Azərbaycan Dövlət İncəsənət Muzeyi ilə tanışlıq

 

AzərTAc-ın 90 illik yubiley mərasimində və MDB ölkələri Milli İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının XI iclasında iştirak edən qonaqlar martın 2-də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi ilə tanış olmuşlar.

Qonaqlar Rusiyanın İTAR-TASS agentliyinin Azərbaycanla bağlı çəkdiyi fotoşəkillərdən ibarət "Rusiya-Azərbaycan: 105 il SİTA-nın fotoşəkillərində" adlı sərgiyə böyük maraqla tamaşa etmişlər. Sərgidə ölkəmizin siyasi, ictimai və mədəni həyatı tam dolğunluğu ilə təsvir edilmişdir. Bu fotolarda milli adət-ənənələrimiz, neft buruqları və Xəzər dənizi ilə bağlı olan maraqlı anlar əks olunmuşdur. Ulu öndər Heydər Əliyevə, Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətinə həsr olunan fotolar iştirakçılar tərəfindən böyük maraqla izlənmişdir.

Sonra qonaqlar muzeyin digər zallarındakı eksponatlarla da tanış olmuşlar. Bu zallarda Bəhruz Kəngərli, Əzim Əzimzadə, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Tahir Salahov kimi dünya şöhrətli Azərbaycan rəssamlarının əsərləri nümayiş olunur.

Muzeylə tanışlıq qonaqlarda xoş təəssüratlar yaratmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 3 mart.- S. 3.