Azərbaycanın Çindəki səfirliyi Novruz şənliyi keçirmişdir

 

Azərbaycanın Çindəki səfirliyinin təşkilatçılığı ilə Pekindəki məşhur "Kings Garden" villasında Novruz şənliyi keçirilmişdir.

Səfirlikdən bildirmişlər ki, şənlikdə Çinin xarici işlər nazirinin müavini Çeng Guoping, nazirliyin Avropa-Mərkəzi Asiya İdarəsi baş direktorunun müavini Cang Siao, Arxiv İdarəsinin rəhbəri Guo Çongli, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin rəhbər işçiləri, bir çox dövlət qurumlarının, Çində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, həmçinin Pekindəki Azərbaycan diasporunun üzvləri iştirak etmişlər.

Səfir Yaşar Əliyev Azərbaycan xalqının minilliklər boyu qoruyub saxladığı mənəvi sərvəti - Novruz bayramının tarixi, adət-ənənələri, mərasimləri barədə ətraflı danışmışdır.

Diplomat ulu öndərimiz Heydər Əliyevin "Qədim zamanlardan bəri və bu gün də bu bayramı ən çox sevən, ən uca tutan Azərbaycan xalqıdır" kəlamını xatırladaraq bildirmişdir ki, ölkəmizin təklifi ilə cari il fevralın 18-də BMT-nin Baş Məclisi tərəfindən bütün dünyada martın 21-nin "Beynəlxalq Novruz Günü" kimi qeyd edilməsi barədə qərar qəbul olunmuşdur.

Səfir beynəlmiləl xarakter alan Novruzun sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa xidmət etdiyini vurğulamışdır.

Mərasim iştirakçıları üçün Novruz süfrəsi açılmışdır. Qonaqlara milli xörəklərimiz, Novruzun rəmzi olan şəkərbura və paxlava, eləcə də digər şirniyyatlar təklif olunmuşdur.

Plov qazanının "qazanaçdı", tonqalın üzərindən tullanmaq mərasimləri, milli musiqimiz və rəqslərimiz xüsusi maraqla qarşılanmışdır.

Səfirlik tərəfindən hazırlanmış və Çin və ingilis dillərində nəşr edilmiş "Azərbaycanın adət və ənənələri - Novruz mərasimləri" adlı kitabça mərasim iştirakçılarına paylanılmışdır.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı olan "Jenmin Jibao" qəzetində "Azərbaycanın Çindəki səfirliyində beynəlxalq Novruz bayramı münasibətilə qəbul keçirilmişdir" adlı məqalə dərc edilmişdir. Məqalənin Çin dilindəki elektron versiyası ilə http://world.people.com.cn/GB/11169312.html internet səhifəsində tanış olmaq mümkündür.

Bundan əlavə, "Jenmin Jibao" qəzetində "Traditions and customs of Azerbaijan- celebration of Novruz" adlı geniş material dərc olunmuşdur. Məqalənin ingilis dilindəki elektron versiyası ilə http://english.people.com.cn/90001/90782/6919967.html internet səhifəsində tanış olmaq olar.

Qeyd edək, "Jenmin Jibao" qəzeti 3-4 milyon nüsxə tirajla bütün dünyada Çin, ingilis, yapon, fransız, ispan, rus və ərəb dillərində nəşr edilir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 20  mart.- S.  7.