Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının iclası olmuşdur

 

Son illər ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasının qarşısının alınması ilə bağlı mühüm tədbirlər həyata keçirilmişdir. Bir sıra beynəlxalq təşkilatlar və qurumlarla əməkdaşlığın intensivləşdirilməsi bu tədbirlərin səmərəsini artırmağa imkan vermişdir. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının martın 11-də keçirilmiş iclasında bu məsələlərə geniş spektrdə işıq salınmışdır.

Baş nazirin müavini Əli Həsənov başçılıq etdiyi komissiyanın fəaliyyətindən danışarkən diqqəti adıçəkilən problemlə bağlı bir sıra mühüm məqamlara yönəltdi. O, BMT-nin müvafiq qurumlarının hesabatında narkomarşrutların siyahısına niyə indiyədək Əfqanıstan-İran-Dağlıq Qarabağ tranzit yolunun düşmədiyinə təəccübləndiyini bildirdi. Əli Həsənov vurğuladı ki, BMT də daxil olmaqla beynəlxlaq təşkilatlar Azərbaycanın işğal olunmuş ərazilərində narkotik vasitələrin yetişdirildiyini, terrorçu qrupların və silahlı dəstələrin hazırlandığını yaxşı bilirlər. Bu ərazilərdə yetişdirilən narkotik bitkilərin, habelə Əfqanıstandan ötürülən narkotik vasitələrin və psixotrop maddələrin MDB ölkələri vasitəsilə dünya bazarına çıxarılmasından da xəbərsiz deyillər. Qəribəsi budur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışan dövlətlərdə də bu həqiqəti yaxşı anlayırlar. BMT-nin Vyana ofisinin əməkdaşlarının Dağlıq Qarabağ ərazisinə buraxılmaması da məhz orada baş verənlərin gizlədilməsinə göstərilən cəhd kimi qiymətləndirilməlidir. Baş nazirin müavini Əli Həsənov Dövlət Komissiyasının, eləcə də ölkənin digər müvafiq qurumlarının baş verənlər barədə beynəlxalq təşkilatlar qarşısında dəfələrlə məsələ qaldırmalarını, bununla bağlı dövlət səviyyəsində tədbirlər görüldüyünü diqqətə çatdırdı və ümidvar olduğunu bildirdi ki, bu sahədə göstərilən səylər tezliklə müsbət nəticələr verəcək.

Əli Həsənov komissiya üzvlərinə, iclasa dəvət olunanlara və media nümayəndələrinə bildirdi ki, ölkə Prezidentinin 28 iyun 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Proqram"dan (2007-2012-ci illər) irəli gələn vəzifələr Dövlət Komissiyasının, habelə müvafiq nazirlik, komitə və təşkilatların məsuliyyətini qat-qat artırır. Ötən dövr ərzində görülmüş işlərin təhlilinə əsasən bu sahədə müəyyən irəliləyiş əldə olunduğunu diqqətə çatdıran Ə.Həsənov qarşıda hələ həyata keçiriləsi çox mühüm işlərin olduğunu vurğuladı. Baş nazirin müavini Dövlət Komissiyasının sərəncamı ilə "Zərərin Azaldılması Proqramlarının Azərbaycan Respublikasında tətbiqinin genişləndirilməsi"nə dair Milli Fəaliyyət Planının layihəsinin hazırlanması məqsədilə müvafiq qurumların mütəxəssislərindən ibarət ekspert qrupu yaradıldığını diqqətə çatdırdı. O bildirdi ki, Dövlət Komissiyasının digər sərəncamı ilə yaradılmış ekspert qrupu "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə" Milli Strategiya və Fəaliyyət Planının layihələri üzərində işləri davam etdirmişdir. Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, o sıradan Milli Elmlər Akademiyasının əməkdaşları tərəfindən respublikanın meşə zolaqlarında yabanı halda bitmiş narkoxassəli bitkilərin aşkar edilməsi istiqamətində zəruri tədbirlər görmüşlər. 2009-cu il ərzində Dövlət Komissiyası KİV-lərin iştirakı ilə qanunsuz dövriyyədən çıxarılmış və məhkəmə hökmləri ilə müsadirə olunmuş 1 ton 300 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələri məhv etmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə respublikamızın hər yerində uğurla davam etdirilmişdir. Şəhər və rayon komissiyalarının keçirdikləri tədbirlərdə sağlam həyat tərzinin bərqərar olunması, narkomanlığın insan orqanizminə mənfi təsiri və digər mövzularda söhbətlər aparılmış, gəncləri maraqlandıran suallara aydınlıq gətirilmişdir.

