Yeni Azərbaycan Partiyası ilə Avropa Xalq Partiyası arasındakı əlaqələr yüksək səviyyədədir

 

Yeni Azərbaycan Partiyası Avropa Xalq Partiyası ilə geniş əlaqələr qurub. Bu fikri Milli Məclisin Sədri Oqtay Əsədov Avropa Xalq Partiyasının sədri, Belçikanın keçmiş Baş naziri Vilfred Martinslə martın 2-də keçirdiyi görüşündə səsləndirdi.

Avropa Xalq Partiyasının sədrini salamlayan parlamentin sədri dedi ki, Vilfred Martinsin Azərbaycana səfəri onun "Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm" kitabının təqdimatı ilə əlaqədardır. Oqtay Əsədov Vilfred Martinsin müəllifi olduğu kitabın yüksək keyfiyyətli fəlsəfi nəşr olduğunu qeyd etdi.

Görüşdə Yeni Azərbaycan Partiyası ilə Avropa Xalq Partiyası arasındakı gələcək əməkdaşlıq məsələləri müzakirə olundu. Milli Məclisin Sədri bildirdi ki, Avropa Xalq Partiyası 39 ölkədən 74 partiyanı birləşdirən böyük təşkilatdır. Oqtay Əsədov Yeni Azərbaycan Partiyasının (YAP) ölkəmizdəki fəaliyyəti barədə qonağa ətraflı məlumat verərək hakim partiyanın Milli Məclisdə 65 deputatla təmsil olunduğunu bildirdi. Qeyd edildi ki, mövcud əlverişli şərait Avropa Xalq Partiyası ilə Yeni Azərbaycan Partiyası arasındakı əlaqələrin gələcəkdə daha da inkişafına müsbət təsir göstərəcək.

Azərbaycan-Belçika əlaqələrinə toxunan spiker Oqtay Əsədov iki dövlət arasındakı münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə etdi. Bildirdi ki, ölkələrimiz arasındakı əlaqələrin inkişafında dövlət başçıları xüsusi rol oynamışlar. Biz hər iki ölkənin parlamentləri arasındakı əlaqələri daha da genişləndirə bilərik.

Belçikanın sabiq Baş naziri müəllifi olduğu "Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm" kitabının ölkəmizdə keçirilən təqdimatı barədə söhbət açaraq bu nəşrin Azərbaycan dilinə tərcümə olunacağını bununla əlaqədar respublikamıza bir daha səfər edəcəyini dedi. Vilfred Martins rəhbərlik etdiyi Avropa Xalq Partiyasının fəaliyyəti barədə məlumat verərək onun Avropanın ən böyük təşkilatlarından biri olduğunu bildirdi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

 

 

Anar RASİMOĞLU

 

Azərbaycan.- 2010.-3 mart.- S. 3.