Xalqa və dövlətə şərəfli xidmət missiyası

 

Azərbaycan tarixinin bütöv bir mərhələsi XX əsrin böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin adı xalqın simvoluna, əməlləri isə hünər rəmzinə çevrilmişdir, həyat və fəaliyyəti doğma xalqa və torpağa məhəbbət və sədaqət meyarı olmuşdur.

Dövlətçilik ənənələrinin və demokratik cəmiyyətin bərqərar olmasında şəxsiyyətin rolu böyükdür. Bütovlükdə, bir sistem kimi yanaşıldıqda, cəmiyyətin digəri ilə əvəzlənməsi prosesi mürəkkəb və ziddiyyətli tərəfləri ilə seçilən sosial hadisədir.

Ümummilli lider Heydər Əliyev özünün böyük həyat təcrübəsinə, nüfuzuna, iradəsinə, ən mürəkkəb situasiyalarda dəqiq qərarlar çıxarmaq bacarığına görə demokratik cəmiyyətə keçid mexanizmini müəyyənləşdirərək, bu istiqamətdə ardıcıl və sistemli siyasət həyata keçirdi. Heydər Əliyev öz ideyalarının müdrikliyi ilə ümummilli lider kimi tarix qarşısında üzərinə düşən vəzifələri şərəf və ləyaqətlə yerinə yetirərək zəngin və qüdrətli Azərbaycana gedən yola işıq salır. Əslində, bu danılmaz həqiqət kiminsə istəyib-istəməməsindən və yaxud siyasi mənsubiyyətindən asılı deyil, Azərbaycan reallıqlarında gedən proseslərin məntiqindən irəli gəlir. Azərbaycanın ən yeni tarixinə nəzər salsaq, bir daha aydın olar ki, onun hər bir məqamı ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə qırılmaz şəkildə bağlıdır.

1993-cü ilin iyun ayının 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ilə Azərbaycan tarixində Heydər Əliyev epoxasının ən dinamik, gərgin, səmərəli qızıl tarix dövrü başladı. Heydər Əliyev növbəti dəfə xilaskarlıq missiyasını üzərinə götürərək doğma xalqının köməyinə gəldi. Əgər 1969-cu ildə onun birinci gəlişi Azərbaycana dirçəliş və çiçəklənmə gətirdisə, 1993-cü ildə ikinci dəfə gəlişi Milli Qurtuluş günü oldu.

Bu qayıdışla ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı.

"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!" - prinsipinə əsaslanan ulu öndərin fəaliyyətinin ən mühüm, strateji əhəmiyyət daşıyan istiqamətlərindən biri bazar münasibətlərinə keçidin tələblərinə uyğun iqtisadi siyasəti reallaşdırmaq, ölkə iqtisadiyyatını böhrandan qurtarıb, dirçəliş, ardınca isə inkişaf yoluna çıxarmaq idi. Bu, ulu öndər Heydər Əliyevin yeni Azərbaycanın inkişaf modeli idi. Təsadüfi deyildir ki, Azərbaycanın yeni neft strategiyası bu baxımdan atılmış ilk və həyati əhəmiyyətli addım olmuşdur.

"Əsrin müqaviləsi"nin imzalanması nəticəsində ümummilli lider Heydər Əliyev nəinki neft strategiyasının təməlini qoydu, bu müqavilənin reallaşması eyni zamanda, yeni neft erasının başlanğıcı oldu.

Beləliklə, Heydər Əliyev dünyanın diqqətini Cənubi Qafqaz regionuna cəlb etdi, Azərbaycanın iqtisadi cəhətdən dünya birliyinə inteqrasiyasının təməlini qoydu. Bu gün Azərbaycan iqtisadiyyatının özülünü təşkil edən Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin ideya əsasları və sağlam bünövrəsi, məhz o zaman qoyuldu.

Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı Prezident İlham Əliyevin hələ 2003-cü ildə prezident kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən hakimiyyəti xalqa xidmət vasitəsi hesab etdiyini bildirməsi varisliyin layiqli davamının siqnalı idi. Onun ümummilli lider Heydər Əliyev siyasi xəttini yüksək səviyyədə davam və daha da inkişaf etdirməsi müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm amil kimi çıxış edir. Ənənəyə sadiq qalaraq, yeni iş yerləri açılır, əhalinin sosial rifahı yüksəlir, dövlət büdcəsinin gəlirləri artırılır, Azərbaycan idxalçı ölkədən ixrac edən ölkəyə çevrilməyə başlayır. Regionların inkişafı, durmadan aparılan abadlıq və yenidənqurma işləri, təhsil sistemindəki islahatların uğurlu nəticələri, neft bazarındakı üstün mövqe, səhiyyə sisteminin müasir standartlara cavab verməsi, turizmin və idmanın inkişafı Prezident İlham Əliyevi Azərbaycanda alternativsiz liderə, Cənubi Qafqaz regionunda isə Heydər Əliyevdən sonra ikinci böyük siyasi xadimə çevirir.

