rəsmiləri, həmvətənlərimiz iştirak etmişlər.

Bundan əlavə, Brüsseldə səfərdə olan Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev və nazirliyin digər əməkdaşları da tədbirə qatılmışlar.

Tədbirdə çıxış edən Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri, səfir Kamil Xasıyev və hərbi nümayəndə, general-mayor Hüseyn Mahmudov qonaqlara ölkəmizin Silahlı Qüvvələrinin yaranma və inkişafı tarixi, Azərbaycan-NATO münasibətləri barədə məlumat vermişlər.

Tədbir çərçivəsində "Müasir Bakının görüntüləri" adlı fotosərgi təşkil olunmuşdur.

Sərgidə qonaqlar Bakının inkişaf tarixi, onun coğrafi-siyasi əhəmiyyəti barədə məlumat almışlar. Həmçinin onlara müasir Bakının tarixinə, mədəniyyətinə aid görüntülər təqdim edilmişdir.

Rəsmi qəbulda Azərbaycan bəstəkarlarının simfonik əsərləri səsləndirilmiş, yurdumuz və Silahlı Qüvvələrimizlə bağlı videomateriallar nümayiş olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  25 iyun- S.  7.