O, istedadlı qələm sahibi, nəcib və xeyirxah insan idi

 

Azərbaycan televiziyasının keçdiyi yola nəzər saldıqda yalnız dünya televiziyalarında qazanılan təcrübənin tətbiqini, mavi ekranla bağlı proseslərin müasirləşdirilməsi sahəsində həyata keçirilən saysız-hesabsız texniki-təşkilati tədbirləri yada salmaq yetərli deyil. Ötən əsrin 70-ci illərinədək ölkə teleməkanında videotexnikanın olmaması, çəkilişlərin lentin yaddaşında saxlanması və sinxron səslə yazılış imkanının yoxluğu təbii olaraq televiziyanın inkişafını ləngidirdi. Yalnız 1970-1972-ci illərdə çəkilişlər kinokameranın 16 millimetrlik ensiz lenti ilə aparılmağa başlanandan sonra informasiya proqramlarında reportaj janrına keçmək mümkün oldu.

 

Belə bir dövrdə AzTV-də çalışan jurnalist və rejissorların, mühəndis və kinooperatorların, digər peşə sahiblərinin hansı çətinliklərlə üzləşdiklərini, qarşıya çıxan maneələrin necə ustalıqla dəf edildiyini, ola bilsin ki, çoxları dəqiqliyi və təfərrüatı ilə təsəvvür edə bilməz. Lakin o illərdə teleməkanda çalışanlarla birgə fəaliyyət göstərənlər və o insanların gərgin yaradıcılıq axtarışlarını yaxından müşahidə edənlər televiziya verilişlərinin araya-ərsəyə gəlməsi, çoxmilyonlu tamaşaçı auditoriyasına təqdim edilməsi zamanı yaranan problemlərin necə səbirlə, səriştə ilə yoluna qoyulmasını yaxşı xatırlayırlar.

Qırx il əvvəl videotexnikanın tətbiqi efirə və ekrana gözlənilməz yeniliklər gətirdi, sonralar daha da təkmilləşmiş elektron videotexnika isə mürəkkəb quruluşlu verilişləri əvvəlcədən hazırlamağa, informasiya proqramlarında səslə yazılan çeşidli reportajlar göstərilməsinə şərait yaratdı. Texniki imkanların artması verilişlərin keyfiyyətinin yaxşılaşmasına, yeni formaların axtarışlarına və layihələrin tətbiqinə rəvac verirdi. Məhz bu dəyişikliklərin fonunda AzTV kollektivinin yaradıcılıq imkanları da genişlənirdi. O illərdə tamaşaçılar daha maraqlı, baxımlı verilişlərin arzusunda, bu proqramları hazırlayanlar isə istəklərin daha tez və səviyyəli şəkildə reallaşması niyyətində idilər. AzTV-çilərin bu gün də professional jurnalist, xeyirxah insan, vəfalı dost kimi xatırladıqları Mirəsədulla Qurbanov da fədakar həmkarları ilə bir sırada öz istedad və bacarığını, təşkilatçılıq qabiliyyətini məhz teleməkanın müasirləşməsi, cəmiyyətin və dövlətin maraqlarına cavab verməsi istiqamətinə yönəltmişdi.

Mirəsədulla Qurbanov televiziyaya "sehrli qutu"nun yaratdığı möcüzənin işığında qədəm basan nəslin sayılıb-seçilən nümayəndələrindən idi. 1937-ci ildə Siyəzən rayonunun Kolanı kəndində ziyalı ailəsində anadan olan Mirəsədulla yeniyetməlik illərindən kitabın, radionun vurğunu idi. Mütaliəsinə, oxuduqlarını sətirbəsətir yadda saxlamaq, mühakimə yürütmək, söhbətlərdən məntiqi nəticə çıxarmaq qabiliyyətinə görə yaşıdlarına nümunə göstərilirdi. Rus dilini ana dili səviyyəsində öyrənməsi gənc Mirəsədullanın AzTV-nin dublyaj redaksiyasında fəaliyyətinə əməlli-başlı kömək etmişdi. Həyata ayıq baxışı, təmkinli və ədalətli olması o illərdə Mirəsədulla müəllimin irəli çəkilməsində əvəzedilməz zəmanətə çevrilmişdi. Tezliklə onu televiziyanın "gözü" sayılan təbliğat redaksiyasına keçirdilər və qısa müddətdə baş redaktor vəzifəsinədək yüksəldi.

