Türkiyə-Azərbaycan dostluğu zamanın daha bir sınağından uğurla çıxdı

 

Dünyanı ağuşuna almış müasir qloballaşma şəraitində inteqrasiya prosesləri qaçılmaz olmuşdur. Bəşəriyyətin qarşılıqlı əlaqələrinin və qarşılıqlı asılılığının artması getdikcə ictimai həyatın bütün sahələrində özünü göstərir. Bu proses müsbət nəticələrlə yanaşı, mənfi fəsadlara da yol açır. Ayrı-ayrı xalqların yeni siyasi şəraitdə təhdidlərə qarşı mübarizəni gücləndirmək üçün səylərini artırması müşahidə edilir. Artıq ingilisdilli xalqlar, fransızdilli xalqlar, ərəb dövlətləri bir araya gələrək problemlərinin həlli istiqamətində birgə fəaliyyət göstərirlər. Elə tarix boyu ortaq etnik, mədəni, mənəvi köklərə malik xalqların mürəkkəb mərhələlərdə bir-birinə arxa durması, qarşıya çıxan çətinlikləri birgə aradan qaldırması cəhdlərinə rast gəlinmişdir. Hərtərəfli təhlükəsizlik problemlərinin birgə həll edilməsi və qarşılıqlı inkişafın təmin edilməsi zərurəti türk dünyasını da birləşməyə sövq edir.

 

Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliyini elan etmiş 5 türk cümhuriyyəti tədricən inkişaf yoluna qədəm qoymuşdur. Amma bu ölkələrin inteqrasiyası müasir geosiyasi reallıqlar baxımından heç də arzuolunan səviyyədə deyil. Halbuki Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan, eləcə də Türkiyə öz resurslarını - təbii sərvətlərini, sənaye potensialını, liberal bazar iqtisadiyyatlarını birləşdirib böyük gücə çevrilə bilər. Türkdilli dövlətlərin böyük iqtisadi potensiala malik olması, son illər bu ölkələrdə iqtisadi inkişaf ahənginin yüksəlməsi yeni birgə layihələrin hazırlanmasına və həyata keçirilməsinə imkan verir və bundan bəhrələnmək lazımdır. İqtisadi liberallaşma və özünəməxsusluğa qayıdış çağırışı ilə adət-ənənəçiliyin inkişafı türk dünyasının müasirləşməsinin əsasını təşkil etməlidir.

Türk dövlət və cəmiyyətlərinin 11-ci qurultayında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev haqlı olaraq demişdir: "Bizim birliyimiz nə qədər güclü olsa, hər bir ölkə öz milli maraqlarını bir o qədər uğurla müdafiə edə bilər. İndi dünyada gedən qloballaşma prosesləri, əlbəttə ki, bizim ölkələrdən də yan keçmir. Amma bununla bərabər, biz milli dəyərlərimiz üzərində dövlətlərimizi qururuq".

Bizləri birləşdirən dəyərlər - ilk növbədə ortaq tariximiz, soy-kökümüz, mədəniyyətimiz, ənənələrimiz, inanclarımız, dilimiz, dinimizdir. Bu dəyərlər üzərində birləşərək, milli iqtisadiyyatların da inteqrasiyasına nail olunsa, türk dünyası qloballaşmanın nüfuzlu iştirakçısına çevrilə bilər. Konkret olaraq Türkiyə və Azərbaycanın timsalında bu birliyin region üçün nə qədər aktual, gərəkli, əhəmiyyətli olması real təsdiqini tapır. Bölgədə son iki ildə cərəyan edən mürəkkəb siyasi proseslərin kontekstində Türkiyə-Azərbaycan müttəfiqliyinin daha bir ciddi sınaqdan uğurla çıxdığını əminliklə söyləmək olar. Hadisələrin gedişi göstərir ki, bu gün Azərbaycan və Türkiyənin bir-biri qədər yaxın dostu, strateji müttəfiqi yoxdur və bundan sonra da olmayacaq.

İki dost və qardaş ölkə arasında strateji müttəfiqlik münasibətlərinin yüksək mərhələyə qədəm qoyması türk dünyasının böyük öndəri Heydər Əliyevin əsasını qoyduğu uğurlu əlaqələrə əsaslanır. Heydər Əliyevin iki ölkənin gələcəyi ilə bağlı baxışlar sistemi həm də tarixin gələcək dönəmlərində ayrı-ayrı türk dövlətlərinin müstəqilliyinin müdafiəsi, bütün mövcud imkanlar çərçivəsində türk dünyasının birliyinin təmin olunması, həmin birliyin narahat dünyamızda nizam yaradılması məqsədinə xidmət etməsi kimi məqamları birləşdirmişdir. Heydər Əliyev bu məqsədlərin həyata keçirilməsində Türkiyənin rolunu həmişə yüksək qiymətləndirmişdir. Ulu öndərin hakimiyyəti illərində Azərbaycan və Türkiyə arasındakı strateji müttəfiqlik münasibətləri ən yüksək pilləyə yüksələrək, əbədi və dönməz xarakter almışdır.

