Prezident, Ali Baş Komandan İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Göytəpədəki qarnizonunda olmuşdur

 

Aprelin 29-da Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Cəlilabaddakı Göytəpə qarnizonunda olmuşdur.

Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Prezident İlham Əliyev qarnizonun ümumi sxemi ilə tanış oldu.

Dövlət Sərhəd Xidmətinin rəisi bildirdi ki, ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin tapşırığı əsasında Azərbaycan büdcəsinin vəsaiti hesabına yaradılan Göytəpə qarnizonunda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə əsaslı tikinti, təmir yenidənqurma işləri həyata keçirilmişdir. Dövlətimizin başçısının 2005-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı"nın tərkib hissəsi kimi bu qarnizonda geniş yenidənqurma işləri aparılmışdır.

Respublikanın İmişli, Biləsuvar, Yardımlı, Cəlilabad rayonları ərazisində 232 kilometr dövlət sərhədini mühafizə edən Göytəpə qarnizonu Dövlət Sərhəd Xidmətinin ən böyük qarnizonlarından biridir. Yenidənqurma işlərindən sonra bu qarnizonda gənc əsgərlərin təlim-tədris mərkəzi yaradılmışdır. Bundan əlavə, 2 kazarma binası, ikimərtəbəli qərargah binası, 160 yerlik 2 tibb məntəqəsi, 2 yeməkxana, 202 mənzilli 5 yaşayış binası, 540 nəfərlik klub, 2 idman şəhərciyi, futbol meydançası, uşaq bağçası, digər xüsusi təyinatlı yardımçı binalar inşa olunmuşdur. Xidməti dövründə bu sərhəd dəstəsinin hərbi qulluqçuları 8736 halda dövlət sərhədinin pozulması cəhdinin, 12,7 milyon manat məbləğində qaçaq malın dövlət sərhədindən keçirilməsinin qarşısını almış, 7448 nəfər sərhəd pozucusunu saxlamışlar. Silahlı sərhəd pozucuları ilə döyüşdə sərhəd dəstəsinin 38 sərhədçisi həlak olaraq adlarını Azərbaycan sərhəd mühafizəsi tarixinə əbədi yazmışlar. XXI əsrdə Azərbaycanın ilk Milli Qəhrəmanı əsgər Eltun İsgəndərov da məhz bu sərhəd dəstəsində xidmət etmiş, dövlət sərhədində terrorçu dəstənin zərərsizləşdirilməsi zamanı komandirlərinin əsgər yoldaşlarının həyatını xilas edərək qəhrəmancasına həlak olmuşdur.

Ali Baş Komandan qarnizonun istifadəsində olan hərbi texnikaya baxdı.

Bildirildi ki, qarnizonun müasir hərbi texnika ilə tam təchiz olunması sərhəd mühafizəsinin yüksək şəkildə həyata keçirilməsinə imkan verir.

Prezident İlham Əliyev kazarmada sərhədçilərin ixtiyarında olan texniki vəsaitlərə, silah-sursata baxdı.

Məlumat verildi ki, bu texniki vasitələr sərhəd pozucularının dərhal aşkar edilib zərərsizləşdirilməsində sərhədçilərə yaxından kömək edir.

Dövlət başçısı qarnizonda şərti sərhəd pozucusunun zərərsizləşdirilməsi prosesini izlədi.

Prezident, Ali Baş Komandan İlham Əliyev sərhəd qarnizonunun şəxsi heyətinə xidmətdə uğurlar arzuladı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 1 may.- S.  3.