Xarici sahibkarlar Azərbaycanda gördükləri qayğını əməli işlə doğruldurlar

 

Bütün dünyada tüğyan edən maliyyə böhranına baxmayaraq Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir. Biz, burada çalışan xarici iş adamları ölkənin bu inkişafını maraqla izləyirik. Bir çox ölkələr üçün ciddi problemlər yaratmış 2009-cu ildə Azərbaycanda ümumi daxili məhsulun artımı 9 faizdən çox oldu. İş adamı olaraq biz bunun səbəbini ölkədə iqtisadi siyasətin düzgün və məqsədyönlü aparılmasında görürük.

 

Azərbaycanda inkişafa təkan verən əsas amillərdən biri ölkədə sahibkarlığın inkişafına yönəldilən diqqət və sahibkara göstərilən qayğıdır. Bu sahədə də ulu öndər Heydər Əliyev tərəfindən çox möhkəm təməl yaradılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin özəl sektorun inkişafına diqqəti və əməli köməyinin ildən-ilə artması sayəsində sahibkarların ölkənin inkişafındakı rolu da artır.

Biz Prezident İlham Əliyevin bütün çıxışlarında sahibkarlıq və sahibkar haqqında söylədiyi fikirləri diqqətlə dinləyir, imzaladığı sərəncam və fərmanların məzmunu ilə dərindən tanış oluruq. Bütün deyilənlərin sonradan əməli işdə öz əksini tapmasından çox məmnun qalırıq. Dövlətin qayğısını həm yerli, həm də xarici iş adamları əyani hiss edirlər.

Prezident İlham Əliyev ilk növbədə cəmiyyətdə siyasi sabitliyin qarantına çevrilən sahibkarlar təbəqəsinin fəaliyyətinə geniş imkanların yaradılmasını, iqtisadiyyatın inkişafında onların geniş potensialından maksimum istifadə edilməsini vacib sayır. Qeyri-neft sektorunun yüksəlişi, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılması, yeni iş yerlərinin açılması, sosial xarakterli bir çox problemlərin həlli xeyli dərəcədə sahibkarlığın inkişafı ilə bağlıdır. Bu baxımdan Azərbaycan dövlətində iş adamlarının fəaliyyətinə verilən yüksək qiymət böyük əhəmiyyət daşıyır. Dünyada baş verən iqtisadi prosesləri dərindən bilən dövlət başçısı respublikanın sosial-iqtisadi tərəqqisində özəl sektorun, sahibkarların rolunu düzgün dəyərləndirir.

Azad bazar iqtisadiyyatı münasibətlərinin tərəfdarı olan cənab İlham Əliyevin dövlətə rəhbərliyinin ilk mərhələsindən atdığı addımlar onun iqtisadiyyatın inkişaf perspektivində sahibkarlığın rolu barədə əsaslı konsepsiyaya malik olduğunu göstərdi. Qısa müddətdə kiçik və orta sahibkarların güzəştli kreditlərlə təmin olunması, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa maneə törədən süni problemlərin həlli istiqamətində bir sıra mühüm addımlar atıldı. Sahibkarlarla görüşən dövlət başçısı onları narahat edən məsələləri diqqətlə dinlədi, sahibkarları dəstəklədiyini, iş adamlarına gələcəkdə də lazımi kömək göstərəcəyini bəyan etdi. Prezident inhisarçılıq, sahibkarlar qarşısında süni maneələrin yaradılması, hüquq-mühafizə və vergi orqanlarının iş adamlarının fəaliyyətinə qeyri-qanuni müdaxiləsi hallarını dəfələrlə pisləmiş və bu münasibət konkret qərarlarla müşayiət olunmuşdur.