Bu gün Azərbaycan-Türkiyə müttəfiqliyi bütövlükdə Cənubi Qafqaz bölgəsində sülh və sabitlik, habelə iqtisadi tərəqqi üçün əsaslı zəmin rolunu oynayır. Çağdaş dünyanın siyasi mənzərəsini dəyişən "Əsrin müqaviləsi", "Böyük İpək yolu", TRASEKA, TASİS proqramları kimi qlobal layihələrin həyata keçirilməsində, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, "Türksoy"un, Türk Yazarlar Birliyinin yaranmasında da Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Türk dövlət başçılarının zirvə görüşlərinin təşkili, Azərbaycanda Atatürk Elmi Araşdırmalar Mərkəzinin yaradılması da ulu öndər Heydər Əliyevin ümumtürk birliyinə verdiyi böyük töhfələrdir.

Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən BMT, Avropa Birliyi, ATƏT və Avropa Şurasında bir-birinə lazımi dəstəyi verir. Rəsmi Ankara bütün beynəlxalq toplantılarda Azərbaycanın haqlı mövqeyini müdafiə edərək, Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtsiz azad etməsi tələbini irəli sürür. İki qardaş ölkənin iqtisadi əməkdaşlığından danışarkən, Böyük Atatürkün "yurdda sülh, cahanda sülh" devizinə uyğun hər il keçirilən Avrasiya İqtisadi Zirvələrinin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Avrasiya İqisadi Zirvələri barış, zənginlik və paylaşma layihəsi olaraq daha geniş coğrafi zolaqda əməkdaşlıq imkanları açır.

Xüsusi vurğulamaq istərdim ki, Azərbaycan Prezidenti İlham Əliyevin son yeddi illik fəaliyyəti ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmlənməsini təmin edib. Cənab İlham Əliyev bu gün bütövlükdə türkdilli xalqlara məxsus ortaq dəyərlərin, müsbət ənənələrin daşıyıcısı olaraq, onları vahid məqsəd və ideyalar ətrafında birləşdirməyə çalışır. Azərbaycanın dövlət rəhbərinin qısa zamanda bununla bağlı irəli sürdüyü prinsiplər, müəyyənləşdirdiyi strateji xətt, atdığı konkret addımlar onun Azərbaycanı türk dünyasının konsolidasiya və əməkdaşlıq mərkəzlərindən birinə çevirmək üçün əzmkar fəaliyyət göstərdiyinin əyani təsdiqidir.

Tarixən erməni lobbisinin yalan və iftira üzərində qurulmuş çirkin təbliğat kampaniyasından zərər çəkmiş türk dünyasının, xüsusilə Türkiyə və Azərbaycanın əməkdaşlığı həm də bu sahədə effektiv əks-hücumun təşkili baxımından zəruridir. Ermənilər, xüsusən də hər ilin mart və aprelində qondarma "erməni soyqırımı" iddiaları ilə məkrli kampaniyaya başlayır, təkcə Türkiyənin deyil, o cümlədən Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar. Son iki əsrdə "Dənizdən-dənizə böyük Ermənistan" xülyasını milli məqsədə çevirən bədxah qonşularımız ərazi ilhaqı siyasəti həyata keçirərkən bəşəriyyət əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərə əl atdıqları halda, insanlığa sığmayan bu vandalizm aktlarını bir qayda olaraq türklərin və azərbaycanlıların adına yazmağa cəhd göstərirlər. Müsəlmanlara, əsasən də türklərə düşmən kimi yanaşan ermənilər özlərinin regionda çirkin ərazi iddialarını gerçəkləşdirmək üçün bu qondarma "soyqırım" iddialarının ayrı-ayrı ölkələrdə tanınmasına yönəlmiş genişmiqyaslı kampaniya aparırlar. 1915-ci il aprelin 24-də Osmanlı Türkiyəsinin guya "1,5 milyon nəfər ermənini milli-etnik zəmində qətlə yetirməsi" kimi iftira xarakterli kampaniya da bunu bir daha nümayiş etdirir.

Təəssüf doğuran haldır ki, özləri haqqında daim "məzlum xalq" obrazı yaratmağa çalışan ermənilər bu çirkin iddialarını Türkiyəyə və Azərbaycana xoş münasibətdə olmayan bəzi dövlətlərə və təşkilatlara da qəbul etdirə bilmişlər. Məsələyə siyasi motivlərlə yanaşan, özlərinin dar maraqları naminə ikili standartlara yol verərək ermənilərin qondarma iddialarını dəstəkləyən həmin dövlətlər və təşkilatlar tarixi həqiqətin nədən ibarət olduğunun qətiyyən fərqində deyillər. Tarixən erməni məsələsindən həm Azərbaycana, həm də Türkiyəyə qarşı "təzyiq vasitəsi" kimi yararlanmış həmin qüvvələr bu gün də eyni məqsədlərlə qondarma "erməni soyqırımı" iddialarından bəhrələnirlər. Açıq demək lazımdır ki, məsələnin mahiyyətində bəzi dövlətlərin ermənilərə rəğbəti deyil, daha çox türk və islam dünyasına olan kin-küdurəti, aşkar qərəzi dayanır.