2009-cu ildə hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə daşınan narkotik vasitələrin qarşısının alınmasında mühüm addımlar atılmışdır. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Araz Əliquliyev ötən dövr ərzində həyata keçirilən tədbirlər barədə statistik məlumat vermişdir. O bildirmişdir ki, Milli Təhlükəsizlik, Daxili İşlər nazirlikləri, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti tərəfindən 2009-cu il ərzində 3260 cinayət faktı üzrə qanunsuz dövriyyədən 2 ton 500 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələr çıxarılmış, bunlardan 1338 fakt satış, 1788-i saxlama, 121 fakt isə əkinlə bağlı olmuşdur. Hesabat dövründə aşkar edilən cinayət faktları üzrə narkotik vasitələrin satış məqsədi olmadan qanunsuz əldə edilməsi və saxlanılması maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunan şəxslərin sayı 2008-ci illə müqayisədə 314 nəfər çox olmuşdur.

Azərbaycan hökumətinin razılığı ilə icra edilən layihələr üzrə 2009-cu ildə bir sıra işlər görüldüyünü xatırladan Ə.Əliquliyev bildirdi ki, Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının icra etdiyi Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramı (SCAD) çərçivəsində ölkəmizdə narkotiklərlə bağlı epidemioloji vəziyyəti öyrənmək, narkotik istifadəçilər arasında geniş məlumat toplayaraq proqramın miqyasını müəyyənləşdirmək, potensial təhlükənin risk həddini qiymətləndirmək məqsədilə Bakıda və bir sıra bölgələrdə monitorinqlər keçirilmişdir.

İclasda çıxış edən Gənclər Təşkilatları Milli Şurasının sədri, Milli Məclisin deputatı Fuad Muradov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Milli Televiziya və Radio Yayım Şurasının sədri Nuşirəvan Məhərrəmov, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun rəhbəri Rauf Zeyni, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev, təhsil nazirinin müavini Elmar Qasımov narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə tədbirlərinin intensivləşdirilməsi zəruriyyətindən, adıçəkilən problemin həlli istiqamətində daha rasional addımların atılmasının vacibliyindən danışdılar. Onlar təmsil etdikləri qurumların bu sahədəki fəaliyyəti barədə toplaşanlara məlumat verdilər.

Baş nazirin müavini Əli Həsənov tədbirə yekun vurarkən ölkənin müvafiq qurumlarının, qeyri-hökumət təşkilatlarının və mətbuatın, xüsusən elektron KİV-in qarşısında mühüm vəzifələr durduğunu vurğuladı. O əmin olduğunu bildirdi ki, genefondumuzun sağlamlığı, böyüməkdə olan gənc nəslin yüksək ideallar ruhunda tərbiyəsi, xalqımızın adət-ənənələrinə, mənəvi-etik dəyərlərinə hörmət naminə əlimizdən gələni etməli, "ağ ölüm"ə birdəfəlik yox deməliyik. Bu məsələdə işindən, vəzifəsindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq hər kəs vicdanla, əsl vətəndaş təəssübkeşliyi ilə səylərini əsirgəməməlidir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İnzibati orqanlarla iş şöbəsinin müdiri Fuad Ələsgərov tədbirdə iştirak etmişdir.

 

 

Akif CABBARLI

 

Azərbaycan.- 2010.-  12 mart.- S.  2.