Ötən əsrin 70-80-ci llərində Azərbaycanın sürətli iqtisadi inkişafı, sosial sahədə əldə olunan uğurlar Mirəsədulla müəllimin başçılıq etdiyi redaksiyanın iş planında geniş spektrdə əhatə olunurdu. Ölkənin bütün regionlarında həyata keçirilən quruculuq işləri redaksiyanın hazırladığı verilişlərdə özünün hərtərəfli əksini tapırdı. Baş redaktor, idmanda deyildiyi kimi, "oynayan məşqçi" xarakterini hər yerdə əyani göstərirdi. Özü də tez-tez ezamiyyətlərə gedir, maraqlı reportajlar, televiziya oçerkləri hazırlayırdı. "Letuçka"larda kimsəyə imkan verməzdi ki, onun verilişlərini tərifləsin, əksinə, tələb edərdi ki, bir qüsür, çatışmayan cəhət varsa, çəkinmədən desinlər. Redaksiyada əsl yaradıcılıq mühiti yaratması kollektivə yeni-yeni uğurlar gətirirdi. Müəyyən tədbirlərdə, xüsusən məhsul bayramlarında çox vaxt bir yerdə olardıq. Rayon rəhbərlərinin Mirəsədulla müəllimi sevinclə, əziz adamları kimi qarşılamasının bir çox səbəbləri vardı. Çünki ağıllı, mütaliəli insandan nə isə öyrənmək heç vaxt gec deyildi. Əvvəlcədən hazırlanan ssenariyə, bayram tədbirlərinin keçirilmə qaydalarına dar macalda ustalıqla və işin xeyrinə əl gəzdirməsi barədə ənənəvi xahişlər də öz yerində. Bakıdan gələn jurnalisti hər yerdə səmimi qarşılayar, söhbətlərinə diqqətlə qulaq asar, iradlarına, təkliflərinə məmnuniyyətlə əməl edərdilər. Axşamları isə AzTV-çilərlə bir yerdə keçirərdi. Özü bizi şam yeməyinə qonaq edərdi. O illərdə gənc jurnalistlər Mirəsədulla müəllimdən çəkilişlərdə özünü necə aparmağı, məmurlarla necə davranmağı, bir sözlə, əsl ziyalılığı öyrənirdilər və çox-çox illər sonra da biz bunun bəhrəsini öz fəaliyyətimizdə açıq-aydın hiss etdikcə indi haqq dünyasında olan əsl insanın zəngin dünyası, həyatda doğru-düzgün yol tutması barədə qənaətimiz möhkəmlənirdi.

AzTV-nin təbliğat redaksiyasında hazırlanan verilişlərin qonaqları arasında ölkənin yüksək vəzifəli məmurları, ictimai xadimləri, siyasi icmalçılar daha çox olurdı. Orta və yaşlı nəslin nümayəndələri professorlar Murtuz Ələsgərovun, Seyfəddin Qəndilovun, Həmid Əliyevin beynəlxalq mövzuda şərhlərini, yəqin ki, yaxşı xatırlayırlar. Belə tanınmış insanların televiziya ilə yaxınlığı da məhz Mirəsədulla Qurbanovla yaxın dostluqdan, münasibətdən qaynaqlanırdı. O illərdə populyarlığı və təsir imkanları ilə seçilən televiziya verilişlərinin əksəriyyəti bu redaksiyanın "mətbəxində" hazırlanırdı. "Xalq nəzarəti", "Qanunçuluğun keşiyində", "Səadət" qadınlar klubu", kənd təsərrüfatı və sənaye mövzularında efirə çıxan digər proqramlar televiziyaya hörmət gətirir, baxımlığını artırırdı. Əməkdar jurnalist Ələkbər Abbasov vaxtilə bir yerdə işlədiyi insanı həm də özünün ən yaxın dostlarından biri kimi xatırlayır:

- 1963-cü ilin sentyabrında AzTV-də işə qəbul olunmuşdum. Əvvəlcə burada təcrübədə olduğumdan Mirəsədulla müəllimi yaxşı tanıyırdım. Təmkinli, eyni zamanda səmimi, mehriban insanla dostluğumuzun təməli elə ilk günlərdən qoyuldu. Televiziyaya vurğunluğu, çalışqanlığı, inadkarlığı məni cəlb edən xüsusiyyətlərdən idi. 1983-cü ildə komitə sədri Elşad Quliyevə müraciət etmişdi ki, məni "Xəbərlər" redaksiyası baş redaktorunun müavinliyindən onun yanına - eyni vəzifəyə keçirsin. Doğrusu, təklif ürəyimdən oldu və bir yerdə işləməyə başladıq. O vaxtlar Təbliğat Baş Redaksiyası üç redaksiyadan ibarət idi - sənaye redaksiyasına təcrübəli jurnalist Seyfulla Cəfərov, kənd təsərrüfatı redaksiyasına tanınmış yazıçı-publisist Cəlal Bərgüşad və təbliğat redaksiyasına hazırda İctimai Televiziya və Radio Yayım Şirkətinin baş direktoru işləyən İsmayıl Ömərov rəhbərlik edirdi. Göründüyü kimi, AzTV-nin əsas verilişləri bizim redaksiyada hazırlanırdı. Mirəsədulla müəllim məni sadəcə müavini yox, bir dost, özünə yaxın insan kimi qarşıladı. Bizə göstərdiyi xoş münasibət proqramların keyfiyyətində həlledici rol oynayırdı. O illərdə biz sovet ideologiyasının təbliği ilə məşğul olsaq da, əslində, bir çox məqamda verilişlərimizin mayasını Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə hörmət, azərbaycançılıq ideyaları təşkil edirdi. Yüksək zövqü vardı, yerində işlənmiş bir sözün, maraqlı ifadənin vurğunu idi. Bunlara görə bəzən zəif verilişin də üstündən keçirdi. Daxili zənginliyi əsil-nəcabətindən gəlirdi. Böyüdüyü ailənin, yetişdiyi ocağın ənənələrini sədaqətlə yaşadırdı. Ailəsini hər şeydən uca tuturdu, oğlu Faiqin uğurlarına lap uşaq kimi sevinirdi.