Cənab İlham Əliyev öz çıxışlarında daim vurğulayır ki, ölkənin əldə etdiyi nailiyyətlərdə iş adamlarının böyük rolu var. Prezident eyni zamanda onların himayədarı olduğunu da vurğulayır: "Kiçik və orta sahibkarlığın inkişafı daha da sürətlə getməlidir, burada süni müdaxilələr olmamalıdır. Baxmayaraq ki, onlar azalıb, amma yenə də faktlar var. Məlumatlar gəlir ki, hüquq-mühafizə orqanları biznes strukturlarına müdaxilə edirlər, incidirlər, əsassız tələblər irəli sürürlər. Bunu yığışdırın. Düzdür, indi azalıbdır, amma var. Unutmayın ki, yeni iş yerlərinin tam əksəriyyəti özəl sektorda yaradılıbdır. İndi dövlət müəssisəsi tikmirik ki, orada iş yeri yaradılsın. Yaxud da dövlət aparatını artırmırıq ki, orada iş yeri açılsın. Bu, özəl sektorda yaradılır. Yaxşı, belə olan halda, biz gərək özəl sektora bütün şəraiti yaradaq. Mənim siyasətim bundan ibarətdir... Unutmayın ki, mən bu sahəyə ciddi yanaşıram və iş adamlarını dəstəkləyirəm".

Özəl sektorun inkişafı ilə bağlı dövlət başçısının verdiyi fərman və sərəncamların hər biri sahibkarlığın genişləndirilməsində mühüm bir addıma çevrilir. Bu baxımdan Prezident İlham Əliyevin 2007-ci il aprelin 30-da imzaladığı "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" fərman da xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bu fərmanda indiyə qədər çoxpilləli biznesə başlamaq sahəsində mövcud problemlərin həlli, o cümlədən süründürməçilik hallarının, bürokratik əngəllərin aradan qaldırılması nəzərdə tutulmuşdur. Bu məqsədlə sənəddə vahid kodlaşmanın aparılması, biznes strukturlarının "bir pəncərə" - vahid qeydiyyat orqanı tərəfindən qeydə alınması məsələləri öz əksini tapmışdır. Fərman həmçinin biznes strukturlarının fəaliyyəti üçün torpaq ayırmalarının, tikinti, yenidənqurma və bərpa işlərinə icazə verilməsi prosedurlarının sadələşdirilməsinə, tikintinin ekspertizadan keçirilməsi sahəsindəki bürokratik əngəllərin aradan qaldırılmasına geniş imkanlar açmışdır. Bu fərman dövrün tələbi ilə tam səsləşdiyi üçün sahibkarlar tərəfindən rəğbətlə qarşılanmış və işin xeyrinə olmuşdur.

Qeyd etdiyim kimi, Azərbaycanda xarici investorların fəaliyyət göstərməsi üçün əlverişli şərait yaradılmışdır. Bu sahədə ulu öndər Heydər Əliyevin təməlini qoyduğu işlər uğurla davam etdirilmiş və son illərdə daha da genişləndirilmişdir.

Xarici sərmayələrin Azərbaycana cəlb edilməsi baxımından bir çox dövlətlərin rəsmi və işgüzar dairələrinin iştirakı ilə keçirilən biznes forumlar xüsusi əhəmiyyət kəsb edir. İndiyədək burada Böyük Britaniya, İtaliya, Çin, Rusiya, Latviya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya və digər ölkələrin iştirakı ilə təşkil olunmuş biznes forumlar qeyri-neft sektoruna xarici sərmayələrin təşviqini təmin etməklə bərabər, istehsal olunan müxtəlif çeşidli məhsulların ixracat bazarlarına çıxış imkanlarını xeyli dərəcədə genişləndirmişdir. Azərbaycan Prezidentinin azad sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar həm də demokratik islahatların iqtisadi yüksəlişə paralel şəkildə davam etdirilməsinə, siyasi, hüquqi, iqtisadi, sosial və digər sferalarda beynəlxalq əlaqələrin genişlənməsinə, qloballaşan dünyada Azərbaycanın bir tərəfdaş kimi mövqelərinin möhkəmləndirilməsinə yaradılan etibarlı zəmindir. Məhz bu tədbirlərin əməli nəticəsi kimi indi ümumi daxili məhsulda özəl sektorun payı yüksək faizlə ifadə olunur.

Xeyli vaxtdır Azərbaycanda fəaliyyət göstərən "Özkaya Group" şirkəti də bu qayğını görür və ondan faydalanır. Ümumiyyətlə, burada çalışan türkiyəli iş adamları Azərbaycanın iqtisadi inkişafına daim öz töhfəsini verməyə çalışırlar. Biz də bu sıradayıq. Gördüyümüz bütün işlərlə yanaşı, ölkənin ictimai həyatında da fəal iştirak edirik.

 

 

Osman GEZEKER,

"Özkaya Group"

şirkətinin prezidenti

 

Azərbaycan.- 2010.- 3 mart.- S. 4