2005-ci ilin aprel ayında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistanın sabiq prezidenti R.Köçəryana müraciətlə qondarma "erməni soyqırımı" iddialarının araşdırılması üçün müştərək komissiyanın yaradılmasını, bu məsələ ilə bağlı bütün sənədlərin arxivlərdən üzə çıxarılmasını təklif etmişdir. Türkiyə Arxivləri İdarəsinin rəhbəri Yusuf Sarınay isə ermənilərin hər il aprelin 24-ü tarixini dünyaya "erməni soyqırımı günü" kimi təqdim etmələrinin yalan olduğunu sübuta yetirmək məqsədilə Osmanlı dövrünə aid arxivlərin qapılarını dünya ölkələrinin tarixçilərinin, alimlərinin üzünə açdıqlarını bəyan etmişdir. Bu təklifə indiyədək cavab verməyən ermənilərin real faktlara əsaslanmadığı, bu qondarma iddiadan ideoloji və siyasi məqsədlərlə yararlandığı indi dünya ictimaiyyətinə də yaxşı bəllidir. Bu da təsadüfi deyildir ki, ABŞ Prezidenti Barak Obama da seçkiqabağı kampaniya zamanı verdiyi vədlərə baxmayaraq, aprelin 24-də "erməni soyqırımı" ifadəsini işlətməmişdir.

Bəli, bu gün Azərbaycanla yanaşı, Türkiyənin də uğurlarını beynəlxalq aləmdə qəbul etməyən, onun regionda möhkəmlənməsinə qısqanclıqla yanaşan dairələr var. Açıq deməliyik - Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsində Ankaranın prinsipiallığı, Azərbaycanla müttəfiqlik münasibətlərinə sadiqliyi bəzi aparıcı dövlətləri razı salmır. Türkiyənin Avropa Birliyinə gedən yolda ən ağlasığmaz maneələrlə qarşılaşması, geosiyasi maraqlardan doğan əsassız "demokratiya çağırışları" ilə üzləşməsi də bu cür təzyiq cəhdlərinin bariz nümunəsidir. Bu şəraitdə bədnam erməni lobbisi Türkiyə və Azərbaycanın əleyhinə sistemli iş aparır, bizim guya regionda sülhə, sabitliyə, qarşılıqlı əməkdaşlığa hazır olmadığımızı iddia edir.

Son proseslər fonunda Ermənistan rəhbərliyi bir daha dərk etdi ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan, Azərbaycanın işğal altında olan torpaqları azad edilmədən nə Türkiyə, nə də digər bölgə dövlətləri ilə normal əməkdaşlıq əlaqələri qurmaq mümkün olmayacaq. Bu gün hamıya bəllidir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasına görə məhz Ermənistan günahkardır və əslində, iqtisadi baxımdan ən böyük zərbə də təcavüzkar dövlətə dəyib. Faktiki olaraq bu münaqişə Ermənistan iqtisadiyyatında əyləc amilinə çevrilib.

Azərbaycan Türkiyə və Gürcüstanla müxtəlif iqtisadi layihələr həyata keçirməklə, Ermənistanı faktiki olaraq üç starateji müttəfiqin əhatəsində - təcrid olunmuş vəziyyətdə yaşamaq gerçəkliyi ilə üz-üzə qoyub. Lakin təcavüzkarlıq siyasətindən əl çəkməyən Ermənistan, əslində, özü-özünü Cənubi Qafqazda gerçəkləşən bütün strateji layihələrdən kənarda saxlayır.

Qondarma "erməni soyqırımı" ilə bağlı cəfəng iddialar göstərir ki, regionda bir qayda olaraq qeyri-konstruktiv mövqedən çıxış edən Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırma "səyləri" də səmimiyyətdən tamamilə uzaqdır. Türkiyə ilə imzalanmış protokolların Ermənistanda saxta bəhanələrlə dondurulması da deyilənləri təsdiqləyir. Rəsmi Ankaranın Azərbaycanın maraqları əleyhinə hansısa qərar qəbul etməməsindən daha da qıcıqlanan erməni lobbisi müəyyən aparıcı dövlətlərin vasitəsilə bu gün də Türkiyəyə təsir göstərməyə çalışır. Lakin Türkiyə və Azərbaycanın qırılmaz strateji müttəfiqliyi fonunda ermənilərin bu istiqamətdəki məkrli cəhdlərinin də iflasa uğrayacağına heç bir şübhə yoxdur.

 

 

Şamil AYRIM,

millət vəkili,

İstanbul Mərmərə

Qrupunun QDİƏT-də

nümayəndəsi

 

Azərbaycan.- 2010.-  2may.- S.  4.