Heydər Əliyev Fondu tərəfindən xalq artisti Canəli Əkbərovun musiqi albomu nəşr olunmuşdur

 

Azərbaycan muğam sənətinin qorunmasına və inkişafına xüsusi diqqət və qayğı göstərən Heydər Əliyev Fondu xalq artisti, professor Canəli Əkbərovun 70 illik yubileyi münasibətilə xanəndənin musiqi albomunu nəşr etdirmişdir.

Azərbaycan musiqi ifaçılığı məktəbinin görkəmli nümayəndəsi Canəli Əkbərovun həyat və yaradıcılığına həsr olunmuş albom yüksək poliqrafik səviyyədə və nəfis şəkildə hazırlanmışdır. Musiqi albomu kitab və dörd kompakt diskdən ibarətdir. Albomda ustad xanəndənin uşaqlıq və gənclik illərindən, zəngin və unudulmaz hadisələrlə yaddaqalan yaradıcılıq yolundan söhbət açılır.

Yetmiş il əvvəl Azərbaycanın gözəl guşələrindən olan Lənkəranda musiqiçi ailəsində anadan olan, xanəndə babası və atasının yolunu davam etdirən Canəli Əkbərov sonra Bakıda Filarmoniyanın nəzdində fəaliyyət göstərən Xan Şuşinskinin muğam studiyasında ustad dərsi almışdı. Bu məktəbin təsiri onun bütün yaradıcılıq yolunu müşayiət etmişdir.

Nəşrdəki kompakt disklərdə cəmlənmiş musiqi nümunələri sənət hesabatı kimi xanəndənin yaradıcılıq yolunu əks etdirir. Burada xanəndənin ifasında "Zabul-segah", "Mahur-hindi" muğam dəsgahları, "Dügah", "Şahnaz" muğamları, "Simayi-şəms", "Mənsuriyyə" zərb muğamları, "Qarabağ" şikəstəsi və xalq mahnıları toplanmışdır.

Heydər Əliyev Fondunun yeni layihəsi indiyədək nəşr olunmuş "Qarabağ xanəndələri", "Muğam aləmi" musiqi albomları, tədris vəsaiti kimi hazırlanmış "Azərbaycan muğamı" multimedia toplusu, muğam ustadlarımız, xalq artistləri Əlibaba Məmmədovun, Arif Babayevin, tanınmış kaman ustası, xalq artisti Habil Əliyevin, xalq artisti Ağaxan Abdullayevin həyat və yaradıcılığından bəhs edən musiqi albomları silsiləsini zənginləşdirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  10 mart.- S.  3.