Ələkbər müəllim Mirəsədulla Qurbanovun bir çox xarakterik cizgilərini yada saldı, onun alicənablığını təsdiqləyən faktları dilə gətirdi: "1984-cü ilin yanvarında Moskvaya, ölkə televiziyaları rəhbər işçilərinin ixtisasartırma kursuna getməli idim. Yola düşməzdən bir gün əvvəl məni evinə dəvət etdi. Çay süfrəsi ətrafında səfərimlə bağlı söhbət əsnasında qayıtdı ki, sənin Moskvada ilk günlər o qədər də vaxtın olmayacaq. Buna görə də özünə isti bir palto almağın uzanacaq. Köhnəsi ilə getməyi də məsləhət görmürəm. Sonra o, həyat yoldaşı Arzu xanımı çağırdı və dedi ki, hələ əyninə geyinmədiyi təzə paltosunu gətirsin. Etirazıma baxmayaraq mənə geyindirdi və heç bir fikir eləməməyimi tapşırdı. Məsləhət gördü ki, təzəsini alaram, onun paltosunu isə geri qaytararam. Moskvaya uçanda təyyarədə yalnız Mirəsədulla müəllimin bu nəcib hərəkəti barədə fikirləşdim və o nəticəyə gəldim ki, başqa cür ola da bilməzdi. Həssas, istiqanlı insan, əsl dost, qayğıkeş rəhbər məhz bu cür olmalıdır. Respublikanın, demək olar, bütün nazirliklərində, mühüm strukturlarında dostları vardı. Evlənənlərə, müəyyən problemlərlə üzləşənlərə dərhal maddi və mənəvi kömək göstərilməsinə çalışardı".

Mirəsədulla Qurbanov teleradio kollektivinin bütün tədbirlərində, ictimai həyatında nümunə göstərirdi. Ad günləri, toylar onsuz keçməzdi. Çətinə düşən, problemi olan əməkdaşlar birinci onun yanına tələsərdilər. Azərbaycan Televiziya və Radio Verilişləri QSC Həmkarlar İttifaqı Komitəsinin sədri Sərhəd Qasımov Mirəsədulla müəllimin o illərdə rəhbərliklə sıravi əməkdaşlar arasında canlı körpü rolunu oynadığı qənaətindədir: "İclaslarda fəal iştirak edərdi. Deyərdi ki, ay Sərhəd, uzun-uzadı danışmaqla iş keçməz. İmkanınız var, təzə gələnlərə, cavanlara kömək edin, əl tutun. Özü də belə məsələlərdə nümunə göstərərdi. Sözünü hər yerdə eşidərdilər. Çünki mərd, təmənnasız və əqidəli adam idi. Bütün ömrünü bu cür keçirdi. Yaradıcılıqda da, dostları ilə münasibətlərində də, sonralar 20 Yanvar hadisələrində də biz onu saf, dövlətə və dövlətçiliyə sədaqətli, namuslu vətəndaş kimi tanıdıq".

Bu gün Azərbaycan Televiziyasının köhnə əməkdaşlarının hansı birindən, eləcə də nəslinin davamçılarından, qohum-əqrəbasından və dostlarından soruşsan, Mirəsədulla Qurbanov haqqında yalnız xoş sözlər söyləyəcək. Onun əsl insana xas keyfiyyətlərindən, yaxşılıqlarından, bir professional kimi televiziyamızın inkişafındakı xidmətlərindən ağızdolusu danışacaqlar.

 

 

Akif CABBARLI

 

Azərbaycan.- 2010.- 16 mart.- S. 7.