Azərbaycan və Albaniya bütün sahələrdə əlaqələri genişləndirməkdə maraqlıdırlar

 

Azərbaycan və Albaniya bütün sahələrdə əlaqələri genişləndirməkdə maraqlıdırlar.

Bu fikir iyunun 29-da Azərbaycanın Baş naziri Artur Rasizadənin ölkəmizdə səfərdə olan Albaniya parlamentinin sədri xanım Jozefina Topallinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə səslənmişdir.

Baş nazir Artur Rasizadə Albaniya parlamenti sədrinin Azərbaycana bu səfərinin ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin inkişafına töhfə verəcəyinə əmin olduğunu söyləmişdir. Bildirmişdir ki, Azərbaycan bütün ölkələrlə, o cümlədən Albaniya ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsində maraqlıdır. Eyni zamanda, Azərbaycanın Baş naziri ölkələrimiz arasında əməkdaşlığı inkişaf etdirmək üçün böyük imkanların mövcudluğunu diqqətə çatdırmışdır.

Görüşdə Baş nazir Artur Rasizadə ölkəmizdə neft sektoru ilə yanaşı, qeyri-neft sektorunda da əldə edilən uğurlardan danışmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat vermişdir.

Azərbaycana ilk dəfə səfər etdiyini deyən Albaniya parlamentinin sədri xanım Jozefina Topalli gələcəkdə belə görüşlərin mütəmadi davam etməsinin zəruriliyini vurğulamışdır. Öz növbəsində Albaniyanın da Azərbaycan ilə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirən parlament sədri iki ölkə arasında bir çox sahələrdə uğurlu əməkdaşlıq üçün perspektivlərin olduğunu nəzərə çarpdırmışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  30 iyun- S.  2.