GUAM ölkələrinin turizm üzrə qurumları rəhbərlərinin beşinci iclasında mühüm qərarlar qəbul edilmişdir

 

İyunun 25-də Bakıda, "Hyatt Regency-Naxçıvan" mehmanxanasında Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat-GUAM-ın turizm üzrə qurum rəhbərləri səviyyəsində beşinci iclası keçirilmişdir.

Tədbirdə GUAM-ın baş katibi Valeri Çeçelaşvili, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirin müavini Teymur Mehdiyev, Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Oki, Ukraynanın ölkəmizdəki müvəqqəti işlər vəkili Dmitri Bojok, Moldova Turizm Agentliyinin baş direktoru xanım Lyudmila Dumitraş, Gürcüstan İqtisadi İnkişaf Nazirliyinin turizm və kurortlar departamentinin direktoru Zaal Abazadze və digər rəsmi şəxslər iştirak etmişlər.

AzərTAc xəbər verir ki, iclasda Yaponiya ilə GUAM-ın birgə turizm məhsullarının yaradılması, bu beynəlxalq təşkilatın turizm portalının təşkili, turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər, birgə turizm məhsulunun həyata keçirilməsi üzrə yol xəritəsinin və GUAM-ın bələdçi kitabçasının yaradılması, qurumun turizm üzrə növbəti iclasının yerinin və vaxtının təyin edilməsi və s. müzakirə edilmişdir.

İclası Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq tədbir iştirakçılarını salamlamış, müzakirəyə çıxarılmış məsələlərin GUAM regionunda turizm potensialından daha səmərəli istifadə edilməsinə təkan verəcəyinə əminliyini bildirmişdir. Qeyd etmişdir ki, GUAM ölkələrinin turizm sahəsinə cavabdeh olan rəhbərlərinin mütəmadi surətdə görüşmələri, işgüzar fikir mübadiləsi aparmaları olduqca təqdirəlayiq haldır. GUAM ölkələrinin bu gün dünya turizm bazarında yeni istiqamət kimi qəbul olunduğunu deyən Ə.Qarayev, yeni istiqamətlərin fəaliyyətinin əlaqələndirilməsini, regiona daha çox turist axınının təşkilini prioritet vəzifələrdən biri kimi səciyyələndirmişdir.

Azərbaycanın mədəniyyət və turizm naziri bugünkü tədbirin GUAM ölkələri tərəfindən hazırlanmış yeni layihəyə həsr olunduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu layihə Yaponiyadan turistlərin mütəşəkkil surətdə GUAM ölkələrinə gətirilməsi, onlar üçün lazımi xidmətlərin səviyyəsinin təmin olunması ilə yanaşı, bu quruma daxil olan hər bir ölkənin mədəniyyəti, mətbəxi, adət-ənənələri və digər fəaliyyət sahələri ilə tanışlığın bir proqrama daxil edilməsini nəzərdə tutur. Bu gün Yaponiya əhalisinin dünya turizm bazarında ən cəlbedici turistlər hesab olunduğunu bidirən azərbaycanlı nazir, layihənin həyata keçirilməsində əsas məqsədin yaponiyalı turistlərin GUAM ölkələrinə cəlb olunması üçün xüsusi proqramın həyata keçirilməsindən ibarət olduğunu vurğulamışdır. Ə.Qarayev, eyni zamanda, yaponiyalı turistlərin bu regiona maraq göstərmələrinin GUAM ölkələri üçün çox vacib amil olduğunu bildirmişdir.

Əbülfəs Qarayev tədbir iştirakçılarının diqqətini son illərdə Azərbaycan dövlətinin, o cümlədən Prezident İlham Əliyevin ölkədə turizmin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərə yönəltmişdir. Bildirmişdir ki, bu ilin aprelində Prezident İlham Əliyev 2010-2014-cü illərdə ölkədə turizmin inkişafına dair Dövlət Proqramını təsdiq etmişdir. Bu proqramda və digər dövlət sənədlərində, o cümlədən regionların sosial-iqsadi inkişafına dair Dövlət Proqramında ölkədə yeni turizm infrastrukturlarının yaradılması, bu sahə üzrə kadr hazırlığı, yeni-yeni layihələrin həyata keçirilməsi və digər vacib məsələlər əksini tapmışdır. Hər il ölkəmizdə orta hesabla 50-yə yaxın otel və digər tirizm obyektlərinin istifadəyə verildiyini deyən Ə.Qarayev, bu sahəni beynəlxalq səviyyəli kadrlarla təmin etmək məqsədi ilə 4 il əvvəl rəhbərlik etdiyi nazirliyin nəzdində fəaliyyətə başlamış Azərbaycan Turizm İnstitutunun bu günlərdə ilk buraxılışının olacağını diqqətə çatdırmışdır.

İclasda Gürcüstan İqtisadi İnkişaf Nazirliyinin turizm və kurortlar departamentinin direktoru Zaal Abazadze, Moldova Turizm Agentliyinin baş direktoru xanım Lyudmila Dumitraş, Ukraynanın ölkəmizdəki müvəqqəti işlər vəkili Dmitri Bojok, Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Oki, GUAM-n baş katibi Valeri Çeçelaşvili çıxış edərək GUAM məkanında turizmin inkişaf perspektivlərindən danışmış, bununla bağlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini, xüsusilə GUAM-ın Yaponiya ilə birgə layihəsinin əhəmiyyətini vurğulamışlar.

Tədbirin sonunda Bakı Bəyannaməsi, iclasın protokolu və GUAM-Yaponiya birgə turizm məhsulunun inkişaf etdirilməsi üzrə Fəaliyyət Planı qəbul edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 26  iyun- S.  5.