Azərbaycan Prezidenti İlham Əliyev Albaniya parlamentinin sədri Jozefina Topallinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 29-da Albaniya parlamentinin sədri Jozefina Topallinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Ölkəmizə səfəri zamanı Azərbaycanda əldə edilən nailiyyətlərin və sürətli inkişaf prosesinin şahidi olduğunu deyən Albaniya parlamentinin sədri bu münasibətlə dövlətimizin başçısını təbrik etmişdir. Jozefina Topalli ölkəsinin Azərbaycan ilə siyasi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirmiş və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulamışdır. O, enerji, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu demişdir. Qonaq parlamentlərarası əməkdaşlığın genişləndirilməsini ikitərəfli münasibətlərimizin möhkəmlənməsi baxımından əhəmiyyətli olduğunu bildirmişdir.

Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsinin vacibliyini qeyd etmiş, siyasi, iqtisadi, mədəni sahələrdə, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrimizin perspektivlərinin müzakirə edilməsi baxımından Albaniya parlamenti sədrinin ölkəmizə səfərinin əhəmiyyətini vurğulamışdır. Prezident İlham Əliyev hökumət və parlament üzvləri arasında əlaqələrin qurulmasının önəmli olduğunu bildirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 30 iyun- S.  1.