Prezident İlham Əliyevin genişmiqyaslı və uğurlu fəaliyyəti göstərir ki, dövlət başçısı ulu öndərin bütünlüklə Azərbaycana, onun sabahına həsr edilən hakimiyyət yolunu, zəfər və şərəf yolunu ləyaqətlə davam etdirir. Azərbaycan xalqının dahi öndəri Heydər Əliyev 2003-cü il prezident seçkiləri dövründə cənab İlham Əliyevi şəxsiyyət və dövlət xadimi kimi xarakterizə edərkən deyirdi: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçidir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

"Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm"- ifadəsi İlham Əliyevin bütövlükdə xarakter cizgilərini, onun imkan və potensialını, böyük qabiliyyət və bacarığını ifadə edirdi. Yeni dövrün görkəmli siyasətçisi və dövlət xadimi kimi möhtərəm Prezident İlham Əliyev üçün böyük siyasətdə, beynəlxalq münasibətlərdə, ölkədaxili məsələlərin həllində, dövlət idarəçiliyində Heydər Əliyevin siyasi təlimi möhkəm təməl, ən etibarlı bünövrədir. Bü gün İlham Əliyev hakimiyyəti həmin qranit dövlətçilik pyedestalı üzərində ucalır. Hadisələrə və proseslərə tarixi baxışla bir sırada dünyanın hazırkı reallıqlarının və yeni dövlətçilik təfəkkürünün işığında yanaşmaq, qiymət vermək və bütün bunlara uyğun olaraq əsaslı qərarlar qəbul etmək İlham Əliyevin dövləti idarəetməsinin əsasını təşkil edir.

Azərbaycan regionun lider dövləti olaraq, strateji məsələlərin həllində müstəqil və prinsipial mövqe nümayiş etdirməklə enerji təhlükəsizliyi sahəsində dünya birliyinin vacib partnyoruna çevrildi. Sosial-iqtisadi, ictimai-siyasi və humanitar sahələri əhatə edən çoxsaylı dövlət proqramları uğurla həyata keçirildi, ölkədə vətəndaş cəmiyyəti və hüquqi dövlətin əsas dayaqları daha da möhkəmləndi.

Ölkəmizdə qısa müddət ərzində əldə olunmuş böyük uğurların təməlində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ictimai - siyasi sabitlik və vətəndaş həmrəyliyi dayanıb. Bütün bu nailiyyətlər xalqımızın böyük dəstəyi sayəsində mümkün oldu və Azərbaycanın daha sürətli inkişafı yolunda yeni perspektivlər açdı.

Ölkəmizin iqtisadi və geopolitik qüdrətinin artmasında əsası 1994 - cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi neft strategiyasının həlledici rolu və yeri var. Belə ki, son 16 ildə neft-qaz sektoruna 30 milyard ABŞ dollarından artıq sərmayə cəlb edilmiş, geniş ixrac infrastrukturu yaradılmış (Bakı - Tbilisi - Ceyhan, Bakı - Supsa, Bakı - Novorossiysk neft və Bakı - Tbilisi - Ərzurum qaz kəmərləri) və ölkəmiz regionun ən mühüm tranzit mərkəzinə çevrilmişdir. Dövlət Neft Fondunun valyuta ehtiyatları dəfələrlə artmışdır. Bu vəsait həm müxtəlif sosialyönümlü layihələrin icrasına, həm də gələcək nəsillərin rifahına xidmət edir.

Ölkədə həyata keçirilən iqtisadi siyasətin əsas məqsədi Azərbaycanın hərtərəfli tərəqqisinə nail olmaq, yəni, ölkənin zəngin resurslarını qeyri-neft sektorunun inkişafına yönəltməkdir. Bu istiqamətdə əsas hədəf Azərbaycanı xammal ixrac edən ölkədən sənaye məhsulu ixrac edən dövlətə çevirməkdir.

Prezident İlham Əliyevin neftdən gələn gəlirlərin insan kapitalına çevrilməsi ideyası və bu fenomenal ideyanın bu gün çox məharətlə reallaşdırılması faktı Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirən mühüm faktorlardan biridir.

Prezident İlham Əliyevin daxili siyasətində regionların sosial-iqtisadi inkişafı mühüm yer tutur. Bu, müasir dövrümüzdə yerli özünüidarəetmə orqanlarının dünyanın aparıcı dövlətlərində qəbul olunmuş "paytaxtda və şəhərdəki istehsal və xidmətlər eyni keyfiyyətdə əyalətlərdə və kəndlərdə olmalıdır" prinsipinin ölkəmizdəki əyani formada inikasıdır. Belə ki, 2004-cü ildə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) qəbul olunması ölkəmizin iqtisadi inkişafında yeni mərhələnin başlanğıcını qoydu və regionların inkişafı dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən biri səviyyəsinə qaldırıldı. Əyalətdəki iş adamları bir sıra vergi güzəştləri və digər imtiyazlarla təmin edildilər. Görülən kompleks işlərin nəticəsində regionlarda infrastruktur təminatı və kommunal xidmətlər yaxşılaşdırıldı, yeni məktəblər, səhiyyə və mədəniyyət ocaqları, idman kompleksləri tikildi, yollar salındı, yeni iş yerləri açıldı.

