Musiqinin sehri

 

Müasir dövrün tələbləri insanların tələbatına görə tarazlanır. Yüksək zövq, mənəvi saflıq və bu yönümlü tələbatlar əsrlərdən əsrlərə keçən mədəniyyətdən irəli gəlir və irsi yollarla bir nəslin, bir millətin tərbiyələndirilməsində mühüm rol oynayır. Bu yollardan biri də caz musiqisi mədəniyyətidir.

Dahi Vaqif Mustafazadə də Avropa musiqi mədəni ənənələrini - Amerika cazını Azərbaycan Şərq mədəni mühitinə böyük əzablarla, çətin yollarla gətirdi və bununla da yeni bir ənənənin yaranmasına nail oldu. Onun yaradıcılığı XX əsr milli musiqi mədəniyyətimiz tarixinin yeni parlaq səhifələrindən birini təşkil edir. Sənətkar dərin köklərə malik qədim Azərbaycan muğamı ilə caz musiqisinin uğurlu sintezində dəyərli əsərlər meydana gətirdi. Onun yaratdığı kompozisiyalar dünya musiqi inciləri xəzinəsinə caz-muğamın təkraredilməz nümunələri kimi daxil oldu.

Yaz insanın ürəyini təlatümə gətirən fəsildir. Çünki bahar duyğulu insanların qəlbini bir az titrədərək, şairlərin ilham pərisini oyadaraq onları şeir yazmağa, bəstəkarları ecaza gətirərək onları yeni musiqilər bəstələməyə, rəssamları təbiət qoynuna alaraq rəngarəng tablolar yaratmağa çağırır. Təbiətin belə cah-cəlallı vaxtında 1940-cı ilin baharında - martın 16-da Bakı şəhərində, qədim tarixə malik İçərişəhərdə Vaqif Mustafazadə dünyaya gəlmişdir. Atası Əziz hərbçi olsa da, musiqi ilə son dərəcə bağlı bir insan idi, gözəl tar çalmağı bacarırdı. Anası Zivər xanım isə ilk azərbaycanlı pianoçu qadınlardan biri olub. Üzeyir bəy Hacıbəyli məktəbinin yetirməsi olan Zivər xanım gözəl pianist olmaqla yanaşı, muğamı bütün incəliyi ilə bilirdi. Belə bir ailədə böyüyən Vaqifin istedadı, musiqiyə olan qeyri-adi bağlılığı qətiyyən təəccüblü deyildi.

Orta musiqi məktəbində, sonradan Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda aldığı klassik musiqi təhsili bəstəkarın pianizminin əsasını qoymuşdur. Ömrü boyu bəhrələndiyi Avropa bəstəkar musiqisi, xüsusilə romantiklərin, impressionistlərin zəngin harmonik ənənələri onun yaradıcılığında böyük yer tutur. Vaqif Mustafazadə bu musiqi üslublarının mühüm harmonik prinsiplərini, ən əsası tonal sabitlik və sabitlikdən yayınma cəhdlərini, romantizmin zəngin, alterasiyalı akkord növlərini, imrpessionizmin daha da rəngarəng və mürəkkəb akkordikasını, habelə modulyasiya sistemini tətbiq edir. Eyni zamanda, Azərbaycan bəstəkarlarının əsərlərinə hədsiz rəgbət bəsləyən Vaqif Mustafazadə dahi Üzeyir Hacıbəylinin sənətkarlığı qarşısında baş əyir, Qara Qarayev, Fikrət Əmirov, Niyazi kimi peşəkar bəstəkarların yaradıcılığına böyük hörmətlə yanaşırdı.