Azərbaycanın düzgün və tarazlaşdırılmış xarici siyasət aparması respublikamızla həm qonşu dövlətlər, həm də dünyanın bütün ölkələri arasında mehriban dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri yaratmışdır. Bunun nəticəsində ölkəmizdə transmilli iqtisadi layihələr uğurla həyata keçirilir, milli mənafelərimiz beynəlxalq aləmdə uğurla qorunur və ölkəmiz ən nüfuzlu beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil olunur. Bir sözlə, məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycan dünya birliyinin layiqli üzvünə və regionun liderinə çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin olunmasıdır. Davamlı və dinamik inkişaf məntiqinə əsaslanın bu siyasətin həyata keçirilməsi nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, bu dövrdə makro-iqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, konservativ xarici borclanma strategiyası həyata keçirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial-rifahı davamlı olaraq yaxşılaşdırılmışdır. İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", eləcə də fevralın 8-də həmin proqrama Prezident fərmanı ilə edilmiş əlavə və dəyişikliklər, o cümlədən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və bir sıra sahəvi inkişaf proqramları təsdiq edilmiş və uğurla icra olunur.

Keçid dövrünün başa çatması və sosial-iqtisadi inkişafın yeni mərhələsinin başlanması qarşıya yeni vəzifələr qoyur. Prezidentin fərman və sərəncamlarında, təsdiq etdiyi dövlət proqramlarında, çıxışlarında növbəti illər üçün ölkənin inkişafının strateji istiqamətləri müəyyənləşdirilmişdir. Makro-iqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadi inkişafın dayanıqlığının təmin edilməsi əsas məqsədlərdəndir. Eləcə də ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin gücləndirilməsi üçün sistemli təlbirlər davam etdiriləcək. Eyni zamanda, iqtisadi artımın keyfiyyətinin prioritetliyinin təmin edilməsi nəzərdə tutulur. Bu məqsədlə iqtisadiyyatın diversifikasiyası genişləndirilməklə neft sektorundan asılılıq minimuma endiriləcək, aqrar sektorun inkişafında intensiv üsullara üstünlük veriləcək və iqtisadiyyatın klasterlər üzrə inkişafına nail olunacaq. Biznes mühitinin daha da təkmilləşdirilməsi, xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin, biznes-inkubatorlarının yaradılması, məsləhət, informasiya təminatının, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və işgüzar əlaqələrin inkişaf etdirilməsi yolu ilə sahibkarlığın və regionların inkişafının sürətləndirilməsi də bu məqsədlər sırasındadır. Heç şübhəsiz ki, qeyd edilən strateji məqsədlərin həyata keçirilməsinə yönəldilən sosial-iqtisadi siyasətin ana xəttini əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi təşkil edir.

Beləliklə, birmənalı qaydada qeyd etmək lazımdır ki, ötən dövr ərzində ölkəmizin bütün sahələrdə qazandığı bəlağətsiz uğurlar ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişaf strategiyasının yeni modelinin nəticəsidir. Bu model Azərbaycanın qüdrətli və işıqlı gələcəyinin təminatçısıdır.

Ümummilli lider Heydər Əliyevin başladığı və hal-hazırda cənab Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilən siyasi kurs, sosial və iqtisadi inkişaf yolu Azərbaycan xalqının seçimidir. Bu inkişaf yolu xalqımızın mənafeyinə, onun inamlı sabahına, işıqlı gələcəyinə xidmət edir. Bu inkişaf modeli Azərbaycan Respublikasını demokratik, hüquqi, dünyəvi dövlət kimi möhkəmləndirən Azərbaycan xalqını xoş gələcəyə aparan nurlu yoldur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin ona olan inamını ən yüksək səviyyədə doğrultdu. Bu gün Azərbaycan dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkəsidir.

Son altı ildə Azərbaycanın daxili və xarici siyasətdə qazandığı uğurlar bir daha sübut etdi ki, ümummilli lider Heydər Əliyevin siyasi kursu və Azərbaycan dövlətçiliyi etibarlı əllərdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin ideyalarını və qurub-yaratdıqlarını nəinki inkişaf etdirir, eyni zamanda, bu işləri müasir dövrün tələblərinə, xalqın maraqlarına uyğun yeni formada təkmilləşdirir və daha da inkişaf etdirir.

 

 

Hüseyn PAŞAYEV,

YAP Mətbuat Xidmətinin rəhbəri,

YAP Siyasi Şurasının üzvü

 

Azərbaycan.- 2010.- 2 may.- S.  2.