Onun caz musiqisi ilə dərindən maraqlanması, müxtəlif caz ustalarının üslublarını öyrənməsi bilavasitə caz sənətinə gətirib çıxarır. Bir caz bəstəkarı kimi formalaşması isə Mustafazadənin əvvəlcə qeyd olunan müxtəlif musiqi mənbələrindən bəhrələnməsi, sonra müxtəlif musiqiçilərlə ünsiyyəti ilə bağlı idi. Xüsusən, ona dəstək verən, heç vaxt öz köməyini əsirgəməyən unudulmaz bəstəkar Tofiq Quliyevin, eləcə də Rauf Hacıyevin və Pərviz Rüstəmbəyovun respublikada caz musiqisinin yayılması sahəsində misilsiz fəaliyyətlərinə görə onlara minnətdar idi. Rafiq Babayevlə Vaqif Mustafazadəni birləşdirən isə səmimi dostluq münasibətləri və hər ikisinin caz musiqisinə vurğun olması idi. Onlar konsertlərdə tez-tez birlikdə çıxış edir, caz festivallarına birlikdə gedirdilər.

Çağdaş zəmanəmizin intensiv musiqi, o cümlədən caz həyatı, müxtəlif müsabiqələr, festivallar da onun bəstəkar kimi formalaşmasında həlledici rol oynamışdır. Belə ki, 30 may 1956-cı il on altı yaşlı Vaqifin həyatında ən unudulmaz və əlamətdar günlərdən biri oldu. Məhz həmin gün o, Bakı Filarmoniyasının böyük səhnəsində alman bəstəkarı Mendelsonun fortepiano ilə konsertinin birinci hissəsini məharətlə ifa edərək Azərbaycanın görkəmli dirijoru və bəstəkarı Niyazini valeh etmişdi. Vaqif Mustafazadə 1958-ci ildə Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində solist kimi əmək fəaliyyətinə başlayır. 1964-cü ildə o, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) daxil olur və 1965-ci ildə Tbilisiyə köçür. Gürcü caz həvəskarlarının böyük maraqla və heyranlıqla qarşıladıqları Vaqif bir müddət Tbilisidə qalıb işləməyi qərara alır. Əslində, Vaqifin bu qərarını şərtləndirən bir çox amillər var idi. Başlıca məsələ orada onun musiqisinin başa düşülməsiydi. 1965-ci ildə Gürcüstan Dövlət Filarmoniyasında onun yaradıcılığında böyük rol oynayan "Qafqaz" caz triosunu yaradır. Bir müddət sonra isə onu "Orero" ansamblına musiqi rəhbəri təyin edirlər. Tbilisidə V.Mustafazadə istedadlı musiqiçi Tomaz Kuraşvili ilə dostlaşır və onunla əməkdaşlıq edir. Onlar birlikdə yeni layihələr yaradır, caz festivallarında və konsertlərdə müvəffəqiyyətlə çıxış edirlər. Belə festivallardan biri də Tallində keçirilən Ümumdünya Caz musiqisi festivalı idi. Bu festivalda V.Mustafazadə bir neçə kompozisiyanı böyük məharətlə ifa edərək tamaşaçıların və festival iştirakçılarının hərarətli alqışları ilə qarşılanır. "Vaqif Mustafazadə çox yüksək səviyyəli pianoçudur, dünya caz musiqisində onun səviyyəsində ifaçılar tapmaq çətindir. O, ifasını dinlədiyim ən lirik pianoçudur", - amerikalı tənqidçi Uills Kanover festivalda V.Mustafazadə haqqında fikrini bu sözlərlə ifadə etmişdir.

1968-ci ildə Azərbaycanın musiqi aləmində yüksək nüfuza malik olan məşhur bəstəkar, Azərbaycanın mədəniyyət naziri Rauf Haciyevin təkidi ilə Vaqif Mustafazadə Tbilisidən Bakıya qayıdır və o, yaradıcılıq fəaliyyətinin yeni mərhələsinə qədəm qoyur. 1970-ci ildə Vaqif "Leyli" vokal qrupunu yaradır və qısa müddətdə bu qrup bakılı musiqisevərlərin böyük rəğbətini qazanır. Bir il sonra - 1971-ci ildə bəzi səbəblərə görə "Leyli" vokal qrupunun tərkibi və adı dəyişir. Bu dəfə "Sevil" adlanan qrup tamaşaçılara daha dogma, daha yaxın olur. 1971-ci ildən 1977-ci ilə kimi "Sevil" vokal instrumental, 1977-ci ildən 1979-cu ilə qədər isə "Muğam" instrumental qruplarına rəhbərlik edir. Eyni zamanda, bu illərdə "Tallin-66" və "Tbilisi-78" caz festivallarında iştirak edərək laureat adını qazanır. 1978-ci ildə Monakoda keçirilən 8-ci Beynəlxalq Caz Festivalında "Əzizəni gözləyirəm" musiqisinə görə birincilik mükafatı alır. 1979-cu ildə "Azərbaycan əməkdar incəsənət xadimi" fəxri adını alan sənətkar, 1982-ci ildə artıq ölümündən sonra "Azərbaycan Dövlət Mükafatı" laureatına layiq görülür.

Vaqif Mustafazadə istedadının parlaq səhifələrindən biri - onun gözəl harmonik duyumu, zövqüdür. Bəstəkarın kompozisiyalarının əksəriyyəti onun bu sferada yetkin fərdi zövqə malik olduğunu təsdiqləyir. Harmoniya onun üçün əsas ifadə vasitəsidir. O, bəstəkarın həm öz əsərlərinin obraz məzmununu açıb "şərh" edir, həm də yad mövzulara yaratdığı improvizasiyalarda özünüifadə yolu olur. Bu baxımdan bəstəkarın ən kamil improvizələri (xalq və bəstəkar mahnıları işləmələrində, məsələn, "Qara qaşın vəsməsi", "Bakı gecələri", "Zibeydə" və s.), habelə öz kompozisiyaları ("Mart", "Doğma təbiət", "Ay döğarkən", "Muğam", "Gecə prelüdü", "Ayın 18-i" və s.) qeyd olunmalıdır.

Caz-mugam üslubunun banilərindən biri olan Vaqif Mustafazadə doqmatik çərçivələrə, zaman anlayışına sığışmayan bir insan idi. O, gözəl pianoçu olmaqla yanaşı, həm də çoxsaylı caz əsərləri yaratmış istedadlı bəstəkar kimi yaddaşlarda qalmışdır. Saysız-hesabsız kompozisiyalar (o cümlədən fortepiano konsertləri, "Muğam" simfoniyası və başqa fortepiano şedevrləri) müəllifi olan Vaqif Mustafazadənin bugünədək gəlib-çatmış əsas caz irsi - müxtəlif illərdə yazılmış səkkiz val-albomu və radio arxivlərində olan xeyli kompozisiyalardır. Onun əsər və improvizasiyaları bu gün həm peşəkar caz musiqiçiləri, həm də onun işini davam etdirməyə cəhd göstərən gənclər tərəfindən diqqətlə təhlil və müzakirə edilir.

Öz istedadı, fərdiliyi, təkrarolunmazlığı ilə seçilən insanlar bizim hafizəmizdə dərin iz qoyurlar. Deyirlər ki, sənətkarı mühit, zaman yetişdirir. Əgər belə olmasaydı ustadların yolu sonrakı nəsillərin yaradıcılığında öz davamını tapmazdı. Məhz Vaqif Mustafazadə də qızı Əzizə Mustafazadəni öz musiqisinin davamçısı kimi yetişdirmişdir. Hələ Gürcüstanda keçirilən "Tbilisi-78" Ümumittifaq Festivalında Vaqif kiçik qızı Əzizə ilə birlikdə çıxış edərkən özünün bu festivalda laureat adına layiq görülməsi, səkkiz yaşlı Əzizəyə isə festivalın xüsusi mükafatının verilməsi hər ikisinin qəlbində hədsiz qürur və sevinc hissləri oyatmışdı. O vaxt Vaqif bəlkə də heç təsəvvür edə bilməzdi ki, gənc Əzizə onun arzularını həyata keçirəcək, dünya şöhrətli musiqiçi olacaq. Bu gün Əzizə atasının yolunu davam etdirərək Azərbaycan musiqisini bütün dünyada layiqincə təmsil edir.

2010-cu il mart ayının 16-da Vaqif Mustafazadənin anadan olmasının 70 illiyidir. Hələ bundan sonra çox illər, əsrlər keçəcək onun musiqi dühasının sehri insanların qəlbini ofsunlayacaq.

 

 

Jalə QULAMOVA,

sənətşünaslıq namizədi

 

Azərbaycan.- 2010.- 17  mart.- S.  11.